Gəldi gəlməli Müjdə, yaxud
eşq olsun Cəsarət
İstedadına...
Ruhumuzun
paytaxtımız Şuşa şəhərinə
müzəffər Ordumuz
tərəfindən Azərbaycan
bayrağının sancıldığı
anın yazısıdır
bu. Bütün duyğularım,
qəlb titrəyişim
"Şuşa azad oldu, Laçın qurtuldu, Kəlbəcər
düşməndən geri
alındı!" müjdəsinə
hesablanmışdı. O mutlu
müjdənin, saatın,
dəqiqənin, saniyənin
yazısıydı düşüncələrimdəki.
Bir nəfəs çəkimlik
vaxt önündəydim.
Bir an məsələsi qalırdı
arada. Saatım, dəqiqəm, saniyələrim
üstümə yürüyən
müjdəçilərdi. Yarı Qara dəniz, yarı Göy Xəzər sevdası çağlayıb-coşur içimdə.
Gözlərim önündə ölkə
başçımızın ümumxalq birliyini simvolizə edən sıxılmış yumruqları,
yaddaşımda istiqlal
şairi Xəlil Rza Ulutürkün dünyanı oyadan hayqırtısıdı:
Dağlardan atlanır köhlən
şəlalə,
Şəlalə dağların mərd övladıdır.
İldırım buludun, tufan dənizin,
Cəsarət kişinin istedadıdır.
Fərqindəyəm, Cəsarət və Kişilik istedadının
bütün dünyaya
görk edəcəyi
müjdəni bəkləyirəm. Fərqindəyəm,
o müjdə xəbəri
bax elə bu saat, bu
dəqiqə, bu saniyə Ali Baş Komandanımızın dilindən
səslənəcək!..
Ruhu şad olacaq Qoç Koroğlunun!
Babək
qılıncına xəbər
yetəcək... Əlincə, Savalan yallı gedəcək.
Ruhu şad olacaq Ulu Öndərin!
Yenidən, yenidən, bir də yenidən o böyük dahinin son çağırışı söz-söz, sətir-sətir
əzbərlənəcək. Yenə əziz-əziz
yada düşəcək.
Möhtəşəm həyatının
düz altmış ilini xalqının hər günü, hər sabahı ilə yaşamış, müstəqil, azad Azərbaycanımızın qurucusu
və memarı olmuş ümummilli lider o mübarək çağırışı zamanı canı qədər əziz olan xalqına hədsiz qürur hissi ilə xitab edirdi ki,
həyatının son on ili
müstəqil Azərbaycan
dövlətinə xidmətdə
keçib. Eyni zamanda "Lakin
mənim hələ tamamlamadığım çox
perspektivli planlarım
var" - deyə öz böyük haqqıyla üzünü
qədirbilən həmvətənlərinə
tutub, onları qarşıdan gələn
prezident seçkilərində
prezidentliyə namizəd,
siyasi varisi İlham Əliyevə səs verməyə çağırırdı.
Əslində, bu çağırış
ömrünü xalqının,
vətəninin müstəqilliyi
və inkişafı naminə girov qoymuş müdrik bir şəxsiyyətin, dahi siyasətçinin öz xalqı və vətəninə
son yaxşılığı, son böyük xidməti idi... Çünki öz siyasi
varisinin simasında o,
gələcəyin ən
qüdrətli dövlət
başçısını, siyasi liderini görürdü və bu qənaətdə yanılmadığının fərqindəydi.
Fərqindəydi ki, onun siyasi varisi və
ciyərparası "yüksək
intellektli, praqmatik düşüncəli, müasir
dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən,
enerjili və təşəbbüskar bir
şəxsiyyətdir".
Ona görə
də Ulu Öndər dərin bir arxayınlıqla bütün həmvətənlərini
əmin edirdi ki, İlham Əliyev onun axıra qədər başa çatdıra bilmədiyi taleyüklü
məsələləri, planları
və işləri layiqincə başa çatdıracaq. Elə bu inamla da "mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər
bəsləyirəm!" - deyə həmvətənlərinə
səslənirdi.
Haqlıydı!
Çünki ümummilli lider, lap erkən, gənc yaşlarında tarix səhnəsinə çıxmış
və zamanın gedişini dönməz iradələrinə tabe edə bilmiş türk dövlət başçılarının haqqında
yetərincə məlumatlı
idi. Dahi siyasətçi haqlı olaraq öz layiqli siyasi varisinin simasında gələcəyin
Metesini, Attilasını,
Babəkini, Fateh Sultan
Mehmetini, Şah İsmayılını görməkdə
səhv etmirdi. Bu gerçəkliyi Dədə Qorqudcasına fəhm edə bilmişdi. Və öz xalqını,
vətənini kimə
əmanət etdiyinin fərqindəydi. Dədə
Qorquddan gələn bir müdrikliklə hiss edirdi ki, gec-tez
onun cismani yoxluğu sevimli xalqına dərin üzüntü yaşadacaq.
Eyni zamanda, qəlbən inanırdı ki, onun cismani yoxluğunun
təsəllisini qədirbilən
xalqı etimad göstərib dövlət
idarəçilik sükanının
arxasına gətirdikləri
siyasi varisindən alacaqlar.
Təbii ki, Ulu Öndərdən
müdrik və yenilməz idarəetmə
dərsi almış cənab İlham Əliyev ona göstərilən bu etimadı fəaliyyətinin
elə ilk günlərindən
ləyaqətlə doğrultmağa
başladı. Öz dahi atasının
imkan tapıb tamamlaya bilmədiyi və çox perspektivli planlarını
qətiyyətlə gerçəkləşdirmək
üçün var gücüylə çalışdı,
bütün sahələrdə
Heydər Əliyev siyasətinin qarantı oldu. Və əminliklə bəyan etdi: "Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm...".
Dedi və etdi də!
Heç
unutmadığım, göz
yaddaşımın əbədi
saxlancına çevrilmiş
bir məqam var... Mən o məqamı dərin
üzüntü içində
televiziya ekranından izləyirdim; qədirbilən
xalqımız öz dahi övladını, ümummilli liderini sonsuz ehtiramla son mənzilə yola salırdı. Böyük Öndərin
siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev möhtəşəm
izdihamın önündə
irəliləyirdi. Hələ çox
gənc və atasının adaşı
olan oğlunun əli ovcundaydı.
Son, lap son anda, artıq
vida anı yetişdiyi məqamda Prezident sövq-təbii, bütün kədərini,
təəssüfünü ifadə edəcək bir tərzdə yeniyetmə oğlunun əlini bərk-bərk sıxdı, yumruqları düyünlədi... Bu, sonsuz
itkinin, əbədi ayrılığın qarşısında
mərd, möhkəm
dayanmağın, özünü
toparlaya bilməyin vacib mesajıydı... Həyatın zalım və amansızlığına,
ölümün soyuq
üzünə qarşı
üsyan, etiraz ifadəsi kimi sıxılmışdı o yumruq...
Və mən ikinci dəfə o yumruğu erməni məkrinə, erməni xəyanətinə, dünyanın
ikiüzlü siyasətlərinə
qarşı düyünlənən,
qalxan gördüm. Bütün
yaramazlıqlar, vandalizm
və faşizm əlamətləri önünə
nida işarəsi qoymaq üçün düyünlənmişdi bu
yumruq! Bu dəfə
cənab Prezidentin əlləri əziz qardaşı, xalqımızın
sevimlisi Rəcəb Tayyib Ərdoğanın əllərindəydi. Hilallar qovuşmuş,
bütünləşmiş, bir cismdə bir can olmuşdur.
Təbii ki, bir-birinin ardınca erməni işğalından azad edilən bölgələrimizdən gələn müjdə xəbərini kiprik qırpmadan, nəfəs çəkmədən gözləyən xalqımız (və bütün türk dünyası) bu məqamlarda Ulu Öndərin öz siyasi varisinin simasında gələcəyin ən qüdrətli dövlət başçısını görməsi həqiqətinə bir daha şahidlik edir. Artıq bütün dünya şahid olur ki, ümummilli liderin etibar etdiyi, böyük inamla güvəndiyi siyasi varisi həqiqətən də yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Məhz bu səbəbdən öz siyasi varisinin onun axıra qədər başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları və işləri layiqincə başa çatdıracağına əmin olduğundan öz həmvətənlərinə "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" təminatı verirdi. Bu təminat, əslində, türk gəncliyinin daim ayaqda olan, fövqəladə iradəyə malik təbiətinə bəslənən inamdan irəli gəlirdi. Heydər Əliyev böyük bir uzaqgörənliklə gəncliyə, onun daxili potensialına inanırdı. Və heç təsadüfi deyil ki, onun siyasi varisi də əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətini uğurla davam etdirdi. Müdrik ustadı kimi, tərəddüd etmədən "Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli, Avropa qafalı" (Əli bəy Hüseynzadə) gənclərə idarəetmə sahəsində yüksək vəzifələri etibar etdi. Məhz bu etibarın, siyasi uzaqgörənliyin nəticəsidir ki, ölkə başçısının köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov kimi cavan, praqmatik düşüncəli, dünya siyasətini gözəl bilən və çox enerjili kadrlar ölkəmizin idarəetmə sistemində layiqli yer tuturlar. Onların simasında xalq öz siyasi liderinin uzaqgörən seçimini qəlbən alqışlayır, ona inanır. Bu gün dünyanın gözü qarşısında Azərbaycan gerçəkliyini, Dağlıq Qarabağ həqiqətlərini Çanaqqala zəfərinə götürən, bütün Türk dünyasına o şanlı zəfərin sevincini yaşadan haqq savaşında ölkə başçısının uzaqgörən seçiminin, mühüm qərarlarının müstəsna, heç vaxt unudulmayacaq böyük yeri var.
Mənimsə bütün varlığım, qəlb titrəyişim o böyük müjdənin havasına uçunur. Bu, bir an, bir nəfəs çəkimi məsələsidir. Aldığım hər nəfəs, ruhum, düşüncəm "gəlsin gəlməli xəbər" istəklisidi. Dəqiqələri, saniyələri sayıram...
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.22.