Qələbəyə
aparan yol
Söyüdlər,
sanki sulara tilov atmışdı, Kürün hüznlü
sakitliyi onun fikrini uzaqlara çəkib aparmışdı...
Xəyalən dərəni dolanıb körpüdən keçdi,
qırağı yarpızlı lal axan arxı bir vaxtlar öz
əliylə çəkmişdi. Ciyərlərinə biçənək
ətri doldu, ot tayasına sərilib
qarşıdakı dağların havasını ciyərlərinə
çəkdi. Duman ətəyini əlinə
yığıb çəpərdən aşdı və tədricən
uzaqlaşdı. Fikri, duyğusu da elə
bil aynıyır. Şenlikdən o yana
axan arx boyu addımlayır. Gəlib
doğulduğu kəndə - Böyük Mərcanlıya
çatır. Evlərinə doğru
addımlayır, həyətdən adlayıb sürahiyə
söykənir və bir hovur toxtayır. Ürəyindəki
xiffət xalı silinir, üzündən-gözündən
intizarın çəni çəkilir. Fikrində
aranı dağa, dağı arana daşıyır. "Qəribədir, bəs bu camaat hardadır?
Niyə ins-cins gözə dəymir?" -
deyə özü özünə sual
verir. Dağlar, sanki bu səsə diksinir, yerindən
qopub üstünə gəlir, ağaclar sözü bir yerə
qoymuş kimi hamısı çevrilib ona baxır. Adam doqqazın ağzındakı yarmaça
kötüyün üstünə çökür. Ağlından nələr keçir? Kim
bilir...
...Çinarlar
müdrik qocalar kimi xəyala dalmışdı. Didik-didik olmuş boz duman sıra dağların
böyür-başından hürküb-çəkinmədən
arsız-arsız bu xəyal heykəllərinin ətəyi
boyu sürünməkdə idi. Dağların
bozarmış, tutqun sifəti tənəylə, qınaqla
dolu idi. Başımızı qovzayıb
zirvəsini öydüyümüz, boyunu
oxşadığımız, yerindəcə qayım-qayım
durmuş "qüdrətdən, səngərdən
qalalı dağlar" postda dayanmış əsgərlər
kimi sinəsini düşmənə sipər etmişdi.
Dağlar
uzaqdaydı...
Dağların boynuna dolanan cığırın
ayaqları budanmışdı. O səmtə nə əl
çatır, nə ün yetirdi. Tarixdə
müzəffər yürüşləri və qələbələriylə
tanınan Makedoniyalı İsgəndərin adaşı olan
bir uşaqla burda rastlaşdı. Üzünü
qiblə bildiyi uca dağlara tutaraq səsini bir əsim mehə
büküb o səmtə yollayırdı. "Qarabağ şikəstəsi"
oxuyurdu. Bir qarış sinədən ox kimi
sıyrılan bu səs "alma gözlü, qız birçəkli"
şahbaz atların kişnərtisinə qəribsəyən
dağların yeganə həyanı, simsarı idi...
Yağı əlində qalmış oylaqları,
zümrüd meşələri, sərt qayaların sinəsindən
fışqıran çeşmələri, buz bulaqları
için-için göynədirdi bu səs... Bu səs onu az qala, öz burulğanında
batıracaqdı. Bu zalım balasının
özündən, öz səsindən xəbəri yox idi.
Bütün varlığı uçuna-uçuna
öz səsinin oxu ətrafında fırlanırdı.
Oxuya-oxuya: "Alacam qisasımı!" - deyirdi.
Dünya boyda kədər bir damla yaşa
dönüb dumduru gözlərindən yanağı boyu axaraq
qəzəbdən qaralan sifətində iz buraxdı,
torpağa düşüb yerin sinəsini dağladı.
Bircə
qarış boyu ilə yerə-göyə meydan oxuyan bu
uşağın içindəki qəzəbdən güc alan səsi, sanki dağlara bir az toxtaqlıq
verdi. Dağların batıq çiyinləri
dikəldi, köksü qabardı. Pərdə
kimi üzünə çəkilən boz dumanı
sıyırıb dərənin dibinə tulladı. Qiblə yellərinin qanadında dağlara yetişən
bu səsin titrək sədası iliklərinəcən
işlədi. And kimi səsləndi qulaqlarımda:
- Sizi
xilas edəcəyəm, dağlar, ay dağlar, eheyyyy!..
Kədərli
baxışlarını onun üzünə zilləyib
danışmağını xatırladı:
- Kənddən
çıxanda birdən yadımıza düşdü ki,
Bozdar həyətdə zəncirə bağlı qalıb...
Gözünün yaşı bəbəklərinə
yığılır. Yol çəkən gözlərini dağlara dikib titrək
səslə: - Görəsən, necədi Bozdar?..
- deyir.
Neçə
illər həyət-bacanı, ara-bərəni yad nəzərdən,
ilxını, sürünü canavardan qoruyan qara
ağızlı Bozdarın xiffətini çəkirdi
balaca... "Boynun da zəncirdə, neyləyəcəksən?".
- Ac
qalardı, yad adamın atdığı tikəyə yaxın
durmazdı...
Bunu da İsgəndər deyir. Uşağın başını
aldatmaq istədi: - Zəncirini açıb buraxarlar. Onlara it
lazım deyil, neynirlər iti?..
Fikri uzaqlardaydı, deyəsən, heç dediklərimi
də eşitmədi. İçindəki qəzəbin əlində
əsir-yesir qalmışdı, bapbalaca canı bu boyda qəzəbi
daşıya bilmirdi. Nifrətini
canından səsiylə çıxarırdı, yoxsa ortadan
iki bölünərdi, çatlayardı. Bir
qarış sinədən ox kimi sıyrılan bu səs
göy üzünü qana boyamışdı...
İsgəndər səsiylə silahlanmışdı,
çünki hələ avtomata gücü
çatmırdı, çox balacaydı. İstəyirdi
səsi doğulduğu yerlərə gedib çatsın.
İsgəndərin səsi o torpaqların bir
parçası idi, düşmən o səsi işğal edə
bilməmişdi. Tankın, topun o səsi
almağa gücü çatmamışdı. O səsi
dinləyən Qarabağı - Şuşanı, Cıdır
düzünü, İsa bulağını görmüş
sayıla bilərdi. O səs o yerlərin havası üstə
köklənmişdi, o səsdən Qarabağ
torpağının ətri gəlirdi. Torpaq səsə
çevrilmişdi və işğalçının
üstünə ox kimi süzürdü, ona göydən həmlə
edirdi.
Bu zalım səs də qanadlanıb uçurdu və ona
güllə yetmirdi, o səs nişangaha gəlmirdi, ox kimi
gülləni atanın gözünə batırdı. Şair həm də belə
deyirdi: "Allah sürətlə gedən zamanı birdən-birə
saxlayıb bizə hər şeyi göstərdi". Gördüklərimiz əbədi olaraq
yaddaşımıza yazıldı. Xocalı
qətliamını törədənlər cəhənnəmə
gedincə cəhənnəm olduğundan da dəhşətli
görünəcək. İsgəndər
cənnətə gedincə cənnət daha da gözəlləşəcək.
İlk dəfə dünyanın ədalətsizliyi ilə
üz-üzə gəlmiş bir uşağın içindəki
qəzəbin mənəvi çəkisi böyüklərin
nifrətindən on qat artıqdır. Bu nifrət onu
haqsızlıqla mübarizədə tərbiyə edir. Bəzən insanı sevgi yox, nifrət xilas edir.
Söhbət birbaşa işğalçıya
qarşı nifrətdən gedir. Təcavüzə
məruz qalan insanın humanizmi gülünc görünər.
Bu məqamda nifrət qaçılmazdır, bu
nifrət sənə həqiqəti müdafiə etməyə,
haqqı qorumağa, ədaləti bərpa etməyə səsləyir.
Məhərrəm müəllim sidq-ürəkdən
inanırdı ki, İsgəndərin səsi düşmən
tapdağı altında qalmış torpaqlara, lap elə İsgəndərin
atasının tikdiyi o evəcən gedib çatır. Bozdar da zəncirini qırıb sevincək o səsə
doğru qaçır, o səs sahibinin hardasa lap
yaxınlıqda olduğunu bilir.
Məhərrəm müəllim hər həftə xidməti
maşını ilə Füzuliyə, Cəbrayıla baş
çəkir, vətəni qoruyan əsgərlərə
yardımlar aparırdı, əsgərlərlə
görüşüb söhbətlər aparır, onlarda ruh
yüksəkliyi yaradırdı, onları qələbəmizə
inandırırdı. Bu yardımların içində
silah-sursatdan tutmuş pal-paltara, ərzağa qədər əsgərə
lazım olan bütün zəruri əşyalar olurdu. Dəfələrlə ona xəbərdarlıqlar
edilmişdi ki, "özünü təhlükəyə
atırsan, balaların var, onları yetim qoya bilməzsən,
mümkün qədər özünü qoru". Hər
dəfə də cavabı eyni olurdu: "O torpaqları
balalarımız üçün qorumalıyıq. Torpaq dədə-balarımızın bizə əmanətidir,
hər birimiz canımız bahasına olsa belə, onu
qorumalıyıq. Orda döyüşənlərin
hər biri bizim qardaşımızdır, oğlumuzdur. Biz onların yanında olmalıyıq".
O zaman idi
ki, yollarda ləpirlər güllələnirdi, topların mərmisi
kimlərinsə eyvanına düşürdü, kəndlər
erməni işğalçıları tərəfindən
viran qoyulurdu, qəbir qazmağa da vaxt tapılmırdı,
insanlar doğmalarını, əzizlərini dəfn etməyə
macal tapmırdı, həyətlər, bağçalar məzarıstana
çevrilirdi.
Alnımıza
yazılanları başımıza yağan mərmilər
pozdu...
O, həmişə
evdən işə piyada gəlirmiş və yol boyu
adamların dərd-səriylə maraqlanır, məsləhətlər
verirdi. Üzəri qağayılı, suları
durğun Kür çayının sahilindən keçə-keçə
insan taleləri də beynində sıralanırdı. Bir insanın yolu niyə həbsxanaya
düşsün ki? Bir insan niyə
Tanrının verdiyi ömrü məhbəs divarları
içində çürütsün? O, dünyaya
qurub-yaratmaq üçün gəlmişkən niyə
azadlığından olsun? Fikirlər beynini
yorduqca Kür çayı əsəblərinə
sığal çəkirdi. Onda
Kürün dəli-dolu çağları idi və Məhərrəm
müəllim Kürün sahilində gərdiş edə-edə
verəcəyi qərarlar haqda düşünürdü.
O, hansısa səbəbdən cinayət törətmiş
adama islah olunmaq üçün şans verirdi və verəcəyi
qərarın ədalətli olması onun üçün hər
şeydən vacib idi, bu, onun dəyişməz prinsipi idi.
Heç bir qüvvə onun verəcəyi qərarı dəyişmək
iqtidarında deyildi, o, həmişə güclünün
deyil, zəifin yanında olmuşdu, ona arxa-dayaq olmağa
çalışmışdı, haqlı cəza alan adam da törətdiyi əməlin mahiyyətini
dərk edərək ondan razılıq edirdi. Onun
tərbiyə metodu, insanda insanı oyatmaq cəhdi heyrətamiz
idi.
Dünyanın alış-verişindən özünə
görə baş çıxara bilirdi. Ağlı kəsəndən
elə belə görmüşdü; biri gedir, o biri gəlir.
Qış öz vaxtında
köçünü sürür, yazın gözəlliyini
yayın qısqanclığı yandırıb külə
döndərir. Payız gözünün
qorasını axıtmalıdır, çünki onun qəlbinə
sirribilinməz gözü yaşlı mələk hakimdir.
Dərdini özü çəkməli,
özü öz içindən sovulub talanmalıdır.
O, hər
şeyə təbiətin gözüylə baxmağa adət
etmişdi. Bununla belə heç də fikirləşmirdi
ki, canlı hərəkət, insan fəaliyyətinin nəticəsi
sabahın təkrar dönümləri, parlaqlığını
itirmiş gözləridir. Bilirdi ki, həyatın
əlifbası çarpışmaqla başlayır.
Lakin bəzən də elə olur ki, cəsur, mərd adam dünyaya qürurla dolu qəlbinin
gözü ilə baxdığı, hisslərinin diktəsi
ilə yazılmış həyat kitabını öz bildiyi
kimi oxuduğu üçün qarşısına
addımbaşı çətinliklər çıxır. Mübarizə aparmağa başlayır və
mübarizənin coşqun axınında qaynar həyat sahillərinə
doğru yan alır. Səfərbər etdiyi son qüvvəsi
və qətiyyəti ümidsizliyin tutqun şəfəqləri
altında tükəndiyi vaxt birdən, qəlbinin ilahi
çağırışı ilə məşum
ölümə doğru yönəlir... Fərq
etməz, qalib hiss məğlubedilməzdir.
Müharibə
qatarı bu illər ərzində getdikcə
sürətini dəlicəsinə artıraraq Qarabağın
ərazilərinə daxil oldu və sanki yol getməkdən
közərmiş çarxları uçulub
dağılmış Horadizin daş gövdəsinə
sancılıb qaldı. Bombardmanın
böyür-başını gəmirib-dağıtdığı
pəncərələri qaralan, küçə
qapıları bərk-bərk bağlanmış evlər
torpaqdan ucalan tutqun qayalara oxşayırdı. Nə addım səsi, nə qapıların
taqqıltısı, nə də bir qayda olaraq
qonşuların bir-biriylə salamlaşması eşidilmirdi.
Hər tərəfə ölü bir səssizlik
çökmüşdü. Son günlər
şəhəri bürümüş dəhşətli
yanğın artıq yavaşımışdı. Buna
baxmayaraq havada tüstünün acı tamı
qalırdı. Qan qoxuyan qara tüstünün, hisin içindən
meydanlar, küçələr yavaş-yavaş aşkara
çıxır, yanmış polad gövdəli nəhəng
tanklar, sökülüb dağılmış barrikadalar, mərmilərin
deşik-deşik edib daş döşəməyə pərçimlədiyi
maşınlar, əyilmiş fənər dirəkləri,
yanıb külə çevrilmiş, hələ isti olan, hələ
tüstülənən kərpic qalaqları
görünürdü.
Barrikadaların qarşısında və arxasında
daş döşəmələrdə, dörd yol
ayrıclarında və mərkəzi küçələrin
tinində şüşələri sınmış vitrinlər,
pulemyot atəşindən yarısı qopub
düşmüş mağaza və dəlləkxana lövhələri,
onların yanında bərq vuran çilik-çilik olmuş
güzgü qırıntıları, əzik-üzük
edilmiş toplar düşüb qalmışdı. Orda-burda sınıq-salxaq
velosipedlər, ilan kimi qıvrılıb qalmış
çirkli tənzif kəsikləri, partlayış
dalğalarının dağıtdığı
maşınlar, orda-burda səkilərə uçub
tökülmüş, elə bil ülgüclə kəsilmiş
divar qalıqları arasındakı sınıq mebellərin
içində, üstünü kərpic tozu basmış, əzilmiş
meyit kimi içalatı çıxmış, ağ simləri
miskin-miskin ağaran piano. Bu uçuntu,
dağıntının üstündə - yuxarı mərtəbədə,
uçmuş mənzilin divarlarının bir hissəsi
qalmışdı. Hisə, quruma bulaşmış
düzbucaqlı divar kağızlarının üzərində
bir az bundan qabaq asılmış fotoşəkillərin
yeri və tavanda açılmış deşiklərin
arasından möcüzə nəticəsində salamat
qalmış, hörümçək toruna oxşayan məftillərdən
sallanıb yırğalanan və özü də
şüşə hörümçəyə bənzəyən
çilçıraq görünürdü.
Başdan-başa daşdan tikilmiş bu böyük, məşum
şəhər bir neçə gün ərzində
ölüm sarsıntısı içində alov dişlərini
qıcayır, sanki tüstü içində qovrulurdu. Şəhər
uğuldayır, qaynayır, yanğın içində
qıc olubmuş kimi qıvrılırdı.
Cəbrayıla yol bağlanmışdı, Böyük
Mərcanlıya gedə bilməyəcəkdi. Döyüşlər
başlayandan Zərdab-Cəbrayıl yolunu yağır
etmişdi. Bir yerdə qərar tuta bilmirdi,
canı dədə-baba yurdunda qalmışdı. Tez-tez ordakı dostlarla, tanışlarla əlaqə
saxlayırdı. Füzuli Rayon Polis
İdarəsinin rəis müavini, polkovnik Asif Məmmədovla
tələbə yoldaşı olmuşdular. Hər dəfə Cəbrayıla gedəndə
yolüstü Füzulidə görüşüb hal-əhval
tutur, tələbəlik illərini xatırlayırdılar.
Asif müəllim bu bölgədə
böyük nüfuz sahibi idi, hamı ona hörmət edir,
sayqı göstərirdi. İki dost görüşəndə
bir neçə saatlıq dərd-sərlərini unudur, təmiz
ab-havalı, gözəl seyrangahlı yerdə tikilmiş kafedə,
çinarların sərin kölgəsində məxməri
çaydan qurtumlaya-qurtumlaya gənclik xatirələrini
bölüşürdülər. Hər ikisi
xalq adamı olduğundan günləri sadə camaatın
içində keçirdi, onların da qayğıları ilə
maraqlanıb dərd-sərlərinə şərik olurdular.
Belə məqamlarda yolun yorğunluğu da Məhərrəm
müəllimin canından çıxırdı,
qayğı, fikir dumanı üz-gözündən çəkilirdi.
Təbiətin gözəlliyi tarım çəkilmiş
əsəblərinə sığal çəkirdi. Son vaxtlar yuxuları da səksəkəli olmuşdu,
yatanda da beynində güllə səsləri, mərmilərin
gurultusu dolaşırdı.
Hazırkı vəziyyəti müzakirə edib yenidən
tələbəlik dövrünə qayıdırdılar. Saf, təmiz
insan olan Məhərrəm çalışqan tələbə
idi. Müəllimlər də, tələbələr
də onun xətrini çox istəyirdilər. Xeyirxah, əliaçıq idi. Son
tikəsini də dostları ilə bölüşərdi.
Evdən gələn pay-püşdən bütün
dostlarına pay verməsə, yaxud hamısını
başına yığıb bir yerdə yeməsələr
rahatlıq tapmazdı. Söz sözü çəkirdi,
tələbəlik çağlarında başlarına gəlmiş
macəraları xatırlayıb gülüşürdülər.
-
Müharibəni başlayanların Allah evini yıxsın! Çarxımızı çöndərdi, Asudə,
rahat yaşayırdıq da. Cavan
oğullarımız şəhid olur, ürəyim
dözmür, ay Məhərrəm. Camaatın illərlə
min bir əziyyətlə qurub tikdiyi evlərdən onları
çıxmağa məcbur edirlər. Törətdikləri
əməlləri eşidəndə damarımda qanım
donur. Bunu heç Allah da götürməz.
Vallah, götürməz! - deyə Asif
müəllim dərindən ah çəkib sinəsini
ovxalayırdı.
Hər ikisi cavan idi, ömürlərinin ən qaynar, ən
məhsuldar çağlarını yaşayırdılar. Bu yaşda
tale onlara dərdin, əzabın hər üzünü
göstərdi. Rahat, asudə günlər
ömürlərindən qaçaq düşdü,
ölümlə, qan-qada ilə üz-üzə qaldılar.
Kəndlərin də, sanki beli
bükülüb, dərdli-kədərli qocalara bənzəyirlər.
Zəif-zəif közərən bir ümidin
istisinə qızınırlar. Bu yerlərin
bəxtəvər çağlarında
ağıllarının ucundan da keçməzdi ki, bir
gün torpaqlar qanla suvarılacaq, güllü bağçalar
viran qalacaq, adamlar öz dədə-baba yurdundan didərgin
düşüb yurdun dörd bir yanına səpələnəcək.
Tarixin təkəri geri dönürdü, bir
zamanlar babalarının yaşadığı taleyi indi nəvələr
təkrar yaşamalı olurdu.
Məhərrəm müəllimlə tələbə
dostu olmuş polkovnik tarixin gedişatından yaxşı xəbərdar
idilər. Məhərrəm
müəllim əsrin əvvəllərində ermənilərin
başımıza açdığı oyunlardan, 1918-ci ilin
mart qırğınından yana-yana danışırdı:
- Bəs
necə oldu ki, biz bu vəhşilikləri unutduq? Erməniləri gətirib süfrəmizin
başında oturtduq, ən yaxşı vəzifələri
onlar tutdu, ən yaxşı yerlərdə özlərinə
bağlı-bağçalı mülklər tikdilər və
altdan-altdan bizə qarşı məkrli planlar qurdular,
ayağımızın altını qazdılar. Biz isə
bütün olmuşları unudub onları özümüzə
dost bildik, kirvə tutduq.
- Biz həmişə
xeyirxah, mərhəmətli olmuşuq, Məhərrəm.
Allah-taala bizim milləti bu cür yaradıb. Biz
namərdlik nədir bilmərik, düşmənlə də mərd
kimi döyüşərik. Amma onlar namərddirlər,
xaindirlər. Üzdə özlərini dost kimi göstərirdilər,
axırda iç üzləri açıldı. Təsəvvür
et, Kremldə Brejnevi bezdirmişdilər ki,
Qarabağı bizdən alıb onlara versin. Axırda Brejnev
bezib yumruğunu stola çırpıb ki, "xvatit armyanskomu
şovinizmu!". Bununla da
ermənilərin ayağı Kremldən kəsilib. -
Polkovnik dostunun sözünə qüvvət verdi.
- Amma
sonra Qorbaçovu ələ ala bildilər. Onun
hakimiyyətə gəlişi erməni separatçılarının
fəallaşmasına səbəb oldu. Raisa
ermənilərdən aldığı bahalı sovqatlar və
rüşvət müqabilində Mişanı onları
razı salmağa məcbur elədi. Heydər
Əliyev ermənilər üçün, elə
Qorbaçovun özü üçün də ən
böyük maneə idi, elə buna görə də onu Siyasi
Bürodan uzaqlaşdırmağa
çalışırdı. Sumqayıt
hadisələri Qarabağın Azərbaycandan
qoparılmasına güclü təkan verən ilkin vasitələrdən
biri kimi düşünülmüşdü. 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da olarkən
erməni elitası onu əməlli-başlı ələ
almışdı. Amerikadakı erməni
icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri
və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə,
brilyantla bəzədilmiş qolbaq da hədiyyə etmişdi.
Bir il sonra, 1988-ci ilin dekabrında Ermənistanda
baş vermiş zəlzələ ilə əlaqədar
Yerevana gələn Qorbaçov və xanımı əhali tərəfindən
heç də isti qarşılanmadılar.
Şüarların birində belə sözlər
yazılmışdı: "Raisa, qolbağı qaytar!". Moskvaya qayıdan Qorbaçovlar ailəsi
ertəsi gün, sovqatı ABŞ-dan gətirəndən bir il sonra mətbuatda ifşa olunacağından
qorxaraq həmin qolbağı təhvil verdi. Təbii
ki, qolbağın geri istənilməsinə səbəb iyulda
SSRİ Ali Soveti sessiyasının müttəfiq respublika sərhədlərinin
və Konstitusiya əsasında müəyyənləşdirilmiş
milli ərazi bölgüsünün dəyişdirilməsinin
qeyri-mümkünlüyü barədə qərar qəbul
edilməsi idi. Həmin qərar ermənilərin
iddialarını təmin etmirdi. Bundan sonra
ermənilər daha da həyasızlaşdılar. - Məhərrəm
müəllim hadisələrin mahiyyətini açan faktlarla
danışırdı.
Xalqın coşub-kükrəyən qəzəbi,
haqlı etirazı Kremldə oturanların tükünü də
tərpətmirdi. Hər yerdə - kafelərdə,
çayxanalarda, elm mərkəzlərində, ziyalı
mühitində gedən söhbətlərin mövzusu ancaq
Qarabağ idi. Ölkə qaynar bir siyasət
qazanına çevrilmişdi, müharibənin dəli küləkləri
Bakını da vururdu. Şəhərin hər
yerində hərbi geyimli əsgərlər gözə dəyirdi,
hər gün şəhidlər gəlirdi, toylar bir
günün içində yasa çevrilirdi.
Bütün bu faciələr Məhərrəm müəllimin
rahatlığını, dincliyini əlindən
almışdı, hakim kimi hökm verəndə də ürəyinin
ritmi Qarabağla döyünürdü, insan talelərinə
daha həssas yanaşırdı, qanun çərçivəsində
hökm çıxarsa da, məhkum üçün bir
işıq yolu, bir ümid közərtisi buraxırdı.
O, insan
talelərinə laqeyd yanaşan fəlsəfə kəndirbazlarına
həmişə ikrah hissiylə baxırdı. Belələrini
o qədər görmüşdü ki. Lazımi
məqamlarda onları yerində oturtmağı da
bacarırdı, buna onun xarakteri imkan verirdi. Elə bu xüsusiyyətlərinə görə sadə
insanlar onu öz doğması kimi, əzizi kimi sevirdi. Zərdab
Məhkəməsinin sədri olduğu illərdə o, kimin
üçün isə xeyirxah ata idi, kimin üçün isə
arxalana biləcəyi qardaş, bəziləri
üçün isə etibarlı dost idi. Zərdab
camaatı istiqanlıdır, bu kiçik rayonda adamların
çoxu bir-birini tanıyırdı. Onlar
ən müxtəlif vasitələrlə adi və qeyri-adi
münasibətlərlə bir-birinə bağlı idilər.
Məhərrəm müəllim də bu rayonun
adamlarına getdikcə daha çox bələd olurdu. İndi Kürün sahilində dayanıb
baxışlarını uzaqlara zilləmişdi, fikri
işıq sürətilə ulduzlararası boşluqlarda
dolaşırdı.
"Bir
gör ha, nə çox ulduz var dünyada... Onların
hərəsi bir dünyadır. Buna biz nəhayətsizlik,
sonsuzluq deyirik. Bəşər həyatı
miqyasında isə həqiqət axtarışı, onu tapmaq,
dərk etmək prosesi də belə sonsuz, nəhayətsiz bir
prosesdir. İnsan bir ömür boyu həqiqət
axtarışındadır, kimisi ömrünü həqiqət
axtarışlarına sərf edir, kimisi həqiqəti pərdələməyə
çalışır, kimisi üçün də bunun
heç bir fəqri olmur, sadəcə, hər şeyə
biganə qalıb yaşayır özü üçün.
Onlardan soruşsan ki, bu həyatın mənası
nədir, sən nə üçün, kimin üçün
yaşayırsan, bu suala heç bir cavab tapa bilməyəcəklər,
eləcə gözlərini döyə-döyə qalacaqlar.
Bax, ən qorxulu adamlar onlardır, onlar
döyüşdə də fərarilik edəcəklər,
onlar hər cür cinayət törətməyə qadirdirlər".
O, belələrinə
qarşı həmişə amansız olmuşdu. Sərt, prinsipial mövqeyinə görə
çoxları ondan çəkinir, ehtiyat edirdi.
Mayor Məmmədov hər dəfə kəndə gələndə
sürücünü Düzobada buraxırdı, kəndə
doğru gedən maşınlardan birinə minib
özünü ata yurduna çatdırırdı. Piyada gəzməkdən,
torpağın, dağın havasını ciyərlərinə
çəkməkdən sonsuz zövq alırdı,
qollarına güc, qüvvət gəlirdi. Araz boyu kəndlərdən keçə-keçə
bu yerlərin havasını ciyərlərinə çəkirdi,
köksü qabarırdı. Düşünürdü
ki, işığın, günəşin bir zərrəsini kim işğal edə bilər? Məgər
bu mümkündürmü? Bax, mən indi
işığın qoynundayam. Onu
bütün varlığıma hopdurmuşam, Araz
çayı mənim qəlbimdən axıb keçir.
İnsan təbiətin bir parçasıdır, onu heç kim məğlub edə bilməz. Özünü Prometey kimi güclü, qüvvətli
hiss edirdi. Zevs Prometeyi odu insanlara bəxş
etdiyi üçün cəza olaraq Qafqaz dağlarının
zirvəsinə zəncirləmişdi. Zevsin
qəzəbi Prometeyin iradəsini qıra bilməmişdi, o,
gücü xalqdan, sadə insanlardan alırdı. Sonda Prometey qalib gəldi.
Yayın sümük qızdıran
çağıydı. Dağ, dərə, meşə, bir
sözlə, təbiət sərinliyin tamarzısı idi.
Vəhşi quşlar, ətəklərindən
qurşağınacan tikanlı kollarla dövrələnmiş,
sinəsindən ta çiyinlərinədək mamırla
örtülmüş qayaların əcaib dəlmə-deşiklərinə
soxulmuşdu. Araz çayı
tövşüyür, sanki arxasına baxmadan
qaçırdı. Elə bil günəşin
onu qaynadıb daşdıra biləcəyindən qorxurdu.
Bu qaçdı-qovdu hələ dan yeri
söküləndən başlamışdı. Çay qaçır, günəş qovurdu. Əslində, o, çayı həm mənbəyində,
həm də mənsəbində qabaqlayıb öz odlu şəfəqlərini
onun suyunda çimizdirirdi.
Mayor Məmmədov yamacdan enib nəhəng qartal
qanadı kimi irəli gərilmiş qaya parçasının
kölgə saldığı yerdə dincini almaq istədi. Çiçəklərin,
otların ətri canına, paltarına hopmuşdu. Əyilib əlini torpağa çəkdi,
torpağı ovuclayıb burnuna tutdu, qoxladı. Qəfildən
anası üçün nə qədər
darıxdığını bütün varlığıyla
hiss etdi. İti addımlarla Səfurə ananın
görüşünə tələsdi...
***
Hardasa, sivri dağlardan çox-çox uzaqlarda
yaşayıb yaşını unutmuş qocaların
"zatıqırıq dünya" dediyi qoca dünyanın
lap o başında bir soyuq sazaq əsdi. Əsə-əsə
gəlib dağların ürəyinə doldu. Dağlar üşüdü, analar
üşüdü, nənələr üşüdü,
körpələrin nəfəsi buza döndü,
şad-şalayın, qayğısız dünyasına qara
buludlar dolaşan uşaqlar da üşüdü. O boyda
dünyanın canına da üşütmə
düşdü...
Kənd başını dağın ətəyinə
söykəmişdi, adamlar hər gecə canavar
sürüsüylə əlbəyaxa olurdu. Elə buna
görə də hamısı qurd ürəkli idilər,
qorxu-hürkü bilməzdilər. Aşağı
məhəllə elat yolunun üstündə durmuşdu.
Yol da elə şeydir ki, ordan hər cür adam
gəlib keçir: dəlisi də, ağıllısı da,
düzü də, əyrisi də. Yol
qırağında ki yaşadın, itsiz ötüşmək
mümkün deyil. Müharibədən əvvəl elə
ev vardı ki, həyətində
iki-üç it dolaşırdı. Qulaq cingildədən
sakitliyi arabir onların vahiməli hürüşməsi
pozurdu. Yarğanlardan
asılmış qoca ağacların dolam-dolaşıq
kökləri, təpələrin daş yuxusu, meşələrdən
ara-sıra eşidilən quş, heyvan səsləri adamı
dartıb nağıllar dünyasına aparırdı. Hər səhər yuxudan ayılanda bu nağıl
dünyası Məhərrəmi qoynuna alırdı. Yuxudan ayılan oğlan bu nağıl
dünyasına "əlvida" deyib dərsə
yollanırdı. Ziyarat dağından əsən
sərin meh ruhunu oxşayırdı. Bu sərin
çöl mehi nə qədər təravətli imiş! Bu
meh qarşısında münbit, bərəkətli
çöllərin yaşıllıqları titrəyir,
gümüş kimi ağ otlar xəfif-xəfif
dalğalanırdı. Məhərrəm
gözünü bu çöllərdən ayıra bilmirdi.
Onun lal baxışları bu azad və geniş
düzənlərdə qərq olurdu. Bu nəhayətsiz,
ucsuz-bucaqsız çöllər onu qətiyyən qorxutmurdu,
əgər bacarsaydı, bu yerləri bütünlüklə
qucaqlar, bağrına basardı. Susuzluqdan
ciyəri yananda başı göylərlə əlləşən
uca çinarların altında ayaq saxlayıb dincini alır,
bulaqların, kəhrizlərin diş göynədən
suyundan içirdi. Çöldə həyat
canlanmışdı, itlərin hürüşməsi,
çobanların çığırışması,
qoyun-quzunun mələşməsi, toz qaldıra-qaldıra suya
tərəf qaçan atların ayaq tappıltısı, yenicə
çatıdan açılmış və çöldə
anasını tapmaq üçün vurnuxan dayçaların
kişnəməsi bir-birinə qarışmışdı.
...Qalın
hasarın o tayından təndir lavaşının
ağız sulandıran ətri aləmə
yayılırdı. Mayor Məmmədov pay-piyada
kənd yoluyla irəlilədikcə illərin o tayında
qalmış uşaqlığı kino lenti kimi gözlərinin
önündən keçirdi. Araba yolu -
böyük yol dil açıb onunla danışırdı.
O, yola salam verirdi, "hər vaxtın
xeyir!" - deyirdi,
yollar onu addımlarından tanıyırdı. Yol da sevincək
salamını alıb ötən günləri onun yadına
salırdı: "Yadındadırmı, atan Fehruz kişi
poçt müdiri olanda səni kəhər atın belinə
mindirib ağ çalmalı Ziyarat dağına aparardı.
Atın yedəyini çəkir, hərdən də
çevrilib qürur hissiylə sənə baxırdı:
"Qorxmursan?". Sən də
balaca əllərinlə yəhərin qaşından bərk-bərk
yapışıb "yox", - deyərdin. Atan da
"ay bərəkallah, kişi qorxmaz", - deyirdi.
O bəxtəvər
çağlar indi ona yuxu kimi görünürdü. İndi hər yer sükuta dalmışdı,
danışan yalnız soyuq külək, sazaq idi. Bir də
sırsıra bağlamış məftillər - dirək
ayaqları ilə hardansa gəlib harasa gedən məftillər...
Bir də tapdandıqca haray-həşir salan qar.
Yol yatmış kimi görünürdü.
Göy sürüşüb o qədər
aşağı düşmüşdü ki, onun duman ətəyi
üzünə toxunurdu. Bəlkə də hardasa, ola bilsin, Dağ Tumasın təpəsində
günəşin son ziyaları oynaqlaşırdı. Aşağıda duman insanlara günəşi
görməyə mane olurdu. Amma bu duman mayor Məmmədovun
xəyal dünyasına nüfuz edə bilmirdi, ordakı
kadrlarda kəhər atın belində Ziyarata doğru
çapan atlı görünürdü,
at, sanki yeldən qanad almışdı. O, atasının
gülümsər, mehriban çöhrəsini
xatırlayırdı, atasının dostlarını
yadına salmağa çalışırdı. Nağıl danışanlara, xanəndələrə,
ümumiyyətlə, danışığı diqqətini cəlb
edən bütün adamlara gözlərini zilləyib
baxmağı, onların danışığını hafizəsinə
həkk etməyi Məhərrəm uşaqlıqdan adət
etmişdi. İnsan sifəti ona təbiətin
yaratdığı ən gözəl əsər kimi
görünürdü. Qocaların
qırışlarla örtülmüş üzləri onun
üçün hər şeydən cazibəli idi. Onların yanaqlarına və alınlarına həkk
olunmuş əyri-üyrü qırışlar, solğun
gözlər, dalğavari, uzun saqqallar ona çox zaman
bütöv bir mənzərə kimi görünürdü.
Budur, seyrək ağacları yenicə pöhrələnmiş
bir meşəcik... Budur, qara torpağa öz yumşaq
xalısını sərmiş çəmən... İnsan sifətinin hərəkətlərində və
cizgilərində onun üçün bütün bir kainat
görünürdü. Kənd
yollarında hər daşın altında, hər çəpərin
o üzündə, hər bulağın başında bir xatirə
yatırdı. Yoldan keçdikcə tanış
üzlər, simalar bir-bir gözləri önündə
canlanırdı. Bu üzlərdə bir məmnunluq hissi
dolaşırdı: "Nə yaxşı bizi yada saldın,
ay oğul!".
***
Mayor Məmmədovu Kültəpə deyilən yerdə
vurdular. Məzarını Böyük Mərcanlıda
qazdılar. İyirmi yeddi il idi ki, o məzarın
gözü yolda idi. İki ciyərparası Adəmlə
Xəyyam, könlünün yarı Yeksarə xanım onun
ziyarətinə gedə bilmirdilər.
Ötən gün xəbər yayıldı ki, səhər
müharibə başlayır. Adəm gecəni səksəkə
içində yatdı. Ürəyi az
qala, köksünü yarıb çıxacaqdı. Səhəri dirigözlü açdı.
Yuyunub evdən çıxmağa hazırlaşanda diktor
qız efirdə göz yaşları içində, səsi
titrəyə-titrəyə bu xəbəri oxudu:
"Hörmətli tamaşaçılar! Bu dəqiqələrdə
daha bir xəbər aldıq. Füzuli rayonunun Qaraxanbəyli,
Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı,
Cəbrayıl rayonunun Böyük Mərcanlı və
Nüzgar kəndləri işğaldan azad edildi!".
Adəmin
hayqırtısı bütün binanı silkələdi:
- Kəndimiz
düşməndən azad edildi, ana!!!
Bu, böyük qələbəyə gedən yolun
başlanğıcı idi.
28-29
sentyabr, 2020-ci il
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.6-8.