"Təkcə sevgidir ki, uymaz hesaba..."

 

Adilə Nəzərin şeirlərinə bir nəzər...

 

Cəmi bir dəfə görmüşdüm onu. Şeirlərinə elə bələdliyim yox idi. Bir-iki mətbuatda atüstü oxuduğum yazıları ilə tanış idim. Hər halda məni özünə çəkən imza idi - Adilə Nəzər...

"Ədəbiyyat qəzeti"nin 14 mart (2020-ci il) sayında bir səhifə yazılarını, şeirlərini oxudum. "Günahdı, toxunma alın yazıma" şeirindəki bir misra məni tok vuran kimi diksindirdi.

Bəlkə sirr olanlar həyat naxşıdır,

bəlkə , işıqdır, nurdur önümüz.

Elə bilməməyim daha yaxşıdır -

sonu ölümdürsə... bir az şərab süz...

...Sonu ölümdürsə... bir az şərab süz... Bu misra məni yenidən qaytardı səhifəni gözümə bir təpməyə... Bir az da diqqət kəsildim. Misralar sağlam vərəqlərlə dolu gor ağırlığını xatırlatdı mənə. Bu cür ölü misraları mən sevdiyim kişi şairlərdə daha çox sezmişəm bu daha təbii görünür. Zatən, təfəkkürün dərin qatlarında kişi dalğıcları yaxşı üzürlər. Ruhu oyaq, erkək tinətli qadınlar məni bağışlasın. Adilə Nəzərin yazılarında bu irfani təfəkkürlə yanaşı, adamın ürəyini çəkən elə bir qadın səmimiyyəti var ki, o bədii parçanı könül duyğularının incə rübabına kökləyə bilir.

Demirəm ki, sev məni,

düş mənimtək tilsimə.

Birdən xəbərsiz getsəm -

qurban olum, incimə.

Bu duyğuyla ağır yeyilən quzu kababına elə bir təbii ədviyyat qatılır ki, istər-istəməz pəhriz saxlayan xəstə süfrəyə əl uzatmalı olur. Məncə, Adilə Nəzərin şeirlərinin uduşu da burdadır. Bununla bərabər, səhifədəki şeirlərdə elə bədii deyim obraz sistemi var ki, onun önündə heç nəfəsini çəkə bilmirsən.

Misralardakı qəzəb dolu umacağın üstünə çəkilən incə örtüyə nəzər yetirin:

Günahdı, toxunma alın yazıma,

gəl açma önümə ulduz falını.

Bəs deyib varsa çoxu-azına,

yaşayım dünyanın min bir halını.

Şair demir ki, çox umduğumdan payıma düşən azdır. İncə bir eyhamla onun az olduğunu çatdırır, bununla yanaşı, müdrik bir ağılla boşuna çırpınmağın mənasızlığını oxucuya çatdıra bilir. Bu bənd sonra gələn fikir, düşüncə burulğanına bir növ hazırlıq mərhələsidir. Davamı kimi növbəti bənd daha dərin laylara gedib çıxır, fəqət çox usta, peşəkar, bədii detalla...

Gör o qayalardan keçən qatarı,

Bax, bu dənizlərdə üzən adaya...

Adi təfəkkürlə götürsən, "qayalardan qatar keçməz", "dənizlərdə adalar üzməz", demək istədiyi fikri çatdırmaq üçün qatarı "qayalardan keçirir", "adanı dənizlərdə" üzdürür. Yəni dolayısıyla demək istəyir ki, mənim çiynimə düşən yükün daşıyıcısı olmağın üçün əzablara qatlaşmalı, yəni bu tale ilə barışmalıyam. Elə, əslində, bu məqamı mən özüm qazanmışam, bu mənim mahiyyətimdir, mən bununla özüməm...

Artıq bir kəlmə gətirmə dilə,

Ümidə bağlanan bellər sınıqdı,

Günü ağrılarla gəl vermə yelə, -

Yellər çalan sazın simi qırıqdır...

Artıq burda şairin ümumiləşdirməsi gəlir. Bu, taleyi zireh kimi əyninə geyinənlərin əbədi yolu, amalı olduğu danılmazdır. Çünki daha bunu dilə alıb danışmağa dəyməz. Çünki içində yaşadığımız əzablı həyatı gözünün önündə qoyub ümidə bel bağlamaq sərsəri küləklərə aldanmaq kimi bir şeydir.

Buna görə həyatla, dövranla razılaş, yaşaya bilmədiyin öz insan ömrünü yaşa... Çünki acı ruzigarın əliylə çalınan sazın simi qırıqdır. Həm bu yaşayış, bu varlıq sirri-xudadır. Gərəkdir ki, bundan, bunun işləklərindən olub baş çıxara biləsən... Bəlkə elə bunu bilməsən yaxşıdır. Bu bəlkə varlığın bineyi-qədimdən gələn sirri-sehridir... Bəlkə elə həyat bununla gözəldir, ya çirkin... Adilə Nəzərə görə, elə bunları bilməmək daha gözəldir. Bundan da daha yaxşısı - bu gedişlərə, qeyli-qallara baş vurmayıb - böyük söz, fikir adamlarının düşdükləri yolun ağına düşüb-uyduğu şərab istehmal eləmək. Ən asanı ən çətini budur...

Bəlkə sirr olanlar həyat naxşıdır,

bəlkə , işıqdır, nurdur önümüz.

Elə bilməməyim daha yaxşıdır...

Sonu ölümdürsə... bir az şərab süz...

Bu da gəlinən son qənaət! Qaranlığa açılan son güllə. Müəllifin ürək qanına da bənzətmək olar qırmızı şərabı. Ancaq bir həqiqət gün kimi aydındı ki, əksər dərkə məhkum aydınlarımızı o qan rəngində olan şərab öz əsarətinə salıb söz qəhrəmanına çevirib. Nəsimi kimi dar ağacına sarı getməyib. Bir dar ağacıyla, söz ağacı bir deyil axı. Söz ağacında yuxarıdan kəndir sallanmır.

...Bu oğuz xatununun şeirlərində məni sevindirən əsas cəhət - onun "başından böyük, özündən ağır" mövzulara girib, özünü ifadə eləyə bilməsidir.

Kim deyir ki, gün gecəyə,

gecələr üzü danadır?

Sərrast misralardır - boşluqlara verilir, nəticə heç-heçəyə dirənir. Bu, sonu heçə, sıfıra dirənən düşüncələrdir. Elə, əslində, ədəbiyyat, söz heçə, heçliyə dirənən hissin, emosiyanın soyuq ağılla, quru başla döyüşünün bədii ifadəsidir. Yüz illərdir Hamlet, Otello, Məcnun, Nizaminin "diriliş suyu" axtarışı boşluqlarla döyüşdədir.

Oyun bitir - heç-heçəyə -

ağlım ruhumu qanadır

- bu döyüşdə əlbəttə ki, qanı sellənən ruhdur, emosiyadır. Narahat ruhlar üçün, başı, içi dünya gəmilərinə dayanacaq yeri olanlar üçün müdam bu dünyada "talanlar var". Bu, xeyir-şər mübarizəsinə rəvac verən nadanlıq havasıdır, insanın özünün dərk etməməsidir.

Millət kimi bütün çərçivələrdə bir-birinə doğma nizam gözləməlisən. Bütün münasibətlər, milli ölçülər dəyərində qorunsa, bu artıq şüurlu cəmiyyətin daşıyıcısı deməkdir. Bununla yanaşı, heç kim heç kimi sevməyə borclu deyil. Bu olsa dünya sevgilər gülüstanı olardı, ancaq olmasa da keçinmək olar. Adilə Nəzərin istədiyi sevgi özündə başqa ovqatı əks elətdirir.

Niyə sevəsən məni -

ağlayan-gülən şamam...

Mən öz dərdimi qoyub,

Başqasının dərdinə - yas saxlayan adamam

- əslində, müəllif burda eyhamca pıçıldayır ki, elə belə olduğum üçün sevməlisən məni. Çünki bu, insana dəyər verən sevgidi. Çünki bu, başqasının dərdinə alışıb-yanan əzabkeşlikdir. Bizdə çatışmayan bir sevdadır bu. Elə buna görə, sənə yandığıma görə, canın çıxıb məni sevməlisən. "Bu seviləcək yan deyil ki, şəklinə, formasına uçasan. Bu, sevginin, yanğının böyüyüdür. Bu, dərdi özünə çəkən maqnit sevgisidir. Bu hamıda olmalı gözəl bəladır". Bütün bu fikirlərin yekunu kimi səslənən bu bənd şairin bədii ustalığından soraq verir.

Demirəm ki, sev məni

düş mənimtək tilsimə...

birdən xəbərsiz getsəm -

Qurban olum, incimə...

"Qurban olum, incimə" - misrası şeirə o qədər şirinlik gətirir ki, "xəbərsiz getmək" ayrılığı daş olub adamın ürəyindən asılır. bu asılılıq, daş ağırlığı oxucunu özünə çəkir. O "qurban olum"un arxasındakı şair obrazı insan cildindən çıxıb qayğıkeş mələk donuna bürünür oxucu gözündə bir qədər böyüyür, məhrəmləşir... Elə bədii sözün əsas vəzifəsindən biri duyğusal, kamil insanı böyüdüb əlçatmaz etməkdir... Bu deyilən duyğular söz, ədəbiyyat havalıları üçündür. Bilməyən bilir ki, "eşqə susayan sevənlər qadasız-qansız ölürlər".

Sözə, şeirə dərin sayğılarla...

 

Avdı Qoşqar

 

Ədəbiyyat qəzeti.- 2020.- 25 iyul.- S.27.