Cənab General

 

General-mayor Polad Həşimova ithaf

 

Xanım İsmayılqızı

 

Təkcə Vətən üçün çırpındı hər an

Köksünün altında o böyük ürək.

Polad kimi möhkəm iradən ilə

Öz ölkəni sevdin son qanınadək.

 

Əsgər şərəfinlə ömür yaşadın,

Əfsanəyə dönən müqəddəs Adam.

Öncə Vətən, torpaq, haqq sədaqət -

Belə yaratmışdı səni Yaradan.

 

Qalxıbdır ayağa bütün Oğullar,

Əsgərlər hücum əmrinə hazır.

Elə bir iz qoydun özündən sonra,

Hər bir kəs adını ömrünə yazır.

 

Sən bir Türk oğlusan, Azərbaycanın

Əzmini tarixə adınla yazdın.

Cəbhədə, səngərdə haqqın səsini

Dünyaya ruhunla, odunla yazdın.

 

Həm ata, həm ana, həm qardaş, həm dost,

Həm övlad idi sənə bu torpaq.

Döyüş meydanında son nəfəsədək

Üsyanın, harayın oldu - Qarabağ.

 

Sevdiyin torpağın qucağındasan,

Güllələr altından mərdliklə keçdin.

Canında bayrağın, nəfəsdə Vətən,

Yurdu ucaltmaqçün ölümü seçdin.

 

Əllərdədir silah, ruhun bizimlə,

Düşmən bayrağını endirəcəyik.

Qələbə müjdəli xoş xəbərləri

Sənə hədiyyə göndərəcəyik.

 

Sən əsl Oğulsan, unudulmazsan,

Belə cəsurlardır qürur yerimiz.

Qəhrəmanlar ölmür, məkan dəyişir,

Səni yaşadacaq bizim sevgimiz.

 

Qoy dünya eşitsin, Polad gücündə

Ürəklilər qurban olmağa hazır.

Vətənin Poladtək oğulları var,

Hər qarış torpağı almağa hazır.

 

Bizim fəxrimizsən, Cənab General,

Mərdlik, vətəndaşlıq, yurd yolu oldun.

Elə zirvədəsən, elə yerdəsən,

Bütün anaların öz Oğlu oldun.

 

 

Geri dön

 

Kimi tüfəng, kimi ürək, kimi hirslə döyüşdədir,

Əsirlikdə olan torpaq əsgəriylə görüşdədir,

Ədalətin qələbəsi, zəfərləri yürüşdədir,

Vətən oğlu, igid əsgər, torpaqları al geri dön.

Bu millətin, bu Vətənin Qəhrəmanı ol, geri dön.

 

Ölkəmiz ayaq üstədi, ürəklər yurdla döyünür,

Kiçikdən böyüyə kimi döyüş ruhunu geyinir,

Elə bir ordumuz var ki, xalq öz oğluyla öyünür,

Vətən oğlu, igid əsgər, qələbələr çal geri dön.

Bu millətin, bu Vətənin Qəhrəmanı ol, geri dön.

 

Yumruq kimi sıxılaraq bir nöqtəyə vurduq artıq,

Düşmənlərin belini bu hücumla qırdıq artıq,

Yurdumuza xor baxanın bağrını da yardıq artıq,

Vətən oğlu, igid əsgər, yurduna iz sal geri dön.

Bu millətin, bu Vətənin Qəhrəmanı ol, gerı dön.

 

İndi bu Ulu diyarın böyük imtahan günüdür,

Haqsızlığın körpüsünü, sədləri yıxan günüdür,

Qılıncların da qınından sıyrılıb çıxan günüdür,

Vətən oğlu, igid əsgər, bu tarixdə qal geri dön.

Bu millətin, bu Vətənin Qəhrəmanı ol, geri dön.

Bu həyəcan, bu yüksəliş damarlarda qan deməkdir,

Hər bir qarış torpağımız canımızda can deməkdır,

Bu üsyanın özü, odu can Azərbaycan deməkdir,

Vətən oğlu, igid əsgər, sənə yaxşı yol, geri dön.

Bu millətin, bu Vətənin Qəhrəmanı ol, geri dön.

 

Kimi tüfəng, kimi ürək, kimi hisslə döyüşdədir,

Əsirlikdə olan torpaq azadlıqla görüşdədir,

Ədalətin qələbəsi, zəfərləri yürüşdədir,

Vətən oğlu, igid əsgər, torpaqları al geri dön.

Bu millətin, bu Vətənin Qəhrəmanı ol, geri dön.

 

 

Yaşasın Azərbaycan

 

Köksümüzün altında bir Vətən daşıyırıq,

Qalibiyyət qazanıb qürurla yaşayırıq,

İndi artıq hamımız Vətənə oxşayırıq,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Bu millət cəsurların hünərindən ruhlanır,

Atdıqları addımla zirvələrə yollanır,

Uğurları tükənməz qələbədə canlanır,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Öz qızı, öz oğluyla Azərbaycan öyünür,

Qəhrəman İnsanları döyüş ruhu geyinir,

Bu xalqın ürəyində Azərbaycan döyünür,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Yurdumuz öz xilaskar Oğluna arxalandı,

Bayrağımız hər qarış torpaqda dalğalandı,

Hər Vətən övladının nəfəsində, canında,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Yaşamaq çətinmiş qəfəslərin içində,

Qarabağ nəfəs alır nəfəslərin içində,

Biz qalibik - hayqıran gur səslərin içində,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Uğrunda qan tökülən torpaq gözləri üstə,

Ürəklər, canlar, ruhlar durub sözləri üstə,

Yenə dua edilir qalib dizləri üstə,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Şəhidlərin ruhunun şad olan məqamıdır,

Hər damla qanı belə torpağa salamıdır,

Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

Həsrəti, ayrılığı öz haqqıyla pozur O,

Dönə-dönə qələbə müjdəsinə hazır O,

Tarixinin möhtəşəm tarixini yazır O,

Azərbaycan yaşayır!!! Yaşasın Azərbaycan!!!

 

 

Türkiyə, Azərbaycan

 

Yumruq kimi birləşib, eyni hədəfə vurub,

Eşq ilə, məhəbbətlə ucalan məbəd qurub,

Çiyin-çiyinə verib yenə məğrur durub,

Bir ananın övladı - Azərbaycan, Türkiyə.

Qartalın cüt qanadı - Türkiyə, Azərbaycan.

Ən çətin zamanlarda bir-birinə dost, yoldaş,

Siyasət meydanında əqidəbir vətəndaş,

Böyükdən kiçiyədək hər bir mənada sirdaş,

Dili bir, amalı bir - Azərbaycan, Türkiyə.

İkisi bir ürəkdir - Türkiyə, Azərbaycan.

 

Elə bir qüvvədir ki, addımında fəxarət,

Bu birliyin gücündə birləşibdi həqiqət,

Kökündə sədaqət var, canındadı ədalət,

Bir millət, iki dövlət - Azərbaycan, Türkiyə.

Bu birlikdədir qüdrət - Türkiyə, Azərbaycan.

 

Ordusu var, gücü var, səsi xalqın səsidir,

Bir-birini sevməsi ən böyük qüvvəsidir,

Həm möhür, həm and yeri tək bircə kəlməsidir.

Dostluğu sarsılmayan - Azərbaycan, Türkiyə.

İki bədəndə bir can - Türkiyə, Azərbaycan.

 

Bu dostluq yenə böyük sınağa sinə gərdi,

Qardaşlığın əbədi olduğunu göstərdi,

Əsrlərlə bir olmaq, doğma olmaq hünərdi.

Qana köç edən yaddaş - Azərbaycan, Türkiyə.

Bir ruhda iki qardaş - Türkiyə, Azərbaycan.

 

 

Şuşa

 

Dağlar dumanı öpür,

Vaxtı, zamanı öpür,

Şuşa eşqin beşiyi,

Sevgi duanı öpür.

 

Gözlər yollara baxır,

Göylər hallara baxır,

Şuşa ürəyə düşüb,

Ordan Allaha baxır.

 

Səsi, nəfəsi gözəl,

Ovsun qəfəsi gözəl,

Şuşa tarixə köçüb,

Hər bir töhfəsi gözəl.

 

Ömrü yaddaşdan keçir,

Bəxti savaşdan keçir,

Şuşa müqəddəs ocaq,

Addımlar daşdan keçir.

 

Dağlar ümmana qalmaz,

Arzu gümana qalmaz,

Şuşa, sabahın xeyir,

Yaxşı yamana qalmaz.

Görüş zamana qalmaz.

 

 

Bayraq

 

Tək bayraq dalğalanır,

Dayanıbdı yüksəkdə.

Təkbaşına dolanır

Ətrafında külək də.

 

Zirvənin bəzəyidir

Bu bayrağın üç rəngi.

Möhtəşəmlik rəmzidir

Bu qürurlu ahəngi.

 

Yaşılında dirilik,

Qırmızısında qan var.

Göyündə göylər qədər

Böyük bir asiman var.

 

O, böyük bir millətin

Azadlıq nəfəsidir.

Sancıldığı hər zirvə,

Öz xalqının səsidir.

 

Baş qoyub, and içməyə,

O, "Quran"a tən gəlir.

Tək bayrağın ardınca

Bu Ana Vətən gəlir.

 

Ədəbiyyat qəzeti.- 2020.- 21 noyabr.- S.8.