Varislər

 

İntiqam QASIMZADƏ: Atam bütün varlığı ilə ədəbiyyata bağlı adam idi...

 

"Varislər"in qonağı qısa bir ömür sürsə də, xatirəsi, yaradıcılığı ilə hər zaman yaddaşlarda yaşayan lirik şeirlər, gözəl tərcümələr müəllifi, unudulmaz Böyükağa Qasımzadənin varisi, tənqidçi, Əməkdar incəsənət xadimi, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadədir.

İngilislərlə rusların neft Bakısı uğrunda savaşdığı illərində dünyaya göz açmışdı. Ətrafda bolşevik ab-havası at oynadır, ingilis neft maqnatları Bakını əldə saxlamaq üçün hər şeyə əl atırdılar. Onun kövrək ürəyində isə lirik, romantik arzular doğulurdu. Cəmi iki il də keçəcək, Azərbaycanda Şərqin ilk müstəqil Demokratik dövləti qurulacaqdı...

1916-cı ilin yazında dəmirçi və kiçik sahibkar Məmməd kişinin ailəsində dünyaya göz açmışdı. Sonra ali təhsil illəri, müharibə və qapını döyən qəfil əcəl...

 

Unudulmaz Böyükağa Qasımzadənin varisi İntiqam Qasımzadə ilə baş redaktoru olduğu "Azərbaycan" jurnalının redaksiyasında görüşdük.

 

Şuşalı İntiqam Qasımzadə

 

- İntiqam müəllim, Böyükağa Qasımzadə Bakıda anadan olmuşdu, amma mənə elə gəlir ki, sizi şuşalı hesab etmək olar...

 

- (Gülür). Bu çox qəribə, həm də maraqlı məsələdir. Bizdə bir qayda olaraq insan ata xətti ilə, kökü ilə gedir, atası haralıdırsa, o da oralı hesab olunur. Mən ata tərəfdən bakılıyam, amma 1943-cü ildə Şuşada anadan olmuşam və bunun çox maraqlı tarixçəsi var. 1945-ci ilin sonuna qədər Şuşada yaşamışıq. Yəni ciyərlərim ilk dəfə Şuşanın gözəl havası ilə dolub, Şuşanın suyunu içmişəm ilk dəfə, ona görə Şuşa mənə ikiqat doğmadır. Belə cavabdan sonra ata qohumlarım inciyə bilər məndən...

 

- Faizə bölsək, nə qədər şuşalı, nə qədər bakılı hesab edirsiniz özünüzü?

 

- Əslində, 50-nin 50-yə olmalıdır, amma Şuşada anadan olmağım 10 faiz üstünlük təşkil edir (təbəssümlə). Belə çıxır ki, özümü 60 faiz şuşalı hesab edə bilərəm.

 

- Böyükağa Qasımzadə bütün həyatını ədəbiyyata və ədəbiyyatşünaslığa həsr edib...

 

- Çox üzr istəyirəm. Bütün həyatı dedikdə, adamın təsəvvüründə azı yetmiş yaşın üstü kimi bir rəqəm yaranır, amma atamın "bütün həyatı" çox qısa olub.

 

- Bəli, cəmi 41 il yaşayıb, amma bir həyat harada nöqtələnirsə, ömür o nöqtədə bütövləşir. Müşfiqin ömrü 28 yaşında bütövləşib, Akutaqavanın ömrü 35 yaşında. Belə misalları artırmaq olar. Böyükağa Qasımzadə ömrünü ədəbiyyata həsr etmişdi, bəs ədəbiyyat nə vermişdi ona?

- Ədəbiyyat ona mənəvi kamillik, mənəvi dolğunluq, mənəvi qida, rahatlıq vermişdi. O, dünyasını dəyişəndə 14 yaşım vardı, çox şey xatirimdə qalıb. Həm də sizə bir həqiqəti deyim, qəribədir, o illərdən uzaqlaşdıqca hər şey daha aydın görünür. Hərdən onun davranışını, həyat tərzini, hərəkətlərini analiz etməyə, mənalandırmağa çalışıram. O, bütün varlığı ilə ədəbiyyata bağlı çox ciddi, kamil adam idi. Ədəbiyyat onun həm sevimli işi, həyatının mənası, həm də dolanışıq yeri idi. Yəni atam qələmi ilə həm öz ruh dünyasını ehtiyac duyduğu qida ilə təmin edir, həm də ailəsini dolandırırdı.

 

- Böyükağa Qasımzadə Böyük Vətən Müharibəsi zamanı Cənub cəbhəsində baş leytenant kimi motoatıcı bölüyün komandiri olub. Bu Cənub cəbhəsi deyiləndə hara nəzərdə tutulur? Bir də, müharibə xatirələrindən nə danışırdı?

 

Sorğu-sualsız güllələnənlər

 

- Cənub cəbhəsi müharibənin ən qaynar nöqtəsi hesab olunub - 18-ci ordunun əhatə etdiyi ərazilər. Ukrayna cəbhəsi. Özü də o müharibənin ən dəhşətli zamanı: sovet qoşunları şəhərləri, kəndləri boşaldaraq geri çəkilirdi. Ordunun ən çox itki verdiyi dövrlər. Atam demək olar, müharibənin çox hissəsini ön cəbhədə xidmət edib. Bu yaxınlarda televiziyadan izlədim, "Ölüm alayı" deyilən bir alay olub, Stalinqrad uğrunda ağır döyüşlərdə iştirak edib onun əsgərləri. Onların övladları, nəvələri deyirdilər ki, atam, yaxud babam müharibə xatirələrindən çox az danışırdı. Bu, doğrudan da, belədir. Görünür, xatirə danışmaq onlara ağır gəlib, o dəhşətləri yenidən yaşamaq istəməyiblər. Atam da elə idi. Müəyyən fraqmentləri xatırlayıram. Məsələn, deyirdi: cəbhədən geri qayıtmaq üçün qəsdən özünə xəsarət yetirənlər olurdu. Bir dəfə anama danışanda eşitmişdim. Üstü açılan kimi müharibə qanunlarına görə sorğu-sualsız gülləyərmişlər onları.

- Belə məlum olur ki, Böyükağa müəllim müharibənin lap ilk günlərindən cəbhədə olub, özü də ön cəbhədə. Yəqin, ailə qurmuşdu o vaxt.

Üç kəndin azad olunması şərəfinə dünyaya gələn uşaq

- Bəli, ailəli idi. Böyük qardaşım Daşqının hələ heç bir yaşı tamam olmamışdı. Bilirsiniz necədir, o, hərbi mükəlləfiyyətli idi. Müharibə iyunda başlayıb, atam dərhal hərbi komissarlığa gedərək, könüllü cəbhəyə yazılıb. Altı aylıq zabit kursunu müharibə səbəbindən üç aya tatamlayıb və 1941-ci ilin sentyabr ayında leytenant kimi birbaşa ön cəbhəyə göndərilib. Kursu bitirəndən sonra ailəsi ilə görüşüb, vidalaşmaq üçün ona qısa məzuniyyət veriblər. Atam Bakıya qayıdan kimi anamı və qardaşımı götürüb Şuşaya, anamın qohumlarının yanına aparıb. Anama deyib ki, deyəsən, bu müharibə uzun çəkəcək...

- Bəs sizin dünyaya gəlməyiniz? Siz axı 1943-cü ildə anadan olmusunuz...

- (Gülür). Hə, bu bir qəribə təsadüfdür. Atamın komandiri olduğu bölük 42-ci ilin noyabrında üç kəndi faşistlərdən azad edib və həmin döyüşdə atam xüsusi şücaət göstərib. Buna görə ona 10 günlük məzuniyyət veriblər. Atam Şuşaya, ailəsinin yanına qayıdıb və 1943-cü ildə mən həmin məzuniyyətin sevgisi ilə dünyaya gəlmişəm. Maraqlı bir xatirə danışım. Məzuniyyəti bitirib yenidən cəbhəyə qayıdanda atamı məşhur jurnalist vardı - Cahangir Gözəlov, sonradan o danışmışdı mənə - atamla Ağdamda qarşılaşıb. Yük maşınının kuzasında gəlirmiş. Görüşüb, Ağdam bazarında atüstü adama yüz qram tut arağı da içiblər. Yeməyə bir şey olmayıb, bir qadın dovğa satırmış, hərəyə bir stəkan dovğa içdikdən sonra ayrılıblar.

- Qısa bir müddət Sənaye İnstitutunda təhsil alıb, amma, nədənsə, ikincu kursdan sonra, Pedaqoji İnstitutda oxumağa başlayıb. Nəyə görə mühəndis olmaq istəməyib?

- Bir hadisədən sonra bu qərarı verib. Atam 15 yaşından ədəbi yaradıcılıqla məşğul olub. İlk kitabı, "Murad" poeması 1936-cı ildə çıxıb. 1935-ci ildə Sənaye İnstitutuna daxil olub, mühəndis olmağa hazırlaşsa da, ədəbi yaradıcılığına davam edib. 1937-ci ildə M.F.Axundzadənin məşhur "Puşkinin ölümünə Şərq poeması"nın orijinaldan tərcüməsi ilə bağlı müsabiqə elan olunub. Atam müsabiqəyə qatılıb və M.Müşfiq, C.Xəndan kimi tanınmış şairlərin, tərcüməçilərin iştirak etdiyi müsabiqənin qalibi olub. Daha doğrusu, münsiflər heyətinin qərarı ilə birinci yer heç kəsə verilməyib, qalib kimi ikinci yer elan olunub və atamın tərcüməsi seçilib. Münsiflərin ədalətinə fikir verin. AZİ-nin ikinci kurs tələbəsi o cür böyük imzaların arasında qalib olur. Bu hadisədən sonra atam ruhlanıb, başa düşüb ki, ədəbiyyatsız keçinə bilməyəcək, ona görə də Pedaqoji İnstitutun Dil və ədəbiyyat fakültəsinə keçib.

 

Xalq düşməninin qızını sevmək olarmı?!

- Məncə, bu çox doğru qərar olub. Həm ədəbiyyat qazanıb, həm də Pedaqoji İnstitutda ananız Sona xanımla tanış olub.

- Doğrudur. Burada atam xalq düşməninin qızı Sona Əsədovaya aşiq olub. Bu, çox acı xatirədir. Demək, ana babam savadlı, ziyalı mütəxəssis kimi Şuşadan göndərişlə yeni yaradılmış Laçın rayonunun Xalq deputatları sovetində torpaq şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1937-ci ildə antisovet düşüncələrinə görə həbs edilir və bir müddətdən sonra Sibirə sürgünə göndərilir. Amma 1937-ci ildə atam anama aşiq olanda atası hələ Bakıda, NKVD-nin zirzəmisində həbsdə imiş. Təsəvvür edirsinizmi, küçənin bu başında qızı təhsil alır, o biri səkidə atası cəza çəkir.

O vaxt gələcəyini düşünən, böyük ideallarla yaşayan bir gəncin xalq düşməninin qızı ilə ailə qurmaq istəməsi həm riskli idi, həm də bu izdivac atamın gələcək uğur yollarına sədd çəkə bilərdi. Lakin atam buna əhəmiyyət verməyib, sevgi üstün gəlib və onlar ailə qurublar.

- Böyükağa Qasımzadə cəmi 41 il yaşadı və o, rəhmətə gedəndə sizin 14 yaşınız vardı. Cavan yaşda ölümünə səbəb nə oldu? Nə xəstəliyi vardı? Necə xatırlayırsınız onun ömrünün son günlərini?

- Əlbəttə, xəstələndi atam. Əslində, o vaxt onun xəstəliyinin təfsilatını dəqiqliyi ilə bilmirdim, amma bu yaxınlarda gənc və savadlı bir həkim xanım onun xəstəliyi ilə bağlı mənə məlumat verdi. Demək, hər il yay gələn kimi bizi dağa aparırdı. Anamın xalası Kirs dağının ətəyində yaşayırdı. Cənnət idi oralar. Turşsudan da o tərəfdə. Üç ay yayı orada dincəlirdik. 1952-ci ildən etibarən Kislovodska getməyə başladıq. İyun ayında bizi aparıb qoyurdu orada, bir neçə gün yanımızda qalıb, qayıdırdı Bakıya öz işinə. O vaxt "Azərbaycan" jurnalında şöbə müdiri işləyirdi. Bir də avqust ayında gəlib yenə bir neçə gün qalırdı, sonra hamımız evə qayıdırdıq. Xüsusi diqqət ayırırdı istirahətimizə. Çünki Bakıda qaldığımız ev zirzəmisi su ilə dolu rütubətli, çox darısqal mənzil idi. Bakının lap mərkəzində, "beşmərtəbə" tərəfdə olmasına baxmayaraq, daxma kimi bir yerdə qalırdıq. Yayda Kislovodskda bizim üçün ən yaxşı evi tuturdu ki, heç olmasa üç ay normal şəraitdə yaşaya bilək.

 

Son istirahətdən üç gün sonra

 

Yazıçılar İttifaqının poliklinikasında məşhur həkim vardı - Veysov, atama məsləhətlə demişdi ki, gedib özünü Moskvada yoxlatsın. Rəngi qaralırdı. Atam buna ciddi yanaşmasa da, həkimin və anamın təkidi ilə gedib Moskvada özünü yoxlatdı. Növbəti dəfə, 1957-ci ildə Kislovodskdan qayıdanda, görünür, qatarda möhkəm soyuqlamışdı. Yüksək hərarətlə səhhəti ağırlaşdı və cəmi üç günün içində dünyasını dəyişdi. Adi irinli anginadan qanı zəhərlənmişdi. Müharibənin fəsadları. Çünki müharibənin çoxunu nəm və soyuq səngərdə keçirmişdi. Bürünc xəstəliyi deyilən nadir bir bəla var, torpaqdan keçir. Üstəlik, Bakıdakı rütubətli evimiz... Belə, əcəl atamı alıb apardı bizdən. Atamgilin nəsli uzunömürlü olub, babam səksən il yaşamışdı, əmilərim də elə... Atam dözümlü adam idi, amma həmişə oynaqları ağrıyırdı.

 

- Böyükağa Qasımzadə bir müddət orduda siyasi rəhbər işləyib. Hətta müharibədən sonra qısa müddətə xüsusi tapşırıqla İrana da ezam olunub.

 

Xüsusi tapşırıq

 

- Atam çox fəal həyat tərzi keçirib. Bir yerdə duran adam deyildi. Daima fəaliyyətdə olub. Müharibə vaxtı bu üstün keyfiyyətlərinə görə onu kommunist partiyasına üzv qəbul ediblər, sonra da siyasi rəhbər kimi irəli çəkilib. Hətta 1947-1948-ci illərdə təyyarəçilik məktəbində siyasi rəhbər olub. Belə vəzifələrə daha çox yazı-pozu adamlarını, nitq qabiliyyəti yaxşı olanları irəli çəkirmişlər. İrana da Mir Cəfər Bağırovun xüsusi tapşırığı ilə gedib, müharibədən sonra bir ilə yaxın orada xidmət edib.

 

- Müharibə vaxtı "Ədəbiyyat və incəsənət" qəzetində, bir neçə başqa qəzetdə Böyükağa Qasımzadə haqqında yazı dərc olunub. O yazılar nədən bəhs edirmiş?

 

- "Gənc şair Böyükağa Qasımzadənin komandiri olduğu rota Ukraynanın üç kəndini alman işğalçılarından azad edib...". Yazı bu səpkidə olub. Oranın komandanlığı Bakıya təşəkkür məktubu göndərib və bu səbəbdən (zarafatla) komandanlıq mənim dünyaya gəlməyim üçün atamı 10 günlük məzuniyyətə buraxıb. Həmin məzuniyyətdən qayıdıb, bir müddət öz ordusunda xidmət edib, sonra onu Qafqaz Cəbhəsinə siyasi rəhbər göndəriblər. Müharibənin axırlarında isə Tiflisdə 4 dildə (rus, Azərbaycan, gürcü və ermənicə) nəşr edilən "Döyüşçü" qəzetinin Azərbaycan redaksiyasında məsul katib olub. Yaxın olduğundan bazar günləri bir günlük qaçıb bizə baş çəkməyə Şuşaya gəlirmiş. Bir dəfə söhbət əsnasında rəhmətlik Abbas Zamanov dedi (Tiflisdə eyni redaksiyada işləyiblər), xatırlayanda doluxsunuram. Redaksiyada onlara gündəlik iki parça qənd veriblər, atam o qənddən istifadə etməyib, saxlayıb, hər həftə Şuşaya yanımıza gələndə pay gətirib.

 

...Və erməni eposunun tərcüməçisi

- Onun çox məşhur tərcümələri var: Həsənoğlunun qəzəlini, Füzulinin "Yeddi cam" əsərini fars dilindən, rus klassiklərini: Puşkini, Lermontovu, Nekrasovu ruscadan, Avropa ədəbiyyatından və s. O, ermənilərin sahibləndiyi "Sasunlu David" eposunu da dilimizə çevirib. Fars və rus dillərini mükəmməl bilirdi, bu, başa düşülür, bəs erməni dilini necə, onu da bilirdi?

- Yox, erməni dilini bilmirdi. Dünya təcrübəsində olan metodla - "Sasunlu David"i sətri tərcümədən istifadə edərək dilimizə uyğunlaşdırıb. Özü də bu eposu tək tərcümə etməyib, o dövrün bir neçə məşhur imzası ilə müştərək işləyiblər və atam da həmin eposdan bir hissəni tərcümə edib.

Tərcümədən söz düşmüşkən: atamın bir tərcüməsi barədə xüsusi danışmaq istərdim, fikirlərim bugünkü tərcüməçilər üçün də nümunə ola bilər. Söhbət Füzulinin "Yeddi cam" poemasından gedir. Bu fəlsəfi poemanın tərcüməsi onu o qədər cəlb edir ki, hətta ərizə yazıb "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdirliyindən çıxır, düz bir il evdə oturub özünü bütünlüklə bu işə həsr edir. Nəticədə, Füzuliyə layiq tərcümə ortaya qoyur. Bu, ədəbiyyat tarixində yaşayacaq tərcümədir. Bunu bir oğul kimi yox, həm də ədəbiyyatşünas kimi tam əminliklə deyirəm.

- O, bir müddət "Azərbaycan" jurnalında Poeziya şöbəsinin müdiri kimi fəaliyyət göstərib və artıq xeyli müddətdir ki, siz də bir vaxtlar atanızın şöbə müdiri olduğu jurnalın baş redaktorusunuz. Atanızın həmkarı, iş yoldaşı kimi özünüzü necə hiss edirsiniz?

- Jurnalın baş redaktoru Cəlal Məmmədov işdən çıxmışdı, müvəqqəti olaraq Xalq yazıçısı Hüseyn Abbaszadə Yazıçılar Birliyinin katibi kimi jurnala rəhbərlik edirdi. Bu təklif rəhmətlik İsmayıl Şıxlıdan gəldi. Bilirsiniz də, 1976-1978-ci illərdə o, jurnalın baş redaktoru olub. Bir gün mənimlə görüşüb dedi ki, yaxın günlərdə mən jurnala baş redaktor təyin olunacağam, sən ədəbi işçi kimi işləməyə başla, mən də gəlirəm. Çox qəribə hisslər keçirdim. Atamın əməkdaşı olduğu kollektivdə işə başlamaq həm xoş, həm də məsuliyyətli idi. Çox kiçik əməkhaqqı ilə başladım. Yəni mən bu jurnalın baş redaktoru olana qədər ədəbi işçidən üzüyuxarı pillə-pillə gəlmişəm.

Pillə-pillə qalxıb baş redaktor olmuşam

Yusif Səmədoğlu baş redaktor olanda məni müavin təyin etdi. Sonra o, AYB-nin birinci katibi, deputat oldu, təkidlə mənim baş redaktor keçməyimi istədi. Ona görə jurnalın bütün işləri mənə doğmadır. Texniki işdən tutmuş, ədəbi işlərinə qədər hər şey... Bu işləri görmək mənim üçün qətiyyən problem deyil, bircə problemim olur, jurnalın səviyyəsini, nüfuzunu qoruyub saxlamağa çalışıram və bəzən yaxşı yazılar gəlmir. Ötən əsrin 90-cı illərindən sonra ədəbiyyat mövzu və janr axtarışına başladı, yaradıcı şüurlarda xaotik dövr yarandı. Bu, bütünlükdə ədəbiyyat, eyni zamanda "Azərbaycan" jurnalı üçün də müəyyən çətinliklər yaratdı. Son yeddi-səkkiz ildə bu məsələlər nisbətən yoluna düşüb.

- İntiqam müəllim, niyə ədəbiyyata gəldiniz? Dövlət Universitetinin Filologiya fakültəsində oxumaq sizə nə verdi? Niyə o vaxt dəbdə olan mağaza müdiri, pullu, imkanlı işlər vardı, onların birini yox, atanızın yolunu seçdiniz?

- Məncə, atanın yolunu seçmək məsələsi bir az mübaliğəlidir. Adam kiminsə yolunu yox, öz yolunu seçir. Mən atamın yolunu davam etdirmək hissini yaşamadım, sadəcə, onun əxlaqını davam etdirmək istədim. Bu, tale məsələsidir. Yazıçılar Birliyi ilə üzbəüzdə yerləşən 7 saylı məktəbi bitirmişəm. Məktəbin ən yaxşı fiziklərindən biri idim. Qətiyyətlə Leninqrada, Gəmiqayırma İnstitutuna gedəcəyimi düşünürdüm. Anam Leninqrada getməyimə mane oldu. Oranın təbiəti pis olduğuna görə Bakıda qalmağımı istədi. Artıq üç il idi atam həyatdan getmişdi, anam təkbaşına üç uşaq böyüdürdü və onun sözünü yerə sala bilməzdim. Elə buna görə də sənədlərimi universitetin filologiya fakültəsinə verdim. Əslində, jurnalistikaya daxil olmaq istəyirdim, bəxtimdən həmin il ora qəbul olmadı. Anam bu istəyimin alınmadığından sarsılmışdı, rəhmətlik Mir Cəlal müəllimlə çoxdan ailəvi münasibətimiz vardı. Anam zəng vurub narahatlığını bildirəndə Mir Cəlal müəllim onu sakitləşdirib demişdi ki, filologiya, jurnalistika eyni şeydir, narahat olmağa dəyməz.

- Böyükağa Qasımzadə XX əsr ədəbiyyatının nüfuzlu imzaları ilə eyni sırada gedirdi: S.Vurğun, S.Rüstəm, R.Rza, S.Rəhimov, M.Hüseyn, Mir Cəlal Paşayev...

- Yox, əslində, atam sovet ədəbiyyatının ikinci nəslinə aid idi. Adlarını sadaladığınız imzalar sovet quruluşundan sonra ədəbiyyata gələn ilk nəsil hesab edilir - 20-ci illərdə gələnlər. Atamgilin nəsli isə otuzuncu illər nəslidir. Ə.Əlibəyli, Z.Cabbarzadə, A.Faruq, İ.Əfəndiyev, B.Vahabzadə və başqaları. Ədəbiyyat o mərhələləri keçmədən heç nəyə nail ola bilməzdi. Üstəlik, dil faktoru var, mütləq mərhələli şəkildə formalaşır. O adamlar bu dilin incəliklərini qoruyaraq gözəl əsərlər yazmasaydılar, uğurlu tərcümələr etməsəydilər bu gün ədəbiyyatdan danışmağa dəyməzdi.

- Atanızı erkən itirdiniz, amma onun dostları qaldı. Bu dostluqlar davam etdimi? Atanızın dostlarının övladları ilə dostluq edə bildinizmi?

- Hərdən özümə hesabat verirəm, biz o nəslin bütün ədəbi simalarını tanıyırdıq, ailələrimiz də bir-birini tanıyırdı, münasibətlər vardı, yazıçı uşaqları dostluq edirdi. İndi bu ənənələr yoxdur. Yazıçı uşaqları bir-birini tanımır, amma biz, demək olar, hamımız tanış idik.

Mirmehdi Seyidzadə atamdan təxminən 10 yaş böyük olardı, amma çox yaxın dost idilər. Atam dünyasını dəyişəndən sonra da bizi unutmadı. İlyas Əfəndiyevin övladları: yaşıd olduğumuz üçün daha çox Elçinlə dostluq edirəm. Süleyman Rəhimovun, Səməd Vurğunun övladları ilə çox yaxın münasibətimiz, dostluğumuz olub. Şuşada Yazıçılar evi vardı, hər il yayda gedirdik ora dincəlməyə və çoxumuz elə orada tanış olmuşduq. Bir yerdə vaxt keçirir, böyürtkən yeməyə gedirdik...

Ən güclü adamı itirmək

- İntiqam müəllim, Kislovodskda ailə bir yerdə istirahət edir, birlikdə Bakıya qayıdırsınız və üç gün sonra atanız dünyasını dəyişir? Bu itki ailəyə, xüsusilə sizə necə təsir etdi? Hər ata övladı üçün ən güclü adamdır. Öz ən güclü adamınızı itirəndən sonra həyat sizin üçün hansı rəngə boyandı?

- İlk vaxtlar, ümumiyyətlə, çox təsir eləmişdi hamımıza. Mən başımı qatmağa çalışırdım, evdən qaçır, dostlarla vaxt keçirirdim. Anamın cəmi 37 yaşı vardı, itki daha çox onu sarsıtmışdı və atamdan sonra bu fədakar qadın bütün həyatını üç övladına həsr etdi. Atamın itkisini illər sonra daha çox hiss edirəm. Bütün həyatım boyu onun adı, ruhu mənə kömək olub, yol açıb. Atam qısa bir ömürdə özünə yaxşı hörmət, dost, ad-san qazana bilmişdi, biz bütün varlığımızla onun adını, nüfuzunu qoruyub saxlamağa çalışdıq.

- İntiqam müəllim, nə yorur sizi? Bir də elə bir adam varmı ki, onunla birlikdə vaxt keçirməkdən heç vaxt yorulmursunuz?

Ata şilləsinə ehtiyacım var

- İstedadsız adamları başa salmaq, onları özümdən uzaqlaşdırmaq cəhdi çox yorur məni. Amma birlikdə vaxt keçirməkdən yorulmadığım, doymadığım adam Yusif Səmədoğlu idi, o da daha həyatda yoxdur.

- Son sualımdır. Nəyin xiffətini çəkirsiniz?

- Bilirsən necədir, Əyyub, artıq mən də yaşlaşmışam, həyat təcrübəm var, amma bu gün dönüb keçmişə baxanda atamın yeri indi daha çox görünür. Bəzən mənim də bir böyük məsləhətinə, lap elə belə deyim də, ağsaqqal şilləsinə ehtiyacım olur.

 

 

 

İntiqam Qasımzadə

Söhbətləşdi: Əyyub QİYAS

Ədəbiyyat qəzeti.- 2020.- 23 may. S. 16-17.