Hüseynbala Mirələmov: “İki Şah, iki Sultan” tariximiz haqqında cəfəng fərziyyələr irəli sürən bölücülərə ünvanlanmış bədii cavabdır

 

 

Bu günlərdə tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun “İki Şah iki Sultan” trilogiyasına daxil olan “Süqut”, “Bənövşəyi əncir” və “Çaldıran yolu” tarixi romanları “Nurlar” Nəşriyyat –Poliqrafiya Mərkəzində nəfis şəkildə işıq üzü görüb. “Ədəbiyyat qəzeti”  müəllif Hüseynbala Mirələmovun trilogiyanın həmredaktoru,  yazar  Sevinc Mürvətqızı ilə ( trilogiyanın digər redaktoru professor İslam Qəriblidir-red.) sözügedən romanlar haqqında müsahibəsini təqdim edir.

 

 

-Hüseynbala müəllim,  trilogiyanızın işıq  üzü görməsi münasibəti ilə sizi təbrik edirəm, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Nəşrlərin həmredaktoru olaraq necə deyərlər,  “mətbəxdə nə bişdiyindən” yaxşı xəbərim var. Ancaq hər halda oxucular trilogiya ilə bağlı maraqlandıqları məqamlara cavabları kitabların müəllifinin öz dilindən eşitmək istərdi. Tarixi əsər yazmaq həm məsuliyyətdir, həm də  bəzən cavabı olmayan açıq suallar deməkdir. Bu baxımdan özünüzü müzakirələrə hazır hiss edirsinizmi?

 

- Təşəkkür edirəm, Sevinc xanım. Mən həmişə müzakirələrə hazıram. Əlbəttə, tarixi roman yazmağın məsuliyyətini dərk edərək bu ağır yükün altına çiynimi vermişəm. Trilogiyanı qələmə alana qədər orta əsrlər tarixinə dair mənbələrdə çoxsaylı araşdırmalar aparmışam, xeyli mütaliə etmişəm, tarixi məktubları, materialları, yazışmaları  oxumuşam. Amma bununla belə tarixi hadisələrə, faktlara, şəxsiyyətlərə öz yazıçı prizmamdan yanaşmışam, sinxronluğu saxlamaq şərtilə bəzən fərqli interpretasiyalarla çıxış etmişəm.

 

-Trilogiyanın adından başlayaq. Niyə “İki Şah iki Sultan” ?

 

- Maraqlı sualdı. Bir neçə il əvvəl türk yazıçısı İskəndər Palanın “Şah və sultan” əsəri əlimə düşdü.  Müəllif əsərdə Şah İsmayıl Xətai ilə bağlı, ümumiyyətlə, Azərbaycan tarixi ilə bağlı təhriflərə yol vermişdi. Digər bir yazar Reha Çamuroğlunun “İsmayıl” romanında da eyni motivli təhriflərə, hətta bəzən təhqirlərə rast gəldim. “İki Şah iki Sultan” Şah İsmayıl Xətai ilə bağlı, ümumiyyətlə, tariximiz haqqında cəfəng fərziyyələr irəli sürən, qarayaxmalar, gözdənsalmalar, kinayə və təhqir dolu ibarələrlə söz açan, türklər arasına məzhəb fərqi ilə nifaq salmağa cəhd göstərən bölücülərə- iskəndərpalalara, rehaçamuroğlulara ünvanlanmış bədii cavabdır. “İki Şah iki Sultan”da türk tarixinin həm qürurlu, həm də ağrılı-acılı səhifələri, faciələri öz əksini tapıb. 

 

- Trilogiyanın birinci kitabı “Süqut” Ağqoyunlular xanədanından, onun qurucularından bəhs edir. Niyə məhz Ağqoyunlular dövləti haqqında yazmaq zərurəti hiss etmisiniz?

 

- Ağqoyunlular imperiyası Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur. Milyon kvadrat kilometrlərlə ərazisi olan böyük bir xanədandan söhbət gedir. Mən çalışmışam ki, türk dünyasının orta əsrlər tarixinə obyektiv işıq salım. Oxucuların bədii sözün köməyi ilə tarixin əsl tərəfiylə tanış olması üçün Ağqoyunlular imperiyasının tarixdəki yerini və rolunu qabartmağa səy göstərmişəm.

 

- Məqamı gəlmişkən, qeyd edək ki, trilogiyanın nəşri həm də millətimizin böyük zəfər günlərinə təsadüf edir. “Süqut” kitabınız adının mahiyyətinə uyğun maraqlı epiqrafla başlayır: “Məğlubların umacağı olmur”. Bunu deməsək olmaz ki, hazırda məğlub tərəf olan işğalçı Ermənistanın həyasızcasına  torpaqlarımızdan, tariximizdən, mədəniyyətimizdən, hətta təbiətimizdən də umacaqları bitmir ki, bitmir...

 

-Mən buna umacaq deməzdim. 30 ildən çoxdur ki, ermənilərin iç üzünü dünyaya tanıtmaq üçün həm də informasiya cəbhəsində mübarizə aparırıq. Amma Kəlbəcərdən çıxdıqları zaman özləri özlərinin murdarlığını, vəhşiliyini bir neçə gündə ifşa etdilər. Kəndləri, meşələri, evləri, heyvanları  yandırıb, hətta ağacları belə qırıb özü ilə aparan görməmiş toplumdan danışırıq. Neçə illərdir biz bunların belə bir xislətə sahib olduğuna dünyanı inandıra bilmirdik. İndi isə bütün bunları dünya öz gözləri ilə gördü. Və dünya hələ də torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız mübarizəmizdə olduğu kimi inadkarcasına susur...  Bunların “ziyalı”lıları  azərbaycanlı uşaqlara verdiyi işgəncələrlə  fəxr edən zoribalayanlar olanda, sıravi şəxslərindən nə gözləyəsən?! Azərbaycanın işğal altındakı Kəlbəcərindən çıxarkən unitazını qucaqlayıb aparan bu nadürüstlər körpələrini evdə unudub gedirlər. Bax, bunlar belə bir etnosdur. Bizim də bu qaniçənlərə qarşı apardığımız müharibə haqq savaşıdır. Əlbəttə, müharibə bütün hallarda qara rəngdədir. Müharibə fəlaəkət, qan-qada,  ölüm, dağıntı və faciə deməkdir. Yazıçı mövqeyindən çıxış etsəm, dünyada qan tökülməsinin əleyhinəyəm, ancaq elə  müharibələr var ki, onlar mütləq olmalıdır! Çünki bizim müharibəmiz tarixi ədalətin bərpasına və 28 ildir işğal altında qalan torpaqlarımızın azad olunmasına yönələn labüd bir haqq müharibəsi idi.  Erməni təxribatları ordumuz tərəfindən həlledici cavabını almalıydı. Bu müddət ərzində cənab Prezidentimiz İlham Əliyev xarici mətbuata onlarla müsahibə verdi. Bunlar sadəcə müsahibə deyildi, Azərbaycan Prezidentinin diplomatiya sahəsində, dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələrinə verdiyi ustad dərsləri idi. Bir Sərkərdə, siyasətçi və diplomatın, dövlət adamının gəlib çata biləcəyi ən yüksək kamillik səviyyəsindən bütün dünyaya ustad dərsi keçir. Azərbaycan Prezidentinin hərbi əməliyyatların ilk günündən verdiyi müsahibələrə diqqət yetirək. Nə vaxtsa bu müsahibələr tarix kitablarına, dərsliklərə salınacaq, Cənubi Qafqazın ən yeni tarixini tədqiq edən alimlər, regionun gələcəyi barədə aydın təsəvvür formalaşdırmağa çalışan mütəxəssislər, özünü gələcəyin diplomatı, siyasətçisi, dövlət xadimi kimi yetişdirmək istəyən gənclər ən gözəl mənbə olaraq bu müsahibələrdən faydalanacaqlar... Cənab İlham Əliyev isə verilən suallara yığcam, lakonik, tutarlı cavabı ilə sadə bir həqiqəti bütün dünyaya anladır: erməni işğalçıları dünyanın ən ali dəyərlərindən olan ədaləti pozublar. Azərbaycan torpaqlarının işğalının, bir milyona yaxın məcburi köçkünümüzün öz evlərindən qovulmasının və təxminən 30 ilə yaxın dövr ərzində min əziyyətlərə düçar olmasının sadə adı ədalətsizlikdir. Azərbaycan da məhz ədalətsizliyə qarşı mübarizə aparır. Ona görə də bu davamız haqq davasıdır.

 

-Trilogiyada  Azərbaycanın görkəmli diplomat qadını Sara Xatunun da obrazı müxtəlif rakurslardan işıqlandırılıb....

 

-Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Sara Xatun həmişə mənim marağımı çəkən tarixi şəxsiyyətdir. “İki Şah iki Sultan”da imkan düşdü ki, bu mərd, qorxmaz və ağıllı qadını müxtəlif aspektlərdən oxucuya təqdim edim. Uzun Həsənin anası Sara Xatun görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də  möhtəşəm bir ana obrazıdır. O, orta əsrlər türk tarixinin ehtişamlı bir ana heykəlidir. İstərdim ki, bizim qızlarımız, ümumiyyətlə, türk qadınlarının hər biri qeyrətdə, namusda, fədakarlıqda, fövqəladə, taleyüklü qərar çıxartmaq zamanı ulu nənələri Sara Xatundan örnək alsınlar.

 

- Ədəbiyyatımızda demək olar ki, ilk dəfə şair -hökmdar Qazi Bürhanəddinin ədəbi obrazını, psixoloji portretini yaratmaq məsuliyyəti ağır deyildi?

 

- Əlbəttə, bu, ağır məsuliyyətdir. “Süqut”da Qazi Bürhanəddinin obrazını dolğun və hərtərəfli təqdim etməyə çalışmışam. Buna nə dərəcədə nail olduğumu oxucular deyəcək. Qazi Bürhanəddinin haqqında yazmazdan öncə tarixi araşdırarkən onun sadəcə “Divan”ı olduğu haqqında məlumatım vardı. Onun haqqında indiyədək heç bədii əsər oxumamışam.  Bu, məsuliyyəti öz üzərimə götürüb bu böyük Azərbaycan oğlunu oxucularımıza tanıdığım qədər tanıtmağa çalışdım. Yeri gəlmişkən, Qazi Bürhanəddin, Qara Yuluq Osman, Uzun Həsən, Şah İsmayıl Xətai - hamısı bir soy- kökdən, eyni nəsildəndir, bir xətt üzrə qohumdurlar. Əlbəttə, tarixdə qan- qada, xüsusilə də orta əsrlərdə faciələr həmişə olub. Azərbaycanın orta əsrlər tarixi də bundan xali deyil. Baxmayaraq ki, bəzən yaxın qohumlar bir-birinin qanına susayıblar, biri digərini əfv etməyib, ancaq onlar hamısı qeyrətli Azərbaycan övladı olublar.

 

-Təbii ki,  tarix tarixliyində, fakt faktlığında qalır, amma mən  şəxsən bir oxucu olaraq əsərdə Qazi Bürhanəddinin öz bacısı oğlunu edam etdirməsi, yaxud da Qara Yuluq Osmanın döyüş meydanında öz dayısının boynunu vurması səhnələrini sinirə bilmədim. Eyni zamanda döyüş meydanında Uzun Həsənin ona xəyanət edən oğlunun amansızcasına dərsini verməsi səhnəsinin təsviri insanı ürpərdir. Trilogiyada qəddar reallığı əks etdirən edam səhnələri çox açıq şəkildə təsvir olunub. Doğrudanmı hakimiyyət hərisliyi, iqtidar həvəsi atanın oğula, dayının bacısı oğluna qıymasına səbəb ola biləcək qədər vazkeçilməzdir?

 

-Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq fikrimcə, burada incə tarixi məqam var. Mən düşünmürəm ki, onlar hamısı bu addımları sırf hakimiyyət hərisliyi  naminə atıblar. Bu haqda çox düşünmüşəm. Hesab edirəm ki, bu addımı atmağa vadar edən əsasən Vətənin mənafeyi olub. Zənnimcə, bu, vətəni qorumaq instinktindən irəli gəlir. Uzun Həsən kimi fövqəladə bir şəxsiyyət, qüdrətli bir hökmdar yaxşı bilirdi ki, hansısa təcrübəsiz biri hakimiyyətə gələrsə, xanədanın, ölkənin, Vətənin taleyi necə olar. Uzun Həsən məncə, məhz millətin, vətənin gələcəyi naminə oğlunun başından keçir. Bu da ancaq fövqəladə dərəcədə güclü şəxsiyyətin bacara biləcəyi bir məsələdir. Bu da bir sərkərdə böyüklüyüdür ki, yeril  gələndə Vətənə görə övladından da keçməyi  bacarasan...

 

- Uzun Həsənin parlaması “Süqut”da başlayır və sonrakı kitabda –“Bənövşəyi əncir”də bütün əsər boyu davam edir. Uzun Həsənin döyüş meydanından məişətə, uşaqlıqdan yetkinliyə, bəslədiyi sevgidən duyduğu nifrətə qədər bir çox baxımdan portretini xüsusilə hədsiz məhəbbətlə yaratmağınız  həm də  indi onun haqqında səsləndirdiyiniz fikirlərdən  hiss olunur. Uzun Həsənə olan bu əlahiddə sevgi nədən qaynaqlanır?

 

- Çünki Uzun Həsən Tanrı tərəfindən seçilmişlərdən biri idi.  Ona olan əlahiddə sevgim Uzun Həsənin əlahiddə şəxsiyyət olması ilə bağlıdır. Uzun Həsən kimi hökmdarlarımız Vətənin parçalanmasına qarşı hədsiz həssas yanaşıblar. Onlar üçün hər şeydən öncə Vətən gəlib. Onların qəlbi ancaq Vətənin birləşdirilməsi, böyük Azərbaycan, vahid imperiya  yaratmaq üçün çırpınıb. Belə  tarixi şəxsiyyətlərə vurğun olmamaq mümkündürmü?

 

- Uzun Həsənlə  Sultan Mehmedin qarşılaşması, buna qədər Sara Xatunla Sultan Mehmedin görüşü və sair  tarixi detallar ədəbi müstəvidə işlənib. Ümumiyyətlə, bir-birinə qənim kəsilən iki böyük türk hökmdarının böyük çarpışmaya aparan yolunu yazmaqla bu günə və  gələcək nəsillərə hansı mesajı ünvanlamaq istəyindəydiniz?

 

-  Sara Xatun istəyirdi ki, iki böyük türk hökmdarı –Uzun Həsən və Sultan Mehmed  qarşı- qarşıya gəlməsin. Ağqoyunlu imperiyası uğrunda mübarizədə heç bir başqa şərt qəbul etməyən Uzun Həsən eyni zamanda, Osmanlı sultanı Mehmedlə üz-üzə gəlməmək, qardaş qırğını törətməmək üçün bütün diplomatik vasitələrdən istifadə edir. Lakin iki güclü türk dövlətinin mövcud olmasını istəməyən Avropanın fitnəsi ilə qızışdırılan Sultan Mehmed gələcəyi görmür və zamanın iki nəhəng imperiyası toqquşur... Avropa, daha doğrusu, Roma papaları ta o zamandan türk birliyinin yaranmasından, iki türk imperiyasının qüdrətlənməsindən qorxurdular. Təəssüf ki, sonda buna nail  olurlar.. Biz bu günlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız mübarizəmizdə qardaş Türkiyəni hər zaman yanımızda gördük. Bu mənəvi dəstəyi heç zaman unutmayacağıq.  Mən arzulardım ki, kaş ki  orta əsrlərdə də türk imperiyaları bizim indiki birliyimizi göstərmiş olaydılar.  Trilogiyanı qələmə alarkən türk dünyasının birliyinin vacibliyi, zəruriliyi mesajını vermişdim, bunun olmasını arzulamışdım.  Bu günlərdə o mesajın, o arzunun necə çin olduğunu, öz təsdiqini tapdığını görüb özümü çox xoşbəxt hiss elədim.

 

 - “Süqut”dan başlayan qardaş didişmələrinin, təklənmələrin, yanlış siyasi addımların  “Çaldıran yolu”na aparıb çıxacağı labüd qaçılmazlıq  idi...

 

- Bəli, fitnə -fəsad öz işini gördü. Türk dünyasının iki qüdrətli fatehi, söz və hərb meydanının cahangirləri- Şah İsmayıl Xətai və Yavuz Sultan Səlim arasında baş verən Çaldıran döyüşü sadə bir savaş deyildi. Bu, əslində heç bir tərəfin qalib olmadığı, bütövlükdə türk dünyasının məğlubiyyəti və faciəsi sayılacaq qanlı qardaş qırğını idi. Şah İsmayıl Xətai də boşuna yazmamışdı: “Qardaş qardaşı mərdanə vurdum deyən yalan söylər...”

 

- “Çaldıran yolu”nun epiqrafı çarəsizliyi ifadə edir: “İki qardaş türk xalqının, islam ümmətinin qanıyla suvarılan Çaldıran Allahın ümidinə qalmışdı...” Allah ümidinə qaldığımız o günlərdən hazırkı müasir tariximizə boylananda hansı fərqləri görmək olar? O fərqləri kimlər, nələr, hansı şərtlər yaradıb? Biz o ümidsizlik baryerini artıq tamamən adlamış sayılırıqmı?

 

- Bu gün artıq biz qalibik. Təkcə biz yox, bütövlükdə türk dünyası qalibdir. Mən arzu edirəm ki, türk-islam dünyası ilə - qardaş Türkiyə və dost Pakistanla olan mənəvi birliyimiz  konkret güc birliyinə, hərbi alyansa çevrilsin. Qoy bütün dünya görsün ki, nə biz, nə Türkiyə, nə Pakistan tək deyil. Onda dünya birliyi bizə qarşı hansısa haqsız addımı atmazdan əvvəl xeyli düşünməli olacaq. Onların düşünməyi, fikrə getməyi bizim bir vahid gücdə toparlanmağımız üçün yetərlidir... Əlbəttə ki, orta əsrlər tarixindən üzü bəri baxanda müasir tariximizlə o günlər arasında yerlə göy qədər fərq var.  Uzun Həsənlə Sultan Mehmedin, Şah İsmayıl Xətai ilə Yavuz Sultan Səlimin – iki şah iki sultanın Avropanın fitnəsi ilə  yarada bilmədikləri türk birliyini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyənin cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan qurur. Bu birlik bizi sevməyənlərə qarşı ən böyük göz dağıdır.  O fərqləri türk dünyasının iki böyük  lideri yaradır. 1993-cü ildən etibarən biz dövlət və millət olaraq o dediyiniz ümidsizlik baryerini çoxdan aşmışıq. İlham Əliyev Ümummilli Liderin ən nisgilli arzusunu reallaşdırdı, onun yarım qalmış ən vacib işini, planını tamama yetirdi.İlham Əliyev Heydər Əliyevin açdığı yeni səhifədə Azərbaycan tarixinin ən şərəfli sətirlərini yazdı və yazmaqda davam edir. İlham Əliyevin xalqımıza bəxş etdiyi bu tarixi qələbə də mahiyyət etibarilə Şah İsmayılın qurduğu mərkəzçi dövlətlə, müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti faktı ilə, Heydər Əliyevin uğurla həyata keçirdiyi müstəqil dövlət quruculuğu ilə bir sırada dayanan tarixi nailiyyətdir! Böyük diplomatik səriştəsi ilə həlledici məqamlar ustası olan İlham Əliyev bu dəfə də bacardı. Və bizi özümüzə qaytardı. Azərbaycan xalqını özünəinama, qan yaddaşına, soy-kökümüzdən gələn mənəvi gücə qovuşdurdu. Bizim özümüzə də, dünyaya da sübut etdi ki, biz qalib gəlməyi bacaran xalqıq. Biz böyük mənəvi dəyərlərə malik xalqıq.

 

-“Çaldıran yolu”nun epiloqu “Yuxu” adlanır. Bu kimin “Yuxu”sudur?

 

-  Bu “Yuxu” XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin əsərindən götürülüb. Orada islamın iki yerə bölünməsindən danışılır. Sultan Səlim və Şah İsmayıl Xətainin islamı bölmək cəhdinin faciəli sonucu haqqındadır. Bunlar hər ikisi bizim doğmalarımız idi, hər ikisi  türk qanı daşıyırdı. Bu “Yuxu” məzhəblər adı altında ikiyə bölünmüş islam bayrağının yaratdığı faciələrin yuxusudur. Yaxşı ki, bu qorxulu , bölücü “yuxular” müasir dövrümüzdə çin çıxmır...

 

- Səfəvilər dövləti   Şah İsmayıl Xətai  haqqında bir çox əsərlər yazılıb.  Yəni, bu, populyar olduğu qədər də müzakirə   tənqidlərə açıq mövzudur. Sizin yaratdığınız Şah İsmayıl obrazına fərqli yanaşacaqlarından narahat olmursunuz?

 

- Narahatlığa əsas görmürəm. Eyni obraz və tarixi şəxsiyyət  hər yazıçının bədii təxəyyülünə uyğun şəkildə ədəbi ömür qazanır.  “Çaldıran yolu”nda toxunmaq istədiyim mühüm məsələ Taclı bəyimin – Şah İsmayılın həyat yoldaşı Şahbigə xatunun əsir düşməsi ilə bağlı versiyalara olan münasibətimdir. Bu yaxınlarda mötəbər türk mənbələrinin birində oxudum ki, Taclı bəyim əsir düşməyib, üstündəki ləl- cəvahiratı bağışlayaraq xilas ola bilib. Mən də “Çaldıran yolu”nda məhz bu variantı vurğulamışam.  Bəzi  mənbələrdə isə qərəzli şəkildə  Taclı bəyimin əsir düşməsi və  heysiyyətinin aşağılanması ilə bağlı fikirlər səsləndirirlər. Taclı bəyimə qarşı belə “hücumlar” yolverilməzdir! Axı Taclı bəyim bütövlükdə  türk dünyasının qızıdır!

 

- Trilogiyanın əksər qəhrəmanları həm də ədəbi şəxsiyyətlərdir. Oxucunun Qazi Bürhanəddin, Sultan Mehmed Avni, Şah İsmayıl Xətainin yaradıcılığı ilə, hətta Yavuz Sultan Səlimin farscadan hərfi tərcümə olunmuş qəzəlləri ilə də geninə-boluna tanış olmaq imkanı yaranır. Hökmdar və şairlik ikisi bir arada... Qılınc tutan əlin qələm tutması, lirik-sentimental qəzəllər yazması?..

 

-Hökmdarlar daha realist və döyüşkən, şairlərsə daha duyğusal, daha romantik olurlar.  Görünür, bu tarixi şəxsiyyətlərin qılıncı sözlərindən daha iti olub. Adlarını çəkdiyiniz hər üç hökmdarın “Divan”ı olub. Ancaq onların fəaliyyətinə nəzər saldıqda hökmdar tərəflərinin tərəzidə daha ağır basdığının şahidi oluruq. Maraqlı məqama toxundunuz. “Bənövşəyi əncir” əsərində Sara Xatun da bu dilemma qarşısında susub qalmış, deməyə söz tapmamışdı. Romanda belə bir hissə var: “Sara Xatun  yaddaşına ilişib qalan beyti qeyri-ixtiyari pıçıldadı: “Bu fani dünya üçün dəyməz quru qovğaya...” Sözlü - rübablı ziyafətin yaratdığı dəruni əhval-ruhiyyə Sara Xatunu düşüncələr aləminə götürdü:   “Bəs necə olur ki, fani dünyanın  savaşa, qovğalara dəyməyəcəyini bilən, bu ali həqiqətə vaqif olan Fateh Sultan Mehmed “Mənim qüdrətimin çatdığı yerlərə başqalarının xəyalları belə  çata bilməz” deyərək az qala dünyaya  hökm etməyə iddialıdır? Bir insanın qəlbində bir-birinə təzad təşkil edən fatehlə şair necə yola gedə bilir? Hansının sözü haqdır? Hansı əsl sultandır-torpaqların yoxsa könüllərin fatehi?...”

 

-Trilogiyada təsirli eşq səhnələri yer alıb. Hərb meydanında dünyanı diz çökdürən qalib cahangirlər sevgi aləmində qadın və eşq qarşısında diz çökürlər...  Sizcə, buna zərurət var idimi?

 

-Əlbəttə!  Məhəbbət qılıncdan itidir. Dünya tarixinə nəzər salanda da görürük ki, müharibələrin çoxu eşqə və xəyanətə görə olub. Kim olmasından asılı olmayaraq sevgi qarşısında aciz qalmaq insaniliyin göstəricisidir. “Bənövşəyi əncir”də bununla bağlı belə yazmışam: “Döyüşlərin qalibi olan hərb cahangirlərinin ən sərt ürəkləri də ram etməyi bacaran misilsiz qadın gözəlliyinin qarşısında təslim olmaqdan başqa çarələri qalmırdı…”  Kişinin gözəlliyə və eşqə təslimiyyəti əslində onun qalibiyyətidir...

 

-Və sonda bir cümlə ilə desək, gənclər “İki Şah iki Sultan”ı niyə oxumalıdır?

 

-Gələcək nəsillərimiz  tariximizdə baş verən faciələrin səbəblərini görüb bundan nəticə çıxarması üçün “İki Şah iki Sultan”ı oxumalıdırlar ki, bu səhvlər bir daha təkrarlanmasın və bir millətin iki dövləti əbədi yaşasın!..

 

Ədəbiyyat qəzeti.- 2020.- 21 noyabr.-S.20-21