İrəvanın yolları

 

Roman

 

Əvvəli 49,51,52,56-cı saylarımızda

 

***

 

...Komandiri onu görəndə yanında xəcalətli iş görmüş adam kimi pörtdü. Ayağa durub irəli yeridi. Şahinə tərəf asta addımlarla yeriyib onunla necə görüşmək barədə fikirləşirdi ki, əsgəri onu qabaqladı: - Xoş gördük.

 

Komandir doluxsundu:

 

- Biz o zaman qərara gəldik ki, hadisəni həm səndən gizlədək, həm də səni evə göndərək. Çünki səni görüb ailənin toxdayacağını düşünürdük.

 

Şahin təfərrüatlara varmağı lazım bilmədi, komandirini başa düşürdü. Onsuz da olan olmuşdu. Ruhinin ağır yaralandığını hamı bilirdi. Həkimlər qəlpələri çıxartmışdılarsa da, əsas bədən üzvləri ciddi şəkildə zədələnmişdi. Gecə-gündüz başının üstündən əskik olmadılar... amma xilas edə bilmədilər...

 

- Gəlmişəm deyim ki, daha mən ömürlük hərbçi olmağı qərara aldım.

 

Komandir bir daha Şahini qucaqladı. Kövrəldi. Elə bircə: - Təbrik edirəm, - dedi. Artıq sözə ehtiyac yox idi. Bəzi sənədləri imzalatdırıb şad xəbər verirmiş kimi dilləndi:

 

- Yeni çağırışçılar gəlib. Belədirsə, gedək səni bölüyünlə tanış edim.

 

- Əvvəlcə gedim döyüş yerlərimizə baş çəkim, yarım saata qayıdıram.

 

- Yaxşı... Burda gözləyirəm.

 

Şahin qərargahdan çıxdı. Üzüaşağı düşə-düşə tanış əsgər yoldaşlarının salamlarına, əhval-pürsanlıqlarına cavab verirdi.

 

Xeylaq aralandı. Gözdən-nəzərdən bir az uzaq idi. Ehmalca dönüb arxaya baxdı. Deyəsən, gözlərini zilləyib ona diqqətlə baxan yox idi. Düşünürdülər ki, qardaşının döyüş yerlərini bir daha ziyarət edir, nələri isə xatırlayır. Əlbəttə, yara təzə və amansız idi. Belə tez ötürə bilməzdi, hələ çox göynədəcəkdi - onu görənlər belə düşünürdülər.

 

Cibindəki bıçağı çıxarıb çəməni kvadrat şəklində kəsməyə başladı. Səliqəli işləyirdi. Bir az əlləşdi. Əlini altdan salıb kəsdiyi torpaq parçasını ehtiyatla götürdü. Gülnarənin məktubunu qazdığı yerə qoydu. Titrəyən barmaqları ilə yan-yörəsini diqqət çəkməsin deyə, hamarladı. Gözlərindən düşən damcılardan üşəndi. Axı, o ağlamırdı.

 

İçinin necə yandığını bir özü bilirdi. Son gücünü toparlamağa çalışırdı, amma bacarmırdı. İçindəki göynərti göz yaşına dönüb düz ürəyinin içindən axıb gəlirdi. Qəlbi elə çırpınırdı ki, birdən-birə qorxmağa başladı. "Ayə, ölərəm ey qəfildən". Yan-yörəsinə baxdı. Cürbəcür həşəratlardan, rəngbərəng çiçəklərdən başqa heç nə yox idi. Əsgərlər də yuxarıda - təpənin başında hərə öz işi ilə məşğul idi. Ürəyi sancırdı, elə bil havası çatmırdı. Amma əsl bol, təmiz hava elə məhz burda idi. Bəs noolmuşdu?

 

Dikəldi. Yavaş-yavaş yuxarı qalxmağa başladı. Dik qalxmaq, əlbəttə, olmazdı. Ona görə köndələn yeriyirdi, yoxsa daha bərk tövşüyərdi və halsızlaşardı. Çox pis olmuşdu.

 

Əsgərləri gördükcə özünə gəlirdi. Tanış mənzərələr, məlum mühit onu sakitləşdirirdi... İndi öz qabındaydı.

 

Komandiri Lələtəpənin zirvəsinə sancılmış bayrağın altında onu gözləyirdi.

 

***

 

Ölkə başdan-başa Aprel zəfərini yaşayırdı. Ayın ortaları idi. İnsanların üzündə görünməmiş bir sevinc, şadyanalıq vardı. Hamı bir-birini təbrik edir, şəhidlər ən uca sözlərlə, ehtiramla yad olunurdu. Millətin qəddi düzəlmişdi. İnsanlarda inanılmaz ruh yüksəkliyi vardı. Lələtəpənin o biri üzündəki yerlərdə düşmənin hərbi texnikaları darmadağın olmuş vəziyyətdə atılıb qalmışdı. Meyitlər də var idi. Hərdən külək həmin meyitlərin qoxusunu Lələtəpənin zirvəsinə də aparırdı. Erməni tərəf meyitləri gəlib aparasıydılar. Hansısa nüanslar dəqiqləşdirilməliydi. Azərbaycan əsgərləri  bayrağımızın altında fəxrlə gəzir, uzaqda tüstülənən düşmən obyektlərinin qalıqlarına baxırdılar. İçlərini göynədən təəssüflə "Necə əlimizi soyutdular e! İndi Xankəndidə oturmuşduq. Şuşaya hücuma keçirdik. Ax, namərdlər!" - deyə göynəyirdilər.

 

Rauf da onların içindəydi. Əsgərlərdən bir az aralanıb irəli yeridi. Həsrətlə qarşıdakı təpəlikləri, ermənilərin tez-tələsik toparlanıb özlərinə Nüzgar kəndinin hündür təpəsində yeni qərargah, yeraltı qazmalar düzəltmələrinə baxırdılar. Çiyninə qoyulan əlin məhrəmliyindən bildi ki, komandir müavini, mayor Cəfərovdur. Heç kim belə ərkyanalıqla ona yaxınlaşmazdı.

 

- Hara baxırsan?

 

Rauf heç nə deməyib əlini irəli uzadıb işarəylə qarşı tərəfi göstərdi.

 

- Nə görürsən?

 

- Nə görəcəm? Dağılmış evlərimiz, tüstülənən ocaqlarımız, bizi gözləyən vətən torpaqları...

 

- Daha nə görürsən?

 

- Heç nə... elə dağılmış evlər, adamsız yollar...

 

- O yollar bilirsən hara gedir?

 

- ...?

 

- O yollar İrəvana gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni əmin edirəm ki, biz bir vaxt o yollarla gedib qədim ellərimizə sahib çıxacağıq. Sabah, birisi gün, bir aydan, bir ildən, beş ildən sonra - onu dəqiq deyə bilmirəm. Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən əlində qoymayacağıq. Həmin vaxt heç kim qabağımızı kəsə bilməyəcək. Kimsə bizdən döyüşü dayandırmaq barədə xahiş etməyəcək. Etsə də, heç kimi eşitməyəcəyik. Mütləq torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin kimi əmin ol!

 

- Haçan bə, komandir? Haçan bə?!.

 

Belə deyib Rauf Cəfər müəllimin yaxasını əlində elə xışmaladı ki, müavinin ayaqları yerdən üzüldü. Bayaqdan onları müşahidə edən hərbi rəhbərliyin içindən iki nəfər o tərəfə yeriyəndə mayor Həmidov işarə etdi.

 

- İşiniz olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz. Amma gözünüzü çəkməyin.

 

Raufa pələng gücü gəlmişdi. Cəfər müəllim asta səslə ehtiyatla deyirdi:

 

- Bizə baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan. Belə olmaz axı.

 

Rauf yavaş-yavaş qollarını boşaltdı. Cəfər müəllim üst-başını səliqəyə salıb ətrafa baxdı. Həmidovun işarəsini yaxşı anlamışdılar. Deyəsən, onlara tərəf baxan heç yoxuydu. Hər kəs öz işindəydi.

 

Rauf çökdü. Əlləri ilə başını tutdu. Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi torpağın dərinliklərinə işlədi. Gicitkən, cəmirtkən, tikan qarışıq torpağı xışmaladı. Sonra o biri əlini işə saldı. Barmaqları qanaq-qanaq olmuşdu. Dırnağı ilə mayası bir-birindən ayrılmışdı. Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss eləmirdi. Yana-yana deyirdi:

 

- Gör necə bir fürsəti əldən verdik. İndi Xankəndini, o biri rayonlarımızın da hamısını almışdıq. "Millət millət olur öz hünərilə". Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadəyə! Gör bizi necə aldatdılar. Onlar o zamankı dolaşıq, başsız vəziyyətimizdən istifadə edib rayonlarımızı bir-birinin ardınca zəbt edəndə, onlara deyən olmadı ki, dayanın. Onda BMT-nin qərarları, ATƏT-matət, Helsinki Bəyannaməsi heç kimin yadına düşmədi. Adam yanıb tökülür.

 

Cəfər müəllim üst-başını qaydaya salırdı. Amma qulağı Raufda idi.

 

- Sevinirik ki, Lələtəpəni aldıq. Sevinc çox nisbi ifadədir... Hal-hazırda indiki şəraitdə bizim üçün. Ona görə ki, məqsədimizə tam çatmadıq. Düşmənin əfsanələşdirdiyi Ohanyan səddini darmadağın etdik. Erməni dığalarına gücümüzü göstərdik. Bir neçə rayonumuz daimi hədəfdən azad oldu. Amma Şuşa qalıb axı... Xankəndi, Xocalı, qədim şəhərimiz İrəvan qalıb axı... İşğal olunmuş rayonlarımız heç insafdır ki, bir addımlığımızda ola-ola, yenə düşmən əlində qalsın? Vurub düz İrəvana qədər gedərdik. Belə, ən azı işğaldakı rayonlarımızı azad edib bayrağımızı Xankəndinə taxardıq. Həmişə millətin vətən eşqi, cəsurluğu fontan vuranda bir namərd zəngi, bir dövlət başçısının yersiz və həyasız müdaxiləsi qabağımızı kəsir. Həmişə bizi yarıyolda qoyur. Qələbəmizi başa çatdırmağa imkan vermir. O vaxt ağdamlılar yürüş edib erməniləri Xankəndidən iti qovan kimi qovub məsələni həll edəcəkdi. Xuraman xalanın yaylığı aşıb-daşan qəzəbimizi içimizdə boğdu. Mirzə Ələkbər Sabir demişkən, "öz tığımız öz rişəmizi kəsdi sərəpa!". Düşmən nəfəs dərdi, güc topladı, dünyanı ayağa qaldırıb özlərinə nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin də əli ilə neçə-neçə itkilər verdik. Xocalının başı üzərində oyun getdiyini nə qədər desələr də, hamı kor oldu, kar oldu, lal oldu, milləti heç nədən qırğına verdilər. Yenə də zərbə özümüzə dəydi. Yenə də geri düşən biz olduq.

 

Raufun çiyninin atılıb düşməsi elə gennən də bilinirdi. Yenə hansısa ağrının ürəyinə toxunduğunu hamı anlayırdı. Dostları yumruqlarını sıxıb, ürəklərinin iniltisini birtəhər ötüşdürürdülər. Təsəllilərini ermənilərin atıb getdikləri texnikalara, puleymotlara, Lələtəpənin ətəklərinə səpələnmiş düşmən meyitlərinə baxmaqla sakitləşdirirdilər.

 

- Deyirsiz ki, böyük dövlətin başçısı zəng elədi, hücumu dayandırdı. Ermənistanın ikinci prezidenti Koçaryan kopoyoğlunun Moskvada bir kitabı çıxıb - "Həyat və azadlıq". Orda deyir ki, biz artıq Ağdama girmişdik. Yerevandan zəng edib dedilər ki, biz burda otura bilmirik, Moskvadan, BMT-dən, ATƏT-dən, müxtəlif ölkələrdən gələn təhdidedici zənglərin əlindən. Bütün xəbər agentlikləri, hətta Azərbaycan mətbuatı da yazır ki, ermənilər Ağdamı işğal ediblər. Bu, doğrudurmu? Siz orda nə edirsiniz. Mən cavab verdim ki, heç nə, biz təpələrin üstündə oturmuşuq. - Təpələrdə nə gəzirsiniz? Dedim: - Orda onların artilleriyası vardı, bizi vururdular. Məcbur olduq onları bir az hərəkətləndirək. Deyir, səhərisi Ağdamın boşalmış küçələrinin şəkillərini çəkib onlara göndərdim ki, biz boşalmış şəhərə girməyə məcbur olduq... İndi biz vurub gedib Ağdamı, Füzulini, Xankəndini götürüb deyə bilməzdik ki, qoşunlarımızı saxlayana qədər o əraziləri Azərbaycan qoşunları tutmuşdular. Niyə yenə xətir üçün xəstə yatan biz olduq?..

 

Cəfər müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, sakitləşdirici, ümidverici sözlər dediyi duyulurdu...

 

"Sən hələ bir az gözlə..."

"Sən bir az gözlə... hələ...".

 

Bakı-2019

 

Səyyad Aran

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.9.