AZƏRBAYCAN ORDUSU

 

Sən xalqımın aldığı nəfəsdən yaranmısan,

Azadlığa sevgidən, həvəsdən yaranmısan,

Oddan-alovdan keçən bir səsdən yaranmısan!

Dilimizin nidası, sözümüzün vurğusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Bir əsr bundan öncə qoyulsa da təməlin,

Tarixlərin ən dərin qatına çatır əlin.

Azərbaycan eşqiylə bağlıdır hər əməlin!

Biləklərin qüdrəti, ürəklərin duyğusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Cavanşir tarixlərə adını qanla yazıb,

Babək bayraq qaldırıb, zülmə üsyanla yazıb,

Koroğlu nərə çəkib, qılınc-qalxanla yazıb!

Vətənimin qeyrəti, torpağımın namusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Keçdi neçə yüzillər, sən yenidən yarandın!

Torpağımın ruhuna sanki bədən yarandın!

yaxşı sən doğuldun, yaxşı sən yarandın!

Cavanların təpəri, körpələrin yuxusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Əliağa Şıxlinski sənə "yaran, ol" dedi,

General Mehmandarov "marş, irəli, sol" dedi,

Ana Vətən dil açdı, sənə "yaxşı yol" dedi!

Hər atanın övladı, hər ananın yavrusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Sular axdı, bulandı, coşan ümmana döndü,

Nuhun zamanı kimi sanki tufana döndü!

Ulu Öndər yenidən Azərbaycana döndü,

"Gəl" dedi, gözlərində qalmadı bu arzusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Yurdun hər qarışını sən qorudun qanınla,

Torpaqlara can verdin nəfəsinlə, canınla.

İftixar mənbəyimsən öz adınla, sanınla!

Sarsıda bilməz səni heç bir düşmən qurğusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Ali Baş Komandanım uca haqq savaşında,

Xalqın ümid yerisən Qarabağ savaşında!

Təbrik edirik səni qocaman yüz yaşında!

qədər yazsam, yenə qaldı sözün çoxusu,

Azərbaycan ordusu, Azərbaycan ordusu!

 

Güləmail MURAD

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.- S.32.