Ruhunda paklaşma gedir bəşərin!

 

Yarı canım

 

Həkim deyir:

 

- İmmunitetin zəifdi, şair,

 

Belə şeyləri sevməz koronavirus!

 

- İmmunitet başına haranın daşını salsın,

 

Doktor?!

 

Yarı canım uşaqlarımın yanındadı!

 

Yarı canım nəvələrimin yanındadı!

 

Qohum-əqrəbamın yanındadı yarı canım!

 

Dost-tanışlarımın yanındadı yarı canım!

 

Yarı canım yanındadı xeyirin-şərin!

 

Yanındadı yarı canım külli-bəşərin!

 

İmmunitet başına haranın daşını salsın,

 

Doktor?!

 

 

Azərbaycan kimindir

 

Nə bilim nəçisən,

 

Nəkarəsən - nə varsan?!

 

Türksən, talışsan, tatsan,

 

Ləzgisən, kürdsən, avarsan, -

 

Üzünə yazılmayıb axı kimliyin.

 

Niyə özünü bizdən ayırmağa

 

Can atırsan:

 

Mən - türkəm!

 

Mən - talışam!

 

Mən - tatam!

 

Mən - ləzgiyəm!

 

Mən - kürdəm!

 

Mən - avaram!

 

Yəni... varam!

 

Ol da, qardaşım,

 

Kimdi varlığını əlindən alan?!

 

Ürəyin yerinə gəldimi,

 

Qazandığın nə oldu

 

Dilinlə-dişinlə, qaşınla-gözünlə?!

 

Bəlkə hamımızın olan Azərbaycanın

 

Bir parasını qoparıb apardın özünlə?!

 

 

İt oğlu paraq

 

 

İt itdi, paraq da itdi.

 

Hərdən çatdığın arzulara baxıb,

 

Hər qoltuğuna

 

Bir Həşimxanlı qarpızı sığmayanda,

 

Keçmişinə də qayıdıb bax. -

 

Kirayədə qaldığın dar otaq

 

Yadına düşürmü heç?!

 

Yadına düşürmü ki,

 

Ev pulunu verə bilməyəndə

 

Səhər sübhdən başılovlu çıxıb,

 

Bir də yarı gecə qayıtdığın?!

 

Bəzən də onun-bunun

 

Ayağı altda yatdığın.

 

Unutmamısan ki,

 

Qarnıdolusu yeyə bilmədiyini?!

 

Özünü tox tutub,

 

Dost-tanışa dərdini deyə bilmədiyini?

 

Ayağın sevinəndə,

 

Əynin-başın sevinmədiyi

 

Gəlirmi yadına?

 

Bəpbo kimi gözlərini bərəldərdin,

 

Bayquş kimi demək istəyirəm,

 

Keçib gedən qıza-qadına!

 

İndi arvadlı da olmusan,

 

Oğul-uşağın da yerli-yerində.

 

Əlin də çörəyə çatıb,

 

Bir yeyib, iki ağnayırsan.

 

Özünü öz yanından

 

Beş kişinin də biri sayırsan.

 

 

Hərdən çatdığın arzulara baxıb,

 

Hər qoltuğuna

 

Bir Həşimxanlı qarpızı sığmayanda,

 

Keçmişinə də qayıdıb bax. -

 

Bəlkə dinə-imana gəldin,

 

İt oğlu paraq!

 

 

Haqq yolu

 

Haqq yoluna qayıdır hamı, -

 

Əllərini qoşalayıb,

 

Saqqalı boyu üzünə çəkir, -

 

Dəstəmaz alır,

 

İbadət eləyir.

 

Gündə beş ülkət qılmağı

 

Adət eləyir.

 

 

Haqq yoluna qayıdır hamı, -

 

Cənnətə şirin,

 

Həyata acı baxmır.

 

Allaha and olsun,

 

Dünya malına

 

Bir çimdik də qıyqacı baxmır!

 

 

 

Sərçələr

 

Pəncərədən qovurdum,

 

Qapımın kandarını sökürdülər.

 

Zəhləmi tökürdülər:

 

- Cik... cik... cik...

 

Aç qapını, gəlmişik!

 

Dən verirdim,

 

Daşdan yumşaq

 

Əlimə keçəndən verirdim.

 

"Evdə qal!" çağrışından

 

Qəribliyə düşmüşəm, -

 

Novruza qalmış

 

Payız alması kimi bürüşmüşəm!

 

Gözüm - pəncərədə,

 

Qulağım - səsdə...

 

Yağlı əppək olub,

 

Yoxa çıxıb sərçələr də.

 

Daşa dönməsin bunları,

 

Bunların da çörəyi dizi üstəymiş!

 

 

Həpçiii...

 

Avropalaşmaq yenə də dərd yarıydı,

 

Olub-olmamağın

 

İsti-soyuqluğu varıydı.

 

Bu yandan da bəşərin başı çaşdı:

 

- Qloballaşmaq lazımdı! Qloballaşmaq!..

 

Dünya qloballaşdı.

 

 

İndi, Allahından dönüb biri,

 

Kürdəmirin Xəlsəsində asqıran,

 

Bütün dünya, mən qarışıq içi,

 

Sübh xoruzu kimi bir-birinə qarışır:

 

- Həpçiii...

 

 

Qiyamət

 

Gözüqıpıq günə salıb

 

Xeyir Şəri -

 

Ruhunda

 

Paklaşma gedir bəşərin!

 

 

Var-dövlətinə baxıb,

 

Şükr eləyən varlılar

 

Fikir eləyir indi.

 

Kasıblığına baxıb,

 

Fikir eləyən kasıblar

 

Şükr eləyir indi!

 

 

 

Hürr insan...

 

Korona qadağası başlayandan

 

Evə çəkilib insanlar.

 

Boşluqdan, bekarçılıqdan

 

Namaza qayıdan çox olacaq.

 

Bundan şəxsin qazancı nədir, -

 

Özü bilər!

 

İslam nə qazancaq, -

 

O da Allah sirridi!

 

Məscidlər qazanacaq amma -

 

Canamaz...

 

Təsbeh...

 

Möhür...

 

Hürr böyüyürsən, insan,

 

Hürr...

 

 

Şəhidlərimiz

 

Niyə şəhid veririk?

 

Qanını almırıq axı! -

 

Bizə silah qaldıran

 

Düşmənin

 

Canını almırıq axı!

 

 

Qorxu

 

Keçəlləşə-keçəlləşə gedir kişilər,

 

Əvvəl eyib bilirdilər özünə -

 

Parik-marik qoyurdular.

 

Utanmaqdan keçib indi -

 

Aya tuturlar, Günə tuturlar-

 

Vitamin "D"-siz yaşamaq olmur axı!

 

Mən isə xoşbəxt sayıram özümü, -

 

Yetərincədi saçım.

 

Amma keçəlləşmək qorxusu da

 

Çıxmır canımdan.

 

Bir daz görəndə,

 

İstər-istəməz əlim başıma gedir, -

 

Gülümsəyirəm.

 

 

Qəşəm İsabəyli

Ədəbiyyat qəzeti.- 2020.- 2 may. S. 17.