Sevginin gözü ilə

 

Doğulan körpələrin ehtiyacı sevgidir,

 

Məhəbbətdən gül açır dünyanın hər bucağı.

 

Doğulan hər insanın umacağı - nəvaziş,

 

Körpənin güvənc yeri - isti ana qucağı.

 

 

Sevginin milləti yox, məhəbbətin məkanı,

 

Bu ali duyğuların olmayır ənənəsi.

 

Yaradanın gücüylə hakim olar ruhuna,

 

Qəlbə girsə göyərər - sevgi buğda dənəsi.

 

 

Biz bəşər övladıyıq, sevgidən doğulmuşuq

 

Yaşamağa gəlmişik yer üzünə hamımız.

 

Neçə-neçə ürəyin sevgiyə ehtiyacı,

 

Xəyallar dünyasında neçə arzu-kamımız.

 

 

Biz həyata baxanda sevginin gözü ilə

 

Gözəlləşir yer üzü, göy üzü başdan-başa.

 

Rəngi fərqli olsa da, məkanları müxtəlif

 

İnsan sevsə insanı ürəklər gələr cuşa.

 

 

Kimsə qoya bilərmi məhəbbətə qadağa,

 

Sevginin dadındadır bu həyatın ləzzəti.

 

Bir belə ülfətdədir varlığın ortaq gücü,

 

Gəlin sevək, sevilək - ötürməyək fürsəti.

 

 

Zararia Yul (Cənubi Afrika)

Poetik tərcümənin müəllifi: Adil Cəmil

Ədəbiyyat qəzeti.- 2020.- 18 yanvar. S. 26.