Vətən

 

Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!

Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!

Fikrim sarayını dolaşırsan zaman-zaman,

Qanlı kəfənlə, dərd ilə toəm(1) vətən, vətən!

Baxdıkca həsrət ilə o solğun camalına,

Çeşmimdə tar(2) görsənir aləm, vətən, vətən!

Axşam-səhər o gül üzünü isladan nədir ?

Göz yaşlarınmı, yoxsa ki , şəbnəm? vətən, vətən!

Dəhşət içində cismi-şərifin donub durur,

Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!

Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,

Möhnət evi sanır onu adəm, vətən, vətən!

Sənsən səbəb bəqayi-dilü(3) cani-natəvan(4)

Canım kimi nolar səni sevsəm, vətən, vətən!

Gördükcə dərdini əriyir cismi-natəvan,

Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!

Qarşımda dərd, matəmə batmış gözəl mələk,

Səslər həzin səda ilə hərdəm: vətən, vətən!

Ey xaki-pak, söndümü parlaq ziyaların?

Odunmu zülmə, möhnətə həmdəm , vətən, vətən!

Övladi-naxələfmi səni saldı bu günə?

Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!

Aç, aç o qəmli köksümü, ey məxzəni-məlal(5),

Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!

 

Abdulla ŞAİQ

 

Ədəbiyyat qəzeti.-2020.-12 dekabr.-S.9.