Dolanırıq...

 

Bizim bu dünyaya gəlməyimizə görə də bu aləmə, aləmi Yaradan "Ol"! - deyib. Hərəkətə gətirənə, zamanı çalışmağa başladana şükür deməliyik, təşəkkür eləməliyik. Biz hər birimiz minlərdən, bəlkə də milyonlardan seçilib gəlmişik. Ömür adlı gözəl, şirin, elə o qədər də acı-çətin bir səfərə çıxmışıq. Ən çətin mərhələni artıq keçmişik. Yəni biz yer üzündəki hər hansı canlılardan biri də ola bilərdik. Amma biz yer üzündəki canlıların ən alisi - İnsan kimi gəlmişik. Qədəri alnına yazılmış, ünvanı əl barmaqlarının ucunda göstərilmiş, hətta ölümü də özü ilə bir vaxtda dünyaya gəlmiş İnsan kimi. İnsan ağlı kəsən gündən ölümü hər an onunla bir yerdə olduğunu, qaşla-göz arasında yaşadığını bilir. Əslində, bunu bilən əsl İnsan ölümün bu qədər yaxın olduğunu dərk edəndə daha ürəkli olur. O ölümü sonuncu qapı - xilas yolu kimi görür. Çünki yaşayıb, həyatda tülkü, çaqqal, canavar kimi yaşayan adamlar görüb və düşünür ki, bəlkə məni Yaradan bunları insanlığa dəvət etmək üçün göndərib. Bunlar İnsanlıq yolunda, inkişaf yolunda ciddi maneədir. Mən bu vəziyyəti dəyişməsəm, mübarizə aparmasam, onlar daha da güclənib mənim övladımın yoluna çıxacaq. Ölsəm də qoy bu mübarizədə ölüm. Bəlkə o tülkü, çaqqal, canavar xislətlilərin vicdanı oyanar, hər halda onlara təsiri olar. Heç bu da olmasa elə onların da, özümün də balalarımızın yolunu təmizləyər, heç olmasa, asanlaşdıraram, onların yolunda şəhid olaram, şəhidlər ölmür. Şəhidlik qəhrəmanlıqdır. Dünyaya özümlə gətirdiyim, ömrüm boyu ürəyimin üstündə, gözlə-qaş arasında bəslədiyim ölümü ölməzliyə açılan qapı elədim, ömrümü ölümsüz elədim!

Ümumiyyətlə, insan - insanlıqdan kənara addım atanda özü-özündən şübhəli, qorxa-qorxa yaşayır. İnsan Yaradanın ən gec yetişən barıdır. Yaradan insanın yoluna əngəlləri də ona görə səpir ki, onu sınaqda bərkitsin, təcrübəsini artırsın. Daha gərgin vəziyyətdə, daha gərgin şəraitdə çalışmağı öyrətsin. Əslində, insanın daxilində bütün imkanlar var. Çətin vəziyyətdə ürəklə, güclə, əsəblə yox! Səbrlə, daha sakitliklə, hər iki tərəfi də düşünərək öz beyninlə, ürəyinlə vicdanınla məsləhətləşib çıxış yolunu görəcəksiniz. İnsan olan hər kəs unutmamalıdır, dünyada tam pis insan yoxdur. Heç belə düşünməyə də ixtiyarımız yoxdur. Çünki onu da Allah yaradıb, onu da Allah İnsan yaradıb. Əgər belə birinə biz rast gəliriksə, biz onun Yaradan tərəfindən qarşımıza qoyulan sual kimi qarşılayaq. İnsan yaratdığım varlığı hansı vəziyyət, şərait bu günə salıb? Hamını bir Allah yaradıb. Hamını eyni yaradıb. Bütün dinlərin səmavi kitablarında oğurluq, rüşvət, haram mal qadağandır. Yer kürəsinin bütün ölkələrinin "ana yasasında" əsas qanunda da qadağan olunub. Belə cinayətlər üçün təcridxanalar var və ilaxır... Amma bu xəstəlik də var.

1962-ci ildə "Rüşvətxorlar" adlı bir şeir çap etdirmişdim. Mənə üç imzasız təhqiramiz məktub gəldi. Doğrusu, ürəyimdə sevindim ki, ölkəmizdə cəmi üç nəfər rüşvətxor varmış. Məktubların üçü də imzasız idi. Onlar atasının, anasının əziz balasına verdiyi sevimli adı da rüşvət kimi gizlətmişdi. Amma şeir onu ağrıtmışdı. Cavab yazmağa məcbur etmişdi. Şeir ona daş kimi dəymişdi. Mən daş atmıram, şeir yazıram, şeir qəlb qırmalı deyil. Buna mənim ixtiyarım yoxdur. Bir az daha dərindən düşünəndə mənim yolum da səhvdir. Mən oxucumu belə sərt, amansız tənqid edəndə dediyim hər sözün arxasında yazmadığım və demədiyim bir sözü eşitdim. "Mən yaxşıyam", "sən pissən". "Mən haqlıyam", "sən haqsızsan". Axı, onlar da Allahın yaratdığı bacılarım, qardaşlarımdı. Mən ona kömək etməkdənsə, ona damğa vurdururam, günahlandırıram. Polis deyiləm, hakim deyiləm. Mən şairəmsə, oxucunun ürəyinin içində vicdanının, ən gizli duyğularının söhbət yoldaşıyam. Mənim insana məhəbbətim, səmimiliyim onun qanına işləyib ruhunda unudulmuşları oyatmalıdı. Təcridxanalar, zindanlar tərbiyə ocaqları deyil. Oraya salınmış insanlar cəza çəkmir. Onlar burda öz vərdişlərini sənət səviyyəsinə yüksəltmək üçün təkmilləşmək kursu keçir. Beləliklə, orada daha kamil oğru, daha kamil qatil, dolandırıcı və bu kamillər yetişir. Ölkənin ən humanist, ən insanpərvər insanları bu müəssisələrdə çalışmalıdı. Onlar üçün insana məhəbbət "Quran" kimi müqəddəs olmalıdı. Onlar unutmamalıdır ki, Allahın ən gözəl, ən ali yaratdığı canlı İnsandır. Cinayət və ya başqa günahlar üzündən bura düşənlər də İnsandır. Onlar da sevgiyə, hörmətə, qayğıya layiqdirlər. Rəhbərindən tutmuş bu müəssisənin bütün işçilərindən o sevgini, hörməti, qayğını görməlidirlər. Əslində, insanın insana gərək belə münasibəti olaydı. Hər kəs özünü, öz ailəsini idarə edərdi və belə idarə etsəydi, ölkədə belə münasibətlərə ehtiyac olmazdı. Xülasə, arzu başqa şeydir, reallıq başqa, reallıq budur. Arzumuza qalsa, Allahımız kainatı bizim üçün yaradıb. Kainatda Planetlər itkisiz təsərrüfatlardı, bizim Yer kürəmiz də onlardan biri. Bəs burada inkişaf necə gedir? Xaotik, pərakəndə. Elm inkişaf edib. Yerin cazibəsindən çıxmağı öyrənib. Amma uzaq uçuşlara hələ hazır deyil. Elm atomu, molekulu, nüvəni parçalayıb dəhşətli silahlar yaradıb. Növbəti addımda Yer kürəsini məhvərindən oynada bilərik. Bərəkallah bizə! Bizim bu rəngarəng Yer kürəmizi öyrənmişikmi? Yox! Yer Kürəmizi qorumağı öyrənməmişikmi? Yox! Bəs özümüzü necə? Yəni insan orqanizmini, onun bütün imkanlarını? İnsan beynini, beyninin hər bir mərkəz nöqtəsinin nəyə qadir olduğunu öyrəndikmi? Yox! Bəs bu milyon illər ərzində biz nəyi öyrənmişik? Yaradan insanlar şəhərlər salıb körpülər yaradıb, binalar ucaldıb. Güllü-çiçəkli, barlı-bəhrəli bağlar salıb. Onu da gördük ki, başqa insanlar yaraşıqlı evləri viran qoydu, körpüləri dağıtdılar. Bağları oda qaladılar. Həm də bu vəhşiliyi öz Yer kürəmizin insanları, öz qonşularımız körpələri, qocaları qırdılar, şəhərləri, kəndləri viran qoydular. Bunları görəndə düşündüm: "Allahım, Sənə çox şükür! Nə yaxşı bunlar Yerin cazibəsindən hələ çıxa bilmirlər. Allahım, bu nifrətin, kinin daşıyıcılarına imkan vermə, elə burada onları özün bildiyin kimi islah eylə. Başqa səyyarəyə nifrəti, kini apara bilməsinlər. Allahım, insanın insana, təbiətə, torpağa, canlılara məhəbbətini artır. İnsanı evinə, qonşusuna, kəndinə, şəhərinə, ölkəsinə məhəbbət gətirməyə öyrət.

Məhəbbətdən insan doğulur, nifrətdən bir-birindən dəhşətli silahlar. Nifrət kordu, haqlını, haqsızı görmür, nifrət yanğınlara, daşqınlara, tufanlara dönür. Əli çatan hər kəsi cəzalandırır. Ağaclar yanğından, seldən, tufandan, qaça bilmir".

Bizim, yəni İnsanların ən böyük zəfəri odur ki, dünyaya İnsan gəlmişik, ömrümüz boyu bu insanlığı qoruyaq, saxlayaq, çalışaq dünyadan da insan kimi, bu "böyük ada" layiq olub gedək. Bu həm asandır, həm də çətin. Asandır ona görə ki, sənin əqidən, düşüncən, vicdanın nəyi istəsə, enerjin onu yerinə yetirmək imkanına malikdir. Bizə artıq məlumdur ki, hər bir canlı öz tutumu həcmində enerjidir. Enerjinin qidası canlının düşüncəsi, əxlaqı, əqidəsidir. Canlı öləndə enerjisi ölmür - şəklini dəyişir. Əlbət ki, o canlının əxlaqı, düşüncəsi, əqidəsi, vicdanı da ölmür. Onlar da barmaqları toxunduğu, çalışdığı yerlərdə, əşyalarda izləri qalır, hərarəti yaşayır, sonra onlarla təmasda olanlara əlinin hərarətini, duyğusunu yaşadır, bəzi düşüncələrini düşündürür. Enerjisi ölmədiyi kimi, edilən yaxşılıq da, yamanlıq da itmir, sən dünyanı dəyişəndən sonra da yaşayır. Yaxşılıq və yamanlıq arasındakı ədavəti yaşadır. Hər iki dünyada bir tərəzi var, şəkildən-şəklə düşən bir enerji var. Çox az hallarda tərəzinin iki gözü də taraz dayanır, bu bir an olur. Amma doxsan faiz də tərəzinin yaxşılıq gözü qalib olur. Ona görə həyat yaşayır, yaşadır. İnsan həyatı qorumaq üçün yaranmış varlıqdır. İnsan - Yaradanın ən kamil yaratdığı bir varlıqdır. Kamil olduğu qədər də müstəqildir. Yəni onu idarə edən başı, başında beyni, beynində düşünmək, yaratmaq, yaşatmaq, həyatı daha da gözəl, firavan etmək kimi ideyaları var. Ürəyi var, ürəyində məhəbbəti, nifrəti, vicdanı enerjisini azalmağa qoymayan, qidalandıran yanacağı var. Xülasə, İnsan adlanan varlıq dünyada yaşamaq üçün lazım olan hər şeylə təmin olunmuş halda həyata gəlir. O, məhəbbətdən yaranır, onu dünyaya da məhəbbət gətirir. Bəs necə olur, dünyaya gəlmənin son mərhələsində doqquz ay uşaq ana bətnində qayğı və məhəbbət qoynunda yaşadığı halda, onun körpə qəlbində kinin və nifrətin də rüşeyminə yer tapılır?

Təbii, siz bu yerdə haqlı olaraq məndən soruşa bilərsiniz, dünyaya gəlmənin ana bətnindəki doqquz aydan əvvəl hansı mərhələsi ola bilər?

Allahın yaratdığı hər şey o qədər kamil, möhtəşəmdir ki, orada təsadüfə yer yoxdur. Bəlkə doğulacaq uşaqların ruhları özünə ata-ana seçir. Onları ağlagəlməz yollardan keçirib üz-üzə gətirir. Onlar bir-birinin gözündə o körpənin təbəssümünü görür. Mən bu yerdə şairlik eləyib çox şey deyə bilərəm, amma demirəm. Güman edirəm, siz məni anlayarsınız. Bu həyatda heç bir təsədüf yoxdur. Əvvəlini bilmədiyimiz zəruri məntiqi nəticələr var. Biz ona təsadüf deyirik. Bəli, insan məhəbbətdən doğulur. Amma kin, nifrət ən çətin vəziyyətdə həyatı, insanı qorumaq üçündür. Kin-nifrət də örüyüb artır. Yeni-yeni silahlar doğurur. Bəli, bu da zərurətdən doğan həqiqətdir. İyirmi birinci əsrdə bizim belə bir həqiqətlə üz-üzə qalmaqda özümüz günahkarıq. Biz deyəndə mən İnsanı, İnsanlığı nəzərdə tuturam.

Mənə elə gəlir ki, biz lap əvvəldə, öyrənmək və öyrətmək məsələsində səhv yol seçmişik. Hansısa həlledici bir mərhələdə uşaq niyə düşünməlidi? Biz bu yolu keçmişik, düşünmüşük. Dediyimizi yerinə yetirsinlər kifayətdir! Beləliklə, bu təcrübəni ailə başcısı öz böyük övladlarına, böyük qardaş-bacılar kiçik qardaş-bacılarına, böyük ailələr kiçik ailələrə, böyük kəndlər kiçik kəndlərə, böyük şəhərlər kiçik şəhərlərə, böyük ölkələr kiçik ölkələrə tərbiyə verir. Belə inkişafın sonunda prokuristin məşhur çarpayısı bizi - yəni insanları gözləyir. O çarpayıdan ayağı çıxanın ayağını kəsəcəklər, başı çıxanın başını kəsəcəklər. Gödək olanları dartıb çarpayı boyunca uzadacaqlar.

Belə düşüncə tərzi ilə yaxın gələcəkdə insanları geniş laboratoriyalarda, lazımi miqdarda yetişdirəcəklər. İnsan da silah kimi istehsal oluna bilər. Onun primitiv forması artıq yaranıb. Terroristlər iş başındadır. Bir azdan sonra onları konveyerlə istehsal etmək mümkün olacaq...

Amma ikinci bir yol var. İnsan dünyaya gələndən ona özünün başdan-ayağa bir möcüzə olduğunu anladaq. O, öz bədəninin bütün əzalarını düzgün istifadə etsə, əzalar ona azı iki yüz il xidmət edə bilər. O öz beyninin bütün imkanlarından istifadə edə bilsə, beyninin gözü ilə yaxın planetləri səyyahət edə bilər. Sənin sinəndə yumruq boyda ürəyin bütün bədənin hər zərrəsini fasiləsiz qanla qidanlandırır, ömrü boyu da qidalandıracaq. O qan da adi deyil, o qanda əcdadının qan yaddaşı yaşayır. Hələ gəldiyin bu dünya, bu Yer kürəsi... Allah onu cənnət yaradıb bizə verdi. Ayağının altındakı torpaq, sənin iki ayağının izi altında qalan torpağı əksən, becərsən, bacarsan səni ömrün boyu yedirtməyə qadirdir. Sənin yalnız özünü öyrənmyə, özünü hazırlamağa, imkanlarını açmağa, bir ən uzun insan ömrü də azdır.

Sən yer üzünə Allahın göndərdiyi paysan. Bütün imkanlarını açmağa insanlara paylamağa çalış. Bəlkə bizə heç belə bir imkan bir daha verilmədi. Məsələ burdadır ki, biz hamımız belə bir sərvətə malikik. Amma bundan xəbərimiz yoxdur. Çünki özümüzü tanımırıq. Biz birinci növbədə özümüzü öyrənməliyik, özümüzü öyrətməliyik. Biz ömür adlı uzaq bir səfərdəyik.

Hər şeyə, hər vəziyyətə hazır olmalıyıq. Ona görə də birinci növbədə özümüzü, öz imkanlarımızı, nəyə qadir olduğumuzu öyrənməliyik. Amma yox, biz başqalarını öyrətməyə çalışırıq. İnsan gördüyünə daha çox inanır. Sən ağıllı, savadını artıran, işini yaxşı bilən, hər kəsə hörmət və məhəbbətlə yanaşsan səni görənlər, səndən daha çox şey görüb-götürəcəklər, öyrənəcəklər. Nəinki onlara dərs verən, öyüd verən, leksiya söyləyən insanlardan. İnsanın yaşayış tərzi, davranışı, əxlaqı, səbri, təmkini ətrafdakılara daha çox tərbiyə verir. Kamil insan heç özü bilmədən nə qədər insana öz nümunəsi ilə gözəl yaşamaq tərzi öyrədib. Daha doğrusu, öyrətməyib. Ondan görüb-götürüb öyrəniblər.

Nə gizlədim, hərdən üzümü göyə tutub soruşmaq istəyirəm: Allahım, Adəmlə, Həvvanı sözündən çıxdıqlarına görə Yer kürəsinə sürgün elədin. İndi bu planetdə altı milyarddan çox insan yaşayır. Yer daraldıqca qılıq da daralır, müharibələr, qırğınlar bir yandan, sellər, tufanlar, yanğınlar da bir yandan. Yerin cazibəsindən də çıxıb qaçmağa qoymursan. Anlayıram, bizim beynimizdə burdan getməyin açarını gizlətmisən. Ağlımızın gözünə pərdə çəkmisən, o açarı tapa bilmir, görə bilmir. Kainatda sayagəlməz qədər səyyarələr var. Çoxu insansızdır, bir çoxu da tam boşdur. İzin ver gedək yaşayaq. Bilirəm, deyəcəksən "Mən səni azad yaratmışam. Səndə ulduzları gəzmək üçün hər şey var. Çalış uç! Get! Yaşa! Mən hər kəsə hər şey vermişəm. Hər kəs layiq olduğu qədər istifadə edə bilir. Mən "Ol" dedim, zaman çalışmağa başladı. İkinci sözü siz deyəcəksiniz. Görək nə, ya kim olacaqsınız".

Bəli, indi az adam özünü araşdırmaqla, öz imkanlarını kəşf etməklə məşğul olur. Əksəriyyət başqalarına tərbiyə, təlim verməyə çalışır. Valideynlər, qohumlar dostlar, tanışlar, təbliğat aparanları qəzetlər, jurnallar, kitablar, radiolar, televiziya proqramları gərəkli, hərdən gərəksiz verilişləri ilə yeniyetmələri, gəncləri, ahılları məlumatlandırır. Zamanın sayğacı işləyir. İnsan artır. Yer daralır. Ölkələrin gözü qonşularda boş yer axtarır ayağını qoymağa, yavaş-yavaş özünküləşdirməyə. Bu azmış kimi, hər ölkənin içində partiyalar artır. Onlar da hərəsi bir başqa ölkə tərəfə öz ölkəsini çəkmək istəyir.

Bu cür çalın-çarpaz siyasi atışma mərkəzində qalan vətəndaş özünü necə tapsın, tanısın? Çətindi! Elə İnsan olmaq da işin çətinindən yapışmaqdı. Gərək gözlərini geniş açasan, hər şeyə çox yuxarıdan baxasan. Hətta özünə də, özündən xeyli yuxarıdan baxsan, özünün kim olduğunu görəcəksən. Sən, əslində, vətənin, yəni bu torpağın, suyu, havası, bu danışa bilməyən, təhlükədən qaça bilməyən ağacların, onların meyvəsi sənin qanında var. Onların kölgəsi sənin saçlarındadır. Xülasə:

 

Dolanırıq

Otlar torpağı yeyir,

Qoyunlar otları yeyir,

Biz qoyunları yeyirik,

Bizi torpaq yeyir

Hamımız bir-birimizi

Yeyə-yeyə dolanırıq.

Bizi dolandırana

Şükür deyə-deyə

Hamımız bir-birimizin

Qanında, canında dolanırıq.

 

Ordan, yuxarıdan Allahın ayağı altındakı yüksəklikdən baxıb, torpağımın, suyumun, odumun, havamın mənafeyindən çıxış etməli, özümü onun əsgəri hiss etməməliyəm. Bədənim də özüm boyda torpaqdır. Onu da bu torpağa qaytarmalıyam. Bizi Allah öz cənnət adlandırdığı bağçasında güllər-çiçəklər kimi fərqli - rəngbərəng yaradıb. Kainatda yaratdığı səyyarələr də bizim kimi fərqli - rəngbərəngdir. Bəlkə forma etibarilə biz fərqliyik. Məzmunca eyniyik. Bilmirəm. Hər halda bu fərziyyədir. Amma bir şeyi dəqiq bilirəm. Yolumuz kainata bağlıdır. Nə qədər biz Yer kürəsində planetimizi dövlətlər arasında sərhədlərə ayırmışıq. Gediş-gəliş viza ilədir. Torpaq bizi kainata buraxmayacaq, kainat bizi qəbul etməyəcək - gərək əvvəl beynimizdən sərhədləri götürək. Gərək bizi Yaradan bizim insan kimi tam yetişdiyimizdən, kamil olduğumuzdan arxayın olsun. Sonra bizə kainatın qapılarını açsın! Haqlıdır! Elə ona görə bir adı da Haqdır!

Hər halda mən bu yazıda dediklərimi aksioma saymıram. Bu istiqamətdə də düşünmək, müzakirə və mübahisə etmək olar.

"Dolanırıq" şeiri də elə bu dolaşıq fikirlərdən yazılıb.

 

Fikrət Qoca

Ədəbiyyat.- 2020.- 18 yanvar. S. 2-3.