Yuxarıdan Tanrı baxır Asimana

 

Yuxarıdan Tanrı baxır Asimana

 

Yuxarıdan Tanrı baxır Asimana...

 

Kainatda ulduz axır

 

yana-yana.

 

Hər Günəşin ətrafında səyyarələr...

 

Dolanırlar, yaşayırlar, qızınırlar.

 

Səyyarədə yaşayanlar

 

İtirirlər, qazanırlar.

 

Əlbət ki, biz kainatda tək deyilik.

 

Gələn yoxdu, gedən yoxdu,

 

Öyrənən, öyrədən yoxdu.

 

Adamıq - mələk deyilik.

 

Heyif ki, düşünən yoxdu

 

Yer üzündə tək deyilik.

 

Ağlımızı sərf etmişik silahlara

 

Dənizlərdə, torpaqlarda,

 

Canlılarda, cansızlarda sınaqlara...

 

Hər silahla, hər sınaqla,

 

Yol açırıq günahlara.

 

Canlıları öyrətmişik

 

Bizim üçün çalışmağa...

 

Bəzi quşlar, itlər belə

 

Öz dilini unudubdu,

 

Başlayıbdı bizim dildə danışmağa.

 

Xəstəliyi qurda-quşa yeridirik...

 

İnsanlara yaymaq üçün,

 

İnsanların güzəranın

 

Yaman günə qoymaq üçün,

 

İşlər görürük çətin, asan

 

Belə çıxır insanın bir düşməni var

 

Bu dünyada o da - insan!

 

İnsan Allahın kəşfidi,

 

Əməyidi, övladıdı.

 

Bəli, "İnsan" ilk İnsanın ilk adıdı.

 

Biz yaradan silahlarla,

 

Biz törədən günahlarla

 

Cəhənnəmin qazanını qaynadırıq.

 

Yer kürəsin məhvərindən oynadarıq.

 

Ulduz olub axar gedər yana-yana

 

Unutmayın,

 

Yuxarıdan Tanrı baxır Asimana.

 

06.01.2020

 

 

Xəbərsiz vaxtı

 

Zarafatyana

 

Oğurluq etmədim qonşu bağından,

 

Şamama! Yetişdin, qopdun tağından

 

Bir öpücük aldım al yanağından

 

Gözünün üzündən xəbərsiz vaxtı.

 

 

Hüseyn Arif demiş: "Hə, olub, olub..."

 

Səni yad etmişəm, gözlərim dolub,

 

Qoynuna yuxutək girdiyim olub,

 

Özünün, özündən xəbərsiz vaxtı.

 

 

Sən sildin gözümdən dumanı-çəni...

 

Bir sözün saçımın oldu ağ dəni.

 

Çox sonra dedin ki, "sevirəm səni"

 

Dilinin sözündən xəbərsiz vaxtı.

 

 

Özüm öz canıma qəniməm, qənim.

 

Səmavi eşqidir imanım, dinim.

 

Bir sözlə, atamı yandırdın mənim.

 

Dodağın közündən xəbərsiz vaxtı.

 

 

Başında ağ örpək - bu ağ bayrağın...

 

Baxtını sınamaq istədin, yəqin...

 

Ayağın gətirib səni, ayağın!

 

Ayağın izindən xəbərsiz vaxtı.

 

 

Mən də əkdiyimi bir vaxt biçəcəm

 

Ayrılıq şərbətin mən də içəcəm.

 

Bir gecə dünyadan mən də köçəcəm

 

Özümün özümdən xəbərsiz vaxtı,

 

Uzun bir gecənin səhərsiz vaxtı.

 

07.01.2020

 

 

Sevgilim Rayanın 70 yaşına

 

Gəldin Günəş kimi yox oldu axşam.

 

Özüm də bilmədim nə vaxt yanmışam.

 

Bu necə qaydasız oyundu canım

 

Sən "mat" deməmisən, mən mat qalmışam!

 

 

Eşqimə gülməyin, siz yanarsınız!

 

Heç kimə gülməyin, dayanarsınız...

 

Səksən beş yaşımda hələ sevirəm,

 

Başınıza gəlsin inanarsınız!

 

08.01.2020

 

 

Raya - Banu xanıma

 

Yetişdin yetmiş yaşına

 

Nəvələr yığılıb başına,

 

Çıxıb baxça-bağda gəzmə!

 

Tək canına, tək başına.

 

Baxmaram ha göz yaşına...

 

Əlli il əvvəlki kimi

 

Mən yenə də qısqanıram.

 

Səni sənə də qısqanıram,

 

Ayaqlarına sərilmiş

 

Kölgənə də qısqanıram,

 

Yarım mən səni, mən səni.

 

Ağbirçəkli, qara gözlü,

 

Qarım mən səni, mən səni!!!

 

10.01.2020

 

Fikrət Qoca

Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 6.