Ömür payı
Milli Qəhrəman Yusif
Əliyevə ithaf
Yusif saat kimi oğlan idi. Dərslərinə vaxtında hazırlaşar,
məktəbə vaxtında
gedər, şagird dostları ilə görüşə tam vaxtında
çatardı. Heç
kim deyə
bilməzdi ki, Yusif, sən filan yerə gecikmisən. Çünki gecikmək onun
xarakterində yox idi. İşini bilirdi. Planlı yöndə
hərəkət edirdi.
Bəzən Yusif insanları çaşdırırdı. Adamlar elə bilirdi ki, Yusif eyni
anda iki yerdə ola
bilir. Çünki məktəb tədbirlərində
və ya kənddə başqa toplantı, uşaq oyunları olanda bütün uşaqlar bir yerə gedə
bilirdi. Ancaq Yusif dərsini
də danışır,
oyuna da qatılırdı.
Heç vaxt kiminsə qəlbini qırmamışdı
Yusif. Dostları onu mələk
kimi qəbul edirdi. Yusifin ürəyi, sanki
pambıqdan idi. Balaca qarışqanı da öldürməmişdi.
Yusif orta məktəbi də vaxtında bitirdi. Həm də
əla qiymətlərlə.
Bütün müəllimlər və şagirdlər onu sevirdi. Çünki hər şeyin yerini bilən, dəyərini
hiss edən və vaxtında lazım olan addımı atmağı, sözü deməyi bacaran adam idi.
Bir gün Yusif yuxuda gördü ki, atəş açır, adam
öldürür. Özü öz
yuxusundan qorxdu. Heç vaxt bir qarışqa da öldürməyən
adam indi
adam öldürür?
Öz yuxusuna çaş qalmışdı. Qalxıb ailəsinə,
sonra dostlarına danışdı yuxunu.
Onun yuxusu hər yerə yayıldı.
Bütün kənd onun
yuxusundan danışırdı.
İki gün sonra Yusifi müharibəyə
apardılar. O, silahı sinəsinə elə basmışdı ki, sanki vətəni qucaqlamışdı, sanki
illərin əsgəriydi.
Zaman quş kimi uçub
gedirdi. Yusifin yuxusu çin
olmuşdu. Atəş açır,
düşmən öldürürdü.
Ömründə bir qarışqaya
qıymayan adam
indi "uf" demədən düşmənin
canını alırdı.
Çünki söhbət onun
torpağına göz
dikməkdən, vətəndən
gedirdi. Qızğın döyüşlərin ortasında Yusifi tutmaq olmurdu. Düşməni parçalayıb qanını içəcək
qədər üzü
dönmüşdü.
Müharibəyə də vaxtında getmişdi Yusif. Vaxtında
nişan alır, vaxtında atəş açırdı.
Bir dəfə
qızğın atışma
zamanı Yusif və silahdaşları üç tərəfdən
düşmən əsarətinə
düşdülər. Gecəyə qədər vuruşdular.
Sursatları bitmək üzrəydi.
Qərargaha gedib sursat gətirmək üçün
yalnız bir yol qalmışdı.
Bu yol ölümün
yarısı demək
idi. Yusif qabağa çıxıb
"sursata mən gedəcəm" - dedi və getdi. O, vaxtında yola çıxdı.
Səhərə yaxın xeyli silah-sursatla geri qayıdırdı. Bir dəqiqəsini də
itkiyə verməmişdi.
Yoldaşlarına az qalırdı çatmağa. Ancaq vaxtında çata
bilmədi. Azğın düşmənin
namərd gülləsinə
tuş gəldi.
İlk dəfə idi ki, Yusif gedəcəyi
yerə gecikirdi.
Bu, həm də
ölümə tələsmək
idi.
Dilindən çıxan son söz
bu oldu: "Bağışla". Kimə
dedi bu sözü?
Onu gözləyən silahdaşlarına,
evdə qoyub gəldiyi həyat yoldaşına, yoxsa vətənə? Hər
kimə dedi, yalnız özü bilir. Biz isə
dəqiq bilirik ki, Yusif son nəfəsinəcən
vuruşdu, Vətən
üçün, xalq
üçün canından
keçdi, şəhid
oldu. Şəhidlik həm də
öz ömrünü
vətənə, millətə,
sevdiklərinə pay verməkdir.
Ömürdən pay vermək.
Elşad Barat
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.18.