"Əli və Nino" gizlinləri,
yaxud danıldıqca anılan həqiqətlər
Bitməmiş müzakirə...
Professor Bədirxan
Əhmədlinin "Ədəbiyyat qəzeti"nin 28 noyabr
2020-ci il tarixli "Orxan Arasın Əsəd bəy - Qurban Səid
gerçəklikləri" məqaləsini dərin təəccüb
hissilə oxudum. O səbəbdən ki, hörmətli professor
bəhs etdiyi tədqiqatda müəllifin "faktların
köməyi, təhlili və təkzibedilməz arqumentlərlə"
çıxış etməsindən bəhs edir, ancaq bu
"təkzibedilməz faktların" nədənliyi üzərinə
gələndə ümumi, uzun illərdən bəri ədəbi
cameyə tanış olan fikirlər üzərində
dayanır. Hörmətli professor araşdırmanın ən
dəyərli tərəfi kimi onu göstərir ki, müəllif
ilk dəfə olaraq M.Əsəd bəyin alman mətbuatında
dərc edilən məqalələrini digər əsərləri
ilə müqayisəli şəkildə
araşdırmışdır. Ancaq görməzdən gəlir
ki, görkəmli ədəbiyyatşünas, professor Pənah
Xəlilov illər öncəsi məhz bu yolla getmiş, eyni
zamanda böyük Azərbaycan yazıçısı Yusif Vəzir
Çəmənzəminlinin ayrı-ayrı illərdə
yazıb çap etdirdiyi əsərlərindən yüzlərlə
seçmələrin "Əli və Nino" romanında
eynilə işlənilməsindən bəhs etmiş,
müqayisələr aparmışdı. Eyni zamanda, hörmətli
professor qeyd edir ki, Əsəd bəyin anasının yəhudi
olması səbəbilə bir çox tədqiqatçılar
onun milli mənsubiyyəti haqqında yanlış mülahizələr
yürütmüşlər. Deyək ki, belədi... Ancaq
professor özü də Məhəmməd Əsəd bəyin
atasının kim olması məsələsinin üstündən
dərin bir sükutla keçir.
Hörmətli
professor heç nəzərə də almır ki, son onilliklərdə
bir sıra araşdırmaçılar tərəfindən
birdən-birə və fövqəladə şəkildə
israrlı (bəzən də təhdidli) şəkildə
gündəmə gətirilən "Qurban Səid, Məhəmməd
Əsəd bəydir" qənaəti barədə daha
çox tarixi arxiv materiallarına söykənən sənədlər
tam başqa söz deyir. Məsələn, vaxtilə
"Almaniyada Azərbaycan İstiqlal Komitəsi"nin rəisi
kimi fəaliyyət göstərmiş Hilal Münşi bəyin
məruzəsində deyilənlərə nəzər salaq:
"Əslən Kiyevdən olaraq, özünə yalandan
"Əsəd bəy ismini verən və guya Bakı zadəganlarından
birinin oğlu olduğunu qeyd edən bir
fırıldaqçı (24-25 yaşlarında) 1930-cu ildə
Almaniyada bulanıq bir əsər nəşrinə müvəffəq
olmuşdur... Bu zadəgan hərifin "Əsəd bəy"
deyil, Leo Nissenbaum və "dədəbəyi"
atasının da Abraham Nissinbaum olduqlarını həm Berlin
polisi və həm də xariciyyə nəzarəti meydana
çıxardılar..." ("Kurtuluş" 1935-ci il,
N.7-8, səhifə 214).
Diqqət yetirməyi
vacib bilirik ki, bu fikirlər Lev Nissenbaumun (yaxud Məhəmməd
Əsəd bəy deyilən şəxsin)
sağlığında, yəni vəfatından 7 il əvvəl
səsləndirilib və sözügedən qəzetdə dərc
edilib. Adına Məhəmməd Əsəd bəy deyilən
şəxs isə bu yeddi il müddətində deyilənlərə
qarşı heç bir fikir dilə gətirməyib. Eyni
zamanda yuxarıda adıçəkilən Hilal Minşi bəy
sıradan biri deyildi, o, "Almaniyada Azərbaycan İstiqlal
Komitəsi"nin rəisi vəzifəsinə dahi bəstəkarımız
Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin təqdimatı
və tövsiyəsi ilə qəbul edilmişdi. Yəni yetərincə
etibarlı, geniş məlumatı və əlaqələri
olan şəxs idi...
Üstəgəl,
yenə də adına Məhəmməd Əsəd bəy
deyilən şəxsin öz sağlığında Berlin
Universitetinin professoru, doktor K.Yetke (bəzi mənbələrdə
Yeşke) yazırdı ki, "Nissenbaum adlı bu adam mötəbər
bir müəllif kimi qəbul edilə bilməz". Və
qeyd-şərtsiz Hilal Münşi bəylə həmrəy
olduğunu israrla qeyd edirdi: "Kiyev yəhudisi Leo Nissenbaumun
taxma Əsəd bəy adı altında 1930-1931-ci illərdə
çıxartdırdığı iki əsəri təəssüf
doğurur (Azərbaycan Yurt Bilgisi, 2-ci Kanun, 1934-cü il, N-25).
Əlavə
faktlar, yazılı mənbələr də var... Məsələn,
o, 1926-1933-cü illər ərzində öz məqalələrini
çap etdirdiyi "Die Literarische Velt" adlı alman ədəbi
jurnalında çap etdirdiyi avtobioqrafik yazısında
oxuculara inandırmağa çalışır ki, "Mən
alman müəllifiyəm" ("Die Literarische Velt", 30
yanvar, 1931-ci il, hissə 7, N-3, səh.4).
Həyat
yoldaşı (və hələ sağlığında ikən
onu müalicə edən həkimə qoşulub qaçan)
Erika isə boşanma zamanı qəzetlərdə
yazırdı: "O mənə ərəb şahzadələrinin
soyundan gəldiyini demişdi. Ailə qurandan sonra öyrəndim
ki, o, sadəcə, Lev Nissenbaumdur". ("Nyu-York Deyli
Nyus", 28 noyabr, 1937-ci il, səh.20).
Əsəd bəyin
milliyyətcə gürcü ("Nyu-York Tayms", 27 mart
1932-ci il, səh.10), rus ("Nyu-York Tayms", 21 avqust
1933-cü il, səh 11), fars ("Vəniti Feə"
jurnalı, 1935-ci il, sentyabr, səh. 16) və s. olması
haqqında yazılı mənbələr var və bir daha təkrar
edirik, maraqlıdır ki, bu yazılanların hamısı
adına Əsəd bəy deyilən bir yazarın
sağlığında tirajlanıb. Necə ola bilib ki, öz
milli mənsubiyyətinə dəyər vermədən o,
bütün bu yazılıb, çap edilənlərə
qarşı bircə kəlmə olsun belə etiraz etməyib?
Eyni zamanda, öz əlləri, öz dəst-xətti ilə
yazdığı tərcümeyi-halını belə
başlayıb: "Rus dəmiryolçularının birinci
etiraz tətili günü Avropa ilə Asiya arasında, rus
çölünün ortasında anam qatarda gedərkən
vaqonda anadan olmuşam".
Təsəvvür
edin, haqqında gah Lev (Leu) Nissenbaum, gah Məhəmməd
Əsəd Bəy deyə bəhs olunan bu şəxsin
hal-hazırda Bakı Milli Arxiv İdarəsində
saxlanılan orta məktəbin aşağı sinfində
oxuduğu illərdə rüblük nəticəni bildirən
qiymət cədvəlində aldığı qiymət
"qeyri-kafi"dir. Yəni "2". Yalnız pedaqoji
şuranın qərarı ilə ona verilən bir illik
möhlətdən sonra bu qiymət "3"lə (kafi) əvəzlənmişdir.
Yəni haqqında Əsəd bəy deyilib car çəkilən
adam Azərbaycan dilini bu qədər bilirmiş.
Xalq
yazıçısı Anar bu insandan "Məhəmməd
Əsəd bəy, Qurban Səid imzalı Nissenbaum
familiyalı, adı bəzən Lev kimi təqdim edilən, əslindəsə,
Yakov Abramoviç olan" bir şəxs kimi bəhs edir. (Bax,
"Ədəbiyyat qəzeti", 26 fevral 1996-cı il).
"Onun (Əsəd
bəyin - S.H.) valideynlərinin nikah şəhadətnaməsində
göstərilir ki, atası Abram Leybusoviç Nissenbaum (Tiflis
vətəndaşı) və anası Belarusiyadan Basya Davidovna
Slutzkidir... Lev Nissenbaumun valideynlərinin nikah şəhadətnamələri
Bakıda yox, Tiflisdə qeydə alınıb. Bu nikah
1904-cü il oktyabrın 24-də Sinaqoqda Levin adlı bir rabbi-yəhudi
din xadimi tərəfindən elan olunub. Həmin nikah şəhadətnaməsindən
məlum olur ki, bu nikahdan bir ay öncə - sentyabr ayında
daha 3 yəhudi cütlüyü Tiflisdə nikaha daxil
olmuşlar".
Bu fikirlər
araşdırmaçı Betti Bleyerə məxsusdur. Yeri gəlmişkən,
vaxtilə B.Bleyerə qarşı hörmətli professor Bədirxan
Əhmədovla eyni mövqedən çıxış edən
N.Atəşi də tədqiqatlarına xüsusi dəyər
verdiyi Cəmil Bəyə istinadən qeyd edirdi: "Əsəd
bəyin anası Aişə Slutzki (əslində, Basya
Davidovna Slutzki - S.H.) islam dinini qəbul etmiş rus-pravoslav
idi... Slutzkilər ailəsinin üçüncü
qızı isə Əsəd bəyin "Nessim dayı"
çağırdığı A.Nissembaumla ailə qurub".
Və guya, əslində, bu Nissembaum (yenə də guya, Əsəd
bəyin xalasının yəhudi əri - S.H.) səhvən Əsəd bəyin
atası kimi göstərilən Abrahimdir. Belədə isə
təbii sual ortaya çıxır: Bəs onda Əsəd bəyin
atasının adı nədir? Əgər belə bir ad varsa,
o zamanının evlər idarəsinin qeydiyyat kitabına həmin
adam hansı gün, ay və il tarixi, hansı
yaşayış ünvanı ilə düşüb?
Düşübsə, bu ipucu yenə də yəhudi
ünvanına aparıb çıxarmır ki?
"Dayı"nın adını qəbul edirik, ananın və
xalanın yəhudi olduğunu qəbul etdik. Özünün
Kiyevdən gələn qatar vaqonunda dünyaya gəldiyini Məhəmməd
Əsəd bəy deyilən şəxs özü yazır
(anası Leninin və Stalinin gizli rəhbərliyi altında
Bakıda nəşr edilən qəzetdə
çalışırmış). Bəs onda gerçək
dayıların, bibilərin adı nə idi... Hər halda, bu
sıradan təkcə onun alman mənşəli tərbiyəçisinin
adı məlumdur. Başqa heç nə...
Həqiqət
olansa budur ki, bu sirli insanın imzasıyla dönə-dönə
nəşr olunan dünyalarca məşhur "Əli və
Nino" romanının əslində, görkəmli Azərbaycan
yazıçısı Yusif Vəzir Çəmənzəminlinin
qələminin məhsulu olması haqqında da tutarlı dəlillər mövcuddur. Əvvəla, Yusif Vəzir
hələ Kiyevdə təhsil alarkən ermənilərin Azərbaycan
nağıllarını öz adlarıyla çap etdirdiyini
görmüş, böyük xeyriyyəçi
H.Z.Tağıyevin yardımı ilə mətbəədə
"Məlikməmməd nağılı"nı tərcümə
edib, Əli Xan imzasıyla çap etdirmişdi. İkincisi,
Yusif Vəzir 1907-ci ildə çap etdirdiyi xatirələrində
qeyd ki, oxuduğu məktəblə üzbəüz evin pəncərəsindən
"N" adlı qız ona baxıb gülümsünür
və kartla fala baxırdı... Deməli, söhbət xristian
bir qızdan gedir. "N" hərfinin açması
"Nina"da ola bilər. Üçüncüsü, Yusif Vəzirin
nəsli Seyid idi və "Səid" adının buradan gəlməsi
daha ağlabatandı. Yusif Vəzir Şuşada doğulub
böyümüşdü və Şuşa həyatını
daha gözəl bilirdi. Səfir işləmişdi,
dövrün-zamanın gedişini yaxşı bilirdi. Betti
xanımın yazdığı kimi, "ermənilərlə
konflikt də daxil olmaqla, Azərbaycanın problemlərilə
bağlı səhifələrə nüfuz etmiş çox
dərin duyğuları" 14 yaşında Bakını tərk
etmiş bir uşağı - Əsəd bəyi (yaxud Lev
Nissenbaumu) düşündürəcək məsələ
deyildi. "Bu, xəyallarla yaşamış, mübarizə
aparmış bir insana aid ola bilər. Bütün bunlar Yusif Vəzir
Çəmənzəminliyə aiddir və bunların izinə
onun romanlarında, hekayələrində, oçerklərində,
xüsusilə də gündəliklərində rast gəlmək
mümkündür" (B.Bleyer).
Bunu təkcə
B.Bleyer demir, görkəmli türkiyəli
alim-araşdırmaçılardan Mustafa Türkəqul, Yavuz
Akpınar, professor Pənah Xəlilov, Xalq
yazıçısı Qılman İlkin, şair-tərcüməçi
Abbas Abdulla Hacaloğlu, professor Tofiq Hüseynov və
başqaları da yazıb, Y.Vəzirin əsərlərindən
üst-üstə düşən, çox vaxt eyni olan
çoxsaylı müqayisələr əsasında
etibarlı dəlillər gətiriblər. Bu müqayisə -
nümunələrin sayı yüzdən yuxarıdı,
böyük abzaslar təşkil edir.
Çox istərdim
ki, hörmətli professor Bədirxan müəllim
dünyalarca məşhur "Əli və Nino"
romanının gerçək müəllifi barədə
fikir yürüdərkən bu məqamlara da göz
atmış olaydı...
Ədəbiyyat
qəzeti.-2020.-24 dekabr.-S.26.