“Unudulmazlar” silsiləsindən
Eh... Səyavuş...
Səyavuş... Səni unutmaqmı olar?
O mənim dostum idi. Amma hələ dost olmamışdan bir redaksiyada (“Azərbaycan” jurnalında) 10 il bir otaqda sakin olduğumuz çağlardan xeyli əvvəl, altmışıncı illərdən onun şeirlərini oxuyurdum. 1984-cü ildə o, jurnalımıza işə götürüldü (bundan əvvəl “Ulduz” jurnalında çalışmışdı). Moskvada – SSRİ Yazıçılar İttifaqının Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan Ali Ədəbiyyat kurslarında təhsilini başa vurmuşdu. Onun 41 yaşı vardı. Amma bu yaşa qədər Səyavuş Sərxanlı həm həyatda, həm də ədəbi aləmdə böyük bir yol keçmişdi.
O, Şəmkirin Morul kəndində, dəmirçi Əli kişinin ailəsində dünyaya gəlmişdi. Bu Morul kəndi görkəmli şərqşünas Rüstəm Əliyevin, ölməz sənətkar Leyla Bədirbəylinin, Sibirdə neft yataqlarının “Kolumbu” Fərman Salmanovun dünyaya göz açdığı kənd idi.
Ədəbiyyata sevgisi, necə deyərlər, “qara sevda”ya bənzərdi. Hələ orta məktəbdə oxuyarkən “Qırmızı Şamxor” qəzetində şeirləri ilə çıxış edirdi. Orta məktəbi qızıl medalla bitirmişdi. Amma, deyəsən, valideynlərinin təkidilə sənədlərini Tibb İnstitutuna verdi, qəbul da olundu. Cəmi bir il oxudu. Sonralar bunun səbəbini soruşanda dedi ki, bizi tez-tez xəstəxanalara, “praktikaya” aparırdılar. Orda mən ölmüş insanların skeletlərinə baxa bilmirdim və qərara aldım ki, öz xahişimlə institutu tərk edim. Ən böyük arzum bu idi ki, ADU-nun jurnalistika fakültəsinə daxil olum. Amma o zaman qayda beləydi ki, jurnalistika fakültəsinə daxil olmaq üçün gərək iki illik istehsalat stajın ola. Mən də qayıtdım rayona, Yevlax tikinti idarəsində fəhlə, Şəmkirdə, bir məktəbdə çilingər-montyor, pionerlər evində uşaq xorunun dirijoru, mədəniyyət evində dram dərnəyinin rəhbəri “vəzifələrində” çalışdım. Amma şeirdən əl çəkmədim. 1962-ci ildə arzuma çatdım, jurnalistika fakültəsinə daxil oldum.
Amma bir il əvvəl, 1961-ci ildə “Azərbaycan gəncləri” qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdimatı ilə onun “Cığır” və “Səslədi məni” şeirləri çap olundu. Deyirdi ki, rayonda ikən bir neçə şeirimi poçtla Nəbi müəllimin ünvanına yollamışdım. Ədəbiyyatda mənim ilk havadarım Nəbi müəllim oldu.
Beləliklə, Səyavuş Sərxanlı ali məktəbə həm də şair kimi daxil olur və təhsil illərində də şeirləri və publisistik yazıları ilə mətbuatda çıxış edir. Ali məktəbi bitirdikdən sonra “Ulduz” jurnalında işə götürülür, sonra da Moskva... Son iş yeri isə “Azərbaycan” jurnalı olur.
Bəli, öncə dedim ki, on il bir otaqda (o, tərcümə ədəbiyyatına baxırdı – təsadüfi deyildi, o, həm də tərcüməçiydi) çalışmışıq. İnsan kimi çox saf idi, tez-tez birlikdə Ədəbiyyatı Təbliğ Bürosunun xəttilə rayonlara çıxardıq. Hər hansı rayonda onu tanıyır, sevir və qonaq çağırırdılar. Yadımdadır ki, mənim 50 yaşıma görə, Masallıya da getdik, sabiq icra başçısı Teymur Yəhyayev ondan dönə-dönə xahiş edirdi ki, şeirlərini oxusun.
Səyavuş Sərxanlı XX əsr Azərbaycan poeziyasının “altmışıncılar” nəslinə mənsub idi. Onu bir şair kimi səciyyələndirməli olsam, deyərəm ki, S.Sərxanlı şeirimizdə heç kimə bənzəmirdi, sadə, amma dərin mənalı, obrazlı, hamının başa düşdüyü bir tərzdə yazırdı. Elə şeirləri var ki, o mövzuda S.Sərxanlı elə bil, son nöqtəni qoyur. 1962-ci ildə, 17 yaşında qələmə aldığı “Duz-çörək” şeirini onun şah əsərlərindən biri hesab edirəm:
Babalar illərlə odlu ürəklə
Bu nemət yolunda candan keçiblər.
İnsan tanınıbdı duzla-çörəklə,
Ən böyük andı da ona içiblər.
Sınayar,
tanıdar yüz dostu, yarı,
O, daim
ömürlə-günlə qoşadır.
Duz-çörək
insanın ürək meyarı,
Duz-çörək insanın məhək
daşıdır.
Telli
sünbüllərin əzizliyini
Şehini
bal kimi içəndə gördüm.
Dünyanın
ən böyük təmizliyini
Zəmi qırağından keçəndə gördüm.
Onun
qulluğunda durmaq çətindi,
Ona soyuq ürək daş olmalı, daş.
Yer
Günəş başına dolanmır indi,
Duz-çörək başına dolanır qardaş.
Bir ulu
gözəllik gətirin yada –
Özgə
hansı adla gül açar ürək:
İnsan
üç dünyadan bezmir dünyada –
Vətən...
Ata-ana... Bir də duz-çörək!
Yersiz
boşalandan, yersiz dolandan
Yerində kövrəklik, sərtlik gözləmə.
Çörəyi
dizinin üstə olandan
Kişilik
gözləmə,
Mərdlik
gözləmə!
Bu yazıda mən onun neçə şeirinin
adını çəkərəm ki, o şeirlər indinin
özündə də poeziyamızın inciləri
sırasındadır. “Ana” şeiri:
Şairlər
şeirini qınasın bir az,
Borcludu
önündə o saf niyyətin:
Dahilər
yerini tanısın bir az –
Anadır dahisi ədəbiyyatın.
“Kənddir” şeiri:
Yağdım
çox arzuya, əhdə calandım,
Yollarda-izlərdə oda qalandım.
Çox
böyük şəhərlər gəzdim, dolandım,
Gördüm həyatımın mənası kənddir.
Kəndin
balaca tut ağacı da,
Mənə dünyamızdan böyük
görünür.
Səyavuş deyirdi ki, özümü doğulduğum
kənddə rahat hiss edirəm. Yayın ildırımlı
yağışına, arının güllərdən bal yalvarışına, gülün iniltisinə,
sünbül işığına öyrəşmişəm.
Və ildə neçə yol üz tuturam kəndə-kəsəyə.
Qarabağ hadisələri başlayanda ən
çox həyəcanlanan şairlərdən biri də Səyavuş
idi. Hələ altmışıncı illərdə “Mənim
Qarabağım” şeirini yazmışdı:
Mənim
Qarabağım dözümdü, tabdı,
İnam günəşidi min səhərimin.
Mənim
Qarabağım bir daş kitabdı –
Düşübdü başına düşmənlərimin.
Xeyli sayda məhəbbət şeirləri vardı,
sevmişdi, sevilmişdi və şeirlərində də
yaşanılmış hisslərini qələmə
alırdı.
Həm də şikayətlənirdi ki, məhəbbət
havası get-gedə tükənir:
Məhəbbət
havası dəyişib bir az,
Qadası-qovğası
dəyişib bir az;
Bir az odu azlıq adamı açmır,
Bir az modabazlıq adamı açmır,
Bir az da kərəmlik yerində deyil,
Bir az da sənəmlik yerində deyil.
Leylilik...
adamın gülməyi gəlir,
Məcnunluq... adamın ölməyi gəlir.
Daha
göz yaşları çiçəkləmir ki:
Görüşlər modalar sərgisi olub.
S.Sərxanlı Azərbaycan publisistikasında öz
izini qoydu. Təfərrüata
varmadan onun şair dostu Məmməd Aslandan (ona da rəhmət!)
bir sitat gətirim: “Sənin şairliyini bir yana atsaq, alovlu bir
publisist kimi sənin buna haqqın var!.. Bunu heç vaxt unutmayaq ki, iyirmi il əvvəl bizim
aramızda insanı alıb aparan gözəl publisist
yazıları yazan sən idin”.
Səyavuş Sərxanlının qayğıları
başından aşsa da, onu xoşbəxt şair, publisist
hesab etmişəm. Haqqında çox yazılar yazılıb (Məmməd
Rahim, Nəbi Xəzri, Anar, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov,
Məmməd Araz və b.) və hamısı onun poeziyada bənzərsizliyini
etiraf edib.
2005-ci ilin yanvar-fevral aylarında amansız bir xəstəlik
onu çulğadı. İyulun əvvəllərində isə
dünyasını dəyişdi. 15 il
keçir bu itkidən. O ki nikbin idi və yazırdı ki:
Elə
hey doğulmaq istəyirəm mən
Bir ömrü ömürtək yaşamaq
üçün.
Yaşadı
da...
Ömür bu qədər
qısaydı?
O, Şəkidə
doğulmuşdu. Bakıda Neft və Kimya
İnstitutunu bitirdi, amma öz ixtisası üzrə işləmədi,
çünki ədəbiyyat onun qanına, canına
yerimişdi. Əmək fəaliyyətinə
jurnalist kimi başladı, Sumqayıt Radio Verilişləri
redaksiyasında işlədi. Respublikanın
ədəbi aləmində tanındı, 1970-ci ildə “Bu
torpaqda doğulanlar” ilk şeirlər kitabı işıq
üzü gördü. 1983-cü ildə Bakıdan
Sumqayıta gedən mikroavtobusda qəza baş verdi,
o qəzada heç kəs ölmədi, bircə ondan
başqa. Həmin il oktyabrın 29-da
yaşadığı Sumqayıtda dəfn edildi.
O, 70-80-ci
illərin populyar şairlərindən idi. Bu
populyarlığı həm istedadı, həm də fəallığı,
işgüzarlığı ilə qazanmışdı.
İstedadlı şair olduğunu ondan
yaşlı şairlər də etiraf edirdilər. Bəxtiyar
Vahabzadə, Cabir Novruz, Əli Kərim onun şeirləri
haqqında ürək sözlərini söyləmiş, onu
orijinal şair kimi təqdir etmişdilər. Bəs
işgüzarlığı, fəallığı nədə
idi? Çalışırdı ki, təkcə
Azərbaycan oxucuları deyil, Rusiyada və digər ölkələrdə
də onu tanısınlar və bizim poeziyanı layiqincə təmsil
etsin. Moskvada bir şeir kitabı çap
olunmuşdu. “Oqonyok”da, “Literaturnaya qazeta”da,
“Komsomolskaya pravda”da şeirləri dərc edilmişdi. Rusca çıxan şeirlər kitabına görə
Ümumittifaq Qorki mükafatına layiq
görülmüşdü. Elə
yetmişinci illərdə Azərbaycan komsomolu mükafatı
laureatı olmuşdu. O, Moskvada və Sofiyada rus və
bolqar dillərində çıxan “Drujba” jurnalının
redaksiya heyətinin üzvü idi. Yaşadığı
Sumqayıtda Əli Kərim adına gənclik
poeziya klubu yaratmışdı. 1980-1983-cü
illərdə isə Azərbaycan LKGİ MK nəzdində gənc
yazarların respublika ədəbi birliyinə rəhbərlik
etmişdi. İndi yaşları altmışı
keçən şairlərin, ədiblərin
cavanlığı onun poeziya klubunda keçmişdi, onlar
burada şeirin sirlərini öyrənir, o vaxta qədər
üzlərini görmədikləri ustad sənətkarlarla
(R.Rza, S.Rüstəm, M.Dilbazi, B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə,
M.Araz, H.Arif, Ə.Cəfərzadə, H.Abbaszadə və b.)
görüşür, onlara heyranlıqla qulaq asırdılar.
Vaqif Bəhmənli, Akif Səməd (Allah rəhmət eləsin!),
Aqil Abbas, Ağacəfər Həsənli, Mahirə Abdulla, Kəmalə
Abıyeva, Paşa Qəlbinur, Akif Əhmədgil, Allahverdi Məmmədli
(Allah rəhmət eləsin!), Ədalət Salman, İslam
Sadıq, Məhərrəm Qasımlı, Maşallah Məftun,
Məlahət Yusifqızı, Fəxri Müslüm, Tofiq Nurəli,
Sədaqət Kərimova, Firudin Qurbansoy, Qiyas Həmid (min rəhmət!)
sonralar etiraf edirdilər ki, bu poeziya klubu olmasaydı, biz
şair kimi yetişməzdik. Onlardan biri – indi həm göz cərrahı,
həm də bir şair kimi şöhrətlənən
Paşa Qəlbinur yazır: “Biz səksənincilər onun
“şinelindən” çıxmışıq. O bizi bənzərsiz
olmağa səsləyirdi, şeirin əlifbasından ta ən
incə sirlərinə qədər aşkarlamağa, öyrətməyə
çalışırdı. Ancaq onun
özü davranışlarıyla, şəxsiyyətiylə,
ləyaqətiylə bir məktəb idi. Baxışı,
oturuşu, duruşu, abrı, həyası, təmənnasız
böyük zəhmətlər bahasına başa gələn
fəaliyyəti bir nümunə idi”. Mən
də o illərdə bu poeziya klubunun bir məşğələsində
qonaq kimi iştirak etmişəm. Bu poeziya
klubu iştirakçılarının şeirlərini
müntəzəm olaraq qəzetlərdə, jurnallarda izləyirdim.
Bir gün ona dedim ki, sən cavan şairlərin müəllimi
yox, həm də ədəbi hamisisən. O məşğələlərdə
kimin şeiri bəyənilirdisə, məhz onun köməyilə
mətbuatda çap edilirdi.
Vaqif
İbrahim (1945-1983). Cəmi 38 il
yaşadı. Elə Vaqifin ustad hesab etdiyi
Əli Kərim də bu qədər yaşadı (1931-1969).
Əli Kərim altmışıncı illərin
ortalarında onun şeirlərinə “uğurlu yol”
yazmışdı. Onun Əli Kərimə
bağlılığı ustad-şagird
bağlılığı idi. Sonralar Xalq şairi Sabir
Rüstəmxanlı yazacaqdı: “Mən onu müəyyən
mənada çox istedadlı şairimiz Əli Kərimlə
müqayisə etmək istərdim. Şeirlərinin
sakit, amma tutumlu ifadə tərzində Əli Kərimin
üslubu var idi”. Baxın:
Tale –
Divar
saatı...
Hər
gün,
Hər an qızılmış.
Ürəyim
–
Bu
saatın
daşı kimi asılmış.
Nə
vaxtsa bir nöqtədə
Donub,
Qalacaq bu
daş,
Donacaq
heyrətindən:
Ömür
bu qədər qısa,
Bu qədər azdır nədən?!
Amma Vaqif İbrahim Əli Kərim yolunu davam etdirsə də,
təqlidçi deyildi. Onun özünəməxsus yolu, poetik
ampluası vardı. O, Azərbaycan şeirinin
yaşarı ənənələrinə bağlı idi. “Köhnə havalar”da təzə notlar səsləndirməyi
bacarırdı. Onun istənilən
mövzuda yazdığı şeirlərdə bir təzəlik
duyulurdu. Bu təzəlik ənənəvi
ştamplardan qaçmaqla, orijinal təşbih və
metaforalarla, obrazlı deyim tərzi ilə diqqəti cəlb
edirdi. Vaqif deyəndə ki: “Ürəyim yol gedən
qatara bənzər
Çəkir qəm yükünü, hicran
yükünü” – buradakı təşbih bəlkə o qədər
də təzə deyil. Amma deyəndə ki: “Buludlar bir sac
kimi, Qış qovurur damlaları, qovurur topa-topa. Qar yağır yerə - qovrulmuş
qarğıdalı dəni kimi lopa-lopa” – bu mənzərə
bədii təxəyyüldən doğulur. Və yaxud:
“Çaylar sevgi dolu bir baxış kimi Çöllərin qəlbinə
süzülüb axır”... Vaqif dərk edirdi
ki, şeirdə təzə fikir təzə, orijinal bədii təsvir
vasitələri ilə cilalanmalıdır. Cabir Novruz
yazırdı: “Vaqif az sözlə çox şey demək
iqtidarına malikdir. Şairlik, ilk növbədə,
söz ilə işləməkdir. Yəni
böyük Füzulinin dili ilə desək, “yoxdan var”
yaratmaqdır. Şairin ən böyük
silahı da, necə deyərlər, “tikinti materialı” da,
döyüş meydanı da, arxalandığı da, ümidi
də, inamı da, istedadı da sözdədir”. Mən bu mənada Vaqifin vətənpərvərlik
və sevgi mövzularında yazdığı iki şeirinə
müraciət etmək istəyirəm. Bütün
şairlərin müraciət etdiyi vətənpərvərlik
mövzusunda Vaqif hələ o dövrdə, Vətəndən
gözəl şeirlər yazıldığı bir vaxtda
görün, nə deyirdi:
Ağır
illər idi...
Şər
döyüş yeri,
Sanki başdan-başa yanası idi.
Çətin
döyüşlərdə cəbhə xətləri
Vətənin kəsilmiş venası idi.
Biz də bu Vətənə köməyə yetdik.
Biz onun
ehtiyat saf qanı idik,
Doğulduq
–
Vurulduq damarlarına.
Anamız
dünyanın bütün varıyla
onu bəsləyirdik,
geyindirirdik.
Axırıq
biz onun damarlarıyla,
Axırıq
–
Qəlbini döyündürürük.
Və bir
də bu iki misra: “Pasportda vətəndaş olmağa nə
var, Əsl vətəndaşın olmaq çətindir”.
İnsan anadan, atadan yetim qalar, amma sevgidən də yetimlik
varmış:
Mən elə
bilirdim həyatda, gülüm,
Atadan, anadan yetim qalırlar.
Sevib
ayrılmamış mən hardan bilim
Bəzən sevənlər də yetim qalırlar.
Bircə
həsrətiymiş məni atmayan
Sənsiz bu dünyada ölüm-itimdir.
Nəfəsin dəyməyən, əlim çatmayan
Nəyim var bu evdə, hər şey yetimdir.
Vaqif İbrahimi elə son dəfə 1983-cü
ildə, sentyabrda gördüm. Anası vəfat etmişdi,
yaman kədərliydi. Başsağlığı verdim,
kövrəldi. Amma anasının qırxı
çıxmamış özü də qəzaya
düşdü. Nə yaxşı ki, unudulmadı. “Qəlbim
torpaqda da döyünəcəkdir” (2009) və “Mən varam” (2015) şeir
kitabları çap olundu. O qəfil qəza hadisəsi
olmasaydı, Vaqif İbrahimin 75 yaşı tamam olacaqdı.
Şöhrətinin lap zirvəsində ucalacaqdı. Heyif...
Vaqif Yusifli
Ədəbiyyat qəzeti.- 2020.- 25
aprel.- S.24-25.