Əfəndiyevlər

Onlar böyük bir nəsildir. Əslləri Azərbaycanın Füzuli (keçmiş Qaryagin) rayonundandır. Mən onların ikisindən - bu nəslin adını bütün dünyada şöhrət zirvəsinə qaldıran Atadan - İlyas Əfəndiyevdən və Oğuldan - Elçindən söz açacağam. Məsələ burasındadır ki, İlyas müəllim də, Elçin də may ayında dünyaya göz açıblar - Ata tacir Məhəmməd kişinin ailəsində, oğul isə Azərbaycanın böyük yazıçısı İlyas Əfəndiyevin ocağında. Ədəbiyyat tarixində çox təsadüf olunan hadisədir ki, həm Ata, həm də Oğul eyni sənətin daşıyıcıları olurlar, lakin Atanın sənət aləmindəki böyüklüyünə, zirvə ucalığına hər oğul çatmır. Ataların və Oğulların uğurlu sələf-xələf missiyasını biz Səməd Vurğun - Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Rəsul Rza - Anar, İlyas Əfəndiyev - Elçin timsalında görürük. Bir nümunə: İlyas Əfəndiyev - böyük yazıçı, dramaturq, Azərbaycanda öz teatr məktəbini yaratmış, Elçin - həm nəsr, həm dramaturgiya, həm ədəbi tənqid, həm də publisistika janrlarında böyük uğurlar qazanmış Ata və Oğul.

Həm İlyas müəllimin, həm də Elçinin yaradıcılığı haqqında bir sıra məqalələr yazmış, Elçin haqqında Cavanşir Yusifli ilə birgə bir monoqrafiya çap etdirmişik ("Bu nə sehrdir belə". Bakı, "Elm", 1999). Hər dəfə eyni mövzuya qayıtmaq çox çətin olur, amma həm İlyas müəllimin, həm də Elçinin yaradıcılığına hər dəfə müraciət edəndə, çalışırsan ki, təzə bir söz deyəsən, çünki əsl sənət imkan verir ki, yaradıcılığın daha dərin, aysberq səmtinə yön alasan.

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 16 may. S. 8.