-Qatarlar, təyyarələr, gəmilər

bir ömür gecikəcək,

-gözləmə, -dedi..

 

Balıqçı qəsəbəsi, dul qadın

 

Balıq yeməz

balığa bənzəyən gəlin.

Uzanan qollarıdı avarlar balıqçıların

Burda sevgililər bir-birinə

"sevgilim-əzizim-gülüm" deməz,

"balığım" deyər.

bircə misralıq şərqisi olar ayrılıqların

"Balıqların şahı ölüb dəryada".

Qarğıyanda

- Dənizə atılan torun boş qalsın, - deyərlər.

Balıq yeməz

qara paltarlı Balıq qadın

Dəniz udmuşdu,

balıqlara yem olmuşdu

balıqçı.

 

Unudarsan... unudarsan...

 

"Unutmaram" demə, demə...

Eh... nə deyim ki, mən sənə.

keçər üç sənə, beş sənə,

Unudarsan... unudarsan...

 

Kim kimi unutmadı ki,

kim kimi atmadı ki,

kim kimi satmadı ki?

Unudarsan... unudarsan.

 

Yadından çıxar adın da,

vağzalda, ya da limanda.

özünü də bir adamda

Unudarsan, unudarsan...

 

Gözlənti

 

- Qatarlar, təyyarələr, gəmilər

bir ömür gecikəcək,

- gözləmə, - dedi, -

"Gözləmə salonu"nda

süpürgəsi də qocalan süpürgəçi qarı.

Süpürgəsi də uzanan üçüncü əliydi.

 

Fəsilləri, sevdaları, həsrətləri yaşamadı

Bulanıq gözlərində

Göz yaşı da daşımadı.

O, həyatın

həyat da O-nun yanından keçdi.

Necə ki, qalxıb-enən eskalatorda bir-birinə

baxa-baxa ötüb keçir hamı.

Bəli, o, belə seyr etmişdi.

Yaşadığı dünyanı.

 

Suda batan adam saman çöpündən yapışan kimi

qucaqlamışdı süpürgəsini.

Adamların izlərini-tozlarını

süpürməkdən usanan süpürgəçi.

İşdən sonra yığıdığı

sonacan sümürülməmiş siqaret kötükləriylə.

Şirin çaxır içərdi.

 

Koğuşa bənzəyən dişsiz ağzıyla güldü mənə

- Sənin gözlədiyin gəlməyəcək,

                        gəlməyəcək - pıçıldadı, -

özün də bilirsən...

Süpürgəsini saz kimi çaldı

( süpürgəsiylə qolboyun

                        yoxluqda gözdən itdi).

 

Hər kəs bir cürə xoşbəxt

 

Bədbəxtliyilə

Xoşbəxt olan

adamlar kimisən.

Nadanlığıyla məmnun.

Bir fikir sıçrayır beynimdən

özünü havaya tullayan balıqlar kimi:

"Bəlkə, səadət deyilən elə budur"

sönüb vulkan etirazım

sənə baxınca

yazığım gəlir Cazibə Qüvvəsinə.

Ayda su gəzən NASA-ya-zada,

yazığım gəlir Prometeyə,

Sizif səadətinə

bircə qırıq da özümə.

 

Oxuduğum kitabın tən ortasından

elə kor-peşman

ayrılır ki, çeçələ barmağım...

İlk görüşdən "yox" cavabı alan

cavanlar kimi.

 

Külək eyni vərəqi

o tərəfə-bu tərəfə çevirir usanmadan.

Hələ də yaşayırıq

özünü də ötüb-keçən zamandan utanmadan.

 

Göy qurşağından qorxma

 

Aparıb basdırsan belə

Qalxıb gələcəyəm üstü-başı torpaqlı

bir ana bətindən doğulur kimi,

doğulunca yüyürür kimi,

yıxılıb-durmağa öyrəncəliyəm

yıxamazsan məni.

Daha...gör

sən məni vurduqca gülürəm

ağrımıram ki

sehrli yazıyam

sən məni sildikcə yazılıram üfüqlərə

ora sənin əlin çatmaz, silənçi.

Bütün kresloları üst-üstə qoysan,

çatmaz bir sözün topuğuna belə.

göy qübbəsi altında

Günəşə, Aya, ulduzlara

Üzünurlu sözlərə hürürsən hələ.

 

Qucaq-qucaq gəlirəm üstünə

hürküb qaçırsan sevgidən

"Niyə" və "?" işarəsi

sürüşüb düşüb ömrümdən.

 

Sən sorğula

qurduğun məhkəmədə

cənnət-cəhənnəm qapısında,

sərhədlərdə mən adında bir məni

sənədim-sərhədim yox ki,

dəlilər ağ rəngdən qorxar

ağıllılar göy qurşağından.

Göy qurşağı görüncə qorxma

adətlərin-qanunların dalında gizlənmə,

gəl, şıdırğı yağışdan sonra.

Göy qurşağı altında görüşək.

Rəngbərəng göy qurşağının.

 

Balıqların göz yaşı

 

Dəryalar torlu, tilovlu

Qızıl Balıq gəzər bir başılovlu.

Kim görüb ki,

balıqları gözü yaşlı.

Kim eşidib nota gəlməz

balıq şərqisi, balıq səsi?

 

Heyhat! Beləmi olur həyat?

Uyu, yorğun ruhum, uyu.

Yandır məni, külümü okeanlara at

gözündən asılı qalsın

Ayvazovskinin "Dəniz" rəsmi.

 

Yas üzlüm, güldüm, ölümə,

əldə deyil, amma ki, çalış ölmə.

Qeyb ol, qayıbdan səs kimi də gəlmə

dərd havası var içimdə.

Oynaram... toyda yas rəqsi.

 

Milyonlar içində yaşamır kimsə

Doğru günün, yalan ömrün sənin olsun,

Üç-dörd günlüyünə gəl,

qalan ömrün sənin olsun.

 

Milyonlar içində yaşamır kimsə.

 

Yer üzündə 8 milyard

ikiayaqlı kirayəçi varsa da

çoxu başını ayağıyla qaşıyır

(bu yerdə bütün heyvanlara üzr borcum var)

...və...

guya ki, yaşayır...

Ömür birnəfərlik yoldu

Eşqi-səadəti öz içində daşıyırsan.

Bir ölkədə,

F/B-də belə üç-dörd nəfərə görə

Çox yox a... üç-dörd gün yaşarsan.

 

Beton-beton adamlarla

hörülübsə hər tərəfin

sarılmağa üç-dörd ağac gəzərsən.

Nə yaxşı ki

qapını döyən var səhərə yaxın

üç-dörd radələrində.

 

Orda tufan varsa,

bir kəpənək qanadının

rəngsiz qanı axır burda.

Hara getsən o üç-dörd nəfəri

                        apararsan özünlə.

Düşüb qalarsan o üç-dörd nəfərdə

üç-dörd kəlmə kimi.

"Mən sizi sevirdim, əlvida".

 

Hara qovursan məni, haracan?

 

Qocalığın arxasında

bir dəliqanlı gizlənib.

Sən onu tapınca

qaçıb bir uşaq üzünün

arxasına sığınar.

Ordan səninlə "Gizlən-qaç" oynar

çərpələng uçurar maviliklərə.

 

 

Qovdun uşağı

qaçdı gəncliyinə.

Qovdun gəncliyi

sığındım qocalığa.

Daha qovma

saçımdan o yana.

 

Məzarlar yerin qara qapısı

o qapı hara açılır, bilən varmı?

Bir dəfə bir qarının

şıdırğı yağış altında

əlindəki çubuqla

ərinin məzarını döydüyünü gördüm.

"Məni bu zalım dünyanın əlində qoyub

hara getdin

hara getdin, hara... hara...".

 

Möcüzələr adası

 

Niyə eyni vaxtda dünyaya gəldik?

Bu boyda dünyada gəldik üz-üzə,

Sən də möcüzəsən, mən də möcüzə.

 

Fikrət Qoca

 

Quş, ayı da azalır, insan çoxalır ancaq

Adamlıqdan çıxıbdı adamaoxşamazlar.

İnternet qədər yaxın, həyatım qədər uzaq

Bu bəlalı könlümü kim oxşar, kim ovudar?

 

Görüşə də məhkumuq, bu da sənə möcüzə

İşimiz-gücümüz nə? Möcüzə adasında.

Labirint küçələrdə azırıq gündüz-gecə,

Dinlər, dillər itibdi bu alın yazısında.

 

Cənnət, cəhənnəm orda, Allah da ordan baxır,

gətirməz nəfəsini yaz məhrəmi küləklər.

Fəsillər də, ömür də əl boyda camdan axır,

Ora uçub-köçübdü çiynimizdən mələklər.

 

Gizlənəsi yermi var, deyim ki, orda gizlən

Əlvida dünənlərə, əlvida gələcəyə

Başına çətir tutma, yağış altında gözlə

Ürəyim də ovcumda görərsən gələcəyəm.

 

Sonun sonunda

 

At getsin bu falçı, mərsiyəxan şairlərin

göz yaşını-zadını min mil uzağa

içi mən qarışıq.

Boş şeydi

dualar, alxışlar-qarğışlar.

 

Sən ki bunu bilirsən, bilmirsənsə də bil,

gözü yaşlı, başı daşlı.

Aldatma özünü şərabla, qadınla,

adına "dost" dediklərinlə,

şəninə tost dediklərinlə,

hər şeyin üstündə bu qədər əsmə,

amma hər şeyə rəğmən

"hər şey boş şeydi deyib" keçmə,

xatirəni küçənin boyuna tutub

                        addım-addım ölçmə.

hər kəs özü boyda günah yaradar,

yeridikcə batar, yüyürdükcə daha çox...

Dərd bizi tapmır ki, biz başımıza

                        dərd açırıq durmadan

məsələ onda-bunda deyil, özümüzdədi,

bunu belə bil.

Onu da bil ki,

hamı səninlə tribunadan danışıb,

ya təlxək, ya dilənçi, ya da moizə oxuyub,

ağsaqqalcasına

Səninlə sən kimi danışan

                        birinci və sonuncuyam, -

bunu unutma, - deyəcəkdim,

amma özün bilərsən, unut getsin.

Canavar canavarla, balıq balıqla,

quş quşla necə danışır, görürsənmi?

Bir-biriylə adam kimi danışmır adamlar

"Niyə?"sini bilirsənmi? -

adamlar itirib, unudub, qətl edib adamlığını.

 

Yozulmaz bir yuxudan

halı-pərişan oyanmışam.

Kiməsə görə yaşama -

kimi lənətləyəcək, nə bilim nə deyəcək,

                                    qoy desin.

İmam da, rahib də,

            müğənni də mikrofonla danışır

sən onlara baxma, mikrofona bax.

 

Məsələ mənzildədi; kimi qatırla,

                                    kimi dəvəylə,

qatarla, təyyarəylə gedər kimi də.

Suçumuzu hesablayırsa, mələk, kütlə

qurtuluş yox, başı daşlı, gözü yaşlı

bu bazarda,

marketdə, məzarda.

"Ədalət tərəzisi"mi gəzirsən

nizənin, qılıncın ucundamı

atom bombasında,

            bioloji silahın harasındadı, axı?

Dünya haraya gedir, bilirsənmi? -

mən də bilmirəm.

onu bilirəm ancaq

minmişik bir əlamətə

gedirik qiyamətə.

Bu gözəl fani dünya

qorxulu nağıldı, həm də

arzu toxumu əkmişik, bitməz

(qovrulmuş arzu toxumu)

görərsən, bir gün dönüb tərsinə fırlanar Yer.

Müqəddəs kitablar yalan söyləməz

hər kəsin balaca kitabı var

ordan baxar

Böyük Kitaba

ona görə yanılar hər kəs

mən də yanılmışam, sən də.

Hər yerdə zavallı olduğunu xatırladarlar

hər ölkədə, millət içində

sənə bənzər var.

Amma bir yad, qərib biri var - o mənəm!

 

***

 

Həyat utancla doluykən

öz yerinə utanmaq varkən

niyə utanım ki sənin yerinə.

Üzümdən ağcaqanad qovurcasına

əlim yellənir üzümdə

inamım qönçə-qönçə

solur gözümdə.

Niyə utanım ki sənin yerinə

öz yerimə utanmaq varkən,

həyat utancla doluykən.

 

Həsrətin həsrətin çəkirəm hərdən

 

Hələ korun-korun yanır bu ocaq,

Divarlar, sərhədlər sıralayıblar.

Səni pıçıltıyla seviblər, ancaq

Adını xəlvətcə qaralayıblar.

 

Yerini dəyişib gündüzlə gecə,

Bəxtin də kimləsə dəyişik düşər.

Ağla hərf-hərf, gül heca-heca,

Səni sevsə sevsə... ayrılıq sevər.

 

Bülbültək ötürəm həsrət dilində

Gözümdən çəkilməz əcəl yuxusu.

Əlimdə çiçək var, əyin-başımda

Siqaret tüstüsü, şərab qoxusu.

 

Hansı planetdən düşmüsən bura,

Deyəsən, tərsinə fırlanır Yer də.

Elə öyrəşmişəm ayrılıqlara

Həsrətin həsrətin çəkirəm hərdən.

 

Sınaq meydanıdı ürəyim, sinəm

Löyün-löyün xiffət, növ-növ ayrılıq

Necə yaşayar ki, sən mənə denən

Qanadlar səmasız, dəryasız balıq.

 

İntihar eləyər su pəriləri

Çırpar özlərini qayalıqlara

Bir misra kirimir səhərdən bəri

"Məni də öyrətdin ayrılıqlara".

 

Sabah gedib baxdın

 

Nəsli kəsilən heyvanların da

hər şeyi bitirən rəngbərəng insanların da.

Bax zamanın,

bax məkanın gözlüyündən

görəcəksən

göz yaşının rəngi birdi.

Başdaşının rəngi birdi

istər Fəxri xiyabanda,

istər uzaq dağ kəndində

Hər şey rəngarəngdi bu Yer üzündə

göz yaşının rəngi birdi,

başdaşının rəngi birdi

son adam da qətl edildi.

O-nu robot adamlar dəfn edib qayıtdılar,

ağlaya bilmədilər.

Zamanı dəyişdilər,

sabah gedib baxdılar

gördülər başdaşı qalmayb.

Hər şeyi

Keçmişin zibil qutusuna atıb zaman...

 

KƏRAMƏT

 

Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.10-11.