OTAQ...

 

 

"...Mən sizin pəncərənizi tanıyıram. Gecələr üzünüzə notbukun işığı düşür, işləyirsiniz. Bəzən bir-iki dəqiqə dayanıb baxıram. Qəribə və fərqli həyat tərzidir... Sonra yazılarınızı oxuyanda həmin mənzərə gözümün qabağına gəlir.

 

Lakin xeyli müddətdir həmin işığı görmürəm, düzü, narahat oldum, soruşmaq istədim. Yaxşısınızmı?..".

 

Bəli, mən yaxşıyam...

 

***

 

Otaq - Sadə, dünyanın müxtəlif dillərində müxtəlif sayda səslərdən ibarət bir sözdür. Dünyada var olan hər şey hansısa sözlərlə ifadə edilir və eynən bu söz kimi təşkil etdiyi mənanın və təsəvvürlərin alt qatında daha sirli və qəsdən yersiz yerə mürəkkəbləşdirilmiş sadəliyində, bəlkə də, dünyanın ən çoxqatlı mənasını içinə alıb susur...

 

- Otaq?

 

- Otaq.

 

- Niyə otaq?

 

Bir çox suallar kimi, bu suala da cavab verəcək və ya bu sualın cavabı barədə hekayəmi danışacağım sən, əziz Dost, hələ gəlib çıxmamısan...

 

***

 

Son zamanlarda vaxtımın çoxunu daha çox Otaq-da keçirirəm. İndi dünyaya pəncərədən baxmaq deyilən bir hal içində kitabların, düşüncələrin, ya da səmimi şəkildə boynuma alsam daha az düşünməyin içində bir-birindən xəbərsiz bir-birinin ardıyca sıralanan mətnlərin xətti boyu addımlayaraq öz yerimdən tərpənmirəm. Gözümün qarşısında pəncərə... İkitaylı, qarşısında dibçəklər var, bəzən onlardan biri çiçəkləyir. Sarı çiçəklər təzəlikcə solublar. İndi qırmızı çiçəklərin növbəsidir. Sonra ətirşahlar açacaq, deyəsən, çünki son yarpaqların arasında bir qabarıqlıq mənə müjdə göndərir...

 

...Qəribədir, bir anda gözümün qarşısında bir əl canlanır, o əl uzanaraq həmin son yarpaqların pöhrələndiyi kiçik budağı qırır... Mən dəhşətə gəlirəm, hətta gözlərim dolur, ürəyim sürətlə döyünür... Barmaqlarımı klaviaturadan aralayıb əllərimə baxıram - onlar buna qadirdirmi?

 

Qadirdir...

 

Mən indi çox soyuqqanlı şəkildə əlimi uzadaraq çiçəkləyəcəyini gözlədiyim pöhrəli çiçək budaqlarını asanlıqla qırıb ata bilərəm...

 

Udqunuram...

 

İnsan hər şeyə qadirdir, əsas da əlinin altında olanlar üzərində...

 

***

 

Yəni mənim pəncərəmin qarşısında yaşamaq da sizə asan gəlməsin...

 

***

 

Başqalarının Otaq-larının necə olduğunu bilmirəm, amma mənim Otaq-(ğ)ımda pəncərə qapı ilə üz-üzədir. Özüm bu durumda hardayam? Olmaq istədiyim yerdə. Çünki dünyada ən azı bir otağımız varsa, onun içində harda olduğumuzu özümüzün müəyyən eləmək haqqına sahibik. Mən pəncərənin qarşısındayam və uzun zamandır dünyaya bu pəncərədən baxıram. Dünyanın ən sakit şəhərlərindən biri mənim pəncərəmin o tayında həyatını yaşadıqca, gecələr gündüzlə əvəzləndikcə, aramızda dincliyin ürək döyüntülərini hiss etdirən küçədə hərəkətlilik artıb-azaldıqca, o tayda bir dünya olduğundan və hələ salamat olduğundan xəbər tuturam.

 

Son zamanlarda - Nədir bu çəkilmişlik, - deyə soruşanlara pəncərəmi nişan verirəm... Evimizin qabağından küçə keçir, yağışlı günlərdə, bax, elə bu sözləri yazdığım andakı kimi çox sevdiyim qıjıltı səsləriylə dolur, günəşli günlər daha səssiz keçir. Gözümün düz qabağında - təpənin üstündə şəhər qəbiristanlığı yerləşir. Havalar yaza doğru getdikcə Günəş düz o qəbiristanlığın üstündən çıxır. Təyyarələr gündə bir neçə dəfə qəbiristanlığın üstündən keçib uzaqlaşır.

 

Sükut, Hərəkət və Son. Uçuş və uçuşun içində insan taleləri. Çox zaman təyyarələri quşlar əvəz edir, lakin onların daşıdıqları can ancaq özlərinə məxsusdur və ancaq öz canlarını daşımaqla ancaq öz Otaq-(ğ)ında yaşayan adamların dincliyini nişan veirlər... Bəzən qəbiristanlığın, bəzən şəhərin başı üstündə dolanaraq hər halıyla mənə pəncərəmdən uçuşu göstərirlər...

 

Mənim pəncərəmdən baxmaq elə də sadə iş deyil...

 

***

 

Qapı?

 

Bəli, qapı var, mən ondan həm Otaq-(ğ)-a girmək, həm də çıxmaq üçün istifadə edirəm. Qapı dünyaya boylanmağa yaramır. Qapı çıxmaq və girmək üçündür. Qapının tələbi və missiyası hər nə qədər əlimizi tərpətməyimizi tələb etsə də, ondan ancaq ayaqlarımız vasitəsilə keçə bilirik...

 

Bir baxımdan həm qapı, həm pəncərə bizi dünyayla birləşdirir, ya da ən azından ondan xəbərdar olmağımızı təmin edir. Lakin pəncərə gözümüzün, dünya hər şeyin iştirakını ehtiyaca çevirir. Bu baxımdan qapıdan çıxmadan pəncərə qabağına qayıtmaq və dünyaya o pəncərədən baxmaq mənasız və gərəksiz görünür.

 

Bəs biz nədən xəbərdar olmaq istəyirik?

 

- Mən nədən xəbərdar olmaq istəyirəm? Deyəsən, heç nədən...

 

Lakin bu "heç nədən" cavabı deyilişi qədər sadə bir prosesin nəticəsi deyil. Geri, dərinə qayıdışın yolu boyu şaxələnən çay suları kimi eyni yerdə gedib dolacaq şəkildə qurulsa da onun əksinə hərəkətdədir.

 

Pəncərə ilə qapı dünyayla bağlılığın bir-birinə zidd cəhətləridir. Qapının qarşısında dayanaraq heç nə görə bilmədiyimiz halda, pəncərə bizim dünyaya baxışımıza açıqdır. Lakin qapı olmadan biz dünyaya ancaq pəncərədən baxmalı oluruq...

 

Pəncərədən baxmaq sizə elə də asan gəlməsin. Bunu ayağımızı qapımızdan çölə qoymadan gerçəkləşdirə bilmərik..

 

***

 

Biz ilk pəncərəmizlə Otaq-(ğ)ımızı tanımadan qabaq tanış olmuşuq - Gözlər! Nə qədər baxırıqsa-baxaq, biz Otaq-(ğ)a salınmamışdan əvvəl görməyi öyrənmişik, Günəş işığını içimizdənmi çölə, çöldənmi içimizə keçirmişik, bu, bir başqa söhbətdir, əziz Dostum, sonra Otaq-(ğ)ımızı tanımışıq. Onun rəngini, qoxusunu, işıqlılığını, içini, - əvvəl əlimiz çatmayacaq yüksəklikdə tavanını, altında hansısa dünyanın yerləşdiyini xəyal etdiyimiz döşəməsini. Biz otağımızı tanıyanda onun nəyin üstündə, nəyin altında, nəyin içində və harda qərar tutduğunu düşünməmişik. Məhz pəncərəylə tanışlıq, otağımızın yeri barədə düşünməyimizə gətirib çıxarıb. Bizim otağımız dünya kimi içi çölünə çevrilməyib, əksinə, çölü içində gizlədib, dünyadan kainata boylanmaq nə qədər asandırsa, otağımızdan dünyaya boylanmaq bir o qədər çətindir...

 

Burda artıq gözlər sadəcə, orqan kimi heç bir işə yaramır...

 

***

 

Otaq - hər nə qədər əhatə etdiyi sahəni və içinə sığışdırdıqlarını ifadə etsə də, əslində, o, ancaq divarlarının nəticəsidir. Bir dəfə çəmənlikdə bardaş qurub gözümü göyə zilləmişdim. Qarşımda balaca bir çay axıb gedirdi, arxada dağlar vardı. "Adamın burda bir evi ola" - deyə fikrimdən keçirdim. Elə o zaman anladım - Otaq bizim bir parça yer üzünü özümüzünkü etmək cəhdimizdir. Özümüzü başqalarından ayırmaq, gizlətmək, gizlənmək, qorumaq, daldalanmaq, üşüməmək, dözülməz istidən əziyyət çəkməmək cəhdimiz. Eyni zamanda Otaq-(ğ) tavanı Göy üzünün qarşısını kəsməklə bizim baxışlarımızı ondan ayırır. İnsan isə Göyə boylanmadan yaşaya bilməz. Çox güman, pəncərələr məhz buna görə var və məhz buna görə daha çoxdur. Biz hər nə qədər pəncərədən Dünyaya havalanıb çıxa bilməsək də, pəncərəmiz qapımızdan daha geniş, daha hündürdür. Bizim Otaq-(ğ)ımızın cəmi bir qapısının olması kifayət edir - həm giriş, həm çıxış üçün, amma imkanımız olduğu qədər pəncərə açmağa çalışırıq...

 

***

 

İlk öyrənmə və kəşfetmə işartılarının ardından nabələdlik həqiqəti ortaya çıxır. İnsanın çölə - həyətə, küçəyə, məhəlləyə, təbiətə - Dünyaya çıxış cəhdi fitrətən mövcudluğunun gizli şifrələrindən biri kimi şüuraltı yaddaşa həkk olunaraq onu çağırıb aparır. İnsan pəncərədən ayrılaraq qapıya üz tutur və hamı həyatında birinci dəfə ayağını çölə atır...

 

Bu məqamda düşüncəmizin labirintində dolanaraq bunun şərait asılılığından doğan hərəkət xəttini izləmək istəyəndə, sizi bilmirəm, mənim yadıma yenidən əlimi uzadıb çiçəklərin budağını qırmaq bacarığının doğurduğu həyəcan ortaya çıxır. Bəs insan taleyi kimin əlindədir? Onu kim müəyyənləşdirib? Onu qarşıda nə gözləyir?

 

Bəlkə də bunun üstündən keçib getməliyik.

 

- Niyə?

 

- Ola bilsin bu barədə danışa biləcəyim insan - Sən hələ gəlib çıxmamısan, əziz Dost...

 

***

 

...Ayağını qapısından çölə atan insan Otaq-(ğ)ından ayrılır...

 

Dünyanı gəzib-dolanan (fərqi yoxdur, həmin insan ömründə bircə dəfə də olsun şəhərindən, kəndindən kənara çıxıb-çıxmayıb, ya dünyada gəzmədiyi-görmədiyi ölkə qalıb-qalmayıb) halıyla hər kəsin arxada bir otağı qalır. Zamansızlıq dərk edilməyə, məkanın yerləşdiyi yer barədə düşüncələr səngiməyə başlayanda vətənsizlik əbədi vətən anlayışına çevrilir və insan son axtarış ünvanını - Otağını axtarmağa başlayır. Bu, ilk nöqtəyə qayıtmaq kimi görünə bilər, lakin qətiyyən elə deyil. Biz heç zaman qayıdıb içindən çıxdığımız Otaq-(ğ)a sığışa bilməyəcəyik. İlk çıxdığımız otaq bizə qismətdən verilmişdi, amma sonrakı otağımızı özümüz bina etməli olacağıq... Həm də içimizə sığışacaq şəkildə

 

***

 

Yük istər ruhi, istər həqiqi mənasında istənilən halda yolçuya maneədir. Lakin yükün dərki yüklənməkdən keçir. Əgər sən çiyinlərində onun ağırlığını, yüngüllüyünü, sürüşkənliyini və ya caynaqlarını hiss etməmisənsə, nə barədə danışa bilərsən? Eynilə dünyaya qapıdan çöldə dalmaq da belədir. Bu, qaçılmaz yoldur - sən bir Otaq-dan çıxıb başqa bir Otaq-(ğ)a qayıdırsan. Məqsədinin, niyyətinin orta yerində bütün tərəddüdlərdən, arzulardan, artıq yüklərdən təmizlənmiş canını qorumaq istəyi bir gün o Otaq-(ğ)ın qapısından keçib onu arxanca bağlamaq eşqini ehtiva edir. Narahatlıq, çırpınış səni yuvadan əvvəl Otağ-a çağırır. Çünki yuvanın uçuş üçün üstüaçıqlığı altı tərəfdən bağlı bir gizliliyin içində gizlənən son dərkin bir addımlığında gözləməkdədir.

 

Otaq - yəni qayıtdığın otaq, qapısından içəri ancaq səni qəbul edir. Bu sənin safanla, saf mövcudluqla, saf halınla ola biləcəyin yeganə yerdir. Sən bundan sonra hər şeyi o Otaq-da, o pəncərənin qarşısında və o qapıdan xəbərdar halınla yaşaya biləcəksən...

 

Yox, Otaq-(ğ)ın müqəddəs günahsızlıq yeri olduğunu demirəm. Otaq - sadəcə bir adamlıq yer olsa da həmin adamın niyyətilə bağlı heç bir tələb qoymur. Otaq - bizim düşüncəmizə müdaxilə etmir, çünki Otaq biz olmadan yox idi. Onu ancaq biz özümüz, düşüncəmizin və arzularımızın bütöv azadlığı içində qururuq. Ustası da, fəhləsi də, sahibi də özümüzük. İstəsək pəncərəsində çiçək bəsləyə, istəsək quş qəfəsi qoya, istəsək qapıyla, istəsək pəncərəylə üz-üzə otura bilərik, istəsək onu qalın pərdələrlə qapaya, istəsək gecə-gündüz açıq saxlaya bilərik...

 

İşığını gur yandıra, ya da qaranlığa qərq ola bilərik...

 

Artıq bizim bütün gələnlərimiz bu Otaq-(ğ)a gələcək, bütün gedənlərimiz bu Otaq-dan çıxıb gedəcəklər...

 

***

 

Siz heç pəncərələri hörülən otaq görmüsünüzmü?

 

Mən gördüm, gördüm, əziz Dost, pəncərələri hörülmüş, qəlbi möhürlənmiş və qapısı Göylərə doğru bağlanmış adamlar da gördüm...

 

***

 

Əgər hələ dünyayla nəsə bir işiniz qalıbsa Otaq-(ğ)a tələsməyin... Otaq - dar, eyni zamanda genişləndirilib içiniz qədər boşluq və hüdudsuzluq bəxş edəcək bir yerdir. İnsan ehtirasları, həmişə nəsnələrin və düşüncəvi payın ardınca həsrətlə baxır. O ehtirasları başqa bir gücə, başqa bir hissə, başqa bir doyumluluq dərkinə çevirmədən Otaq-da dayanmaq olmaz.

 

Qayıtmaq?

 

Mümkün deyil, əziz Dost, bir gün səninlə bunları uzun-uzadı danışarıq...

 

Çünki o Otaq, o Otaqdır ki, qapının hər nə qədər arxanda, kilidsiz, hətta bəzən yarıaçıq olduğunu bildiyin halda pəncərənin qarşısından qalxıb heç zaman ondan keçmək istəmirsən...

 

Məsələ qapının bağlanmasında deyil, pəncərənin açıq olmasındadır...

 

Otaq - qapı olmaqdan çıxıb pəncərə olanda biz də özümüz oluruq...

 

Hədiyyə ŞƏFAQƏT

 

Ədəbiyyat qəzeti. -2020.- 22 fevral. – S.3