KOREYALI TÜRKOLOQUN KİTABI

AZƏRBAYCANDA NƏŞR OLUNDU

 

Tanınmış Koreya türkoloqu Eunkyung Ohun “XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” adlı monoqrafiyası Azərbaycanda türkcəsində yayınlanmışdır. “Nurlar” nəşriyyatında nəfis şəkildə nəşr olunan monoqrafiyada XX yüzil Türkiyə və Koreya romanlarında qadın problemi qarşılaşdırmalı ədəbiyyat bağlamında – feminist yöntəmdə araşdırılmışdır. Kitabı Azərbaycan türkcəsinə gənc ədəbiyyatşünas Aygün Ali çevirmişdir. Monoqrafiyanın elmi redaktoruön sözün müəllifi yazıçı Vaqif Sultanlıdır.

Kitabın müəllifi Eunkyung Oh Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk­ Araşdırmaları İnstitutunun direktoru, YUNESKO-nun Or­ta Asiya ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, nazir səviyyəsində Koreya prezidentinin müşaviridir.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan müəllifin yayınlanmış elmi araşdırmaları içərisində “Türk ədəbiyyatında Koreya savaşı” (türk­cə), “XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” (türkçə), “Örtü içində islam qadını”,        Psixo-analitik baxımdan islamda qadın kimi yaşamaq” (Koreya dilində), “Türkiyə və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili: “Alpamış” və “Jumong” (özbəkcə və rusca)  kitabları xüsusi yer tutur.

Eunkyung Oh, Yaşar Ka­malın “İlanı öldürsələr”, “Ağrı dağı əfsanəsi”, “Minboğalar əfsanəsi”, “İncə Məmməd”, Murad Tun­celinİnanna” romanlarını, Bəxtiyar Vahabzadənin şeirpoemalardan ibarət “Gülüstan” adlı kitabını Koreya dilinə çevirmişdir.

“XX yüzil Türkiyə və Koreya ədəbiyyatında qadın” monoqrafiyası müəllifin Azərbaycanda nəşr olunan ilk kitabıdır.

İlk dəfə 2005-ci ildə Ankarada yayınlanan monoqrafiyada fe­mi­nist səpkidə aparılan təhlillər iki ölkənin bədii nəsr örnəkləri – roman janrı fonunda gerçəkləşmişdir. Müəllif istər Türkiyə, istərsə də Koreya ədəbiyyatında qadın problemlərini səciyyələndirmək üçün ən uyğun yazarları və əsərləri seçməyə çalışmışdır. Belə ki, araşdırıcı Xalidə Ədib Adıvar, Rəşad Nuri Güntəkin, Orxan Kamal, Yaşar Kamal, Ədalət Ağaoğlu, Ayla Kutlu, Əminə İsinsu kimi Türkiyə nasirlərinin əsərlərinə müraciət etmişdir. Eyni zamanda, XX əsr Koreya nəsrinin İncik Yi, Gvangsu Yi, Kyungri Par, Hun Şhim, Seokyung Kang, Vanu Kim, Jiyong Gong bir sıra görkəmli nümayəndələrinin romanları müqayisəli təhlilə cəlb olunmuşdur.

Monoqrafiyada təhlilə çəkilən hər bir romanın qısa özəti verilmiş, daha sonra əsər bəlli problem fonunda araşdırmaya cəlb olunmuşdur. Müəllif feminist təhlil kontekstində həmçinin digər yaradıcılıq metodlarının prinsiplərindən də yetərincə yararlanmış, bu isə məsələyə fərqli baxış bucağından yanaşma imkanları yaratmışdır.

Tədqiqatçı Türkiyə və Koreyada qadınların təhsili, hüquqları, ailə inkişafı ilə bağlı dövlət qanunlarına diqqət yetirmiş, onların məzmunu və mahiyyəti haqqında bilgi vermişbu yöndə də müqayisələr aparmışdır. Romanlarda yaranan qadın obrazlarının dəyərləndirilməsində ölkədə qadınlara yönəlik fəaliyyətin bədii mətnə yansımasını səciyyələndirmişdir.

Zəngin qaynaqlar əsasında yazılan monoqrafiya elmi-nəzəri tutumu ilə qarşılaşdırmalı ədəbiyyat araşdırmaçılığının mükəmməl örnəklərindən biri kimi səciyyələnir. Araşdırıcının qadın olması təhlilə çəkilən problemin ən incə və qapalı məqamlarının üzə çıxarılmasına imkan vermişdir.

Monoqrafiyanın Azərbaycan türkcəsində nəşr edilməsi bu sahədə bənzər araşdırmalara ciddi ehtiyacın duyulması, həmçinin qaldırılan problemlərin milli ədəbiyyat və mədəniyyətimizlə ortaq özəlliklərə malik olmasından qaynaqlanır.

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 avqust.- S.7.