Ana, muğayat ol

 

Dağlar, nankor olduq, getdik obadan,

Yollara bir dağ ol, qalan getməsin,

Vüqarlı zirvədə yurd-yuva salan,

Çiyni yapıncılı çoban getməsin.

 

Torpağın altında yatanlara bax,

Ömrünü yurduna qatanlara bax,       

Kökünə güvənib, qalanlara bax,        

Qaylayın, araya şeytan keçməsin!

 

Sevgi qismətidir Allah qulunun,

Ondan yarıyanı tapsanız, bulun,

Saçına dən düşmüş, gözləri yorğun,

Yollara boylanan canan getməsin.

 

Buludlar dolaşır taleyimizdə,

Acı yuva salır ürəyimizdə,

Allaha dualar diləyimizdə,

Ana, muğayat ol, Vətən getməsin!

 

P.S. "Qaylamaq" qədim türk sözü "qay"dandır. Mənası güc, dəstək verməkdir. Mənim fikrimcə, kəndimizin adı "Gəyliyən" sözü, əslində, "Qaylıyan"dır. Yəni güc, dəstək verən, haylı-huylu. Bu da kəndin əhalisinin Azərbaycanda geniş yayılmış oğuz türk qayı boyundan (Osmanlı dövlətini quran boy) olmasına işarədir (müəllif).

 

Dəymə, fələk

 

Dəymə fələk, könlün qəmli sazına,

Pərdəsi siminin oduna yanır,

Toxunarsan payızına, yazına,

Bir tatsız sevdanın badına yanır!

 

Dəymə fələk, dərdlər dərdə qalansın,

Dərd ağacı dağla qoşa dayansın,

Bəlkə, onda yatmış baxtım oyansın,

Naləmdən dünyanın ini oyanır!

 

Qıyma fələk, top zülfümün telinə,

Sazaq dəyə qəlbindəki gülünə,

Bir nabat ol onun şəkər dilinə,

Bal özünü dillərə dərman sanır!

 

Dəymə fələk, o, dağlara yol edir,

Lalənin yanında bir gül bitir,

Güllərin içində bülbüllər ötür,

Səsindən dağların könlü oyanır!

 

Dəymə fələk, Günəş bizi isitsin,

Xəyallar zamana axış gətirsin,

Fizun ahlarıyla bir gül bitirsin,

Yoxsa qüssəsindən qəlbi dayanır!

 

Nazlı

 

Sağdan əsən meh laləni

Yırğalayır sola nazlı.

Ətri vurur tüm aləmi,

Nola, gələ yola, nazlı!

 

Zirvədəki uca qala,

Sevgimizə yuva ola,

Yarın könlü eşqlə dola,

Qucağımda qala nazlı!

 

Dağ başına dən düşəndə,

Yollarıma çən düşəndə,

Gözlərimə nəm düşəndə,

Düşər haldan-hala nazlı!

 

Kəklik yalnız ötərmi heç,

Könlüm səndən keçərmi heç,

Eşqdə dərd-qəm bitərmi heç,

Uyma qeylü-qala, nazlı!

 

Telli sazdan ey ruh alaq,

Gəl, qartala yoldaş olaq,

Mələklərdə qonaq qalaq,

Qayıtmayaq dala, nazlı!

 

Fizun sənə sir söyləyə,

Ağız aça bir diləyə,

Tanrı bizə rəhm eyləyə,

Özü yola sala, nazlı!

 

Halal eylə

 

Qalıb üfüqlərdə, yatmır gözlərim,

Yuxunu gözümə gəl bilal eylə.

Açıb qanadını uçur illərim,

Vüsalı səmama al, hilal eylə!

 

Sevgi dağımınmı yalında qalım,

Ordamı yurd salım, xəyala dalım,

Dumana bürünsə o qafil halım,

Al məni qoynuna, əhli-hal eylə!

 

Gülmürsə üzümə hüsnü-ərbabım,

Yanırsa atəşdə könül sərdabım,

Açmırsa qəlbini lisan mehrabım,

İlahi, dilimi bəndi-lal eylə!

 

Dalğasız çayların çaydaşı olmaz,

Ağzı boş olanın sirdaşı olmaz,

Sevdasız ağılın faydası olmaz,

Məni eşq yolunda Sən kamal eylə!

 

Bir vədə gəlməsə səsim uzaqdan,

Soruşma halımı bahardan, yazdan,

Müjdəmi alanda qarlı sazaqdan,

Könlündə haqqını sən halal eylə!

 

Füzuli (Fizun)

 

Ədəbiyyat qəzeti.- 2020.- 4 iyul.- S.29.