Silene

 

Beynindəki qaranlıq düşüncələrin kölgələrini bəzən özündən də gizlətməyə çalışırdı. Hiss edirdi ki, bu, getdikcə çətinləşir. Hər gün, hər saat. Hər dəqiqə, hər saniyə, hər salisə çoxalır, böyüyür, genişlənir... Sonra o kölgələr böyük bir ələ çevrilir, dünya boydalaşır, sonra kainat boyda olur və yavaş-yavaş ona yaxınlaşır. Günəş şüası kimi həssas, qayğıkeş, sözdinləməz bir sırtıqlıqla ona toxunur və sonra o əllər onu boğur, boğur, boğur...

Bütün gün beynində dolanan düşüncələr gecələr Sileneni belə boğurdu. Öncələri bunu yaşadığı hansısa tramvaya bağlı hesab etdiyi üçün keçəcəyi günü gözləyirdi. Ancaq bütün bunlar günbəgün böyüyürdü. Gizlədə bilməyəcəyindən qorxurdu. Həyatı boyu insanlardan qorxduğu kimi qorxurdu bu hisslərdən. Silene yaxşı bilirdi heyvanlar insanın zəif halında ona gülməzlər, olar ki, yaxşı da davranmazlar, amma gülməzlər. Bu dəqiq idi. Heç bir ironiya görməmişdi heyvanların gözlərində. Silene getdikcə daha çox qorxurdu. Hər şeydən, amma ən çox gecədən. Hava qaranlıqlaşmağa başlayanda beyni ona qəribə bir melodiya ilə pıçıldamağa başlayırdı. Bu melodiya son dərəcə qorxulu idi. Tükləri biz-biz olurdu. Titrəyirdi. Onu soyuq tər basırdı. Beyninin içində getdikcə güclənən səsi susdura bilmirdi. Bu, xəstəlik idimi? Nə baş verirdi. Ancaq bilirdi ki, bunu danışmaq istəmir. Onsuz da danışsa belə, insanlar ona inanmaz, gülərdilər. Onu dəli adlandıracaqdılar. Ən qəribəsi Silene heç vaxt dəli olmaqdan qorxmurdu. Ən ağır olan dəli olmadan, dəli kimi qəbul edilmə idi. Yoxsa gerçəkdən dəli olsaydı bütün bu baş verənləri o qədər də vecinə olmazdı. Əmin idi, bu gizli qalmalı idi. Tam keçənə kimi. Heç nə əbədiyyən qalmır. Bir gün bu səslərin susacağına inanırdı. Qaranlıq düşüncələrin kölgələri getdikcə Silenenin bütün zehnini hörümçək toru kimi əhatə edirdi. Bütün damarlarının donduğunu hiss edirdi. Beyninin içində elə bil saatlı bomba var idi. Qaranlıq düşüncələrin səs-küyü gerçək Silenenin düşüncələrinin səsini eşidilməz edirdi. Bəlkə də, gerçəklik əslində, var olmayan bir məzmun idi. Bəlkə də gerçəklik elə bu qara səs-küy idi. Silene bunu anlamırdı. Anlamağa nə halı, nə səbri, nə də məntiqi qalmışdı. Belə anlarda bədənini soyuq tər əsir alırdı. Kürəyindən başlayıb tumurcuqlanan tər damcıları ayaqlarına doğru süzülürdü. Gecəliyi bu yapışqan tərdən bədəninə yapışırdı. Belində soyuqluq hiss edirdi. Elə bil bütün çakraları bulanıqlaşır və getdikcə solurdu. Təklik, ona təklik lazım idi. Bunu heç kim bilməməli idi. Düşdüyü bu halı hərə bir cür izah edə bilərdi. Ancaq Silene bilirdi ki, bunu izah etsə, etsə öncə özü edə bilər. Heç kim insanı özündən daha çox anlaya bilməzdi. Heç kim.

Gecəyə doğru halı qəribələşirdi. Qaranlığın əlləri boğazını nəvazişlə sıxmağa başlayırdı. Özünü çölə atmaq istəyirdi, alınmırdı. Bu qələbəlik şəhərin uğultusu beynindəki melodiyaya qarışır, böyüyürdü. Silene təslim olmurdu. Bilmədən düşdüyü bu burulğanın səbəbini tapmaq istəyirdi. Anlayırdı ki, hər şey beynində başlayır. Beynindəki tənha mağaralar kəşf olunmağı gözləyirdi. Ürəyi kəşfə ac insan oğlu, nədənsə, beyni hər zaman gözardı edirdi. Beynindəki şifrələr açılmalı idi. Getdikcə dərinləşən burulğanın çıxış qapısı orda idi... Silene özünü kəşf etməkdən çox qorxurdu. İnsanın özünükəşfi niyə vacib idi? Bəlkə də, elə bu kəşfsizlik idi insanı mənasız yaşamağa məcbur edən? Mənasız yaşayan insan bəlkə də, daha xoşbəxt idi? Bəlkə də, əslində, biz insanlar hər şeyi elə əvvəldən yanlış anlamışdıq. Sevməyi, qucaqlamağı, kəşf etməyi, dostluğu, itirməyi və ölməyi... Hər şey bəlkə də, nəhəng bir yanlış anlaşılmadan ibarətdi zehnimizdə. Günbəgün zehnimizi əsir alan, beynimizdə böyüyən, problemləşən hisslərimiz... bəlkə də, elə sadəcə, hiss etdiklərimizdir elə ən böyük doğru. Beyni ağırlaşırdı. Belə anlarda bozumtul bir duman sirayət edirdi ruhundan ürəyinə doğru. İnsanların mənasız hesab etdiyi dəyərlərin fərqinə varırdı. Bu dünyada tənha idi. Heç kim yox idi dünyasında. Yad idi insanlar bu dünyaya, laqeyd idilər... Hisslərin təntənəsinə dair yazılan hər şey həqir hesab olunurdu. Qloballaşan ruhların tənəzzülünü seyr edirdi... Ağrılı idi bütün bu çöküş... Getdikcə simasına baxa bilmirdi... Aynaya belə, saat 7-yə qədər rahat baxa bilirdi. O saatdan sonra hər an aynadan nəsə başqa bir varlıq çıxacaqmış kimi gəlirdi Sileneyə. Vücudunda daşıdığı ruhların rəngarəngliyinin fərqində idi. Kim olub? İndi kimdi? Kim olmaq istəyir? Kim olacaq?

Bəlkə də gördüyünü hamı fərqli görürdü... Bəlkə də özü bircə özünə görünürdü... Bəs insanların gördüyü kim idi? Neçə ruh yaşadırdı bətnində... Neçəsi doğulmadan ölürdü? Neçəsini öldürməyə könüllü olurdu? Bətni Buddanın aydın zehni, beyni Pandoranın cəhənnəm qoxulu qutusu idi...

Ruhunda günbəgün böyüyən özünü axtarış meyilləri qarşısıalınmaz bir tutquya çevrilirdi. Yuxuları qaçırdı. Beyninə hakim ola bilmirdi. Müxtəlif fikirlərin qarışdırdığı beyni əvvəlki sakitliyini itirəli çox olmuşdu. Silene sadəcə, saatın tik-taklarını eşidirdi. Saatın saniyələri gəlib keçdikcə ürəyi sıxılırdı. Bu dünyada boş-boş yaşamışdı, görünür. Bu mənasız yaşayışın səbəbi nə ola bilərdi. Bu dünyaya yeyib, içib, sevişmək və doğmaq üçünmü gəlmişdi qadın? Niyə dünyada hər şeyin ən gözəlinə bir kişi layiqmiş kimi qəbul olunurdu? Nə üçün qadın daxilən ciddiyə alınmırdı?

Şeytan... Şeytanın istəyi idi bəlkə də bu düşüncələr. Silene əmin idi, o, ruhunu satmamışdı. Nə Tanrıya, nə də şeytana... Amma yer üzündəki ədalətsizlikləri laqeydcə, sakitcə qarşılayan Tanrıya qarşı bəlkə də şeytanın tərəfinə keçməli idi. Bəlkə də, elə ruhunu könüllü olaraq şeytana satmalı idi... Beynində dolaşan düşünənlərindən özü də qorxurdu. Düşünmək var olmaq idisə, niyə insanların zövqünü oxşamayan düşüncələr ağılsızlıq kimi qəbul olunurdu? Bir qrup insanın nə zamansa yazıb uydurduğu və qəbul etdirdiyi yalan, doğru, səhv, düz, ağıllılıq və dəlilik anlayışlarının düsturlarına uyğunlaşırdı doğulan hər bir insan? Heç kim bu nizamı dəyişmək istəmirdi. Hamı açılan cığırla səssiz-sədasız yeriməyə davam edirdi. Bir qadın dünyanı dəyişə bilərmi? Qadın və kişi anlayışı da sonradan ortaya çıxmadımı? İlk öncə Tanrı belə insanı yaratmadımı? Bütün anlayışlar insandan sonra deyilmi... Postinsan anlayışı dünyanın və ruhsal aləmin sonu deyilmi? Günbəgün fövqəlləşməyə can atan insan Tanrının qapısının şifrəsini bilirmi? Gizlədilən hər şeyin, pozulan, yaxud qurulan nizamın mərkəzi insan və hissləri deyilmi? Bütün bunları yazmalı idi... Özü kimi insanları tapmalı və onların təfəkkürünü ovlamalı idi. Yenilik, bütün yenilik və əksnizam insan beynində gizlidir.

Oyandığı bütün günlər bir-birinin təkrarından ibarət idi. Günləri fərqləndirən beynində hər gün ortaya çıxan rəngarəng düşüncələr idi. Pikassonun tabloları kimi anlaşılmazlıqlarla dolu bu düşüncələr anındaca kəməndə salınmalı, evcilləşdirilməli, yararlı olacaq vəziyyətə gətirilməli idi. Sonradan bütün bunlar çevrilir, transformasiyaya uğrayır, dəyişirdi. Beyninin içindəki bütün o gizli keçidlərdən keçib rəngbərəng dünyalara gedirdi. Gəzindiyi dünyaların hansı ona aid idi, bilmirdi. Hər şey qarışırdı... Dəlisov rəssamın bütün rəngləri sovururcasına fırçaladığı tablolar kimi idi həyatı... Dəli olmaq həddinə çatırdı bəzən. Əlləri ilə beynini ovuşdururdu. Hey özünə gəl deyirdi öz-özünə. Bəzənsə beynini divara çırpırdı. Ağrılar çox vaxt elə şiddətli olurdu ki, Silene həmin vaxt reallığa qayıdırdı. Ancaq hara qədər davam edəcəkdi bu? Reallığa qayıtmaq üçün hər gün daha çox dozada ağrı tələb olunurdu. Beyninin keçidlərində bir gün itəcəkdi. Bəlkə də... xəyallarının insanı olacaq idi. Tamam başqa bir xəyala ilişəcəkdi ruhu. Bir daha xəyal qura bilməyəcəkdi. Hansısa xəyalda sıxılıb ölənədək qalacaqdı. Bəlkə də, bir də reallığa qayıda bilməyəcəkdi. Qulaqlarını yenə o uğultular bürüyəcək, dilini unudacaqdı. Danışmaq çətinləşəcəkdi. Dili ağzında çapalayacaq, özünü ağız divarlarına çırpacaq, qanına qəltan olacaqdı. Bəlkə də, bezib öz dilini parçalayıb udacaqdı Silene... O qaranlıq düşüncələr boyayacaq idi bəlkə də bir gün günəşi. Beynindəki o qaranlıq melodiya ilə susduracaqdı hər şeyi, keyləşəcəkdi unudacaq idi bütün ağrılarını... Bəlkə də dəli olurdu. Bəlkə də elə dəli olmaq daha rahat, asan idi. Ağıllı qalmaq günbəgün çətinləşirdi. Özünü məcbur edə bilmirdi Silene.

Reallıqları daşıya bilmirdi çiyinləri... Hiss etmək istəyirdi. Ürəyini döyəcləyirdi. Nəyisə, kimisə hiss etmək istəyirdi. Hamılaşmaq... Sakitləşmək, asanlaşmaq, başa düşülmək... Getdikcə kəskinləşirdi görmə qabiliyyəti... Hər şeyi görürdü. Gözlərini yuman kimi bir anlaşılmaz səfərə çıxırdı zehni. Dolanırdı sərgərdan, itmişcəsinə. Fiziki bədəninə tabe olmaya bilmirdi. Nə zamanadək oyaq qala bilərdi ki? Nəhayət, təslim olurdu ruhunun laylalarına. Gözlərini qapadan kimi, beynindəki labirintlərdə itirdi. Hər dəfə öz-özünə deyirdi ki, bu özünüaldatmadı, xəstəlikdi, psixoloji problemdir, şizofreniyadı, bəlkə də kəşf olunmayan hansısa dəlilik növüdür. Ancaq olmurdu. Gözlərini hər yumanda Silene bilirdi ki, beynindəki labrintin ən qaranlıq, ən qorxuducu, ucqarında onu biri gözləyir... Gözləyəni gözlətmək olmazdı. İstəsə də, istəməsə də Silene gözləyənə doğru sovrulacaq idi...

Nargis

Ədəbiyyat qəzeti.- 2020.- 23 may. S. 31