Oğluma məktub

 

Salam, gözəl oğlum, sabahın xeyir,

 

Sənə yurd-yuvadan çoxlu salam var.

 

Boyunu oxşayan, hər axşam-səhər,

 

Üzünü görməyə həsrət qalan var.

 

 

Havası necədir qərib ellərin? -

 

Könlün oralara uyuşa bilməz.

 

Batı adamları soyuqqanlıdı,

 

Sənin ürəyinə yığışa bilməz.

 

 

Orda xoş həyat var - özləri üçün,

 

Orda yaşamağın tamı başqadı.

 

Bu evin o evə kölgəsi düşməz,

 

Hamı buz ürəkdi, hamı başqadı.

 

 

Bircə tikələri qalmaz ortada,

 

Səninlə, mənimlə bölməzlər heç vaxt.

 

Onlar öləndirlər - özləri üçün,

 

Səninçün, mənimçün ölməzlər heç vaxt.

 

 

İllərdi dünyaya hakim olublar,

 

Alıblar hamıdan canı, ruzunu.

 

Neftə, qaza qatıb çırpışdırıblar

 

Mənim ümidimi, sənin arzunu.

 

 

Orda təbiətin min çaları var,

 

Amma çiçəyində bir qoxu yoxdu.

 

Orda anlamazlar yovşan ətrini,

 

O ətri duyası türk ruhu yoxdu.

 

 

Burda oturmuşuq sükut içində,

 

Vətən sınaqdadı, torpaq yağıda.

 

Adamlar nə vaxtdır yadırğayıblar

 

Bir şirin nəğməni oxumağı da.

 

 

Sən qərib ellərdə kiçik Vətənsən,

 

Dönməyə gününü sayırsan, oğul.

 

Hərdən bir anana məktub göndər ki,

 

Gözünü yollardan ayırsın, oğul.

 

 

 

Payız səni xatırladır, əzizim

 

Ümidimin yenə günü qaralıb,

 

Günlərimin dar macalı daralıb,

 

Duyğularım yarpağıtək saralıb,

 

Payız səni xatırladır, əzizim.

 

 

Gecələrin hönkürtü var içində,

 

Ömrüm-günüm uralanır, "biçində",

 

Durnaların həsrət dolu köçündən,

 

Payız səni xatırladır, əzizim.

 

 

Yay ötməmiş dağ başında duman var,

 

Çiçəyindən hələ neçə uman var,

 

Aramızda bir saralmış zaman var,

 

Payız səni xatırladır, əzizim.

 

 

Buludların tər içində atları,

 

Gör, nə vaxtsız "dingildədir" otları,

 

Ürəyimdə xatirədən qatları,

 

Payız səni xatırladır, əzizim.

 

 

Çiçəklərin olum-ölüm qorxusu,

 

Gözlərində daşa dönüb yuxusu,

 

Nəfəsində ayrılığın qoxusu,

 

Payız səni xatırladır, əzizim.

 

 

Çıxammıram həsrətinin əlindən,

 

Düşəmmirəm dərd dağının belindən,

 

Ləçəkləri səpələnən gülündən,

 

Payız səni xatırladır, əzizim.

 

 

Sevdan üçün keçdim ömrün başından,

 

Duz yaladım yanağımın yaşından,

 

Çaylaqların tənha qalan daşından,

 

Payız səni xatırladır, əzizim.

 

Payız məni xatırladır, əzizim.

 

 

Səndən uzaqda

 

Fikrimi bir yerə cəmləyəmmirəm,

 

Həyat nə ağırmış səndən uzaqda.

 

Dünyanın nə qədər qar-yağışı var,

 

Canıma yağırmış səndən uzaqda.

 

 

Yollar həsrətinə pərçimlənibmiş,

 

Buludlar qəmindən əlçimlənibmiş,

 

Dörd bir tərəfimə dərd çilənibmiş,

 

Ruhumu sağırmış səndən uzaqda.

 

 

Elə inanmışdım, xoş olan günə,

 

Duyğusu göylərə baş alan günə,

 

Çatmır boş əllərim, boşalan günə,

 

Hamısı nağılmış səndən uzaqda.

 

 

Bilmirəm, sonuna nə qalıb ömrün,

 

İşinə yaramır bu halım, ömrün,

 

Qapını kəsdirən qocalıq ömrüm

 

Yetimmiş, fağırmış səndən uzaqda.

 

Elbariz Məmmədli

Ədəbiyyat qəzeti.- 2020.- 9 may. S. 32.