Qadın ürəyi qədər kövrək poeziya

 

Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. Onun ilk şeiri 1963-cü ildə çap olunub. "Ay həkim" adlı bu şeirin sayalı qədəmləri şairin o vaxtdan bu günədək nəşr olunan 23 kitabına, 130 elmi-publisistik məqaləsinə, 5 cildlik "Seçilmiş əsərləri"nə yol açıb. Hər yeni şeiri, hər təzə işıq üzü görən əsəri Firuzə Məmmədlini mötəbər oxucuya bir addım daha yaxınlaşdırıb. Şairin bəzən kövrək, bəzən sərt düşüncələrə köklənən, gah incə hisslər aşılayan, gah da qəti hökm kimi səslənən dərin məzmunlu poeziyası şeir-şeir boy atıb duyumlu ürəklərə nüfuz edib, estetik zövqləri oxşayıb. Beləcə, şair doğulan, şair taleyi yaşayan Firuzə Məmmədli ömrün bir-birini qovan günlərini, illərin ovqatını, ahəngini misra-misra sözlərə köçürüb. Taleyini ən vəfalı həmdəm bildiyi Sözə bağlayan şair söz dünyasının hər sınağında sınanıb, çətinində bərkiyib, bugünkü sənətkar əzminə yiyələnib:

 

Çətininə çiyin verdim,

Asanında sındım sözün.

Yandım, bişdim ocağında

Əhdim sözün, andım sözün.

 

F.Məmmədli yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini vaxtında görüb-dəyərləndirən şairlərimizdəndir. O, sənətdə ilk, kövrək addımlarını atdığı 60-cı illərin, ilk şeir kitabı "Gümüşü damla" (1972) ilə şair "mən"ini təsdiqlədiyi 70-ci illərin, eləcə də sənətdə ən inamlı illər kimi qarşılayıb yola saldığı milli özünüdərk ərəfəsi və milli müstəqillik dönəminin - 80-90-cı illərin sosial-estetik problemlərini yaradıcılığında böyük məharətlə əks etdirmişdir. Şair poeziyasında xalqımızın ictimai həyatının bütün narahat məqamlarına, ağrılı günlərinə həssas sənətkar münasibəti bildirmişdir.

 

Çağdaş milli poeziyanın yaradıcıları cənub mövzusuna yüzlərlə şeir, onlarca poema həsr etmişlər. Ümumiyyətlə, 60-70-ci illər, eləcə də 80-ci illər ədəbiyyatında Cənub həsrəti aparıcı mövzulardan biri olmuş, bu həsrət "o tay-bu taylı vətən", "fəraq salan Araz", "Xudafərin körpüsü", "Heydərbaba", "Təbriz dərdi", "Savalan" və s. obrazlarda mükəmməl bədii ifadəsini tapmışdır. Həmin illərdə Firuzə Məmmədli də səsini müasirlərinin səsinə qatır, "Əsrin o tayı, bu tayı", "Səslə məni", "Sahillərin həsrəti" şeirləri ilə B.Azəroğlu, H.Bülluri, M.Gülgün, S.Tahir kimi qələmdaşlarının Cənub harayına qoşulur:

 

Bu qədər hicrana ürəkmi dözər?!

 

Bacı qardaşıyla görüşməz məgər?!

 

Təbrizi Bakıya qoşub bir səhər

 

Danışıq xəttində, tel, səslə məni.

 

"Səslə məni"

 

Sərhədlər - yolumun sönmüş çırağı, -

 

Ömür sərhədlərdə dolaşıb qalıb.

 

Əsrin o tayına bir Araz yağıb -

 

Əsrin bu tayında təlaşı qalıb.

 

"Əsrin o tayı, bu tayı"

 

Cana doyub sahillərin həsrəti,

 

Üzə durub bu ayrılıq haçandı.

 

Ümidləri yumruğunda gizlədib,

 

Bu diş bizə gülə-gülə qıcandı.

 

"Sahillərin həsrəti"

 

F.Məmmədlinin özünəməxsus lirik-fəlsəfi üslubu var. Bu üslub milli poeziyada həm ənənəvi məktəbin, həm də eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Bu cəhətdən də F.Məmmədli şeiri bir tərəfdən Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti, dil sadəliyini, fikir aydınlığını özündə ehtiva edirsə, digər tərəfdən, Rəsul Rza poeziyasının özünüdərkə səsləyən modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı şairin bütün yaradıcılıq nümunələrinə hopub, onun yaratdığı yeni ruhlu poeziyanın başlıca uğurunu təmin edir.

F.Məmmədlinin sənətkar "mən"i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair "mən"i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır.

Müdriklərin belə bir məşhur məntiqi qənaəti var: "Əsl insan ailəsini özündən artıq sevən, yaxşı insan vətənini ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti vətənindən artıq sevəndir". F.Məmmədli poeziyasına diqqətlə nəzər saldıqda şairin ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən çox sevdiyini müşahidə edirik. Şairin vətən sevgisi ilkin mənbəyini doğulduğu yurddan, el-obadan alır, "Xaçmaz", "Yurd yeri", "Kəndimiz", "Qızbənövşə", "Pirbəhyə dağı" kimi onlarca şeirində boy atıb böyüyür:

 

Sən adında mənaya bax, "can əxi"...

 

"Əxi"lərin yadigarı Şamaxı,

 

Bəlkə, sənin bir parçandı Canaxır...

 

Bəlkə, qopub nağıllardan kəndimiz.

 

"Kəndimiz"

 

Demirəm ki, odun daha istidir,

 

Demirəm ki, suyun daha dadlıdır.

 

Məni soyuq torpağın da isidir,

 

Mənə acı küləyin də bal dadır.

 

"Ata yurdum"

 

Bu yurd sevgisi şairin poetik istedadı ilə birgə böyüyərək daha böyük sevgiyə - bütöv Azərbaycan sevgisinə qovuşur: "Bağrında tükənməz atəş qaynağı, adında "can" kimi şirin sözü var". Sonra bu sevgi daha böyük vətən anlamına - türkçülüyə, Turançılığa üz tutub səslənir: "Dünya daşım, ocaq daşım, yurd daşım, Doğu, Batı türk elimə vətənmiş", "Elə "cənnət" dediyimiz o diyar Türkiyəymiş, bilməmişik, İlahi".

Aşıq ədəbiyyatı nümunələrindən çağdaş müasir poeziyaya qədər anadilli şeirimizin çoxəsrlik inkişaf yolunda daim "təzə-tər qalan", köhnəlib unudulmayan obrazlardan biri də Bənövşədir. Bu obrazın ən mükəmməl yaradıcısı Aşıq Qurbaniyə qədər və Aşıq Qurbanidən üzü bəri neçə-neçə sənətkar bənövşəni sevə-sevə vəsf edib. F.Məmmədlinin "Bənövşə"si də (sələflərində olduğu kimi) "kövrək vücudunda" şairin çəkilməz ovqat yükünü daşıyır:

 

Boynu bükükmüydü binadan-başdan?

 

Ayrı düşmüşdümü yardan, yoldaşdan?

 

Bəlkə də, qaçıbmış bir qəlbidaşdan,

 

Düşüb qar üstündə qara bənövşə.

 

 

 

...Mən də sənin kimi qəlbidağlıyam,

 

Nisgil soraqlıyam, qəm soraqlıyam.

 

Bir sınıq taleyə elə bağlıyam,

 

Çəkib varlığımı dara, bənövşə.

 

Bir neçə il öncə "Haqqın işığına tapınan misralar" adlı məqalədə Firuzə Məmmədlinin adını dünyanın görkəmli qadın yazıçıları ilə bir sırada çəkmişdim. Məqsədim məhz "kişi nəhənglər kimi yazdığına" görə yox, dünyanı, həyatı daha incə, daha həssas qadın ürəyi, qadın hissiyyatı ilə duyub şeirə gətirdiyinə görə Firuzə Məmmədli yaradıcılığının üstünlüyünü nəzərə çatdırmaq idi. Bir vaxtlar bütün dünya ədəbi ictimaiyyətində maraqla qarşılanan, bütün xalqları cəlb edən əsərləriylə heyrət doğuran qadın yazıçılar Şarlotta Brontenin, Etel Lilian Voyniçin, Harriet Biçer Stounun, Suat Dərvişin sənətkar üstünlüyü kimi...

 

 

Təranə Turan Rəhimli

Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 11.