Doğma Qarabağımıza
qayıdırıq!
“Əlbəttə, Laçın da,
Kəlbəcər də, bütün hamısını,
hamısını qaytaracaqlar...” Prezident, Ali Baş Komandan
İlham Əliyevin xalqımıza qələbə müjdəsi
çatdıran bu sözləri qulaqlarımda təkrar-təkrar
səslənir. Bu sözlərdən qəlbimə yayılan
inam və iftixarla Naxçıvan şəhərinin mərkəzi
küçəsi ilə addımlayıram...
Adətən,
üzəvari bir qüssə gətirən
sazaqlı-çiskinli payız bu dəfə Azərbaycan
xalqına möhtəşəm qalibiyyət sevinci bəxş
edib. Sanki, öyünc, fərəh yağır göylərdən.
Hara baxırsan, Azərbaycan bayrağı dalğalanır.
Üç rəngin təntənəli uyarlığı əks
olunub Vətənimin bu ali rəmzində. Qulaqlarımda qalib
baş sərkədəmizin xalqımızla
paylaşdığı şahanə xitablar səslənir:
“Əziz
Şuşa, sən azadsan!
Əziz
Şuşa, biz qayıtmışıq!
Əziz
Şuşa, biz səni dirçəldəcəyik”!
30 ildən bəri
gözlədiyimiz müjdənin son akkordlarını
eşidirəm: “Xoşbəxtəm ki, biz öz Vətənimizə,
doğma Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya
qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
Bir xalqın kölgə salınmış 30 ilinin üzərinə
nur səpələnir bu sözlərlə.
Xəyalım
ötənlərə yönlənir. Düşünürəm
ki, saxtakarlıq və yalan üzərində
quraşdırılmış “Ermənistan tarixi”nin kölgəsinə
sığınan ermənilər kilsələrdə anonim,
fitnəkar keşişlərin düzüb-qoşduqları bu
“tarix”dən ağıllarını itirərək Azərbaycanı
xəyali “Böyük Ermənistan”ın içərisində
əritmək niyyəti ilə bütün dünyanı
aldadacaqlarına ümid edirdilər. Bu iddialarla öz
işğalçılıq planlarını gizlətmək,
unutdurmaq və geniş auditoriyanı aldatmaq qəsdində
idilər.
Qafqazın Azərbaycan
ərazilərinə məlum güclər tərəfindən
köçürülən bu hibrid xalq (akademik N.Marr: erməni
xalqı kimi, erməni dili də hibrid dildir) yeni torpaqlarda məskunlaşmaqla
kifayətlənməyib, üstəlik, yerli xalqa qarşı ərazi,
mədəniyyət, tarix iddiası ilə təcavüzkarlıq
yoluna düşüb. Azərbaycan xalqının böyük
humanizmindən faydalanan ermənilər bir müddət sonra gəldikləri
ərazilərdə ixtişaşlar törətməyə
başlayıblar. Bu ədalətsiz, qanlı qovğalar nəticəsində
Azərbaycan xalqı böyük faciələrə məruz
qalıb. Köçürüldükləri bütün
torpaqlarda davamlı cinayətlər törədən mənfur
ermənilər, təəssüf ki, “xaç
qardaşları”nın qoltuğuna sığınaraq,
özlərinə arxa-dayaq tapıblar.
M.Xorenatsiyə
aid edilən saxta “Hayistan tarixi”ni rus dilinə çevirmiş
N.Emin “Ön söz”də bildirib ki, guya, m.ö. 150-ci ildə
Arsaklı anonim çar Vaqarşakın sifarişi ilə
suriyalı alim Mar Abas Katina Nineviya arxivindən
“tapdığı” yunan dilindəki kiçik kitab əsasında
“Ermənilərin ibtidai tarixi” kitabını
yazmışdır. M.Xorenatsi də, guya, “Ermənistan tarixi”ni
qələmə alarkən ondan faydalanmışdı.
Əlavə edək ki, Mestrop Maştos da erməni və alban əlifbalarının
yaradıcısı deyil, fırıldaqçı anonim
keşiş olub. Ermənilərin bu sıradan
yalanlarını dünya ictimaiyyətinə yüksək səslə
bağırmaqla “Böyük Ermənistan” avantürasına dəstək
qazandırmağa çalışıblar. Dünyada illər
boyu bu yalana inananlar da olub, inanmayanlar da...
Yenidən bu
günə qayıdıram. 10 noyabr 2020-ci il... Azərbaycan
Prezidenti İlham Əliyevin sentyabrın 27-dən başlanan
Qarabağ savaşının səngər, diplomatiya və
informasiya cəbhələrində rəhbərlik etdiyi zəfər
yürüşü, nəhayət, “Böyük Ermənistan”
yalanını tar-mar edib ayaqlar altına saldı.
Dünya Azərbaycanlıları
bayram edir bu gün. Qələbə sədaları yüksəlir
göy üzünə. Naxçıvan küçələrində
də “iynə atsan yerə düşməz”. Qədim Nəqşi-cahanın
hüsnünə necə də yaraşır zəfər rəngləri...
Ali səviyyədə
deyilmiş sözlər səslənir qulaqlarımda: “Mən
Naxçıvan şəhərini Azərbaycanın ən
gözəl şəhərlərindən biri edəcəyəm.”
Bu istək artıq yüksək səviyyədə gerçəkləşib.
Bu gözəl şəhərin küçələrində
üçrəngli bayraqlar dalğalanır. Maşınlarda,
eyvanlarda, binalarda, uşaqdan-böyüyə hamının əlində
alov dilli, səma rəngli, həyat çalarlı
bayraqlarımızın yaratdığı təntənə
sevincimizi, sevgimizi yerə-göyə bülənd edir. Bu
gün Naxçıvan illərin həsrətini, nisgilini silib
atır simasından... Günbəgün gözəlləşən
hüsnünə qələbə rənglərində bəzəklər
vurur.
Bu misilsiz mənzərənin
başı üstündə, sanki, Ali Baş Komandanın
“Doğma Qarabağımıza qayıdırıq!” nidası
gurlayır.
Üçrəngli
bayraq dalğalanır bu gün xalqımın göz bəbəklərində...
“Türkləşmək, islamlaşmaq, müasirləşmək”
düsturu, məhz bu üçrəngli bayrağın rənglərində
öz əksini tapıb. Bu gün Azərbaycanın milli
varlıq dastanını yazanların ruhları da sevinir.
Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Cəlil Məmmədquluzadə, Hüseyn
Cavid, Məmməd Səid Ordubadi, Əhməd Cavad, Cəfər
Cabbarlı, Mikayıl Müşfiq kimi millət fədailərinin
ruhları dinclik tapır bu təntənə ilə.
Bu gün yenidən
“Qarabağ şikəstəsi” ucalır Şuşadan. Xan
qızı oyan, aç gözlərini, bəzən xan
qızı! Biz qayıdırıq... Qarabağ
savaşının tarix yazmış və bu qələbəni
tarixə yazmış çağırışları Azərbaycanın
başı üstündə gurlayır:
– Biz Qələbə
qazanmışıq...
– Dünya Azərbaycanı
yenidən tanıdı...
– Fəxr edirəm
ki, belə ölkədə yaşayıram.
İlahi, bu
yuxudurmu? Axı ulu öndərimiz bu tarixi yazan insan barədə
inamla demişdi: “Mən ona özüm qədər inanıram
və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Halal bir fəxarətlə
izləyirəm millətimi, necə gözəl
yaraşırmış Azərbaycana qalibiyyət. İzdiham
üz tutur Şəhidlər xiyabanına, təzim edirik
müqəddəs şəhid ruhlarının qarşısında.
Fəxr edirik.
Qürur duyuruq.
10 noyabr 2020-ci
il... Bu gün Azərbaycanın şanlı tarixi yenidən
yazıldı. Azərbaycan öz reallıqlarını
dünya ictimaiyyətinə xalq – ordu – rəhbər birliyi ilə
diqtə etdi. Dünya şahmat taxtasıdır. Azərbaycan
dünyada öz gedişini etdi! Azərbaycan gedişi!
Azərbaycan
xalqı bu gün bir ağızdan təkrarlayır:
“Qarabağ Azərbaycandır və nida!” Bu cümlə
artıq bizim həyat devizimizdir. Bu cümlə millətin
şanlı şüarıdır. Qarabağ bizimdir və
bizim oldu. Tarixin ulu köksünə Azərbaycan əsgəri
bu cümləni al qanı ilə həkk etdi. Bu müdrik kəlam
bir daha silinməyəcək, əbədi olacaq! Nəsildən-nəsilə
ötürüləcək bu şanlı şüar.
Bu gün
Dünya Azərbaycanlıları bir ağızdan söyləyirlər:
“Biz fəxr edirik ki, azərbaycanlıyıq”.
Naxçıvan küçələrindəki izdiham da bu
öyüncü təcəssüm etdirir. Hər kəsin
dilində qələbə şüarları…
Balacalar
alqış deyirlər, ağsaqqal-ağbirçəklər
dualar edirlər müzəffər Ali Baş Komandan İlham
Əliyevin şərəfli ünvanına. Nə gözəl
yaraşır zəfər Azərbaycana!
Bu xoşbəxtliyin
rəsmini hansı rəssamın çəkməyə
gücü çatar?! Bu elə bir tablodur ki, onu ancaq
Allahın verdiyi güc, fitri istedadla yaratmaq olar. Ali Baş
Komandanımızın dediyi kimi: “Bu, bizim hamımızın
qələbəsidir, bütün Azərbaycan xalqının.
Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər
böyük xalqdır, nə qədər vətənpərvər
xalqdır, nə qədər dəmir iradəyə malik olan
xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları
xalqımızı sındırmadı, iradəmizə
heç bir mənfi təsir göstərmədi. Əksinə,
biz daha da bütövləşdik, daha da mətinləşdik,
daha da gücləndik, özümüzü toparladıq, dedik
ki, artıq yetər, biz bu işğala dözməyəcəyik.
Dedik ki, düşməni torpaqlarımızdan
qovacağıq!”.
Ulu öndər
Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə – həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.” Tarix bu
inamın, etibarın ululuğunu və mötəbərliyini
xalqımızın Qarabağ qələbəsinin təmin
edilməsi ilə bir daha təsdiqlədi.
Noyabrın 10-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
xalqa etdiyi müraciətdə deyilir: “Qarabağ Azərbaycandır
və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə
çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm.
Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir
milli şüara çevrildi. Bu gün böyük qürur
hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl
bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir,
Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa
bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq
olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Yaşasın
müzəffər xalqın, müzəffər ordunun müzəffər
Ali Baş Komandanı İlham Əliyev…
Nərgiz
İSMAYILOVA,
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.-2020.-14
noyabr.-S.25