İkidəbir pıçıldamaq...

 

Mən səni tənhalıqdan daldalanmaq üçün,

 

mən səni hamıdan gizlənmək üçün sevmişdim...

 

Get yıxıl yat, qoy öpüm

 

mən də adından sənin

 

Gecə mistikası

 

 

Bir az hava soyuqdu, bir az adamlar çətin

 

Bir az yarıyuxulu, bir az halsız, ərköyün...

 

Qaranquş təkliyidi, gizlənən ev damında

 

Allah bilir, bir də sən, sən də heç daha bilmə.

 

 

Görürsən hərdən məni sevənlər də incidir

 

Hərdən kimsəsiz itlər düşür mənim yadıma.

 

Nə edəsən olur da, həyatda belə şeylər

 

Sənin başın qarışır, əsas odu yaxşısan.

 

Biz də pis deyilik ki, yaşayırıq, min şükür...

 

pis-yaxşı yaşayırıq, sən də heç daha bilmə.

 

 

Payız da belə getdi, indi baxdım qar düşüb

 

Məni kimsə buraxıb qışın ortalığında.

 

Payız yarpaqlarından hələ çiçək hörürəm,

 

mənə heç kim yaraşmır bu cür tənhalığımda...

 

 

Sən də heç daha bilmə, günəşdən gözləntimi,

 

Sən də heç daha bilmə qollarımın boş yerin,

 

Sən də heç daha bilmə, yağışın islatdığı,

 

Köynəyimi qurudub, sənə dua edirəm:

 

Qurban olum, İlahi, ən yaxşı bəndələrin

 

Ən yaxşı çiçəklərin, ən yaxşı yarpaqların

 

Xətrinə sən bağışla, əlindədi, bilirəm...

 

 

Nə zülmlər var imiş, nə görəcəkli günlər

 

Allah xətrinə qayıt!

 

Qayıt, heç nəyə görə bircə canını sıxma

 

canını sıxma, gülüm, sənin canın nədi ki...

 

Bircə hərdən yaz bilim, özümü danlamayım,

 

boğazımda qalmasın sənsizkən yediklərim.

 

Hər şey yaxşıdı indi, and içirəm canına

 

yağışlarda islanan küləklərə daranan

 

göyərçin barmaqların yuxuma girir indi...

 

 

Bir gün yağış yağarsa, sildiyin şüşələrdən

 

təmizlikdən bir əsər qoymasa bu pis yağış

 

Allah öldürsün buludu, öldürsün bu yağışı

 

get yıxıl yat, qoy öpüm mən də yuxundan sənin...

 

onsuz keçən hər ömür, belə olur, darıxma

 

onsuz təklik zülmdü, belə olur, darıxma

 

get yıxıl yat, qoy öpüm mən də adından sənin...

 

 

Məktublar

 

Məktub 1

 

Gecə qaranlıqda harasa gedən qatarda

 

bir göyərtisatan qadın mürgü vururdu.

 

Gözləri nigaran idi, saçları idi, əlləri isə qocalmışdı.

 

O gün mən o qadın üçün ağladım və dəfələrlə öldüm.

 

ədalətsizliyə ölməklə cavab verdim.

 

 

Məktub 2

 

Heç bilirsən dünyada ədalətsizlik nədi?

 

Yan-yana gedən adamların birinin axsaması...

 

 

Məktub 3

 

Günəşi sevirsən, axşamı sevirsən, adamları sevirsən.

 

Sevdiyin hər şey yoxa çıxır:

 

günəş batır, gecə açılır, adamlar çıxıb gedir.

 

 

Məktub 4

 

Bir böyük bədənin ağrısı bəzən iki gözə düşür: ağlayırsan.

 

Göz yaşı deməli ən müqəddəs dərmandı.

 

Göz yaşını qoruya bildikcə qoru...

 

 

Məktub 5

 

Bəzən də adamın hər yerdən əlləri üzülür

 

bir daş parçası kimi fikir ürəyini ağrıdır.

 

Əlini sinənə vurub, öləcəyin anı gözləyirsən.

 

ölüm də ən gec gəlir.

 

Adama lazım olan hər şey gec gəlir.

 

 

Məktub 6

 

Əslində, ətir qoxusu pis qoxunu gizlətmək üçün olduğu kimi,

 

kişi də qadını seçməklə təklikdən gizlənir....

 

 

Məktub 7

 

Hər gün özümü "sabah yaxşı olacaq" - deyə aldadıram.

 

Çünki adamın özündən böyük qatili ola bilməz.

 

mən elə sabahlar görmüşəm ki - it əzabı, it günü, it qorxusu...

 

 

Məktub 8

 

Əgər dünyadan köçəndə arxanda səni xatırlayacaq

 

bir küçə qoymamısansa, orada da nigaran yaşayacaqsan:

 

Tolstoy küçəsi, Hüseyn Cavid prospekti.

 

Nəsimi kimi laməkanlar da özünə ən azı bazar,

 

metro qoyub gediblər.

 

heçə nəhlət...

 

 

Məktub 9

 

dünyada qutsal dönüşlər var.

 

ən əzablı dönüş

 

"bir də heç vaxt səni heç yerdə görmək istəmirəm"

 

dediyin adam üçün bir də hər gün hər yerdə

 

görmək istəmək eşqi ilə oraya getməyindi.

 

 

Məktub 10

 

Susa bildikcə susuram, danışsam heç belə anlaşılmıram

 

qorxduğum qədər gizlənirəm

 

gizləndiyim qədər də tapılıram, mənasızlaşıram

 

demək, adam öz qismətinə qaçıb çatır.

 

 

Ruzbeh MƏMMƏD

Ədəbiyyat qəzeti.- 2020.- 11 yanvar. S. 27.