Təəccüblənməyə bilmirəm...

 

Əlif Şəfəq ilin-günün bu vaxtında, Qarabağda terrorçu Ermənistanın 30 ildən bəri işğalda saxladığı torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığımız bir vaxtda Tvitter hesabınızda erməniləri dəstəkləyən paylaşımınızı gördüm, çox pis oldum. Bir azərbaycanlı, qarabağlı yazıçı, nəhayət, oxucunuz kimi (kitabxanamda "Eşq", "İsgəndər" romanlarınız var) buna görə etirazımı bildirir, sizi kəskin qınayıram.

Doğrudanmı, erməniləri tanımırsınız? Doğrudanmı, ermənilərin 1992-ci ildə Qarabağda, Xocalıda törətdikləri soyqırımdan (25 fevral gecəsi onlar 613 azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər), bu günlər terrorçu, işğalçı Ermənistanın Gəncədə gecə, insanların yatdığı vaxt qadağan edilmiş raketlərdən dinc əhaliyə qarşı törətdiyi terror aktından (10 nəfər ölüb, 40 nəfər yaralanıb) xəbəriniz yoxdur? İnanmıram.

Gərək, heç olmasa, bu günlər Gəncə teraktını eşidəndə bir insan, bir yazıçı kimi özünüzü eşitməməzliyə vurmayaydınız, ermənilərin dinc əhaliyə qarşı terroruna səsinizi qaldıraydınız, dünya yazarlarını, öz oxucularınızı bu vəhşiliyi lənətləməyə haraylayaydınız!.

İşğalçı Ermənistan 30 ildir ki, Azərbaycanın ən gözəl guşəsini, Qarabağımızı, torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bilmirsiniz, eşitməmisiniz? İnanmıram!

Mən Qarabağın Ağdam şəhərindənəm. Kaş onun o gününü , bu gününü görəydiniz. Bilirsiniz Ağdam necə gözəl şəhər idi? Mənfur ermənilər 27 ildir ki, məni öz torpağımdan didərgin salıblar. Peyk vasitəsilə, ermənilərin mənim dünya boyda şöhrətli Ağdamımı necə xarabalığa çevirdiklərini görəndə az qalır ürəyim partlasın. Atamın, əzizlərimin qəbri orda yerlə-yeksandı. 30 ildir, terrorçu Ermənistanın terrorçu başçıları xalqımın qüruru ilə oynayır... Yoox, görünür, siz belə şeyləri anlamır, dərk etmirsiniz. Ona görə torpaqları işğal altında qalanları deyil, adətən özünü tülkülüyə, yazıqlığa vuran ermənini dəstəkləyirsiniz. Biz bir zaman onları aciz, məzlum sayıb torpağımızda sığınacaq vermişdik, çörəkləmişdik. Sonra namərd, alçaq çıxdılar, duz-çörəyimizi tapdaladılar...

Hörmətli Əlif Şəfəq, təəccüblənməyə bilmirəm. Bu gün hətta bəzi ayıqbaşlı ermənilər belə terrorçu Ermənistanın işğalını, terrorunu pisləyir, amma siz ermənilərə dəstək verirsiniz. Bunu heç ilə izah etmək mümkün deyil. Buna sadəcə etiraz etmək sizin kimi mövqe tutanları qınamaq olar!"

 

Eyvaz Zeynalov

yazıçı

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.23.