İrəvanın yolları

Roman

Yastı, boz, sarı təpələr, qonur yarğanlar bir-birinə bitişərək uzanıb gedirdi. Elə bil dəniz dalğalarıydılar- donmuşdular. Təpələrin üstü gəvil, yovşan, qarağan, şotu, qanqal, saqqız, cəmirtkən kolları ilə doluydu. Kənddən gələn əsgərlər hər dəfə bunları görüb dərindən bir ah çəkirdilər. "Əcəb örüş yerləridir"

Təpələrin ardındakı düzəngahlıqda çoxlu yollar görünürdü. Yollar adamsızlıqdan tük gətirmişdi. Səliqəsiz şəkildə bir-birinin üstünə atılmış kəmərlər kimi qarış-quruş idilər. Evlər him yerlərinə qədər uçurulub dağıldığından qonşular arası cığırlar da itib batmışdı.

Yollar tez-tez qırılırdı, gedib axıracan çatmırdılar. Yollar ömürlərini sona qədər yaşamadan ölmüşdülər. Onların qoynunda yaşayan insanların çoxu Qarabağın Ermənistan Ordusu tərəfindən işğalından sonra ya qırılmışdılar, ya qırılmışdılar, ya da baş götürüb Azərbaycanın müxtəlif rayonlarına getmişdilər. Yollar, torpaqlar, əkin sahələri yiyəsiz qalmışdılar. Əsl sahibləri onları əkirdilər, becərirdilər, suvarırdılar. Amma indi torpaqların dili-dodağı cadar-cadar olmuşdu. Ciyərləri susuzluqdan yanırdı, göz-görəti ölürdülər. Təbiət yas saxlayır, küləklər nalə çəkir, buludlar göz yaşı axıdırdılar. Yiyəsiz torpaqların dərdi ağır olur.

Bir vaxtlar bu yollar kəndləri, rayonları bir-birinə bağlayırdı. Bu yollarla toy karvanları gedirdi. Musiqi, çal-çağır aləmi başına götürürdü. Neçə sevən ürəyin birləşməsi bu yollardan keçirdi. Heyhat, indi bunlar çox uzaqlarda qalmışdı. Bu yerlərdə həyat çoxdan sönmüşdü.

Heç bir evin ocağı yanmırdı, işığı yanmırdı,suyu gəlmirdi. Heç bir həyətdən uşaq səsi, körpə qığıltısı, nərd şaqqıltısı eşidilmirdi. Hər yerə dəhşətli sükut çökmüşdü. Bu sükut gecənin, dan yerinin sükutu deyildi. Bu sükut vahiməli, qorxulu, qan-qadalı sükut idi. Bunu çöllər də, o çöllərdə səksəkə içində yaşayan vəhşi heyvanlar da, quşlar da, cürbəcür otlar, bitkilər, hətta çiçəklər də bilirdi. Bütün canlılar əbədi vahimə içindəydilər. Qorxudan nə vaxt qurtulacaqlarını bilmirdilər.

Həyatın var olduğunu, yaşayışın davam etdiyini bildirən hərbiçilər idi. Onların idarə etdikləri ağır hərbi texnikalar, müxtəlif silahlardan açılan atəş səsləri tez-tez sükutu pozurdu. Bu zaman göydə uçanlar, yerdə sürünənlər vahimə içində ora-bura qaçır, gizlənməyə bir deşik axtarır, quşlar daha yüksəklərə qalxırdılar. Təbiətin nizamı itirdi, torpaq dəhşətli dərəcədə diksinirdi, yerin qatları bombalardan, mərmilərdən alt-üst olurdu. Suların, bulaqların yönü dəyişirdi, gün işiğına çıxmaq istəyən bitkilərin torpağın bətnindəcə bağırları çatlayırdı. Torpağın altında olmalarına baxmayaraq həyatın nə olduğunu hiss edirdilər, bilirdilər ki, yer üzünə çıxsalar günəşi görəcəklər, onun işiqlandırdığı yeri, göyü, havanı görəcəklər, qol-budaq atacaqlar, böyüyəcəklər. Yer üzündə gəzən insanları görəcəklər, onların sevgisini, qayğısını duyacaqlar. Amma çiçəklərin də, ağacların da, ən xırda bitkilərin də yaşamaq haqqı əllərindən alınırdı, qınındaca boğulurdular. Təbiət etiraz edirdi, amma müharibə onun səsini eşitməyə qoymurdu. Sözsüz ki, təbiətin qisası amansız olacaqdı. Bunun altını insanlar gələcəkdə dəhşətli dərəcədə çəkəcəkdilər, amma hələlik bunu deyəsən başa düşənlər yox idi. Qarşı-qarşıya dayanmış silahlı birləşmələr hər gün təbiətin nizamını pozur, dünyanın təqazasını insanlığın zərərinə puç edirdilər. Kimlərsə bilirdilərsə də, başa düşürdülərsə də əməllərindən geri durmurdular.

Həyat isə bu yerlərdə hələlik dolama-dolaşıq, gərgin, sonu bilinməyən, gələcəyindən nigaran, dərdli şəkildə davam edirdi.

* * *

Novruz şənlikləri yenicə bitmişdi. Hələ də əsgərlərin tumboçkasında şəkərburadan, paxlavadan nəsə tapmaq olardı. Valideynlər övladlarını, əsgərlər də valideynlərini görüb bir az toxtamışdılar. Hamıda mənəvi cəhətdən bir ruh yüksəkliyi vardı. Soyuq havalar, sazaqlı günlər dağlara qalxmışdı. Bütün əsgərlərin qırışığı açılmışdı.

Gündüzlər təpələrdən buğ qalxırdı. Torpaq isinirdi. Hər tərəf yamyaşıldı. Əsgərlər təzə-təzə qırxbuğumun, yemliyin dadına baxırdılar. Dovğa tərəsi, şomu düz-dünyanı bürümüşdü. Arada əsgərlər onlardan dəstə-dəstə yığıb gətirib aşpazlara verib dovğa bişirmələrini xahiş edirdilər. Aşpazların əksəriyyəti qadınlar idi. Onlar da öz balaları kimi onların xahişlərini məmnuniyyətlə yerinə yetirirdilər. Əsgərlər bəzən içinə çörək doğrayıb iki-üç boşqab yeyirdilər. Başqa xörəklərə əl vurmurdular. Tez-tez bişirilən dovğa onlara evlərini xatırladırdı.

Cənnət havasıydı. Bu sakitlikdə, bu gözəllikdə hər yer­­­­ sülh dövrü günlərini yada salırdı. Hərbiçilər bir anlıq hər şeyi unudub əvvəlki rahat və firavan illəri xatırlayırdılar. O illəri ki, müharibə yox idi, sərt millətci çağırışlar, qarşıdurmalar yox idi. Ölkələrin bir-birinə qarşı torpaq iddiaları yox idi. Günün günorta çağı törədilən beynəlxalq avtobus reyslərinin, qatarların partladılması, dinc insanların həlak olması gecə qaranlığında törədilən vəhşiliklər, amansız qətllər yox idi. Harda qaldı o günlər?... Azərbaycan xalqı ermənilər tərəfindən görünməmiş qətliamlara, namərdliklərə düçar olurdu.

Kazarmada səhərlər, bir də gecələr azca soyuq olurdu. Qışın hökmranlığı artıq bitmişdi. Qarşıdan gələn bahar hamını ümüdləndirmişdi.

Hərdənbir güllə səsləri eşidilirdi. Turaca, qırqovula, kəkliyə, bəzgəkə atılan güllələriydi.

Ermənilər Azərbaycanın faunasından da gen-bol bəhrələnirdilər...

* * *

Tez-tez təlim-məşq toplanışları keçirilir, fiziki sağlamlıqla bağlı xüsusi proqram həyata keçirilirdi. Eyni zamanda düşmənin hərəkətləri diqqətlə izlənilir, erməni postlarında duran əsgərlərin növbəni dəyişmə vaxtları müqayisə olunur, təhlil edilirdi. Hər iki tərəf bir-birilərini ciddi şəkildə güdürdülər. Ermənilər Lələtəpənin zirvəsində olduqlarından bir az arxayın idilər.

Bura cəbhə xəttidir. Yuxarıda - Lələtəpə adlanan zirvədə və onun ətəklərində ermənilər bir neçə post qurmuşdular.

Oradan bütün Araz boyu kəndləri müşahidə altında idi. Cocuq-Mərcanlı kəndinə gedən şoşe yol tam nəzarətdəydi. Ərazi baxmayaraq ki, Azərbaycan tərəfindəydi, amma orada heç kim yaşamırdı. Çünki istənilən an ermənilər Lələtəpədən onları gülləbaran edə bilərdilər. Təkcə bu kənd deyil - Mehdili, Çaxırlı, Böyük Mərcanlı, Nüzyar, kənd Horadiz də daimi atəş altındaydı.

Azərbaycan əsgərlərinin kazarmaları Lələtəpədən baxanda qarşı tərəfdəki təpələrin qoynuna sığınmışdı. Təbii relyef eləydi ki, ermənilər nə qədər baxsalar da, azərbaycanlı döyüşçülərin sığındıqları kazarmaları görə bilməzdilər. Amma dəqiq bilirdilər ki, Azərbaycan əsgərləri həmin təpələrin arxasındadılar.

Ermənilər üçün azərbaycanlıların gizləndikləri yer açıq-aydın görünməsə də, qarşı tərəf ovuclarının içindəydi. Azərbaycanlılar isə səngərdən müşahidə kameralarını Lələtəpəyə tuşlayaraq hər yeri müşahidə edirdilər. Müşahidə nöqtələrini cəmirtkən kollarıyla örtmüşdülər. Allahın otudur daa, istədiyi yerdə bitir.

Lələtəpənin ətəyindən Tərtərə qədər ermənilərin Ohanyan səddi deyilən minalanmış xətti keçirdi. Əsgərlər demişkən, uzun adam olsa, əlləri Lələtəpənin kəlləsinə dəyər. İlk baxışdan belə görünürdü. Amma hər qarış yer minalanmışdı. Sapyorlarımız bir-iki dəfə kəşfiyyata çıxıb ən müxtəlif yerləri yoxlayıb görmüşdülər ki, boş sahə buraxmayıblar. Geniş və kompleks axtarış aparılmalı, təcrübəli mütəxəssislər dəvət edilməli, sürətli və səmərəli əməliyyat planı hazırlanıb həyata keçirilməli idi. Gündüz ehtiyatsızlıq, hardan gəldi hücuma keçmək istər əsgəri, istərsə də kəşfiyyat qrupunu həmən bada verərdi. Gecə isə düşməni duyuq salıb, gülləbarana tuş olub qalan adamların da tam itirilməsi demək idi. Hücuma keçmək böyük ehtiyat tələb edirdi. Yüz yox, min ölçüb bir biçmək gərək idi.

* * *

Bu gün kazarmada şəxsi heyət üzrə müavin mayor Səfərovun əsgərlərə siyasi dərsi olacaqdı. İndilərdə gəlməliydi. Adətən əsgərlər zabitlərə "cənab komandir!" - deyə müraciət edirdilər. Mayor Cəfər Səfərova müəllim deyilməsi siyasi dərs keçməsiylə bağlıydı.

Bəzi yaşlı, ali təhsilli əsgərlər və zabitlər hərdən məzə qılmaq üçün ona bir nəfəsə "Cənab mayor komandir Cəfər müəllim!" deyirdilər. Cəfər müəllim incimirdi. Bığaltı gülümsəyib "Nizamnamədə olduğu kimi müraciət edin!" - deyirdi. - Cəzalanmaq istəyirsiniz?

Əlbəttə, Cəfər müəllim elə iş görməzdi. Onda əsgərlərə qarşı komandirlik hökmündən çox müəllimlik məhəbbəti, qayğısı daha artıq idi. Əsgərlər bunu yaxşı bilirdilər. Hamısının mayorla daha səmimi və mehriban münasibətləri var idi. Onu həqiqətən sevimli müəllimləri kimi qəbul edirdilər.

Baş kazarma yastı təpədəki adsız yüksəklikdə yerləşirdi. Düşmən tərəfdən nə qədər baxçalar da, bayaq dediyimiz kimi görünmürdü. Bir azdan İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini Səfərov gələcəkdi. Əsgərlər onu yenə böyük şövqlə gözləyirdilər. Və ləzzətlə onunla Şairin arasında olacaq növbəti mübahisəni izləyəcəkdilər.

Cavuş Rauf ali təhsilli müəllimdir - Pedoqoji Universitetin tarix fakultəsini bitirmişdi - əli ilə, emosional, yüksək pofosla, sual ədatlarıyla danışırdı. Tez-tez sıtatlar gətirdiyinə, şeirlər dediyinə görə onu hamı belə çağırırdı: - Şair!

Doğrudan, yaraşırdı da! İndi də emosional tərzdə əsgərlərə nəyi isə izah edirdi. Yenə öz ampulasındaydı.

- Vallah, belə olmaz, a kişilər. Biz dinmədikcə köpəy uşağı üstümüzə qıcanır. Ay Allahuva qurban olum Ali Baş Komandan, bir əmr ver, hücuma keçib bunları xıjdayaq daaa... Nə qədər gözləmək olar? Ayə, bu Ohanyan səddi nəmənə şeydir ki, Çin səddi kimi qabağımızı kəsib. Yəni bunun bir boş künc-bucağı yoxdurmu ordan girək içəri? Yəni bir babat sapyorumuz-zadımız yoxdur ki, yol aça, ordan şığıyaq düz Lələtəpənin kəlləsinə?

Çox baş alıb gedəcəkdi. Cəfər müəllim kazarmaya girdi. Əsgərlər ona qısaca rusca "zampalit" deyirdilər. Deyəsən yol gələ-gələ Şairin dediklərini eşitmişdi.

- Gəl dəə, gəl mənim əvəzimdən dərs keç! Bu günkü mövzun nədir?

Cəfər müəllim istehza ilə gənc əsgərə yerini bildirmək, onu pərt edib susdurmaq istəyirdi. Amma tamam başqa situasiya ilə qarşılaşdı. Rauf elə bil bu təklifi gözləyirmiş. Ayağa qalxıb irəli çıxdı. Əsgər yoldaşlarına baxıb "fərəqət" vəziyyəti aldı. Şəxsi heyət üzrə müavin ağır-ağır onun yerində əyləşdi. Elə bil iynə üstündə otururdu. Buşlatını çıxartmadı. Hələ martın soyuq günləriydi. Nəsə, yorğun idi. İçəri girəndən hiss olunurdu.

- Mövzum... - Şair duruxdu... Hər millətin öz ərazisini müharibə yolu ilə azad etmək haqqı.

Cəfər müəllim duruxdu. Yox, bu təzə söz oldu. Həmişəki öcəşməyə oxşamayacaqdı. Dönüb əsgərlərə baxdı. Onlar da heyrətlə Raufu süzürdülər. Onlar üçün də bu sözlər gözlənilməz idi. "Nə dedi? Öz torpaqlarını azad etmək haqqı? Bu nə mənaya gəlir? Nəsə yeni bir söz olacaq. Yoxsa müharibəni deyir? Sən nə olarsanmış, Şair! Gör zampaliti necə qurutdu?.."

Cəfər müəllim nə edəcəyini bilmədiyindən lap təzəcə dən düşmüş saçlarını barmaqlarıyla daraqlayıb sual verdi.

- Əsas arqumentin nədir?

Siyasi dərsə gələn əsgərlər və kiçik ranqlı zabit heyəti ciddi şəkildə Rauf sarı döndülər. "Hə, di ver cavabını". Amma əslində mövzunun adını bayaq söyləyəndə daha çox siyasi terminlərlə yüklənmiş cümləni eşidəndə məsələnin ciddi istiqamət alacağını zənn eləmişdilər.

- BMT Nizamnəməsinin 51-ci maddəsi.

- Nə deyilir orda?

Mayor Səfərov doğrudan yorğun idi. Artıq bunu hamı yəqinlədi. Candərdi sual verdiyinin də fərqinə vardılar, amma tutulduğu da gözlərdən yayınmadı.

Rauf təmkinlə cavab verdi: - Əzbər deyim?

- De...

Mayor Səfərov sözü necə tələffüz elədisə, əsgərlər başa düşmədilər ki, "de" dedi, yoxsa "ye"... " Ə, bu kişiyə noolub belə"

Rauf bayaqki "fərəqət" vəziyyətində sağ əlini çəkic vururmuş kimi qaldırıb endirərək bir nəfəsə dedi:

- "Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş millətlər təşkilatının üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirləri görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdafiə hüququna xələl gətirmir."

Rauf sözünü bitirib ağır yükdən azad olmuş kimi dərindən nəfəs alıb mayora baxdı.

Əməlli-başlı gərginlik vardı. Yəni hər şey bu qədər bəsitdi? Bəs onda nə gözləyirik?

Hamının ilk hiss etdiyi sərin meh və onun vasitəsiylə içəri dolan cürbəcür otların, çiçəklərin ətri oldu. Əlbəttə, yaz bir neçə gün idi ki, Vətən torpağına qədəm qoymuşdu. Çöl, çəmən, düz-dünya təzədən dirilirdi. Cürbəcür güllər, çiçəklər göz oxşayırdı. Təbiətdə heç nə dəyişməmişdi. Hər şey əvvəlki kimi öz vaxtında gəlirdi. Bəs onda yerində olmayan nədir?

Səssizlikdə müxtəlif həşəratların, cüculərin, lap uzaqdan keçən avtomobillərin də səsi eşidildi. Ən yaxından gələn səs isə əsgərlərin ürək çırpıntıları idi. "Tap-tup, tap-tup, tap-tup". Allah, ürək döyüntüsü də bu qədər bərkdən eşidilərmi? Bəs əvvəllər niyə eşitmirdik?"

Hamı oturduğu yerdəcə heykələ dönmüşdü.

Bu Raufdan nə desən gözləmək olardı. Amma daha belə yox daa... Elə bil deputat danışırdı.

Birdən hamı mayor Səfərovu axtardı. Yerindəydi. Amma elə bil bayaq əzgin halda qapıdan girən və ərincəkliklə danışan şəxsi heyət üzrə müavin deyildi. Dirilmişdi. Geniç açılmış gözləri ilə Şairə baxırdı.

- Hardan bilirsən bunu?

- Oxumuşam...

- Yaxşı əzbərləmisən.

- Yox e, cənab mayor, de görüm düz deyirəm, ya yox.

Mayor Səfərov dirənmişdi. Mövzu təzə deyildi. Çoxdan bəri əsgərlər arasında, elə camaat da niyə Azərbaycan ordusunun hücuma keçib ermənilərin dərsini vermədiklərini bilmək istəyirdilər. Ancaq məsələ kazarmada, əsgərlər arasında belə siyasi səviyyəyə qalxmamışdı.

- Bilirsən... Bəzi məsələlər var ki, bunlar dildə asan deyilir. Beynəlxalq hüquq var... Heç bir dövlət özbaşına deyil. Daha doğrusu, bizim kimi dövlətlər. Biz Amerika, Rusiya, Çin... deyilik. Yeri gələndə onlar heç kimdən icazə-filan almadan öz bildiklərini eləyirlər, özlərindən yeni qanun yazır, düzəlişlər edir, bir sözlə, dünyaya meydan oxuyurlar. Bir neçə ildir müstəqillik əldə etmişik. Amma müstəqil siyasət qurmağa imkan vermirlər. İndi dünyada əslində güc qanundur. Xüsusən bayaq adını çəkdiyim dövlətlər üçün. Onlar beynəlxalq hüququ bəzən heç tanımırlar.

- Beynəlxalq hüquq deyir ki, get başqasının torpağını zəbt elə, mıxlan qal orada, çıxma?... - Şair özünü saxlaya bilməyib Səfərovun sözünü kəsdi.

- Oğlum, əvvəl beynəlxalq aləmi hazırlamaq lazımdır. Bilirsiniz ki, qəfil hücuma keçib əsgərləri öldürməyi, heç kim qəbul etmir, mülki insanları qırmağı isə ümumiyyətlə vəhşilik hesab edirlər. Əks təqdirdə biz embarqolara, ciddi sanksiyalara məruz qalarıq. Azərbaycanın karbohidrogen ehtiyatlarını müstəqil şəkildə qonşu Böyük dövlətdən yan keçirərək Avropaya çıxartması həmin dövlətin heç də xoşuna gəlmir. Dahi Heydər Əliyev bunu elə ustalıqla həyata keçirdi ki, bir də baxıb gördülər qatar artıq gedib. 1994-cü ildə bağlanan neft kontraktlarını pozmağa cəsarət etmədilər. Dünya ilə üz-üzə gəlməkdən çəkindilər. Görürsən, müstəqil dövlət olsan da, sənin də cəsarət edə bilmədiyin məsələlər var.

- Belə çıxır ki, biz hələ çox gözləməli olacağıq?

- Əlverişli şəraitin yetişməsini gözləməliyik.

- Yəni Lazım dayını?

Kazarma qəhqəhə çəkdi. Mayor Səfərovun da dodağı qaşdı. Əsgərlər söz duelindən həzz alırdılar. Rauf hamının ürəyindən keçəni deyirdi. Belə açıq, çəkinmədən, hazırcavab danışıq tərzi yalnız Şairdə idi. Mayor davam edirdi.

- Ermənistanda vəziyyət getdikcə gərginləşir. Demək olar ki, əhali dayanmadan ölkəni tərk edib gedir. Hökümət böhranı günbəgün artır. Hakimiyyyətdə olan Qarabağ klanı ilə yerlilərin münaqişəsi hər gün qəlizləşir. Orada camaat lap boğaza yığılıb. Azərbaycanla müqayisədə Ermənistanda həyat yerində sayır. Biz regionun aparıcı ölkəsiyik. Bu qəzet sözü deyil. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir qlobal problem həll yolunu tapa bilmir. Bütün neft-qaz lahiyələri, İpək yolu, mühüm beynəlxalq toplantıların yeri-məkanı Bakıdır. Görmürsünüz, ölkəmiz, paytaxtımız necə inkişaf edir? Hücuma keçib torpaqlarımızı azad etmək artıq regionun ən qüdrətli ordusuna çevrilmiş Azərbaycan ordusu üçün çətin bir məsələ deyil. Zamana ehtiyacımız var.

- Daha bir 23 ilə? - Şair yenə dilini dinc qoymadı.

- Yox... Bu dəfə o qədər çəkməyəcək.

- Bircə onu bilirəm ki, donuza "kiş" deməklə darıdan çıxmaz. Gərək möhkəm bir zopa tutuzdurasan ki, rədd olub gedə.

Hamı fikrə getdi. Elə mayor Səfərov da. Həqiqət ortadaydı. Mayor Səfərov da bunu anlayırdı. Ancaq nə etsin, belə danışmalıydı... Rauf yenidən davam etdi.

- Cənab komandir! Məni yandıran odur ki, ermənilərlə münaqişədə tarix boyu baş verən bütün hadisələr - ya vəlvələdən, ya zəlzələdən - bizim əleyhimizə, zərərimizə baş verib. Uzağa getmirəm! 1918-ci ildə Ermənistan Respublikası yarananda onlara paytaxt kimi qədim şəhərimiz İrəvanı bağışladıq.

Səfərovun əvvəlcə qaşları çatıldı, sonra üz-gözü turşudu. Rauf fikrini yumşaltdı.

- ... güzəştə getdik.

- Sən tarixi şəraiti və zamanı unudursan. O zamanlar Kamçatkadan Yerevana, Orta Asiyadan Saxalinədək hamısı bizim böyük Vətənimiz idi.

- Yaxşı, hələlik belə deyək... Buna nə deyirsiniz? Sovet dövrü dədə-babadan türk adları ilə adlandırılmış ərazilərimizi dəyişdirdilər, "dostluq, qardaşlıq" naminə ağzımıza su aldıq. Gorbagor Leninin "Muğan düzündə pambıq məsələsini güclü irəlilətmək lazımdır" sözünə görə 1948-ci ildə soydaşlarımızı vəhşicəsinə min illərdən bəri yaşadıqları yerlərdən sürgün etdilər. O zaman başbilənlərimiz susdular. Dağlarda, gözəl çəmənliklərdə, bulaqların başında yaşayan millətimizi Muğanın, Milin ilan mələyən çöllərinə tökdülər, səssiz qətliama sürüklədilər. Bulaq suyu içmiş insanlar, kanal lehməsini, yerdən çıxan duzlu artezan suyunu içib qırıldılar. Uşaqların qarınları şişdi, partdam-partdama düşüb bir tərəfdən də alışmadıqları istiyə dözə bilmədiklərindən kütləvi şəkildə tələf oldular. Bəzi ailələr geri qayıtdılar, amma dogma yurdlarında qaçaq kimi yaşadılar. Gündüzlər gözə görünmürdülər, tutsaydılar türməyə basıb ölüncə döyəcəkdilər, bu dəfə geri qaytarılanda da özümüzünkülər öldürəcəkdilər. Ermənistan ərköyün uşaq kimi həmişə dotasıya ilə yaşadı. Biz İttifaq büdcəsinə neftimizin, qazımızın, pambığımızın hesabına milyonlar qazandırırdıq. Halbuki ermənilərin iqtisadi resursları sıfıra bərabər idi. Konyak, ərik, mis, molibdenlə büdcə doldurmaq olar? Amma Ermənistanda həyat şəraiti həmişə bizim ölkədən üstün olurdu. Niyə belə olurdu?

Səfərov fikrə getmişdi. Nəsə demək istəyirdi, amma dodaqları tərpənmirdi.

- Yadımdadır, Moskvada SSRİ Ali Sovetinin sessiyası gedirdi. O zamanki SSRİ Prezidenti Qorbacov əskikcəsinə belə dedi: - Gürcü yoldaşlar məndən xahiş edirlər ki, Gürcüstanda fövqəladə vəziyyəti ləğv edək. Əlbəttə, mən gürcüləri yaxşı başa düşürəm. Gürcü xalqı məğrur xalqdır. Onlar belə vəziyyətdə yaşamağa öyrənməyiblər. Mən yoldaşlarla görüşüb danışacam və bu məsələni həll edəcəm.

Qısa müddətdə dediyi kimi həmin məsələni həll etdi. Amma Azərbaycanın adını da çəkmədi. Fövqəladə vəziyyət bizdə xeyli sonralar götürüldü... Elimizin gözəl bir sözü var. Deyir: "Görünür özünü yaxşı tanıtmamısan".

Cəfər müəllim Raufun sözünü kəsmirdi. Ona etiraz etmək, "yoox, bilirsənmi, məsələ bir az başqa cürdür" demək söyüş gətirən hərəkət olardı. Bütün bunları Cəfər müəllim də bilirdi. Elə diqqətlə qulaq asan əsgərlərin də hamısının gözləri alışıb yanırdı. Yumruqları qəzəblə düyünlənmişdi, bu saat istənilən adamı həmin o yumruqlardan biri ilə o dünyaya göndərmək olardı. Kin, qəzəb, nifrət aşıb-daşırdı. Şair zalım oğlunun da bugün ilhamı aşıb-daşırdı. Dayanmaq bilmirdi. Bütün tarix yadına düşmüşdü.

- Sovet dövründə nə torpaq mübahisəsi olubsa hamısı ermənilərin xeyrinə həll olub. Yadınızdadı, Qazax rayonun Kəmərli kəndindən verilən torpaqlar? Birdən-birə düz 400 hk! Hələ Aşağı Əskiparadan, Yuxarı Əskiparadan alınıb verilənləri demirəm. "Əşşi, yazıqdılar, hər tərəfləri daşdır, qayadır, düz əməlli əkin yerləri yoxdur. Bir az torpaq verək, əkib-becərsinlər, ölməsinlər" Amma gördüüz, hara gəlib çıxdılar.

Bir çox şeyləri hamı bilirdi. Amma Şair kimi məntiqlə, ardıcıl, dəqiqliklə şərh edə bilmirdi. Bəlkə də, təəccüblü bir şey yox idi, Rauf öz ixtisası üzrə danışırdı.

- Ömür boyu erməniləri qapılarımızda işlətdik, kəhrizlərimizi qazdırdıq, evlərimizi tikdirdik, həyət-bacamızı qaydaya saldırdıq, kirvə tutduq, pul verdik, dolandırdıq, yaşatdıq... Həmişə fikirləşirdik ki, bu işləri dədə-babadan hər zaman ermənilərə gördürmüşük, özümüz neynirik öyrənirik, kirvələrimiz gəlib işi aşıracaqlar. Çünki öz ölkələrində iş yox idi, avara-sərgərdan qalmışdılar, acından ölürdülər. Bizimlə birgə yaşaya-yaşaya həyət-bacalarımızda işləyə-işləyə həm ayaq üstə durmağı öyrəndilər, həm də zəif cəhətlərimizi öyrəndilər, bizi hardan vuracaqlarını müəyyənləşdirdilər. Paytaxtımız Bakıya doluşaraq, sızıldaya-sızıldaya, zarıya-zarıya özlərinə əməlli-başlı məskən saldılar, toplum halda yaşayaraq birləşdilər, gücləndilər, ürəkləndilər. "Ermənikənd" deyilən böyük, həm də ən yaxşı axar-baxarlı, hündür yerdə - hansı ki, baxanda Xəzər dənizi ayaqlarının altında qalırdı - məskən saldılar, yüksək vəzifələrə yiyələndilər. Nazir, raykom katibi, prokuror, rəis, KQB-nin yüksək rütbəli zabitləri oldular, bizim ziyalılara qan uddurdular. Sumqayıt hadisələrini özləri yaratdılar, qırğınları özləri törətdilər. Amma SSRİ Ali Məhkəməsinin qərarı ilə Əhmədovu güllələtdirib qanunla onu günahkar çıxarıb Sumqayıt hadisələrini azərbaycanlıların üzərinə yıxdılar. Halbuki bütün fitnə-fəsadın başında "Paşa" ləqəbli erməni, Sumqayıtda doğulan Qrıqoryan dururdu. Əhmədovu güllələdilər, amma onu 2 ildən sonra buraxdılar. Bu hansı ədalətdir?

Cəfər müəllim yenə əlini saçlarına daraq elədi.

Rauf elə yaxşı təhlil edirdi ki, bəzi məsələlər Cəfər müəllimi də çoxdan düşündürürdü. Amma onun kimi bunları emosional şəkildə söyləyə bilmirdi. Bəlkə də, başqası olsaydı, açıqlanıb onun sözünü ağzında qoyar, ya da danışmağa imkan verməzdi. "Nizamnamədən kənara çıxma!"

Şairin bəxtinə mülayim siyasi rəhbər düşmüşdü.

- Qarabağda hətta köhnəlmiş, heç bir şeyə yaramayan ov tüfənglərinini də yığdılar. Tutaq ki, erməni kəndlərində yaşayan azərbaycanlıların hansının nə silahı olduğunu kənd sovet sədrləri bilirdilər. Bəs azərbaycanlı kəndlərindəki silahları kim bilirdi - özümüzünkülər. Əbləhcəsinə hamısını yığıb hökumətə təhvil verdilər. Milləti qoydular əliyalın. Amma nə SSRİ dövləti, nə də Ermənistan hökuməti bir dəfə də olsun silahlanan ermənilərin qabağına durmadı. Dağlıq Qarabağın idarəçiliyini Arkadı Volskiyə tapşırandan sonra torpaqlarımız rəsmən əldən çıxdı. Görürsünüzmü, nə qərar qəbul olunubsa, hamısı ermənilərin xeyrinə işləyib.

Otaqda dözülməz dərəcədə gərginlik vardı. Əgər əsgərlər bu saat silahlarını götürüb əmrsiz-zadsız Lələtəpənin zirvəsinə cumsaydılar nə Cəfər müəllim onların qabağını saxlaya bilərdi, nə də hər hansı başqa zabit. Hətta general belə bu qəzəbin qarşısında dayana bilməzdi. Şair əsgərləri hədsiz dərəcədə şövqə gətirmişdi. Cəfər müəllimin səssizliyi, deyilən arqumetlərə heç bir cavab verə bilməməsi, fikirli-fikirli yerə baxması Raufun tam haqlı olmasına dəlalət edirdi. O, bu günün şəksiz qəhrəmanı idi.

- Guya münaqişəni həll etmək üçün Minsk qrupu yaradılıb. Əslində, onların məqsədi münaqişəni uzatmaq, Azərbaycanı təslimci sülhə razı salmaqdır. Budey, bunu görərlər, - Rauf baş barmağını şəhadət və orta barmağının arasına soxdu, auditoriya vəcdlə onu alqışladı, hay-küydən qulaq tutuldu, Cəfərov heç kimə heç nə demədi.

- Onların təmsil etdikləri ölkələr bu münaqişənin həllində qətiyyən maraqlı deyillər, turist kimi gəlib gəzib, yeyib-içib gedirlər. Bir deputat olub, Ağabəy Əsgərov, deputatlığı barədə bir söz deyə bilmərəm, amma Minsk qrupu haqqında dediyi sözlərin üstünə əlimin ikisini də qoyuram: "ATƏT impotent təşkilatdir": Düz deyir, bu "impotent" təşkilatdan nə gözləmək olar? ATƏT-in məqsədi ermənilərin məqsədi ilə tamamilə eynidir: status-kvonu saxlamaq, bunun üçün işi uzadıb, uzadıb axırda çürütməkdir. Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir. Bu nə təşkilatdı e, qızınmadıq istisinə, kor olduq tüstüsünə. Bir dəfə də olsun xeyrimizə bir söz deməyiblər. Hər zaman ermənilərin tərəfini tutublar. Belə də sülhməramlı təşkilat olar?

Siyasi dərs qurtarmışdı. Hamı fikirliydi. Hamı bəlli suala cavab axtarırdı. Əslində, cavab elə də çətin deyildi. Hər şey ortadaydı. Deyəsən, hər şey, Şair demişkən, Lazım dayının gəlişinə müntəzir idi. Bu gözləmə, istixarə yaman uzanırdı. Qəti bir qərar vaxtıydı. Qərar qəbul etməlilər isə hələ susurdular.

İki-bir, üç-bir kazarmadan çıxıb qarovula gedənlər silahlarını götürməyə, hərbi təlim keçənlər məşqlərə, digərləri də təyin olunmuş postlara gedirdilər. Dostları iftixarla Şairin kürəyini döyəcləyirdilər. Bu günün qalibi o idi!

- Oğulsan!

O da zarafatla: - Ayə, ürəyim düşdü, bəsdirin, - deyib növbəti şapalaqlardan yayınırdı.

* * *

Son vaxtlar erməni əsgərləri tərəfindən atəşkəs tez-tez pozulurdu. Xüsusən, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından mütamadi güllələr yağırdı. Düşmənlə üz-üzə sərhəddə - öz dogma yurdlarında qalanlar, ermənilərin azğınlığına, gülləbaranına baxmayaraq evlərini atıb getmirdilər, amma günləri qara idi. Tarlada, zəmidə ardıcıl iş görmək mümkün deyildi. Əkin-biçin ləngiyirdi. Camaat əlini tərpədə bilmirdi. Naəlac qalıb torpağı şumlamaq üçün hava qaralanda, hətta gecə vaxtı çölə-düzə çıxan adamlar snayperlə ya vurulur, ya da yaralanıb qanları axa-axa geri qayıdırdılar. Aşağılı-yuxarılı heç kim bu dözülməz vəziyyətə daha tab gətirmək fikrində deyildi.

Axşamdan xeyli ötmüşdü. Briqada komandiri Mars Barxudarovun maşını Baş kazarmaya yaxınlaşanda onu qarovulda duranlardan başqa heç kim görmədi. Torpaq yolu elə çəkmişdilər ki, kənardan baxanda təpələrin ardından heç nə görünmürdü.

Briqada generalı xidməti maşını dayanmamış qapını açıb düşdü. Onu qarşılayan alay komandirinin əsgəri təzimini yarıda kəsib - Hamını çağırıbsan? - deyə soruşdu.

- Əmrinizlə dediyiniz adamların hamısı içəridə Sizi gözləyirlər! - dedi.

- Çox yaxşı.

Barxudarov kazarmaya girəndə hamı dik qalxdı. Kimsə raport vermək istədi. Onun da sözünü yarımçıq kəsdi: - Azad! Oturun.

Özüylə gətirdiyi böyük xəritəni divardan asdı. Diqqətlə şəxsi heyəti süzdü. Mətləbin ciddiliyini hamı anladı.Danışmağa başladı.

- Məlumat almışıq ki, ermənilər sabah səhərə yaxın hücuma keçəcəklər. Onları qabaqlamalıyıq, hücum qabağı onları yaxşı yedirib içirəcəklər ki, ürəkli olsunlar. Bu, bizim xeyrimizədir, hallı olacaqlar, boşalacaqlar. Onlardan əvvəl biz hücuma keçməliyik və mütləq Lələtəpəni götürməliyik. Həm camaat, həm də rəhbərlik hazırki vəziyyətdən narazıdır. Günorta yenə kəndlərimizi gülləbaran ediblər. Bir nəfər ölüb, dörd nəfər yaralanıb. Aran Qarabağdakı kəndlilər yenə torpağı şumlaya bilməyiblər. Səpinin vaxtı gecikir. Buna yol vermək olmaz.

Ştab üzvüləri nəfəslərini udub diqqətlə briqada komandirini dinləyirdilər. Hamı həyəcanlıydı. "Axır ki!" Sakitlikdə briqada komandirinin xəritənin üzərində sürüşdürdüyü qələmin xışıltısı eşidilirdi.

- Bax, buradan hücuma keçəcəyik. Uzun müddətli müşahidələrimiz göstərir ki, ermənilər aşağı enəndə üçbucaq şəklində, sonra isə ziqzaqvari axırıncı postlarına belə düşürlər - xəritədə erməni əsgərlərinin hərəkət trayektoriyasını cızdı.

Kəşfiyyat qrupunun rəhbəri və istehkam komandiri qeydlər edirdilər. Əslində yaddaşlarında həmin əraziləri canlandırırdılar. Hər şey gözləri önünə gəlirdi. Barxudarov təkrar yenə erməni əsgərlərinin hərəkət trayektoriyasını göstərirdi.

- Beş qrup eyni vaxtda hücuma keçəcək. Bacardıqca kəpənək kimi səssiz, ildırım kimi sürətli. Kimin əsəbləri dözməyəcəksə, səmimi deyirəm, qalsın... Mümkün qədər, az itkiylə bu döyüşdən çıxmalıyıq. Birinci, "Kitayski post"dan başlayacağıq. Kapitan Ağayev, bu tapşırıq sizə həvalə olunur. Ratsiya ilə konkret, aydın, qısa danışın. Konspirasiyanı gözləyin. Şərti işarələri, ifadələri bir daha dəqiqləşdirin. Sapyorlar Qurd dili tərəfdəki ərazini təmizləməlidirlər. Oradan səhər hücuma keçmək üçün tanklara yol açılmalıdır. Hüseynov, - sapyor rotasının komandirinə üz tutdu - bütün texnika məhz təmizlənmiş eyni yerdən keçməlidir. Bir santim nə saga, nə də sola.

Komandirlər gülümsədilər. "Yəni bu qədər dəqiq?" Briqada komandiri bunu duyub izah etdi. - Əlbəttə, sapyorlar nə qədər geniş ərazi təmizləsələr sm-siz də keçinərik.

Barxudarov bir daha sapyor rotasının komandiri Hüseynova baxdı. O da başı ilə təsdiqlədi "Aydındır!"

- Allah köməyimiz olsun. Gecə birə beş dəqiqə işləmiş başlayırıq. Ortaya əlavə bir problem çıxsa xəbər veriləcək.

Həyəcandan hamının ürəyi möhkəm döyünürdü. Komandirlər qollarındakı saatlara baxırdılar. Hələ bir neçə saat vardı. Vaxt il qədər uzun görünürdü. Rauf Kəşfiyyat qrupunun rəhbəri kapitan Ağayevə yaxınlaşdı. - Bu qədər vaxtı necə keçirəcəyik?

- Gedək müşahidə aparaq. ...

Digər dəstə üzvləri də toplanıb hücuma keçəcəkləri yerləri bir daha müşahidə etməyə başladılar.

* * *

Ermənilər tərəfdə bütün postlarda işıqlar yanırdı. Hündürdə olduqlarından arxayın idilər. Hər şey gözləri önündəydi. Hücum - filan olsaydı azərbaycanlı əsgərlər onların postlarına çatana qədər biləcəkdilər, dərhal toparlanacaqdılar. Azərbaycan ordusunun əsgərlərinin vəziyyəti hərbi-strateyi baxımdan olduqca mürəkkəb idi. Aşağıdan yuxarı qalxmağın, sürünməyin, irəliləməyin çətinliyindən əlavə, bütünlüklə düşmənin gözü qarşısında açıq hədəfə çevrilirsən. Nə qədər ehtiyatlı, çevik, hiyləgər olmalısan ki, diqqət çəkməyəsən, düşmənin gözündən yayına biləsən.

Qaranlıq qatılaşırdı. Ermənilər tərəfdə elə də hərəkətlilik duyulmurdu. Azərbaycanlıların hücüm edə biləcəyi ermənilərin ağlına gəlmirdi deyəsən. Ohanyan səddinə çox güvənirdilər. Əmin idilər ki, minalanmış sahələrdən keçərkən kiçik bir ehtiyatsızlıqdan partlayış olacaq, onlar da dərhal gələnləri gülləbaran edib öldürəcəklər. Ona görə də arxayınlıqla postlarında mürgü vururdular. Səhərə isə hələ çox vardı.

"Kitayski postdan" başlayacaqdılar. Onlara ən yaxın post o idi. Ermənilər qarovulda dayandıqları yerin papaqlığını qırmızı kirəmit parçalarından elə düzəltmişdilər ki, uzaqdan çin evlərinin dam örtüyünü xatırladırdı. Ona görə də hər iki tərəf öz aralarında həmin yeri rus dilində "Kitayski post" adlandırırdılar. Azərbaycan ordusunda da hələ hərbi terminlərin əksəriyyəti köhnə ənənəyə görə rus dilində işlədilirdi. Biz də yazımızda bu ənənəyə əməl etmək məcburiyyətindəyik.

Gecənin tən yarısında sapyor rotasının komandiri Hüseynov astadan "hazırlaşın" dedi. Dəstənin bütün üzvləri "hazırıq!" dedilər. Avadanlıqlarını götürüb irəlilədilər. Çox qaranlıq olsa da, gedəcəkləri yeri yaxşıca öyrənmişdilər. Çalışırdılar ki, ayaqlarının altında daş qalmasın, dığırlanıb səs salmasın. Yoxsa düşmən nəsə hiss edib atəş açsa, planları pozular. Maksimum ehtiyatlı olmaq gərəkdi. Hamı qıs-qıvraq geyinmişdi.

Digər hücum qrupları da onların ardınca gedirdilər. Bir daha dəstə üzvlərini nəzərdən keçirən Hüseynov "Ya Allah" deyib dua etməyə başladı. Dəstə üzvləri də ürəklərində kəlmeyi-şəhadətlərini söyləyib tam toparlandılar. Sürünə-sürünə "Kitayski posta" yaxınlaşdılar.

Sapyorlarımız qorxmadan, ürəklə, diqqətlə, ehtiyatla işləyirdilər. Azərbaycan əsgəri bu günü çoxdan gözləyirdi. Qaranlıqda ara boşluqlardan, dərə boşluqlarından, yarğanlardan sürüşərək, pişik kimi tullanaraq yuxarı dırmaşırdılar. Lap kombriq deyən kimi: kəpənək kimi səssiz, ildırım kimi sürətli.

Onların dalınca tapşırıq alan böyük istehkamcı qrup da sabah obaşdandan tankların rahat keçməsi üçün əməliyyata başladılar. Böyük yolu onlar açmalıydılar. Ondan bir gün əvvəl komandirlər Mais Barxudarov və Bəkir Orucov əraziyə birlikdə baxış keçirib öz aralarında döyüş müşavirəsi aparmışdılar və bu ərazini hədəfləmişdilər. Bütün proseslər dəqiqliyinə qədər hesablanmışdı. Bir neçə gün qabaq tankları, digər döyüş texnikalarını yaxına gətirib elə gizlətmişdilər ki, kənardan qətiyyən hiss olunmurdu.

Rövşən arada Fuada xırda daşlar atırdı ki, ə, tez ol da, səhər açılır. Nə bitdənirsən orda.

O da yumruğunu düyünləyib hədə göndərirdi ki, qoy işimi qurtarım, gör sənin başına nə oyun açacam. Rəhmətliyin oğlu, mən burda kabab yemirəm e... Birdən ermənilər hiss edərlər, əməliyyat pozular. Sonra komandirə nə cavab verərik.. Çaşdırma məni, işləyirəm axı...

Üzeyir əlinin üstünə düşən damcıdan diksindi. Əlbəttə, yağış deyildi... Dəsmalını çıxardıb Akifin tərini sildi.

- Qorxursan?..

- Yooxx... Bir gün yaranmışam, bir gün də öləcəm... Məsuliyyətdən çəkinirəm. Birinci mən başlamışam. Hamı gəlib burdan keçəcək. Səhv olmamalıdır. Bilirsən də, bizim işdə səhv bir dəfə olur. O səhvi mən bəlkə də başqa yerdə mina axtaranda edə bilərəm. Amma bu gün burada yox. Gör neçə vaxtdır, bu günü gözləyirik.

Lələtəpə yüksəkliyi olduqca mühüm post idi. Ordan baxanda strateji baxımdan Füzulinin qalan bütün ərazisini, sonra Beyləqanı, hətta İmişlinin konturlarını görmək olurdu. Elə möhkəm istehkamlar tikmişdilər ki, onları keçib Lələtəpəyə qalxmaq ağıla gəlməz idi. Erməni əsgərlərinin işi formal olaraq keşik çəkdikləri ərazidə var-gəl etmək idi. Yəni azərbaycanlılar baxanda görsünlər ki, postda kimsə var. Həm də öz komandirləri də arxayın olsunlar.

"Kitayski post"da iki erməni əsgər keşik çəkirdilər. Hərdənbir də qarşı-qarşıya gəlib yerlərini dəyişirdilər.

- Növbəti yerdəyişmə eliyəndə hücuma keçəcəyik. Onda fikirləri yayğın olacaq. - Kəşfiyyat qrupunun rəhbəri Ağayev üzünü gizir Rüstəmova tutdu: - Uzaqdakı sənindir.

Rüstəmov başa düşdü. İti bıçağını əlində tarazladı. Rauf və Səlim üzünü çevirib geri dönən erməni əsgərinin üstünə şığıyıb onu yerə yıxdılar, nəfəsini çıxmağa qoymadılar. Süpürləşməni duyan o biri əsgər silahını tarazlayıb atəş açmaq istəyəndə Rüstəmovun bıçağı köksünə sancıldı. Sıçrayaraq diz üstə çökən ermənini səsini çıxarmasın deyə dərhal ağzını qapadılar, Rüstəmov bıçağı daha da dərinə soxdu.

İlk həmlə uğurla başa çatdı. Artıq-əskik səs-küy olmadığından hər şey əvvəlki kimi idi. Sanki bu kiçik basqı olmamışdı.

Ağayev məlumat vermək üçün ağzını ratsıyaya tutdu. Rauf tez yaxına gəlib astadan pıçıldadı.

- Cənab komandir, belə deyin. "Çin bizdədir!" Postun adını rus dilində desəniz, duyuq düşərlər.

Ağayev duruxdu. Hərbi qayda var. Əməliyyat zarafat yeri deyil. Hər şey dəqiq və konkret olmalıdır...

Amma Şair də düz deyir...

Yaxşı, Şair deyən kimi olsun. Başa düşməsələr, hamının bildiyi adla deyər.

Kombriq kapitan Ağayevin siqnalını görən kimi səbirsizcəsinə: - Bəli, bəli, eşidirəm, - dedi.

- Çin bizdədir...

Komandirin başa düşməkdə çətinlik çəkdiyini səngərdəkilərin hamısı hiss etdi. Açıq-aşkar tövşüyürdü. Həyəcandan da ola bilərdi. Nəyisə götür-qoy edirdi. Açıq danışa bilmirdi, sual verib nəyisə aydınlaşdırmaq da istəmirdi... Nəhayət səs gəldi.

- Şair səninlədir.

- Bəli!

- Onun ağzı ilə danışırsan?

- Bəli

- Deməli hər şey qaydasındadır.

- Elədi ki, var!

- Elədirsə uğurlar!

Hər şey plan üzrə gedirdi.Postlar bir-birinin ardınca götürülürdü. Uzun müddtli müşahidələr bəhrəsini verirdi.Azərbaycan əsgərləri əlləri ilə qoyublarmış kimi bütün cığırları və keçidləri uğurla adlayaraq götürürdülər. Düşməni qəfil yaxalayıb axırlarına çıxırdılar. O qədər sürətlə işləyirdilər ki, düşmənlər əl də tərpədə bilmirdilər.

Lələtəpənin ətəyindəki beş postun mərkəzi dördüncü post idi. Danışığı onlar da tutdular. Yaşlı bir erməni döyüşçü əlini-əlinə vurub şaqqanaq çəkdi.

- Ara, bu azarbaycanlılar deyəsən qırılıb qurtarıblar. İndi də cinlərlə oturub dururlar. Ay sizin... - söyüş söydü.

- İçək qəhrəman, igid erməni əsgərlərinin sağlığına. Dünyanın bütün cin-şeytanları da gəlsələr, bizə bata bilməzlər.

Başçıları polkovnik-leytenant Maksim Qriqoryan dolu stəkanı başına çəkdi. "Vahh!" eləyib silkələndi, atılıb düşdü. Sosiskanı ortadan bölüb gəvələdi. Yeyə-yeyə də yenə "vahh! vahh" eləyirdi. Deyəsən içi çox yanırdı. Özünü göstərmək istəmişdi, amma tut arağı onu əməllicə xıxırtmışdı.

Yan-yörəsindəkilər də tut arağını başlarına çəkib pufuldaya-pufuldaya əllərini yeməyə uzadırdılar ki, ikinci raportu da eşitdilər: - İkinci Cin də bizdədir!

Yenə ştabı qəhqəhə bürüdü. Bir neçəsi özündən getdi. Bayaqki erməni təntənəli şəkildə bəyan etdi:

- Sabah şəxsən özüm generaldan xahiş edəcəm ki, mənə təkbaşına icazə versin, gedim Horadizi götürüm. Mənim o Mubarızdan nəyim əskikdir. Bu azarbaycanlılar nə günə qaldılar, ara adamları yoxdur, qırılıb qurtarıblar. Sizi inandırıram ki, cinlər bizim hücumu görsələr, qorxularından onlar da avtomatlarını azarbaycanlılara tuşlayacaqlar. Sağ qalmaq üçün cəsur erməni əsgərlərinə tabe olub müsəlmanların qanını axıdacaqlar. Görərsiniz.

Səhər saat 04.25-də hamı eyni zamanda səngərə çatmışdı.

Mərkəzi postda da işlər düz gətirmədi. Səngərin divarına sıyıb qayıdan orta yaşlı erməni azərbaycanlı əsgərləri görüb bağıra-bağıra posta təpildi:

- Türklər ağzımızın içindədirlər.

Əsgərlər mövqe tutduqları yerdən postu gülləbəran etdilər. Amma çox güclü müqavimət gördülər. "Deyəsən çətin olacaq". Ermənilərin mövqeyi möhkəm idi.

Mayor Elnur Əliyev:

- Uşaqlar, gəlin, elliklə posta girək, - dedi.

Hamı bir nəfər kimi irəli atıldı. Birdən dəstənin qabağına bir qumbara düşdü. Dəstə üzvlərinə heç nə olmasın deyə Elnur özünü qumbaranın üstünə atdı. Dalğadan hərə bir tərəfə düşdü. Hamının göz yaşı içinə axdı.

Elə bu an komandirin səsi gəldi. - Raportu niyə gecikdirisən?

Rota komandiri vəziyyəti olduğu kimi dedi:

- Cənab komandir, yaman dirəniş göstərirlər, həm də çoxdular... Elnur Əliyev həlak oldu...

... hiss olundu ki, kombriq sarsıldı. Uzun pauza verdi...

Eşitdikləri sözə əsgərlər inanmadılar.

- Bir az dözün, özüm gəlirəm!

Maksim Qriqoyan durmadan döyüşçülərini ruhlandırırdı. - Qorxmayın!İndi bizimkilər köməyə gəlib bunların anasını ağladacaqlar!

Ən müxtəlif yerlərdən atəş açılırdı. Ermənilər daldalandıqları yerə yaxşı bələd idilər. Həm də sayca çox idilər. İçəri girmək mümkün deyildi. Heç yaxına getmək də müşkül idi. Onlar ştabın ağzındakıları yaxşı görürdülər. Azərbaycan əsgərləri isə qaranlıq ştabda onları görmürdülər.

Üzeyirlə Rövşən nisbətən irəlidə idi. Çəmləyib qapısı dəmir torla örtülmüş kazarmaya iki qumbara atdılar. İkisi də tora dəyib bir az geri düşdü. Toz-duman hər yeri bürüdü. Hiyləgər Qriqoryan kazarmanın ağzına çıxıb yaxında olan əsgərləri axtarırdı. Birdən Üzeyiri gördü. Üzeyir çökəyin içində gizlənmişdi. Qriqoryan avtomatı qaldırıb onun sinəsini nişan aldı. Bayaq atılan qumbaranın əsgərlərin hamısını öldürdüyünü zənn etdiyindən çox arxayın olmuşdu. Sağ qalmayacağını hiss edən Üzeyir bir anın içində var gücünü toparlayıb yuxarı dikəldi. Avtomat güllələri onun qasığını tutdu.

- Rövşən, məni vurdular!

Rövşən yaxındaydı. Üzeyirə atəş açanı gördü. Havaya uçub darağı boşaltdı. Qriqoryan onu görmədiyindən bir az boşalmışdı. Tut arağının da təsiri olmamış deyildi. Başına dəyən güllələrdən ləngərlədi. Ağzı üstə yerə sərildi. Son dəfə tətiyi çəkdi. Güllələr səngərin divarlarına girdi.

Elə bu an kombriq Barxxudarov iki əsgərlə yetişdi. Səngərdəkilər aslana döndülər. Aydın məsələdir, əsgər istəyir ki, komandirinin yanında nəsə bir şücaət göstərsin, onun gözünə girsin. Ən böyük mükafat komandirindən xoş söz eşitmək deyilmi?

Barxudarovla gələn qrantomyotçu dəmir toru vurub dağıtdı. İçəridə vay-nəfsə qopdu Kombrıq əmir etdi:

- Ən azı bir nəfəri diri tutmalıyıq, həm diqqətli olun, həm də ehtiyyatlı.

Horadizi götürmək istəyən erməninin yalvarışları eşidildi.

- Ara, bizim nə günahımız. Biz özümüz gəlməmişik ki. Bizi gətiriblər. Yazığınız gəlsin! Bax, silahımızı qoyub çıxırıq.

Kombrıq "əl saxlayın!" işarəsi verib dedi:

- Çıxın! Dəyməyəcəyik.

- Sonra Rövşən dönüb: - "İçərini yaxşı-yaxşı yoxla!" - dedi.

* * *

Döyüşün üçüncü günü günüydü. Ermənilər Lələtəpəni qoyub xeyli uzaqlara qaçmışdılar. Çox zəif müqavimət göstərirdilər. Buna səbəb həm də oydu ki, Ağamirin cəsur artılleriyası döyüş zamanı ermənilərin on bir tankını vurub onları sözün əsl mənasında sarsıtmışdılar. Heç cür başa düşə bilmirdilər ki, Azərbaycan əsgərləri bu qədər dəqiqliklə onların axırına necə çıxa bilərlər. Ona görə də açıq-aşkar döyüşdən imtina edib sağ qalanlar da tankdan çıxıb pərakəndə halda qaçmağa başladılar. Komandirləri əsgərlərini saxlaya bilmirdilər. Onların sırasında indi mülki adamlar daha çox gözə dəyirdi. Deyəsən tələm-tələsik ətrafda yaşayan erməni rayonlarından yığıb gətirmişdilər. Onların da naşılıqları o saat görünürdü. Döyüşə girən kimi gülləyə tuş gəlirdilər. Hiss olunurdu ki, zorla gətiriliblər. Ölərkən onları gətirənlərin ünvanına söyüş söyürdülər. Narazılıqları çöllərə səpilmiş qurumuş meyitlərin sifətində də ifadə olunurdu.

Ratsiya ilə xəbər verdilər ki, vuruşmanın lap önündə mayor Səməd Nəsibov, bütün polkun sevimlisi Ruhin Piriyev və bir gizir atılan mərmilərdən həlak olmuşlar. Düşmən onların meyidini götürməyə imkan vermir. Bəlkə də özləri götürmək istəyirlər. Kəşfiyyat qrupunun baş leytenantı Elşən: - Mən gedib onları gətirərəm! - dedi.

Hamı ümidlə, həm də nigarançılıqla ona baxdı. Meyidlər güllə selinin altındaydı. Bəlkə, doğrudan da, kimsə sağ idi. Ermənilərin canfəşanlığı bununla da bağlı ola bilərdi... Komandir Mirzəyev Elşənə və onun qrupuna xeyir-dua verdi. - Gedin. Allaha əmanət olun.

Təcili yardım maşını ilə həmin koordinata sarı irəlilədilər. Bizimkilər də həmin istiqaməti güllə yağışına tutub düşmənin başını qatır, onları irəliləməyə qoymurdular. Ölmüş bildikləri döyüşçüləri maşına yığanda gördülər ki, Ruhin sağdır. Çatlamış dodaqlarını yalayıb: - Qardaş, Şahin, gəldiin? - dedi.

Elşən ratsıya ilə xəbər verdi ki, Ruhin ağır yaralanıb, qardaşını arzulayır. Tez Şahinin döyüşün hansı qolunda olmasını tapıb onu Lələtəpənin zirvəsinə çağırdılar. Bu işi kapitan Ağayeva tapşırdılar. O da Raufa göstəriş verdi.

Geri qayıdanda Elşən sürücüyə bərk-bərk tapşırdı. - Çalış, cığırdan çıxma, bu yolu bizim sapyorlar yoxlayıb, təmizdir, bir az asta sür, həyəcanlanma.

Mərmilər təcili yardım maşınının gah sağına, gah soluna, gah önünə, gah da arxasına düşürdü. Yaxında partlayan növbəti mərmi maşını bərk tutdu. Sürücü nə qədər etdisə də, müvazinəti saxlaya bilmədi. Qrup üzvləri də, yaralılar da, meyidlər də hərə bir tərəfə düşdü. Təcili yardım maşınının qabaq hissəsi dağıldı. Möcüzə baş vermişdi. Heç kim ciddi xəsarət almamışdı. Prosesi diqqətlə izləyən Mirzəyev yeni maşın göndərdi. Sürücü heç nəyə baxmayaraq təpələri aşaraq gəlirdi. Resorun qırılmasının, dağılmasının hayında deyildi. Elşən sol ayağını çəkə bilmirdi, yara təzə olduğundan axsaya-axsaya onlara tərəf gələn maşına tərəf yeriyirdi.

- Yaralıları götürün!

Hamını bir yerə toplayıb təhlükəli zonadan uzaqlaşdı.

Ayağından axan qan dayanmırdı. Remenini çıxarıb bərk-bərk sıxdı.

Xoşbəxtlikdən, Elşənin sümüyünə bir şey olmamışdı. Baldırı dağılmışdı. Həkim tez sarıyıb qanaxmanın qabağını saxladı.

Lap yaxından Raufun - Şairin səsi gəlirdi.

Dəlilərim, bu gün dava günüdü,

Müxənnət ölkəsi talanmaq gərək!

Qoç iyidlər yarasından bəllənər,

Şərbət tək qanını yalanmaq gərək!

Koroğlu içəndə düşmən qanını,

Mərd meydanda nərəsindən tanını,

Qırın vəzirini, tutun xanını,

Leş-leşin üstünə qalanmaq gərək!

Şahin Şairin sözlərindən lap vəcdə gəldi. O da ürəkdən "Leş-leşin üstünə qalanmaq gərək" deyərək nərə çəkdi. Ermənilər tez aradan çıxa bilsinlər deyə texnikalarını, silahlarını da atıb qaçırdılar, təki ələ keçməsinlər.

Raufun boğuq səsi gəldi.

- Şahin! Qardaşın yaralanıb. Bəlkə aşağı aparmaq lazım gəldi. Yanında olsan yaxşıdı.

Şahin deyilənləri adi söz kimi qarşıladı. Bu saat ilk ağla gələn söz yaralanmaq idi. Müharibədir dəə... Hamı yaralanır. Yaralanmaq yaxşıdır, təki ölmək olmasın. Şairin də üz-gözü qan içindəydi. Alnında, sifətində, boynunda sıyrıntılar vardı. "Əşşi, yəqin adi şeydir. Vaxt itirməyə dəyməz." Bağıra-bağıra irəli yüyürdü:

- Heç bu ləzzəti yarımçıq qoyallar?

Şahin güllə yağışının altında rəqs edirmiş kimi atıla-atıla gah sağ, gah da sol tərəfdəki çökəklərə girərək düşmənin düz üstünə yeriyirdi. Rauf onu döyüşdən aralaya bilməyəcəyini anlayıb axır sözünü dedi:

- Ağır yaralıdır. Səni istəyir... Deyir, sözüm var.

Söz elə bil indi çatdı. Şahinin əli tətikdə dondu. Şair üzünü çevirib irəli cumdu, xeyli aralandı. Yenə "Koroğlu"dan şer deyirdi.

Hoydu, dəlilərim hoydu,

Yeriyin meydan üstünə!

Havadakı şahin kimi,

Tökülün al qan üstünə!

"Görəsən qardaşı nə demək istəyir. Yəni belə ağır yaralıdı?"

Cəmirtkənliklərin arasıyla geri sürünürdü. Arxa cəbhədəkilər yaralıları daşıyırdılar. Cəld və tədbirli tərpənirdilər. Çovutma güllədən savayı onları heç nə tutmazdı. Düşmənin başı qaçmağa qarışmışdı. Ermənilər canlarının hayındaydılar.

... Ruhin döyüşdən 3 ay əvvəl kurs keçmişdi. Bədəncə arıq uşaq idi. Qardaşı Şahin zarafatla deyirdi ki, ə, sən Allah, ondan muğayat olun, bərk külək əssə, götürüb aparacaq, əldə-ayaqda itəcək.

Şahinin belə deməyinə baxmayaraq Ruhin çox zirək və əldən itiydi. Göz yumub açınca avtomatı açıb yığırdı. Hətta zabitlər belə onun kimi sürətli deyildi. Belə arıq uşaq 80-90 dəfə jim edirdi, 40-50 dəfə turnikdə dartınırdı. Söz tapa bilməyənlər bunu onun çəkisinin azlığı ilə bağlayırdılar. Ruhin gülümsəyib bircə bunu deyirdi: - Yaxşı, avtomatı söküb yığmağım nəylə əlaqədardı?

Ancaq Ruhin kursu birinci bitirdi. Çox özündən deyən oğlanlardan fərqli olaraq hərbi normativləri artıqlaması ilə yerinə yetirdi. Döyüş tapşırıqlarını sürətlə və uğurla yerinə yetirməkdə ona çatan olmadı.Şahin bu dəfə də zarafatdan qalmadı:

- Sən ölmüyəsən, deyəsən qardaşımı yaxşı tanımamışam.

Ruhin erməni əsgərlərini ot kimi biçirdi. Düşmən özü məəttəl qalmışdı ki, atılan güllələr ondan necə yan keçir. Gözlərinin qabağında olan onları öldürür, onlar isə heç nə edə bilmirlər. Axırda sözləşib onu qumbara ilə öldürməyi qərar alırlar. Ruhinə üç qumbara atırlar. Biri ayaqlarının altına düşür. Qəlpələr bütün bədəninə dolur. Yıxıla-yıxıla da olsa yenə atəş açır, ona yaxınlaşıb hər ehtimala qarşı əsir götürmək istəyənləri sözün əsl mənasında biçib tökürdü.

Şahini görən kimi əl elədilər. Onu haylayanların üzlərindəki təlaşı görüb götürüldü. Ruhinə yaxınlaşanda onu qan içində gördü. Bütün varlığı sarsıldı. - "Qardaş, qardaş! - deyib onun başını qucaqladı. Gözündən sel kimi yaş axmağa başladı. - Qardaş! - deyib bir də haray çəkdi. Bərk-bərk bağrına basdı.

- Yavaş, ağrıdır... - Ruhin inildədi. Şahinin dərhal qolları boşaldı.

- Necə oldu?... - "yaralandın" sözünü demədi. Artıq idi...

- Böyrümdə qumbara partladı. Elə bil məni götürüb... göydən yerə çırpdılar.

Döyüş uzaqlardaydı, Nüzyar kəndinə doğru düzəngahlarda arxa cəbhədəkilər əyilib eləmədən yaralıları daşıyırdılar. Nəhayət onlara da yaxınlaşdılar. Şahinin də köməyi ilə Ruhini xərəyə qoydular. Sürətlə aşağı, avtomobillərin yanına qaçdılar. Şahin qardaşının başı üstündən aralanmadı: - Mən də gedirəm!

Tibbi personaldan heç kim dinmədi...

Əhmədbəyli hospitalında qəlpələrin çoxunu çıxarıb,yaralarını sarıyıb, Ruhini bir az özünə gətirmişdilər. Havası çatmırmış kimi dərindən nəfəs alıb kəlmə-kəlmə danışırdı. Şahinin əlini buraxmırdı. Şahinin israrlı xahişindən sonra həkimlər beş dəqiqəliyə icazə vermişdilər.

- Qardaş, ölsəm...

Şahin tələsik onun sözünü kəsdi. - Allah eləməsin, elə danışma. Atamız, anamız bizi gözləyir...

-İçim doğranır, deyəsən gedəcəm.

- Bəsdi taaa...

- Qardaş, - Şahin diqqətini cəmlədi - Həsən müəllimin qızı vardı haa... Gülnarə...mən onu sevirdim. Özünə də demişdim. Amma... sözümü eşidəndə, nədənsə özünü aldırmadı... Qaşını çatıb fikrə getdi.Bəlkə də qabaqdan adamlar gəlirdi... ona görə... Deyərsən, onun həsrətilə getdim bu dünyadan.

Şahin sonralar da dəfələrlə öz-özünə sual verirdi ki, temperaturu normal, bəlkə də hələ isti olan otaqda o necə dondu, bədəni necə suya döndü, əli-ayağı keyidi...

Şahin özü əsgərliyə gəlməmiş kəndsayağı Gülnarəylə əhdi-peyman bağlamışdılar. - Sağ-salamat qayıt, gəl - əsas budur! Sözümüz sözdür - qız demişdi.

Ruhin necə dedi: "deyəsən özünü aldırmadı".

"Can qardaş, qəlbini qırmayıb, o məni sevir axı."

Şahinin qaxaca dönmüş cəsədini sürüyüb palatadan çıxartdılar. Çünki heç nə eşitmirdi, anlamırdı, qup-quru qurumuşdu. Maşına mindirib xidmət etdiyi hərbi hissəyə göndərdilər. Hər ehtimala qarşı yanına bir nəfər də mindirdilər. Həkim həmin adama nə isə pıçıldadı. Fərqinə varmadı. Çox-çox sonralar xatırladı.

Şahin anlamaq, eşitmək halında deyildi.

* * *

Əsgər yoldaşları onu təmtəraqla qarşıladılar. Orden vermişdilər. Komandirdən icazə alıb "cızı keçməmək şərti ilə" xudmani məclis də düzəltmişdilər. Fikri qardaşının yanında, onun dediyi sözdə idi. Sağ qalan dostları - əksəriyyəti yaralı idi, demək olar ki, hamı sarğıda idi - şadyanalıq edirdilər, əsgərlər qürurdan, qələbədən içməmiş sərxoş idilər. İlk qədəhlər, ürəkləri bizimlə olan, mübarək bədənləri Vətən torpaqğının altında olanların sağlığına qaldırıldı. Tam səssizlik içində son damlaya qədər içdilər.

Rauf: - Allah rəhmət eləsin!... - dedi. Hamı təkrar etdi. Oturdular.

Şahinin fikirliliyi hamının diqqətini çəkirdi. Əlbəttə, qardaşına görəydi... Bircə Şahin bilirdi ürəyini göynədən nədir. Kimsə böyürdən: - Çörəyini ye, Allah elə oğula qıymaz, - deyə ürək-dirək verirdi.

"Allah, bu necə olub mən bilməmişəm? Sabah əsgərliyimizi başa vurub evə qayıdanda məsələ açılsa, neynəyəcəm, nə deyəcəm?"

* * *

Döyüşlər sənqimişdi. Adda-budda atəş səsləri eşidilirdi. Düşmən darmadağın olub geri çəkilmişdi. Hamıda böyük ruh yüksəkliyi vardı. Azərbaycanın hər yerindən tökülüb Lələtəpəyə gəlirdilər. Xalq bəxtəvər idi. Onun igid oğulları düşmənin daşını daş üstə qoymamışdı. Qurbanlar kəsilir, şairlər qəhrəman əsgərlərmizi öyür, müğənnilər şən mahnılar oxuyurdular. Böyük bir el bayramı yaşanırdı. Sahilsiz sevinc insanları, əsgərləri, yarğanları, dərələri, təpələri, bütün Lələtəpəni qoynuna almışdı. Hamı xoşbəxtliyin, sevincin zirvəsindəydi. Bircə Şahindən savayı.

Aprelin 7-də səhər idmanından sonra taqım komandirinin onu çağırdığını söylədilər. Özünü qaydaya salıb ştaba yollandı. Nöbətçiyə: - Xəbər verin ki, cavuş Piriyev əmrinizlə gəlib! - deyib gözləməyə başladı.

Uzun çəkmədi. Komandir dərhal qəbul etdi. Ata kimi qollarını açıb onu bağrına basdı. Nəyə görəsə gözləri nəmləndi. - Həyatdır. Döyüşün öz qayda-qanunları var Bunu sənə izah etmək artıqdır. Sən də, qardaşın da ordenə təqdim olunmusunuz. Kişi kimi vuruşdunuz. Deməli belə... Məsləhət olub ki, qardaşının müalicəsi evdə davam eləsin. İndi onlar xəstəxanadan çıxırlar. Sən də hazırlaş, dal-qabaq çıxın. Sənə 10 günlük məzuniyyət verirəm. Onsuz da xidmət müddətin bitmək üzrədir. Qalanını özün bilərsən. Qayıtsan, göz üstə yerin var. Sənin kimi təcrübəli döyüşçülərə ehtiyacımız var.

Şahinin fikri bir az avazıdı. Əsgərliyə gələndən evlərinə getməmişdilər. Dünən qardaşını görməyə də icazə verməmişdilər - reanimasiyadadır, - demişdilər. ­­­­Lap yaxşı, qoy evdə əməlli müalicə olunsun!

Hərbi hissənin sürücüsu böyründə peyda oldu. -Xəstəxananın təcili yardımı yola düşüb. Biz də çıxmalıyıq.

Şahin cəld yır-yığış eləyib "Villisə" oturdu. Lələtəpənin ətəklərindən dolama-dolaşıq yollarla şütüyüb asvalta, çıxdılar.

Hər yerdə yazın xoş nəfəsi duyulurdu. Çöllər çiçək açmışdı. Meyvə ağaclarının çoxu tumurcuqlamışdı. Çöl-bayır əməlli-başlı dirilirdi. Hər yan gözəlləşirdi. Yaşamaq, var olmaq böyük nemət idi. Bircə qardaşı da ayağa dursaydı.

Sürücü ona edilən zəngləri ağızucu cavablandırırdı. Hərdənbir də keçdikləri yerin adlarını çəkirdi. Bircə dəfə Beyləqandan çıxanda: - Bəli, cənab komandir! - deyib sonra "bəli,xeyirlə" cavab verdi. Axırda: - Cənab komandir sənə salam göndərdi. Necə vuruşduğunu bir daha xatırladı. Dedi həmişə elə mərd, mətin olsun.

Şahin təşəkkür edib fikrə getdi. İmişliyə girmişdilər. Eyni mənzərəydi. Çöldə traktorlar işləyirdi. Səpin başlamışdı. Camaat əkin-biçin hayındaydı.

Sahin soruşdu:

- Bəs dal-qabaq gedəcəkdik. Ruhingilin maşını harda qaldı?

- Təcili yardımla gedirlər. Bizdən qabaqdadırlar.

- Sür çataq dəə...

- Az qalmışıq.

Bəhrəmtəpədə qoşalaşdılar. - Bəlkə düşüb qaqaşıma bir baş çəkim... - Şahin zəif səslə dilləndi.

- Onsuz da az qalmışıq. Budu buradı - Biləsuvar - sürücü mızıldandı.

Şahin sözü çevirmədi. Düz deyirdi.

* * *

Onların evi İmişli-Biləsuvar yolunun üstündəki II Cadır şəhərciyində lap axırıncı cərgədəki küçədəydi. Küçənin adı yox idi. Ümumiyyətlə, cadır şəhərciklərində küçələrin adları olmur. Yer tanınmış bir şəxsin ya da ailənin yaşadığı evin sağı-solu, ya da aşağısı-yuxarısı deyə səmtlərlə tanınırdı.

Şahin evlərinə burulan yola yenicə girmişdi. Adamlar ikibir-üçbir cadır şəhərciyinin yuxarısına diklənirdilər. Elə də fərqinə varmadı. Adamlardı daa... dukana, bazara, hökümət idarələrinə gedirlər... yəqin.

Bir az da getdikdən sonra adamların daha da çoxaldığını, bayraqlarımızı gördü. "Bu nədir, mitinq?" Amma şüar-filan deyən yox idi, adamlar təmkinli, qayğılı görünürdülər. Evlərinə yaxınlaşanda adamların sıxlığından mindiyi maşın birayaq-birayaq irəliləməyə başladı. Təcili yardım maşınına camaat yol açırdı. Onların avtomobilinə etina edən yox idi.

Birdən qulağına ağlaşma səsi gəldi. Hövlləndi. "Noolub axı?" Hesabla belə olmalı deyildi. Sağ-salamat geri qayıdıb. Qardaşı yaralı olsa da, o da evlərinə gəlib. Adamlar niyə belə hüznlüdürlər?

Birdən kimsə onu maşının şüşəsindən gördü. Bir-birlərinə göstərib heyrətlə nəsə deyirdilər. Bir arvad əlini üzünə atdı. (Sonra ona dedilər ki, sakitcənə maşında oturub adamlara baxmağın camaatı çaşdırıb. Onlar bilmirlərmiş ki, sənin hadisədən xəbərin yoxdur) Onun da mindiyi maşına yol açıb evlərinə tez yetişməsini təmin etdilər.

Evlərinin qabağında ilk gördüyü Ruhinin komandiri oldu. Sonra məktəbli olduqları bilinən gənclərin əlində Ruhinin şəkilləri... İcra Başçısı, ətrafında yəqin ki, rayonun rəhbər işçiləri... hamısı kostyumda, qalstukda, tanımadığı hərbçi-polkovnik... (voenkomat idi).

...Anasının, bacılarının səsini indicə tanıdı. Bunlar axı niyə ağlayırlar?

Qaçqın şəhərciyi Şahinə tanış və dogma idi. O da digər yaşıdları kimi cadır şəhərciyində doğulmuşdu. Burda məktəbə getmişdi, böyümüşdü, Gülnarə ilə əhd-peyman bağlamışdı... Əsgərliyə yollanmışdı...

Ona fikir verən yox idi. Adamların başı təcili yardımdan endirilən... nə?! Bu tabut kimindir. Bu ki, onlardan əvvəl gələn təcili yardım maşını idi. O maşında yaralı Ruhin gəlirdi... evdə müalicə olunmaq üçün... Allah!..

Anasının sifətindən qan damcılayırdı. Elə bacıları da anaları günündəydi. Əmisi arvadları, dayısı arvadları - bütün qohum-əqrəba eyni vəziyyətdəydilər. Anası ağa bükülmüş meyidin başını qucaqlayıb elə hey deyirdi: - İlahi, belədirsə də canı cannan dəyiş, hər şey sənin əlindədir. Bu saat mənim canımı al, balamı dirilt. Bəs deyirdilər yaralanıb?

Anasını sakitləşdirməyə çalışırdılar. Arvad özünü öldürürdü. Kimsəyə yaxa əl vermirdi. Yerə-göyə üsyan edirdi. Sözü elə bu idi: - Canı cannan dəyiş, pərvərdigara. Axı sənin əlində bu nə çətin bir işdir ki...

Şahin donub qalmışdı. Axı komandir onu çox ürəklə, inamla, ümidlə qəbul edib göndərmişdi. Bu necə oldu? Yəni yolda keçindi?

Keyimiş addımlarla yığnağa yaxınlaşdı. O yığnağa ki, anası, bacıları özlərini al qanlarına qəltan eləmişdilər. Birdən kimsə onu gördü: - Şahin, Şahin, Şahin!...

Hamı dondu. Bu nədir? Qardaşın biri sağdır. Şükür. Qardaşının meyidini Şahin gətirib? Niyə xəbər verməyib?

Anası gördüyü mənzərədən heç nə anlamayıb qəşş elədi. Qonşu arvadları onu tutdular. İki daşın arasında deyəsən gözaydınlığı verirdilər.

- Aazz, gözlərin aydın, Şahin sağ-salamat gəlib. Ay qız, özünü öldürmə. Qurban olduğumuz birini öz rəhminə bağışlayıb.

Bir gözü ağlar, bir gözü gülər ana heysiz addımlarla "Şahin, Şahin" deyərək böyük oğluna sarı addımladı. Təzədən bayıldı... Bacıları Şahinə sarıldılar. Bilmirdilər ağlasınlar, yoxsa sevinsinlər.

Ruhinin meyidini təzədən maşına qoyub cəbrayıllıların Azərbaycanın daha bir rayonunda salınmış qəbiristanlığına apardılar. Arvadları qəbiristanlığa getməyə qoymadılar... Adət belədir.

Matəm mitinqini İcra Hakimiyyəti Başçısı açdı. O, Vətənin məhz Ruhin kimi şəhid oğulların çiynində ucaldığını vurğuladı. Azərbaycan Ordusunun polkovniki Abdulla Qurbanı Ruhinin bütün gəncliyə nümunə olmasını xüsusi olaraq qeyd. Oxuduğu məktəbin direktoru onu çalışqan, tərbiyəli, dərrakəli bir şagird kimi həmişə xatırlayacaqlarını söylədi. Qonşuları Habil kişi onu məhlədə ən sakit, ədəbli, böyük-kiçik yeri bilən cavan kimi qiymətləndirdi: - Elə olurdu bir gündə üç dəfə cadırın ayağındakı dukana göndərirdim. Bir dəfə də üzümə qayıtmazdı ki, əşi, alacaqlarını bir dəfəlik yaz bir kağıza daa...

Ənənəvi çıxışlar idi. Ən qəribəsi isə buydu ki, deyilənlərin hamısı düz idi. Ruhin həqiqətən bu keyfiyyətlərə malik insan idi. O özünü həqiqətən belə tanıtmışdı.

* * *

Qəbirstanlıqdan geri qayıdanda əmisi, dayısı qoluna girib ona görə Allaha şükürlər edirdilər ki, nə yaxşı o sağ-salamat qalıb. Allahın Əşrəfə yazığı gəlib.

"Bay?! Atam hanı bəs?"

Atasının adını eşidən kimi Şahin döyükdü. Axın-axın yeriyən insanlara boylandı. Niyə indiyənəcən görünmədiyini soruşmaq istədi. Rayon İcra Hakimiyyəti Başçısının başsağlığı yaddaşını dondurdu. Digər rəhbər işçilər də təəssüfləndiklərini bildirdilər. Rayonun belə bir igid oğlunu itirməsinə çox üzüldüklərini söylədilər.

Rayon aktivi maşınlarına minib hüzr yerini tərk etdilər.

Evlərinə yaxınlaşmışdılar. Camaat yas mağarı qururdu. İcra Hakimiyyəti yasın bütün ehtiyatını göndərmişdi. Başı başsağlıqlarından avazıyan Şahin kiçik əmisindən soruşdu.

- Atam hanı bə?

- Dünən sizin dalınızca Lələtəpəyə getdi.

- Nə?.. Onu ora buraxmazdılar axı?

- Nə bilim?..

Eləydi. Oğlanlarından nigaran qalan Əşrəf kişi köhnə "Jiquli"sini minib cəbhə bölgəsinə yollanmışdı. Müharibə bitmişdi. Oğlanlarından bir xəbər yox idi. Heç birinin telefonu cavab vermirdi. Nigaran ata canını saran şübhələri avazıtmaq üçün Lələtəpəyə getməyi qərara aldı. Onlanlarının ikisi də Lələtəpə ətrafındakı hərbi hissələrdə qulluq edirdilər. "Niyə xəbər-ətər yoxdur?"

Füzulidə qarşılarını kəsib döyüş bölgəsinə yaxınlaşmağa qoymamışdılar. Təkcə Əşrəf kişi deyildi, ətraf rayonlardan, Bakıdan, Sumqayıtdan da yüzlərlə insan, xüsusən gənclər Lələtəpəyə - döyüş bölgəsinə can atırdılar. Polislərlə əməlli-başlı mübahisə edir, hətta əlbəyaxa olur, onları buraxmalarını təkid edirdilər. Polislərin öhdəsindən gələ bilməyəcəklərini görüb ehtiyat ordu hissələrindən dəvət etdilər. Onlar polislərin arxasında sep yaratdılar. Yalnız bundan sonra gənclər sakitləşdilər. Digər adamlar da, necə deyərlər, qanun-qaydaya tabe oldular. Amma yenə deyinənlər, narazı qalanlar çoxdu və heç kim geri durmaq istəmirdi.

Cadır şəhərciyində hamı başa düşürdü ki, yas təzədən bir də başlayacaq. İkinci müsibət qalmışdı Əşrəf kişinin Füzulidən qayıtmağına. İndi bu xəbəri ona kim verməliydi? Əşrəfin qardaşlarından heç biri boynuna götürmədi. Dayıları da "biz bir köynək geriyik, elə ağır yükün altına girə bilmərik" dedilər.

Ümid məktəb direktoru Cəlal müəllimə qaldı. O da boynundan atanda yer-yerdən üstünə düşdülər ki, elin ağsaqqalısan, bu işi sən görmüyüb kim görəcək? Vaxtikən, zəng elə, gətirtdir. Axşama da olsa gəlsin, təzədən mərəkə açmayaq.

Cəlal müəllim candərdi razılaşdı. "Həmişə belə ağır işləri mənim üstümə atırsınız". Amma camaatın təzyiqi ilə artıq Əşrəf kişinin nömrəsini yığmışdı.

- Ə, hardasan, uşaqların gəlib evinə, sən yoxsan.

Əşrəf ona inanmadı.

- Ə, məni dolama. Yoxsa bir şey olub.

- Noolajax, Allaha şükür! Budey, Şahin də yanımdadır.

- Onda telefonu ver ona görüm.

Şahin özünü toplayıb telefonu qulağına tutdu. Az qaldı telefon əlindən düşsün. Atasının nigaran və xırıltılı səsini eşitdi.

- Ata...

- Can ata! Şahin, sənsən?

- Mənəm ata. Hardasan?

- De görüm Ruhin də səninlədir?

- İkimiz də gəlmişik, ata!

Şahin qəhərləndi. Atasının qəfil, sevincək sözləri olmasaydı ağlayacaqdı. Elə bil kişini muştuluqlamışdılar.

- Onda bu saat çıxıram.

Şahin tez düyməni basıb elə hönkürdü ki, hamı təzədən yasa batdı. Bu işin sonu necə olacaqdı? Oğlu atasını aldatdı. O düzdü ki, Əşrəfin oğlanlarının ikisi də kənddədir. Amma biri torpaq altındadır. Ata gəlib o biri oğlunu görməyəndə, o müsibətə kim cavab verəcəkdi?

Cəlal müəllim fikirləşirdi ki, oğlu Şahin dedi qardaşımla birlikdə kənddəyik. Şahin də fikirləşirdi ki, deyəcəm Cəlal müəllim zəng elədi. Mən də məcbur qalıb elə dedim.

Hadisəni evdəkilər də bildilər. Arvad təzədən üzünü cırıb qoydu yerə ki, Əşrəfin ürəyi xəstədir. Ruhinin yoxluğuna dözə bilməyəcək.

- Ay camaat, sizi and verrəm Allaha, Əşrəfə dayaq durun. Qoymayın başına bir iş gəlsin.

Camaat qorxduğu ikinci müsibət elə Əşrəf gəlməmiş başladı. Ailə üzvləri bir-birinə dəydi. Qızlar təzədən saçlarını yolub qışqırışırdılar. Ağsaqqallar irəli durdular. - Əl verin, ay camaat, görmürsüz göz-görəti qırılılar?

Əslində, özü ərindən betər gündəydi. Neçə dəfə bayılıb ürəyi getmişdi. Hər dəfə də zülümlə özünə gətirirdilər. Hamının gərəyi olan - nə yaxşı ki, Allah onu verib - tibb bacısı Çəməngül neçə dənə iynə vurmuşdu, həbb atdırmışdı. Elə qızları da yaman gündəydi.

- Ay Cəlal müəllim, səni and verirəm Allaha, heç yerə getmə, buralarda ol. Elin ağsaqqalısan, səndən başqa kimimiz var.

- Burdayam, burdayam, heç yerə gedən döyüləm, - tez-tələsik dilləndi.

Adamları yas mağarına dəvət etdilər. Doğrudan da, el gücü - sel gücü. Camaat bir anın içində hər şeyi başa çatdırıb qurtarmışdı. Heç kim yığnaqdan aralanmamışdı. Faciənin ağırlığını başa düşürdülər. Hamının başına gələ bilərdi. İndi bu saat əsas məsələ Əşrəf kişini qarşılayıb onu ilkin şokdan mümkün qədər ustufca çıxarıb yola vermək idi.

Cəlal müəllim Əşrəfə deyəcəklərini ürəyindən belə keçirirdi:

- Ölüm hamı üçün yazılıb. Süleymana qalmayan dünya kimə qalacaq ki. Oğlun Vətən yolunda həlak olub. Kişi kimi! Kaş komandirinin dediklərini eşidəydim. Dövlət orden verib. Pis bir hadisənin ucbatından, ya da hansısa xəcalətli bir işə görə ölməyib ki. Vətən borcunu yerinə yetirəndə həlak olub. Toxtaq ol! Sən toxtaq ol ki, arvadın, qızların, qohum-əqrəban da özünə gəlsin. Şahin də Allaha şükür, budey, gözüyün qabağında.

* * *

Üfiqlərin qızaran, günortanın bozaran vaxtıydı? Parlaq şəfəqlərdən daha adamların gözləri qıyılmırdı. İsti də elə yandırmırdı. Araz bir az uzaqda olsa da, yeli bu aralığı tuturdu. Hündür, böyük ağaclar yox idi. Hamısı təzə tinglər idi. Altında kölgələnmək olmurdu. Səmtinə görə bəzi evlərin tinində, arxasında gündən qorunmaq olurdu. Adamlar daha çox kölgə düşən yerlərə yığılmışdılar, O yerlərdə sıxlıq idi.

Əşrəfin maşını şəhərciyə dönən yolda görünəndə camaat əl-ayağını yığdı. Yas cadırındakılar da eşiyə çıxdılar.

Əşrəf kişi yas mağarını gördükdə dalağı sancdı. "Nə çox adam var. Bunlar niyə gəliblər. Kənddən ölən var? Yas mağarı mənim evimin niyə qabağındadır?"

Başı hərləndi. Suallarına cavab tapa bilmədi. Ürəyi sıxıldı.

Bir də gördülər ki, Əşrəf kişinin maşını yolun sağını da gedir, solunu da. Cavanlar yüyürüb maşının qabağını kəsdilər. Əşrəf kişini kabinədən çıxarıb qoluna girdilər. Cəlal müəllim Şahinə çevrildi:

- Yanımda dur, oğlum. Sən daha, Allaha şükür, yekə kişisən, odun-alovun içindən çıxıbsan. Müharibə nədir, ölüm nədir - bilirsən. Əl-ələ verib görək Əşrəfi birtəhər ötüşdürə bilirikmi?

Cəlal müəllim nə qədər özünü tox tutsa da axıracan bacarmadı. İrəli yeriyib bəxti çönmüş həmkəndlisini qucaqladı.

- Dərdin alım, a Əşrəf, indi sənin oğlun kəndimizin şöhrət tacı oldu. Hamımızın başını dövlət yanında, el-oba içində uca elədi. Sən də başını uca tut. Çox şükür, Şahin salamatdı...

Əşrəf Şahini gördü. Cəlal müəllimin böyründə dayanmışdı. "Ayə, bu nə vaxt böyüyüb Cəlal müəllimi ötdü".

Şahin olduqca təmkinli, yaşından xeyli böyük görünürdü.

Əşrəf ağlına, fikrinə gələni başından atmaq üçünmü, baş verə biləcək müsibətə inanmamaq üçünmü key-key adamlara baxırdı. Elə bil dərk etmək duyğusu donmuşdu, nə illah edirdi baş verənləri anlaya bilmirdi. O da Şahin kimi Ruhinin şəklini məktəblilərin əlində görəndə diksindi. "Nə münasibətlə?" Cəlal müəllimə döndü.

- Cəlal müəllim, sən böyütdürmüsən? Bilirəm, əziz şagirdin ölüb... Zəhmət çəkmisən, özüm...

Cəlal müəllim qollarını açıb həmkəndlisini qucaqladı.

- Qardaş, Ruhin Vətən yolunda həlak olub. Şəhidlik zirvəsinə ucalıb. Görəydin, komandirləri onun haqqında nələr dedilər. Başını uca tut. O, indi hamımızın oğludur. Elin oğludur. Toxtaq ol...

Cəlal müəllim qucağındakı adamın get-gedə sustaldığını gördü. Saxlamağa gücü çatmadı. Camaat tökülüşüb hərə bir tərəfdən Əşrəf kişiyə dayaq durdular. Şahin də atasının qoluna girdi. Sonra qucağına alıb bütün ağırlığı öz üzərinə götürdü. Dostları iftixarla ona baxırdılar. Əməlli-başlı kişiləşmişdi. Dik durmuşdu. Heç bir ağırlıq hiss etmirdi. Atasının tanış qoxusu Şahini az qala bayıldırdı. "Can, ata! Sənə mən Şahin oğlun qurban!"

İlk təəssuratlar ötən kimi Əşrəf kiçik oğlu Ruhini xatırladı. Ağlar gözləri ilə böyük oğluna baxdı.

- Qardaşını niyə qoruya bilmədin? Onu sənə tapşırmışdım axı.

Burda artıq Şahinin də, camaatın da dözümü qırıldı. Yaşından asılı olmayaraq hamıdan elə hönkürtülər qopdu ki, evindən xeyli aralı olmasına baxmayaraq həyətdəkilər də işin nə yerdə olduğunu anlayıb nalə çəkdilər. Hamı bildi ki, Əşrəf qayıdıb gəlib.

* * *

Ruhinin vəfatının üçündən sonra evdəki ağır ab-hava bir az sinsimişdi. Başsağlığına gələn adamların sayı xeyli seyrəlmişdi. Anasının, bacılarının, qohum arvadlarının özlərini öldürməsi, götürüb göydən yerə vurmaları xeyli səngimişdi. Bir dənə ağır məclis qalmışdı - rəhmətliyin yeddisi. Onu da yola verəndən sonra bir az toxtamaq olardı.

Amma arada gəlib-gedənlər yenə də olurdu: qonşu rayonlardan, Bakıdan, o biri çadır şəhərciklərindən...

Əşrəf axıracan içib qurtara bilmədiyi stəkanı kənara itələyib süfrəyə baxa-baxa dilləndi.

- Oğul, hesabla sənin əsgərliyinin vaxtı bitməlidi.

Şahin çiynindən necə gündən bəri onu girinc edən yükü atmaq üçün əlinə fürsət düşdüyünü görüb dərindən nəfəs aldı. Dizləri üstə durub atasının dediklərini təsdiqlədi.

- Bəli, ata.

- Qayıdıb hansı işin qulpundan yapışmaq istəyirsən?

Hər bir ata-ana, ümumiyyətlə ailə öz övladlarının yanında olmasını istəyirlər. Daha nə? Bu günün sabahı var, el-oba var, dost-düşmən var...

Bunları artıq Şahin də bilirdi, ən əsası əməlli-başlı başa düşürdü. Amma artıq qərara gəlmişdi. Onun üçün nə qədər çətin olsa da - məhz başa düşdüyünə görə! - niyyətini gizlətmədi.

- Ata, orduda qalmaq istəyirəm. Qardaşımın, dostlarımın intiqamını axıracan almamışıq. Elə billəm, Ruhin də məni bağışlamaz. Qələbəmiz yarımçıq qaldı.

Qızlar diksindilər. "Bu nə danışır. Bə biz? Qardaşsız bacının adını kim çəkəcək?

Kiçik bacısı lap məəttəl qaldı: "Bə Gülnarə?"

Anası sürüşüb çiyninə düşmüş yaylığını düzəldə-düzəldə elə bir söz dedi ki, göynərtisi gözləri yaşartdı.

- Tay denən sizi də Ruhinin böyrünə basdırıb gedirəm dəə...

"Hə, anamız, lap düz deyir". Hər iki bacının ürəyindən eyni fikir keçdi.

Əşrəf geri itələdiyi stəkanı təzədən qabağına çəkib soyumuş çayı qurtumladı.

- Bə biz?

- Ata, mən özümü bu cadır şəhərciyində görmürəm. Hamımızın məqsədi torpaqlarımızı azad edib öz yurdlarımıza dönməkdir. Mən fikirdə olanlar çoxdur. Hamımız sözü bir yerə qoymuşuq ki, Vətənimiz azad olmayınca silahımızı yerə qoymayaq.

Susdu. Ailə üzvlərini bir-bir süzdü. Anası da, bacıları da baxışlarını qaçırtdılar. Onlar açıq-aşkar narazıydılar: heç eşitmək belə istəmirdilər. Şahin son çarəyə əl atdı.

- Siz də bunu istəmirsizmi? Bağlı-bağatlı, şirin kəhrizli, buz bulaqlı, sərin eyvanlı evimizi? - Ürəyində Şairə xeyli dua etdi. Onun tez-tez işətdiyi ifadələrdəniydi.

Yox, bu Şahin əsgərliyə gedən o vaxtki Şahin deyil. Bu uşaq çox tez böyüdü, kişiləşdi.

Şahinin dediklərində həqiqət çoxuydu. Öz yurdlarına qayıtmaq hamının ən böyük arzusuydu, amma...

Onların iki oğulları vardı. Birini Allah aldı, apardı. O biri də... özü gedir. Bəs onlar?..

Evə çox ağır və gərgin sükut çökdü. Şahin də tamamilə haqlı deyildi. Ailənin ona ehtiyacı çox idi. Söhbət onun nəsə qazanıb evə gətirməsindən getmir. Belə səhərlər evdən çıxıb eləcənə axşam geri qayıtsın - bəsdir! Dost- düşmən var. Nə istəyirlər ki... Qardaşsız bacıları kim sayacaq: Ataları da yaşlaşır Ruhindən sonra beli bir az da əyildi. İlk dəfə olaraq kişini qocalmış gördülər. Bu müsibətdən sonra anaları necə olacaq? Arvadın ürəyi necə yerindən oynayıbsa, tez-tez bayılır. Allah eləməmiş, bir şey olsa... Kişi xeylağına hər zaman ehtiyac var. Bazar, dukan, xeyir, şər... Ataları bütün bunları necə çatdıracaq? Yooxx, Şahin düz eləmir.

Əşrəf boşalmış stəkana baxdı. Boğazı yaman qurumuşdu. Olsaydı, yenə içərdi. Kimə desin? Heç yeri deyildi. Hamı oğlunun gözlənilməz qərarından çaşmışdı. Bircə bunu gözləmirdilər.

"Qardaşımın qanını axıracan almayınca..."

Həə... Bu da vacib məsələdir. Ruhinin qanı yerdə qalmamalıdır. Yox e, nəsə... düz deyil. Ortada "əmma" var.

Çöl qapı cırıldadı. Sükütün dondurduğu ailə üzvləri hərəkətə gəldilər. Əşrəf üzünü qızlarına tutdu.

- Samavarları qaynadın. Xörək hazırlayın. Gələnlər olacaq.

* * *

Şahin ürəyini əzən iki yükdən birini qismən həll etdiyindən bir az toxtayıb ikinci məsələni də yoluna qoymaq üçün yataq otağına keçdi: - Yoldaşlarımdan gələn olsa, xəbər verin.

Qapını arxasınca bərk çəkib - "içəri girməyin haa..." - qələmi götürüb kiçik bacısının dəftərini qabağına çəkdi.

"Gülnarə! Çox götür-qoydan sonra sənə bu məktubu yazmağı qərara aldım. Əvvəlcədən çox-çox üzr istəyirəm.

Ruhin ölüm ayağında sənin adını çəkdi. Səni sevdiyini dedi. Demə o, bizim bir-birimizi sevdiyimizi bilmirmiş. Onu da dedi ki, ürəyini sənə açanda onun dediklərinə etinasız olmusan, qaşlarını çatmısan. Əlbəttə, səni başa düşürəm. Bədbəxt qardaşım bizim əhd-peymanımızdan xəbərsiz olub.

Gülnarə, məni bağışla. Biz ta bundan sonra evlənə bilmərik. Mən hər dəfə səni qucaqlayanda, bağrıma basanda elə biləcəm Ruhin kənardan mənə baxıb söyəcək, məni namərdlikdə suçlayacaq. Məni qınama. Dözə bilmərəm. Yaşaya bilmərəm... Sənə də burda qalıb əzab verməmək üçün hərbidə xidmətimi davam edəcəm. Bir daha səndən üzr istəyirəm. Məni bagışla."

Evdən çıxıb təzə tikilmiş, bir gözdən ibarət olsa da səliqəli poctamta getdi.Bir zərf alıb məktubu içinə qoydu, yapışqanla bərk-bərk yapışdırdı. Üstunə "Gülnarəyə" yazıb cibinə qoydu. Yerin-göyün dərdini daşıyirmış kimi ayaqlarını sürüyə-sürüyə evlərinə tərəf yol aldı.Həyətdə yeni gələnlər də vardı, qohum-qonşular da.Kicik bacısını cagırıb məktubu ona verdi, pıçıldadı: - Gülnarəyə verərsən...

Bacısı məktubu sevincək aldı. "Ay Allah ! Qurban olum sənə,qardaşımın ürəyinə insaf sal.Qalsın evimzdə, getməsin."

Gülnarədən də çox şey asılı oldugunu bilib nigarançılıqla onu gözləməyə başladı. "Ağzı nədi? Deyərəm qardaşıma yaxşı-yaxşı sözlər yazsın. Onu getməyə qoymasın. Yoxsa, canını alaram!"

* * *

Ruhinin həlak olması xəbəri çıxandan Gülnarə onların evindən əskik olmadı. Qızlarla ən yaxın rəfiqə idi. Evləri də uzaq deyildi. Ona görə də heç bir söz-söhbətə yer qalmadı. O da Şahinin tərxis olunacagını bilirdi. Amma Ruhinin ölümü yəqin ki, işləri xeyli uzadacaq.

Şahini gorəndə gözlərinə inanmadı. Necə də kişiləşmişdi, gözəlləşmişdi, yaşından böyuk görünürdü. Rəngi qaralsa da,yaraşıqlı olmuşdu. Tay- tuşlarından çox fərqlənirdi. Hiss edirdi ki, onun sevgilisinə baxan başqa qızlar da var, özü də az deyillər. "Aha!?."

Ürəyini cəkən o idi ki, bir dəfə də olsun ona baxmamışdı. Hətta bir dəfə qəsdən üz-üzə gəldi. Salam vermək istədi. Amma Şahin elə bil onu görmədi. Ola bilməzdi axı. Nə isə, yəqin qardaşının xiffətini çəkir. Çəkər də... Ruhin də kəndin gözə dəyən oğlanlarından biriydi. Qardaş dağı ağır olur. Ürək istəyir dözsün. Neynək, qoy yeddi də qurtarsın, ondan sonra danışmaq olar. Şahin də bir az toxtayar.

Ruhinin yeddisi də izdihamlı kecdi,Yenə də rayonun bütün rəhbər işçiləri təşrif gətirmişdilər. Komandirləri lap erkən gəlmişdilər. Onları Şahin qarşıladı. Camaat bir ucdan gəlirdi. Mağarda yer yox idi. Adamlar eşikdə gözləyib növbə ilə cadıra girirdilər.

Elin dəstəyi çox gərək oldu. Ailə xeyli sakitləşdi. İndi onlar daha çox qürur hissi keçirirdilər. Ən yuksək səviyyədə onlara hörmət, izzət ifadə olunurdu. Ruhini hamı öz balası kimi ağlayırdı. Cəlal müəllimin sözü tez-tez təkrar olunurdu. "Başımızın tacı!" Bir sözlə, torpağın üzü doğrudan soyuq imiş. Hamını yavaş-yavaş soyutdu. Ən cox da, tirin altindakılarını. Dünya yaranışdan belədir də....Biri gəlir, biri gedir.

Nazənin girəvələyib Gülnarəni evin dalına cağırdı :- Şahinin sənə məktubu var,yaxşı cavab yazarsan! Yoxsa canını alaram.

Nazənin gülümsəyib məktubu aldı, yan-yörəsinə göz gəzdirib qoynuna qoydu. Aralanıb hərəsi bir tərəfə getdi.

* * *

Səhərisi gün Şahin aralığa cıxdı. Tay-tuşları ilə görüşdü. Onların işi-gücü, məşğuliyyətləri ilə maraqlandı. Bir necəsi yungül ticarətlə,digərləri də İmişlidə son illər dəbə düşmüş çınqıl karxanasında, karyerdə işləyirdilər. Çox yuksək məvacib almasalar da: - Allah bərəkət versin, həm başımız qarışır, həm də azdan-çoxdan evə kömək edirik. Yaxşıdır! - deyirdilər.

Şahınçün ən əzablı an - niyə axıracan getmədiniz ? - sualıydı. Cavabı hec kimi qane etmirdi. Belə fürsətin əldən qacırılması hamını hiddətləndirirdi. Söyüşün biri bir qəpik. Hətta bəzən Şahinə elə gəlirdi ki, onu günahkar çıxarırlar. Bildiyi qədər əsaslandırırsa da, başına yığışanları, xüsusən gəncləri başa sala bilmirdi.

- Siz onların dediyinə baxmazdınız. Basıb kecərdiniz Stepanakertə, komandirləriniz nə deyəcəkdilər ki.

Bax, burda Şairin yeri görünürdü. O bu qızğın cavanları həm başa salardı, həm də məntiqlə ram edərdi. Şahin bu gənclərin qarşısında aciz idi. Onlara cavab verə bilmirdi. Şahinə acıqlanırdılar.

Aranı uşaqlıq dostunun verdiyi sual sakitləşdirdi.

- Vaxtın qurtarmadı?

- Qurtarıb.Amma geri qayıdıb müddətdən artiq qulluqda qalmağımla bağlı ərizə yazacam. Qalacam orduda.

Sanki alovlanan ocağa su töküldü. Şahin yenidən dostlarımın, hətta onu az tanıyanların da gözlərində böyüdü. Onu başa düşdülər, ürəklərində təqdir elədilər. Əlbəttə, qardaşının qanını artıqlaması ilə almaq istəyir. Allah arzusuna catdırsın. Elə bizi də....

Evə gələndə Nazəninin sözlü olduğunu o saat bildi. Yataq otağına kecib dincəlmək istədi. Bacısı dabanqırma dalınca girdi.

- Gülnarədən məktub var

Şahin təəccubləndi. O məktub gözləmirdi. O cür məktubun cavabı olmamalıydı.

Gülümsəyib üz-gözü alışıb yanan bacısını pərt etməmək ücün: - Sağ ol - deyib burnuna bir çırtma vurdu. Nazənin uğuldaya-uğuldaya, ancaq sevincək otaqdan çıxdı .

Məktubu əlində tutub fikirə getdi. Açsınmı, açmasınmı?... Axı,elə şeylər yazmışdı ki, onun xoş bir cavabı olacağını düşünmürdü. Yəqin Gülnarə onu vəfasızlıqda,dönüklükdə ittiham edəcəkdi. Haqlıydı, əlbəttə!... Şahin haqlı deyildi !...

İndi bu məsələləri həll etməyə onun gücü qalmamışdı. Döyüşdə özü də yaralanmışdı. Bədənində bir necə qəlpə qalmışdı. Tapşırmışdılar ki, qayıdan kimi qospitala gəlsin. Yalnız ona görə həkimlər buraxmışdılar ki,ağrı hiss etmirdi. - İsti-istidir, ona görə deyirsən. Mütləq əməliyyat olunmalısan. Başısoyuqluq eləmə. Tez qayıt.

"Gör necə düz deyiblər. Ağrılarım artıb. Yox, günü sabah çıxmalıyam. Əhmədbəylidə Bakıdan da savadlı həkimlər var."

Gülnarənin məktubunu açmadı. Onu aparıb dağlarda, gülün-çiçəyin arasında dəfn edəcəkdi. Qoy, onun özündən və Allahdan başqa bu məktubda nə yazıldığını heç kim bilməsin.

Yavaş-yavaş paltarlarını yığışdırmağa başladı. Məktubu lap altdan qoydu.

Amma biz oxucuların marağını nəzərə alıb məktubu göstərməyi lazım bildik.

"Göz açıb ilk gördüyüm sən oldun. Sevgi adlı ilahi hissi səninlə duydum. Viran qalmış köçkün həyatımızda sən mənə yeganə ümid və dayaq oldun. Heç bir məna ifadə olunmayan bu cadır şəhərciyində sənə görə dözüb dururdum. Məgər bu həyatdır? Bilirsən ki, yurdumuzla müqasiyədə burada yaşamaq cəhənnəm əzabıdır.

Yazdığın məktubla cəhənnəm əzabımı qəbir əzabına çevirdin.

İndi mənim adımı kim çəkəcək. Axı hamı bilir ki, mən səni sevirəm. Adım səninlə çıxıb. Hansı köpəkoğlu vicdanına sığışdırıb adımı tutacaq?

Mən sənin qardaşına ümidverici heç nə deməmişəm. Özün də bunu qeyd edirsən. Bəs bu nə oyundur çıxarırsan?

Sən xudbinlikdən, eqoistlikdən belə edirsən. Şəxsi hisslərini çox qabardırsan. Hamının əzizi də ölür, qohumu da. Heç kim vədinə sənin kimi dönük çıxmır. Namərdlik elədin. Təsəvvür elə ki, bacılarından birinin başına belə iş gəlir. Necə qəbul edərsən? Məgər bu kişilikdir?

Səni heç vaxt bağışlamıycam."

Gülnarənin məktubunda ünvan yox idi. Yəni kimə yazıldığı məlum deyildi. Heç yazan da kim olduğu bilinmirdi. Allah eləməmiş, kiminsə əlinə düşsəydi, heç kim unamayacaqdı ki, kimdən kimədir. Bəlkə də

Gülnarə acığından belə yazmışdı. Şahinin adını çəkmək belə istəməmişdi. Görünürdü ki, qızın qəlbi çox qırılıb. Özü demişkən, onu həyata bağlayan tel üzülmüşdü.

Allahdan və özündən başqa orada nə yazıldığını heç kim bilmədi.

* * *

Dördüncü gün gecə xəbər gəldi ki, Lələtəpənin qabağında BMP-lərimiz qalıb, bir də ayağını itirən Orxan adlı əsgərimiz. Orxan oradan çıxarılmasa, onu qan apacaq, şəhidimizin biri də artacaq. Onu oradan çıxarmaq lazımdır.

Komandir Qasımov kimi göndərməyi fikirləşirdi. Çox riskli idi. Qərara gəldi ki, o biri komandirlər kimi məsuliyyəti üzərinə götürsün, özü getsin. Barxudarovun nümunəsi hamıya sirayət etmişdi.

Həmin əraziyə 1500 metr məsafə vardı. Çox çətinliklə əraziyə çatıb yaralı əsgərləri götürdü. Onları maşına mindirib geri göndərdi. Ərazidə hərbi tapşırığı yerinə yetirib, amma çaşıb qalan yolu tanımayan təzə əsgərlərimiz nə edəcəklərini bilmirdilər. Bu şəxsi heyəti BMP ilə birlikdə başqa yola çıxarıb bir az geniş qövs cızsalar da təhlükəsiz yollarla sağ-salamat özümüzünkülərə qovuşdurdu.

Bəzən minalanmış yerləri dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Mina basdırılandan sonra uzun zaman keçəndə mina torpağın altında 45 sm-dən də dərinliyə yatır. Bu zaman onu tapmaq, müəyyənləşdirmək olmur. Artıq onun üstünü çəmən, çayır basır, sənə elə gəlir hamar yerdir. İşin tərsliyindən aparat da onu götürmür, çünki siqnal ötürmür. Əsl istehkamçı bunu fəhmlə, qəlbiylə hiss etməlidir. Buna isə, əlbəttə illərin təcrübəsi gərəkdir.

Nə qədər özünü qorumağa çalışsa da, ondan bir az kənarda partlayan qrantomyot mərmisindən yan qaça bilmədi. Ayağından bərk yaralandı. Artıq ayaq üstə qaça bilmirdi. Sürünməyə başladı.

Əsgərləri komandirlərinin vəziyyətini görüb ona köməyə tələsdilər.

Onu xilas etməyə gələnlərə "Dayanın!" deyib əsgərləri saxladı. Düşmənin atəşi dayanmırdı. Onun yerini bələdləmişdilər. Başıpozuqluq olmazdı. Noolsun komandir yaralanıb. Emosionallıq hamını bada verərdi.

Toqqanı çıxardıb qan axan yarasını bağladı. Diqqətlə aradakı məsafəyə baxıb necə yaxınlaşmağı söylədi. Aparatla yoxlayıb hərəkət trayektoriyasını müəyyənləşdirdilər. Ağrını hiss eləmirdi. Başında bir boğuq səs vardı. Əsgərlərini düşünürdü. Onların sağ-salamat bu ölüm labirintindən çıxması sırf onun məsuliyyəti idi. Çünki həm Allahın qarşısında, həm də kombriqin qarşısında şəxsi heyəti sağ-salamat aparıb təhlükəsiz yerə çıxarmaq kimi öhdəliyi vardı. Silahların üstünə şınelləri sərib xəzək düzəltmişdilər. Ehtiyyatla yarğanları, dərələri keçərək gətirib hospitalın təcili yardım maşınına çatdırdılar. Yalnız o zaman ağrıları hiss etdi. Tibb işçiləri ağrını və qanı kəsmək üçün iynələr vurdular.

Sonrakı proseslərdən xəbəri olmadı. Amma xoşbəxt idi... Şəxsi heyətdən heç kim ölməmişdi...

* * *

Döyüşün dördüncü günüydü. Erməniləri Lələtəpədən bir kilometrə qədər qovub uzaqlaşdırmışdılar. Ordu Cəbrayılın o biri kəndlərini də azad etmək üçün irəli şığıyırdı.

Cəfərov arxadan gəlib əlini Raufun çiyninə qoydu.

- Yaxşı,bəsdir,sakitləş ...

Rauf hec nə başa düşmədi.Üz-gözü əyildi .

- Sakitləş, nədi,komandir! Görmürsən, toyuq kimi necə qacırlar. Axır ki,bunlara yerini bildirdik.Bunlar Xocalıda bizim ana-bacılarımızın, silahsız ata-qardaşlarımızın üstündən tankla keciblər, silahsız körpələrimizi qurşına düzüblər... bu nə sözdü?

- ... əmr gəlib ki ,döyüşü dayandırın ...

Pulemyotun lüləsi duz Cəfər müəllimə tuşlanmışdı, hər an hər hansı ehtiyatsızlıqdan, Şairin emosional vəziyyətindən güllələr siyasi rəhbərin bədəninə dolub onu aşsuzənə döndərə bilərdi. Cəfər müəllim bunu gözünün altına almışdı. Ölüm onu o qədər də maraqlandırmırdı. Generalın əmri yerinə yetirməliydi .Xüsusi olaraq ratsiyada ona tapşırılmışdı. "Şairi ram et" Onu yola verə bilsən, başqalarını sakitləşdirmək asan olacaq.

Rauf bir necə dəfə başını silkələdi. Sözlər ona catmırdı. Ya da deyiləni dərk eləmirdi. "Necə yəni döyüşü dayandırın?" Yeriyib Cəfər müəllimin lap cənəsinin altında durdu.

- Bir də deyin, mən nəyisə ya yaxşı eşitmədim, ya da başa düşmədim.

- ..deyirəm ki , döyüşün dayandırılması ilə bağlı lap yuxarıdan əmr gəlib.....

- Ali Baş komandandan?

- ..yox

- "Dayan" deməyə yalnız onun ixtiyarı çatar. Əgər belə deyilsə hansı donuz oğlunun işidir?

Cəfər müəllim mənalı şəkildə başını şimal tərəfə qovzatdı.

- ... məsələ mürəkkəbdir.

- Onun-bunun dediyi ilə oturub duracağıqsa, "bəs mənim ölkəmin varlığı hanı?"

Şüuru kütləşmişdi. Heç nə başa düşmürdü. Cəfər müəllimə baxa-baxa qalmışdı. Onun üzündən nəsə bir şey oxumaq mümkün deyildi. İlk dəfə idi ki, müəlliminin sifəti heç bir məna ifadə etmirdi.

- Bilirəm ki, bu məsələdə əlimizin üstündə əl olmamalıdır.

Cəfər müəllim qollarını yana açıb çiyinlərini qısdı.

Rauf indicə hiss etdi ki,döyüş səngiyib.

Əsgərlər geri dönürdülər.Komandirlər sanki dalaşan uşaqları ayırırmış kimi əsgərləri bir ağsaqqal ədası ilə kürəklərinə vura-vura,oxşaya-oxşaya,nəsihət verirlərmiş kimi, hətta bəzilərinin qollarına girərək, çiyinlərini qucaqlayaraq elə bil yola gətirirdilər.

- Axı kim?

Rauf puleymotu təzədən qucağına alıb qacan erməni əsgərlərini dalınca çumdu.

Hoydu, dəlilərim hoydu,

Yeriyin meydan üstünə

Havadakı şahin kimi,

Tökülün al qan üstünə

Koroğlu çəkər haşını,

Bəylər elər tamaşanı,

Mən özüm Aslan paşanı,

Hərəniz bir hayk üstünə.

Lap uzaqlarda bəzi erməni əsgərləri ağzıüstə torpağa yıxılırdılar. Sonra arxası üstə çevrilib əllərini yuxarı qaldırdılar. Qaçmağa taqətləri qalmamışdı. Ürəkləri ağızlarından çıxırdı. Əsir düşməyi daha üstün bilirdilər. Bəlkə ölmədilər, sağ qaldılar. Raufun bölüyündən sağ qalanlar da onun arxasınca düşdülər.

- Mən öz torpağım uğrunda vuruşuram. Mən işğal edilmiş Vətən torpaqları üçün döyüşürəm.Bunu mənə kim qadağan edə bilər? Uşaqlar irəli!! Bu it uşağını çıxdıqları yerə qədər qovmayan kişi deyil!

Mayor Raufun ardınca götürüldü.Cata bilmirdi.Həm də Raufun bölüyünün əsgərləri araya girib qarşısını kəsdiyindən ləngiyirdi. Nəhayət catıb Raufun qolundan tutdu. Dolmuş gözləri elə onu xeyli süzub dilləndi.

- Bir ətrafına bax! Axı hamı dayanıb

- Cənab mayor! Bu təzə Xuraman xala hardan peyda oldu? Bu namərd əmridi. Bu xalqımızın,dövlətimizin əleyihinədir. Yəni bunu yuxarılarda başa düşmürlər? Axı məsələni bir dəfəlik həll edə bilərik. Xankəndi budu ey, burnumuzun ucunda. Gedək birdəfəlik bitirək də bu işi. Kim bizə deyə bilər bəsdir. Bəs Xocalıda niyə dayanın demədilər? 20 noyabrda təyyarəmizi vurub say-secmə kişilərimizi qanına qəltan edəndə niyə dayanın demədilər. Niyə yenə də bizi öz qınımızda yandırırlar. Bilirsiz bunların altını necə çəkəcəyik. Nə qədər xətir üçün xəstə yatmaq olar?

Mayor ehtiyatla Raufa yaxınlaşdı

- Gedək,qadan alım.

Rauf tam süstləşdi. Pulemyotu yerə çırpıb uşaq kimi hönkürməyə başladı. Ağlaya-ağlaya, yana-yana deyirdi.

- Allah, bu nə işdi? Görmürsənmi bütün bunları? Necə yol verirsən. Axı sən adilsən, haqsan. Niyə belə ədalətsizlik edirsən?

Başını tutmuşdu, hərdən yerə döyurdu,hərdən saclarını yolurdu. Bağıra-bağıra yeri-göyü lənətləyirdi. O əzab içində qovrulduğu zaman əsgər yoldaşları pulemyot, avtomat daraqlarını düşmənin arxasınça boşaldırdılar. Lələtəpədən onları müşahidə edənlər: - Deyəsən, Şairi Cəfər müəllim nəhayət ki,sakitləşdirə bildi - düşündülər.

Deyəsən eləydi.

Mayor bir də Raufun çiyninə toxundu.

- Dur gedək. Bizi gözləyirlər. Dön bir bayrağımıza bax.

Hə, buna baxmağa dəyərdi. Rauf bir az özünə gəlmişdi. Məgər necə vaxtdan bəri məhz bu günü gözləmirdilərmi!? Uc rəngli Azərbaycan bayrağı qartal kimi Lələtəpənin zirvəsində qanad çalırdı. Allah! Adamın qəlbi necə sevinclə çırpınarmış. İnsan necə qürurla dikələrmiş, başını qaldırıb göylərə baxarmış. Yox, Allah bizi də görür, əməyimizin, həyəcanımızın, bəxtimizin əvəzini verir. Hec nə boş yerə yaranmır.

Mais Barxudarovla Bəkir Orucov Lələtəpənin zirvəsində Azərbaycan bayrağının altında dayanıb ermənilərin qaçmasına tamaşa edirdilər. Bəkir Orucov narazı şəkildə döyüş meydanını süzürdü. Barxudarov üzünü ona tutdu:

- Sözlü adama oxşayırsan...

Deyirəm, ermənilər bir az müqavimət göstərsəydilər, daha zövqlü döyüş olardı.

Sən də lap Şair kimi danışdın.

Hər ikisi gülümsəyib pərən-pərən düşmüş erməni ordusunun təkəmseyrək döyüşçülərinə baxırdılar.

Raufun pulemyotunu yoldaşları götürmişdi. Cəfərov onun qoluna girmişdi .Asta-asta Lələtəpəyə qalxırdılar. Böyuk komandir heyəti onları gözləyirdilər.Get-gedə yaxınlaşırdılar.Az qalmış birdən alqışlar uçaldı.

Bu onların şəninə idi!

* * *

Döyüş qurtarmışdı. Ölkə başdan başa Aprel zəfərini yaşayırdı. İnsanların üzündə görünməmiş bir sevinc, aydınlıq vardı. Hamı bir-birini təbrik edir, şəhidlər ən uca sözlərlə, ehtiramla yad olunurdu. Onların dəfni ümumi xalq mərasimi kimi keçirilirdi. Valideynləri ən yüksək hörmətlə qarşılanırdı. Millətin qəddi düzəlmişdi. İnsanlarda inanılmaz ruh yüksəkliyi vardı. Lələtəpənin o biri üzündəki yerlərdə düşmənin hərbi texnikaları darmadağın olmuş vəziyyətdə atılıb qalmışdı. Meyidlər də var idi. Hərdən külək həmin meyidlərin qoxusunu Lələtəpənin zirvəsinə də aparırdı. Erməni tərəf meyidləri gəlib aparasıydılar. Hansısa danışıqları dəqiqləşdirməyə gedirdilər. Azərbaycan əsgərləri bayrağımızın altında fəxrlə gəzir, uzaqda tüstülənən düşmən obyektlərinin qalıqlarına baxırdılar. İçlərini göynədən təəssüflə "Necə əlimizi soyutdular e ! İndi Xankəndində oturmuşduq. Şuşaya hücuma keçirdik. Ax, namərdlər!" - deyə göynəyirdilər.

Rauf da onların içindəydi. Əsgərlərdən bir az aralanıb irəli yeridi. Həsrətlə qarşıdakı təpəlikləri, ermənilərin tez-tələsik toparlanıb özlərinə Nüzar kəndinin hündür təpəsində yeni qərargah, ştab, yeraltı qazmalar düzəltmələrinə baxırdı. Çiyninə qoyulan əlin məhrəmliyindən bildi ki, siyasi məsələlər üzrə müavin Cəfərovdur. Heç kim belə ərkyanalıqla ona yaxınlaşmazdı.

Hara baxırsan?

Rauf heç nə deməyib əlini irəli uzadıb işarəylə qarşı tərəfi göstərdi.

Nə görürsən?

Nə görəcəm? Dağılmış evlərimiz, tüstülənən ocaqlarımız, bizi gözləyən vətən torpaqları...

Daha nə görürsən?

Heç nə.... elə dağılmış evlər, adamsız yollar...

O yollar bilirsən hara gedir?

....?

O yollar İrəvana gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni əmin edirəm ki,biz bir vaxt o yollarla gedib qədim ellərimizə sahib çıxacağıq. Sabah, birisi gün, bir aydan, bir ildən, beş ildən sonra- onu dəqiq deyə bilmirəm. Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən əlində qoymayacağıq. Həmin vaxt heç kim qabağımızı kəsə bilməyəcək. Kimsə bizdən döyüşü dayandırmaq barədə xahiş etməyəcək. Etsə də, heç kimi eşitməyəcəyik. Mütləq torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin kimi əmin ol!

Haçan hə, komandir? Haçan bə?!..

Belə deyib Rauf Cəfər müəllimin yaxasını əlində elə xışmaladı ki, siyasi işlər üzrə müavinin ayaqları yerdən üzüldü. Bayaqdan onları müşahidə edən dəstənin içindən iki nəfər o tərəfə yeriyəndə mayor Həmidov işarə etdi.

İşiniz olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz. Amma gözünüzü çəkməyin.

Raufa pələng gücü gəlmişdi. Cəfər müəllim asta səslə ehtiyatla deyirdi:

Bizə baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan. Belə olmaz axı.

Rauf yavaş-yavaş qollarını boşaltdı. Cəfər müəllim üst-başını səliqəyə salıb ətrafa baxdı. Həmidovun işarəsini yaxşı anlamışdılar. Deyəsən onlara tərəf baxan heç yoxuydu. Hər kəs öz işindəydi.

Rauf çökdü. Əlləri ilə başını tutdu. Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi torpağını dərinliklərinə işlədi. Gicitikən, cəmirtkən, tikan qarışıq torpağı xışmaladı. Sonra o biri əlini işə saldı. Barmaqları qanaq-qanaq olmuşdu.Dırnağı ilə mayası bir-birindən ayrılmışdı. Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss eləmirdi. Yana yana ağlayırdı.

- Gör necə bir fürsəti əldən verdik. "Millət millət olur öz hünərilə! Allah rəhmət eləsin Bəxtiyar Vahabzadəyə. İndi Xankəndini, o biri rayonlarımızın hamısını almışdıq. Gör bizi necə aldatdılar. Onlar o zamankı dolaşıq, başsız vəziyyətimizdən istifadə edib rayonlarımızı bir birinin ardinca zəbt edəndə, onlara deyən olmadı ki, dayanın. Onda BMT-nin qərarları, ATƏT-matət, Helsinki Bəyannaməsi heç kimin yadına düşmədi. Adam yanıb tökülür.

Cəfər müəllim üst-başını qaydaya salırdı. Amma qulağı Raufda idi.

- Sevinirik ki, Lələtəpəni aldıq. Sevinc hal-hazırki şəraitdə çox nisbi ifadədir... Hal-hazırda bizim üçün. Ona görə ki, məqsədimizə tam çatmadıq. Düşmənin əfsanələşdirdiyi Ohanyan səddini darmadağın etdik. Erməni dığalarına gücümüzü göstərdik. Bir neçə rayonumuz daimi hədəfdən azad oldu. Amma Şuşa qalıb axı... Xankəndi, Xocalı, qədim şəhərimiz İrəvan qalıb axı... İşğal olunmuş rayonlarmız heç insafdır ki, bir addımlığımızda ola-ola, yenə düşmən əlində qalsın? Vurub düz İrəvana qədər gedərdik. Belə ən azı işğaldakı rayonlarmızı azad edib bayrağımızı Xankəndinə taxardıq. Həmişə millətin vətən eşqi, cəsurluğu fontan vuranda bir namərd zəngi, bir dövlət başçısının yersiz və həyasız müdaxiləsi qabağımızı kəsir. Həmişə bizi yarıyolda qoyur. Qələbəmizi başa çatdırmağa imkan vermir. O vaxt ağdamlılar yürüş edib erməniləri Xankəndindən iti qovan kimi qovub məsələni həll edəcəkdi. Xuraman xalanın yaylığı aşıb-daşan qəzəbimizi içimizdə boğdu. Mirzə Ələkbər Sabir demişkən, "öz tığımız öz rişəmizi kəsdi sərəpa!" Düşmən nəfəs dərdi, güc topladı, dünyanı ayağa qaldırıb özlərinə nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin də əli ilə neçə-neçə itkilər verdik. Xocalının başı üzərində oyun getdiyini nə qədər desələr də, hamı kor oldu, kar oldu, lal oldu, milləti heç nədən qırğına verdilər. Yenə də zərbə özümüzə dəydi. Yenə də geri düşən biz olduq.

Raufun çiyninin atılıb düşməsi elə gennən də bilinirdi. Yenə hansısa ağrının ürəyinə toxunduğunu hamı anlayırdı. Dostları yumruqlarını sıxıb, ürəklərinin iniltisini birtəhər ötüşdürürdülər. Təsəllilərini ermənilərin atıb getdikləri texnikalara, puleymotlara, Lələtəpənin ətəklərinə səpələnmiş düşmən meyidlərinə baxmaqla sakitləşdirirdilər.

- Deyirsiz ki, böyük dövlətin başçısı zəng elədi, hücümu dayandırdı. Ermənistanın ikinci prezidenti Koçaryan köpoyoğlunun Moskvada bir kitabı çıxıb - "Həyat və azadlıq." Orda deyir ki, biz artıq Ağdama girmişdik. Yerevandan zəng edib dedilər ki, biz burda otura bilmirik Moskvadan, BMT-dən, ATƏT-dən müxtəlif ölkələrdən gələn təhdidedici zənglərin əlindən. Bütün xəbər agentlikləri, hətta Azərbaycan mətbuatı da yazır ki, ermənilər Ağdamı işğal ediblər. Bu, doğrudurmu? Siz orda nə edirsiniz. Mən cavab verdim ki, heç nə, biz təpələrin üstündə oturmuşuq. - Təpələrdə nə gəzirsiniz? Dedim: - Orda onların artılleriyası vardı, bizi vururdular. Məcbur olduq onları bir az hərəkətləndirək. Deyir, səhərisi Ağdamın boşalmış küçələrinin şəkillərini çəkib onlara göndərdim ki, biz boşalmış şəhərə girməyə məcbur olduq. İndi biz vurub gedib Ağdamı, Füzulini, Xankəndini götürüb deyə bilməzdik ki, qoşunlarmızı saxlayana qədər o əraziləri Azərbaycan qoşunları tutmuşdular. Niyə yenə, xətir üçün xəstə yatan biz olduq?

Cəfər müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, nə isə sakitləşdirici sözlər dediyi duyulurdu...

2019-2020

Bakı

Səyyad Aran

İrəvanın yolları

(roman - ixtisarla)

Rauf heç nə deməyib əliniirəli uzadıb işarəylə qarşı tərəfi göstərdi.

Nə görürsən?

Nə görəcəm? Dağılmış evlərimiz, tüstülənən ocaqlarımız, bizi gözləyən vətən torpaqları...

Daha nə görürsən?

Heç nə.... elə dağılmış evlər, adamsız yollar...

O yollar bilirsən hara gedir?

....?

O yollar İrəvana gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni əmin edirəm ki,biz bir vaxt o yollarla gedib qədim ellərimizə sahib çıxacağıq. Sabah, birisi gün, bir aydan, bir ildən, beş ildən sonra- onu dəqiq deyə bilmirəm. Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən əlində qoymayacağıq. Həmin vaxt heç kim qabağımızı kəsə bilməyəcək. Kimsə bizdən döyüşü dayandırmaq barədə xahiş etməyəcək. Etsə də, heç kimi eşitməyəcəyik. Mütləq torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin kimi əmin ol!

Haçan hə, komandir? Haçan bə?!..

Belə deyib Rauf Cəfər müəllimin yaxasını əlində elə xışmaladı ki, siyasi işlər üzrə müavinin ayaqları yerdən üzüldü. Bayaqdan onları müşahidə edən dəstənin içindən iki nəfər o tərəfə yeriyəndə mayorHəmidov işarə etdi.

İşiniz olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz. Amma gözünüzü çəkməyin.

Raufa pələng gücü gəlmişdi. Cəfər müəllim asta səslə ehtiyatla deyirdi:

Bizə baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan. Belə olmaz axı.

Rauf yavaş-yavaş qollarını boşaltdı. Cəfər müəllim üst-başını səliqəyə salıb ətrafa baxdı. Həmidovun işarəsini yaxşı anlamışdılar. Deyəsən onlara tərəf baxan heç yoxuydu. Hər kəs öz işindəydi.

Rauf çökdü. Əlləri ilə başını tutdu. Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi torpağını dərinliklərinə işlədi. Gicitikən, cəmirtkən, tikan qarışıq torpağı xışmaladı. Sonra o biri əlini işə saldı. Barmaqları qanaq-qanaq olmuşdu.Dırnağı ilə mayası bir-birindən ayrılmışdı. Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss eləmirdi. Yana yana ağlayırdı.

- Gör necə bir fürsəti əldən verdik. "Millət millət olur öz hünərilə! Allah rəhmət eləsin Bəxtiyar Vahabzadəyə. İndi Xankəndini, o biri rayonlarımızın hamısını almışdıq. Gör bizi necə aldatdılar. Onlar o zamankı dolaşıq, başsız vəziyyətimizdən istifadə edib rayonlarımızı bir birinin ardinca zəbt edəndə, onlara deyən olmadı ki, dayanın. Onda BMT-nin qərarları, ATƏT-matət, Helsinki Bəyannaməsi heç kimin yadına düşmədi. Adam yanıb tökülür.

Cəfər müəllim üst-başını qaydaya salırdı. Amma qulağı Raufda idi.

- Sevinirik ki, Lələtəpəni aldıq. Sevinc hal-hazırki şəraitdə çox nisbi ifadədir... Hal-hazırda bizim üçün. Ona görə ki, məqsədimizə tam çatmadıq. Düşmənin əfsanələşdirdiyi Ohanyan səddini darmadağın etdik. Erməni dığalarına gücümüzü göstərdik. Bir neçə rayonumuz daimi hədəfdən azad oldu. Amma Şuşa qalıb axı... Xankəndi, Xocalı, qədim şəhərimiz İrəvan qalıb axı... İşğal olunmuş rayonlarmız heç insafdır ki, bir addımlığımızda ola-ola, yenə düşmən əlində qalsın? Vurub düz İrəvana qədər gedərdik. Belə ən azı işğaldakı rayonlarmızı azad edib bayrağımızı Xankəndinə taxardıq. Həmişə millətin vətən eşqi, cəsurluğu fontan vuranda bir namərd zəngi, bir dövlət başçısının yersiz və həyasız müdaxiləsi qabağımızı kəsir. Həmişə bizi yarıyolda qoyur. Qələbəmizi başa çatdırmağa imkan vermir. O vaxt ağdamlılar yürüş edib erməniləri Xankəndindən iti qovan kimi qovub məsələni həll edəcəkdi. Xuraman xalanın yaylığı aşıb-daşan qəzəbimizi içimizdə boğdu. Mirzə Ələkbər Sabir demişkən, "öz tığımız öz rişəmizi kəsdi sərəpa!" Düşmən nəfəs dərdi, güc topladı, dünyanı ayağa qaldırıb özlərinə nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin də əli ilə neçə-neçə itkilər verdik. Xocalının başı üzərində oyun getdiyini nə qədər desələr də, hamı kor oldu, kar oldu, lal oldu, milləti heç nədən qırğına verdilər. Yenə də zərbə özümüzə dəydi. Yenə də geri düşən biz olduq.

Raufun çiyninin atılıb düşməsi elə gennən də bilinirdi. Yenə hansısa ağrının ürəyinə toxunduğunu hamı anlayırdı. Dostları yumruqlarını sıxıb, ürəklərinin iniltisini birtəhər ötüşdürürdülər. Təsəllilərini ermənilərin atıb getdikləri texnikalara, puleymotlara, Lələtəpənin ətəklərinə səpələnmiş düşmən meyidlərinə baxmaqla sakitləşdirirdilər.

- Deyirsiz ki, böyük dövlətin başçısı zəng elədi, hücümu dayandırdı. Ermənistanın ikinci prezidenti Koçaryan köpoyoğlunun Moskvada bir kitabı çıxıb - "Həyat və azadlıq." Orda deyir ki, biz artıq Ağdama girmişdik. Yerevandan zəng edib dedilər ki, biz burda otura bilmirik Moskvadan, BMT-dən, ATƏT-dən müxtəlif ölkələrdən gələn təhdidedici zənglərin əlindən. Bütün xəbər agentlikləri, hətta Azərbaycan mətbuatı da yazır ki, ermənilər Ağdamı işğal ediblər. Bu, doğrudurmu? Siz orda nə edirsiniz. Mən cavab verdim ki, heç nə, biz təpələrin üstündə oturmuşuq. - Təpələrdə nə gəzirsiniz? Dedim: - Orda onların artılleriyası vardı, bizi vururdular. Məcbur olduq onları bir az hərəkətləndirək. Deyir, səhərisi Ağdamın boşalmış küçələrinin şəkillərini çəkib onlara göndərdim ki, biz boşalmış şəhərə girməyə məcbur olduq. İndi biz vurub gedib Ağdamı, Füzulini, Xankəndini götürüb deyə bilməzdik ki, qoşunlarmızı saxlayana qədər o əraziləri Azərbaycan qoşunları tutmuşdular. Niyə yenə, xətir üçün xəstə yatan biz olduq?

Cəfər müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, nə isə sakitləşdirici sözlər dediyi duyulurdu...

2019

Səyyad Aran

Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.10-12.