Müasirləri Rəsul Rza haqqında

 

Mübarizə bu gün də var, yarın da vardır

Mən də onun ən ön sıralarında

 

Rəsul RZA

 

1981-ci il aprelin 1-də Rəsul Rza dünyasını dəyişdi. Şairin vəfatından qırx il keçir. Bu günü müasirlərinin Rəsul Rza haqqında sözləriylə qeyd etmək istədik.

 

Redaksiyadan

 

Bu gün bizi hamımızı bu salona gətirən Rəsul Rzanın xatirəsidir və onun 90 illik yubileyidir. Bizim xalqımız, millətimiz bu yubileyi son-iki il içərisində demək olar ki, Azərbaycanın bütün bölgələrində çox təntənə və böyük məmnuniyyət hissi ilə keçiribdir. Bu gün biz yubileyin son gözəl mərasiminə gəldik.

Çox gözəl, qeyri-adi tamaşa göstərdiniz. Eyni zamanda, Rəsul Rza yaradıcılığını aça bildiniz. Çünki Rəsul Rza yaradıcılığı çox gözəldir, yüksək səviyyədə, amma eyni zamanda mürəkkəbdir, çox çətindir. Siz onu aça bildiniz.

Bu, bir tərəfdən Rəsul Rzanın nə qədər böyük şair olduğunu və onun yaradıcılığının nə qədər dərin olduğunu, Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Biz hamımız bu gün böyük şairimiz Rəsul Rzanı və Nigar Rəfibəylini burada Nigar xanımın şeirlərinə yazılmış mahnılar, musiqilər səsləndi, bir daha xatırlamalıyıq, onların Azərbaycan xalqı qarşısında böyük xidmətlərini bir daha qeyd etməliyik və onların xatirəsinin bizim üçün nə qədər əziz olduğunu bir daha bildirməliyik.

 

Prezident Heydər Əliyevin çıxışından

 

Heydər Əliyev Rəsul Rzanı Sosialist Əməyi Qəhrəmanı nişanıyla təltif edir.

Rəsul Rza bugünki Azərbaycan poeziyasına şəhərin danışıq dilini, bu dilin ahəngini gətirib.

Rəsul Rza elə şairlərdəndir ki, Azərbaycan deyil, bütün Sovet poeziyası ənənəsinə novatorluq gətirib. O, həmişə şeirin dil elementini, ölçü, qafiyə elementini yeniləşdirir, zənginləşdirir. Özü də təkcə Azərbaycan deyil, bütün Sovet poeziyasında. Məzmununa gəldikdə isə şairin yeni kitabından bir misal gətirmək istəyirəm. Qızılgül olmayaydı poeması şəxsiyyətə pərəstiş dövründə bir insanın faciəli taleyindən bəhs edir. Poema 1960-cı ildə yazılıb. 1961-ci ildə isə dərc edilib. Bu, Sovet ədəbiyyatında ilkin yazılmış əsərlərdən biri olub. Mövzu baxımından gərəkli və bizim hamımızı narahat edən məsələdir.

Rəsul Rza filosofdur. İki buruğun söhbəti şeiri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq həyat, nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.

 

Nazim Hikmət

 

Mən qələm yoldaşım Rəsul Rzanın Lenin haqqında yazdığı qüvvətli, təsirli poemasından parçalar oxumuşam. Bu əsərin çap olunan və mənə məlum olan ayrı-ayrı parçalarına əsaslanaraq, cəsarətlə deyə bilərəm ki, Mayakovskininin Lenin haqqında poemasından sonra Lenin haqda bütün sovet poeziyasında belə bir vüsətli əsər oxumamışam. Poemanın ən çox diqqətəlayiq yeri şeirin qoca bir arvadın dili ilə Lenin haqqında tam bir dastan, poetik dastan yaratmasıdır. Şair Lenin haqqında öz ideyalarını, öz fikirlərini, öz böyük hissələrini sadə, savadsız bir qoca qarının dili ilə ifadə edir. Mən bir yazıçı və şair kimi, bu ədəbi üsulun nə qədər çətin olduğunu hiss edirəm. R.Rza poemanın bu hissəsinin oxuyarkən mən ona dedim ki, bu təsvir üsulu şairin ixtirası sayılmalıdır. Bu hünərdir...

Şair zəmanəmizin ən böyük insanı olan Leninin əzəmətli, həmişə canlı, həqiqi obrazını, dərin humanizmini parlaq bədii lövhələrlə əks etdirmişdir.

Lenin poeması bütün sovet poeziyasında əhəmiyyətli hadisədir.

...Rəsul Rzanın Lenin poeması bütün dünyanı gəzəcək.

 

Səməd Vurğun

 

Əziz Rəsul İbrahimoviç!

Sizin yaradıcılığınızı mən çox sevirəm və Davamlı əks-səda kitabını heyranlıq hissi ilə oxuyuram. Sizə ən yaxşı arzularımı göndərirəm.

 

Dmitri Şostakoviç

Jukovka. 29.11.1972

 

Əziz Rəsul Rza mənim gözəl dostum! Çoxdan, lap çoxdan Sizi görmürəm, çoxdandır məktublarınızı almıram. Amma heç vaxt Sizi unutmuram və unutmayacam. Qəzet və jurnallarda Sizin şeirlərinizi oxumaq çox xoş idi mənimçün. Sizin bütün şeirlərinizdə canlı insan səsinizi eşidirəm. Kitabınız mənim masamın üstündə hörmətlə qoyulub. Böyük maraqla oxuyuram, bəzi silsilələri isə (məsələn "Rənglər"i) böyük ləzzətlə yenidən mütaliə edirəm. Sizin poetik və insani simanız gözlərimdə bir az da böyüyür. Kitabınız məni hətta ilhama gətirir və işləməyə sövq edir: ətrafında dostlarının necə işlədiyini görəndə özün də daha çox və daha yaxşı işləmək istəyirsən. .

Möhtəşəm vüsətinizə, poetik istedadınıza, insanlığınıza görə, insanlığa bəxş etdiyiniz hər şeyə görə çox sağ olun! Siz həmişə mənim duyğularımda, qəlbimdəsiniz. Mən həmişə Sizinləyəm.

Hörmətli və məhəbbətlə

 

Eduardas Mejelaytis"

 

Moskvada "Nedelya" həftəliyində dərc olunandan sonra "Rənglər" başqa dillərə də tərcümə edildi, bir neçə ölkədə çıxdı, həqiqi sənət sərrafları tərəfindən yüksək dəyərləndirildi və heç yerdə ilk nəşr zamanı Azərbaycanda olduğu kimi cahil hücumlara məruz qalmadı. Abbas Zamanov deyirdi:"Necə olur ki, bu şeirləri müxtəlif ölkələrdə anlayırlar, amma özümüz anlamırıq?"

Məşhur rus şairi İlya Selvinski yazır:

"Rəsul Rza qələmində zəngin harmoniyası açılan Rənglər ilkin folklor anlamına uyğun şəkildə yəni "ağ təmizlik", "qara matəm", "qırmızı" qəzəb" və s. kimi elementar səciyyələr daşımır. Bu və başqa rəngə müəllifin fərdi yanaşa bilməsi sayəsində hər bir şeir digərindən qəti şəkildə fərqlənir və tamamilə sərbəst tonda səslənir. Bu şeirləri rəsmdən fəlsəfəyə doğru hərəkət birləşdirir. Bu rəng əlvanlığı boyalan hərflərdə görən Artur Rembonun zənginliyini kölgədə qoyur".

 

Aydındır şeirin dili

İstəyirsən sevincindən,

İstəyirsən qəmdən yaz.

Elə aydındır bu dil

nadan yüz yol oxusa,

yenə bir şey anlamaz

 

Nə qədər iti və incə deyilmişdir. Bu şeirdə Şərqin təmkinli müdrikliyi canına hopmuş Azərbaycan şairinin siması nə qədər aydın hiss olunur. Belə şeirin altından Nizami və ya Sədi imza qoya bilərdilər. Yəni hər hansı bir ölkənin hər hansı müasir şairi də öz lirikasında belə incinin olması şərəfindən imtina etməzdi.

 

İlya Selvinski

 

Döyüşən Krım qəzetinin redaksiyasında qəzetin redaktoru D.Berezin, İlya Selvinski, Rəsul Rza. Krım 1942

Mən Rəsulun şeirlərini dönə-dönə oxuyuram və hər dəfə onlar mənə yeni görünür. Ona görə ki, şair yenilik xətrinə yenilik eləmir, formal axtarışlar aparmır, hər sözü, hər ifadəni ölçüb-biçir, onları həyatın öz rəngi, öz səsi, öz nəfəsi ilə cilalayır. Mənim təsəvvürümdə Rəsul Rza Azərbaycan poeziyasının, Azərbaycan mədəniyyətinin fəxridir.

Rəsul Rza elə sənətkarlardandır ki, onların yaradıcılığının qocalmaq və ya kasıblamaq qorxusu yoxdur. Əksinə, o daim zənginləşir və dünən nail olduğuna bu gün müdriklik, təmkin, müasir hadisələri düzgün qiymətləndirmək bacarığı əlavə olunur.

 

Qara Qarayev

 

Əziz Rəsul müəllim!

Zəmanəmizdə ən çox hörmət bəslədiyim şairlərdən biri də sizsiniz. İlhamlı təfəkkürünüz, obrazlarınız üçün sizə təşəkkür edirəm.

 

Çingiz Aytmatov

 

Moskvaya vardığınız gün soruşmuşdum:

Sovyetlər Birliyinin indi ən məşhur şairi kimdir?

Bir az düşündükdən sonra:

Rəsul Rza demişdilər.

Mənsə Yevtuşenkonun, Voznesenskinin adının çəkiləcəyini sanmışdım.

Rəsul Rza ilə bir neçə axşam öncə Yasnaya Polyanadan (Tolstoyun kəndində) qayıdandan sonra tanış olmuşduq.

Rəsul Rzanın otelində buluşub küçəyə çıxdıq. Mən Rəsul Rza ilə ağır-ağır arxadan gedirik. Müxtəlif məzmunlar üzərində dururuq, uzun sükutlarla danışır Rəsul Rza, mən də Vaz keçdi bu məzmunun üzərində dayanmaqdan deyə düşünmək istərkən məzmunu can evindən qavrayan ən açıqlayıcı sözü bulur. Doğru, içdən, duyğulu və inandırıcı. Şəxsiyyəti hörmət oyandırır. Şeirlərinə maraq edirəm için-için.

 

Məlik Cövdət Anday

 

HÖRMƏTLİ RƏSUL MÜƏLLİM!

70 yaşınız mübarək olsun! Mənə elə gəlir ki, ömrün onillikləri, yəni 50, 60, 70, 80 və s. həyat yolunun böyük duracaqlarıdır. Yəqin elə buna görə də xalq öz sevimli adamlarının yubiley bayramlarını məhz bu illərdə keçirir.

Həmişə özünü xalqa borclu bilənlərin borcu heç zaman tükənmir. Mən sizi həmişə belə görmüş, belə tanımışam.

Sənətin sonu yoxmuş. Sənət yollarında zirvədən zirvə doğur. Bu yolda addımlayanlar üçün bu günün zirvəsi sabahın pilləsidir. Buna görə də siz heç zaman çatmadığınız zirvəni zirvə bilməmiş, daha böyük üfiqlərə can atmış, durduğunuz zirvədən yaxınlara baxmısınız, çünki siz həmişə böyük amallarla yaşamış, xırda hislərdən uzaq olmuş, sözün cəng cidalında saç ağartmış, sənət eşqi ilə yazıb-yaratmışsınız. Mən sizi həmişə belə görmüş, belə tanımışam.

Sənət aləmində siz heç kəsi təkrarlamamış, həmişə öz yolunuzu gedib, öz qəlbinizin kökündə yalnız öz mahnımızı oxumusunuz. Sənətkar üçün bundan böyük üstünlük tanımıram.

 

Bəxtiyar Vahabzadə

 

Deyə bilmərəm ki, Rəsul Rza ilə tez-tez görüşürdüm. O, müəllimlər nəslinə mənsub idi. Hərçənd gənc ədəbiyyat adamları heç də yaşca böyük olan hər bir şairi bu hörmətli nəslə daxil etmirlər, buna yalnız əsl sənətkarları layiq bilirlər. Rəsul Rza ən hörmətli və sevilən ağsaqqalların sırasında idi. O, ənənələri dərindən bilməklə yanaşı, ənənələri novatorluq ruhu ilə birləşdirə bilən nadir adamlardan biri, novatorluğu dərin ənənəvi biliklərlə uyğunlaşdıranlardan biri idi. O, başa düşürdü ki, yeni reallıq ifadə vasitələrinin yeniləşməsini tələb edir. Milli və dünya poeziyasında çox düzgün orientirlər seçmişdi Sabir, Mayakovski, Uitman.

 

Oljas Süleymenov

 

Rəsul Rza Azərbaycan poeziyasının görkəmli simalarından biridir. O qədim zamanlardan bəri ənənə halını almış şeir formalarından fərqli olaraq Azərbaycan poeziyasına yeni şeir forması gətirmişdir. O, novator şairdir. Rəsul Rza yaradıcılığının xüsusi cəhəti dilinin təbiiliyi, rəngarəngliyi, müasir lirikaya xas olan incəlik və lakonikliyidir. O, fikir və zəka şairidir. Dolğun ideya və dərin məzmun onun şeirlərinin əsasını təşkil edir.

 

İrji Taufer

Çex şairi

 

Maraqlıdır ki, əcnəbi oxucular "Rənglər"in məhz milli Azərbaycan duyumunu hiss edir və bunu xüsusi vurğulayırdılar. Macar şairəsi Juja Rab yazır:

"Coğrafi mənada məndən çox uzaq olan şairə məni cəlb edən "Rənglər" adlı şeirlər silsiləsi oldu. Bu şeir də mətinin mahiyyəti beləydi şairin incə, cilalanmış diliylə ifadə olunmuş rəngli assosiasiyalar tufanı. İlk dəfə Bakıya 1975-ci ildə orada təşkil olunmuş ədəbiyyat həftəsinin qonağı kimi gəldim. Orada qulaqlarımda yenidən "Rənglər"in misraları səsləndi, onlar mənim təcrübəmi genişləndirdilər, hər şeyi daha dolğun dərk etməyə yardım göstərdilər. Bu ana qədər inanırdım ki, həmin şeirlər yalnız "xəyali görüm" poeziyasıdır. Orada isə anladım ki, şeirlər tam realistikdir. Sanki Azərbaycan torpağının adi günlərindən alınmış kadrlardır. Məsələn, "Mavinin təsəlli çaları"nda "qızmar səhrada qaratikan kolunun naxışlı kölgələri", yaxud "Sumağı"da "nənəmin gəlinlik şalı", "kabab qoxusu" və ya da "Xurmayı"da "səhrada dəvə karvanı", "babamın zər naxışlı quranı" sətirləri Azərbaycan torpağının adi, gündəlik gerçəkliyindən alınan dəqiq kadrlardır".

 

Juja Rab

 

"Rənglər" bütünlüklə ya ayrı-ayrı örnəklərlə Türkiyə türkcəsində, eston, latış, polyak, çex, macar, ingilis, fransız, ərəb, fars, serb (Çexoslavakiya, Macarıstan, Serbiya və Estoniyada kitab şəklində) nəşr olundu. Stokholmda İsveç Elmlər Akademiyası tərəfindən nəşr olunan "Artes" ("Mədəniyyət") jurnalında Uldis Berzinş və Yuris Kronsberqin tərcüməsində "Rənglər" silsiləsi çap edilmişdir. Tanınmış İsveç şairi Yuris Kronberqs şeirləri təqdim edərək yazır:

"Rəsul Rza poeziyası sovet ölkəsindən çox-çox uzaqlarda səslənir. Şairin "Rənglər" silsiləsi bütünlüklə 60-cı illər sovet şeirinin ən layiqli nümunələrindəndir".

Rus ədəbiyyatşünası N.Fedorenko Rəsul Rzanın "Rənglər"ini Yaponiyada xatırlayır, onları Orta əsrlərin klassik yapon rəssamı Utimaronun əsərləriylə müqayisə edir.

 

Çex şairəsi Daniçka Kozlova yazır:

 

"Çex oxucuları Rəsul Rzanı ilk növbədə bildir bizdə nəşr olunmuş "Rənglər" silsiləsinin müəllifi kimi tanıyırlar. Sovet İttifaqında bir neçə il bundan qabaq dərc olunmuş bu şeirləri bəziləri "formalistik", başqaları "impressionistik", üçüncüləri isə "mücərrəd'i" adlandırırdılar. Lakin bu silsilənin bir sıra ədəbi tənqidçilər və yazıçılar müdafiə etdilər ki, onların arasında Nazim Hikmət və Eduardas Mejelaytis də vardı".

 

Daniçka Kozlova

 

Kanadadan yazıçı və naşir Dizon Karterdən gələn məktubda deyilir:

"Kanadada poeziyanı az oxuyurlar və şeir kitablarını çox nadir hallarda təkrar nəşr edirlər. Ancaq Rəsul Rzanın şeirləri özünün yüksək humanizmi ilə o dərəcədə fərqlənir ki, Kanadada və Amerika Birləşmiş Ştatlarında minlərlə oxucu onları cəmi bir neçə ay ərzində alıb oxudu. Bu şeirləri ikinci dəfə, indi isə üçüncü dəfə nəşr etməli olduq.

Heç birimiz qəfil ümidsizlik hissindən, birdən-birə bədbinliyə qapılmamaqdan azad deyilik. Bax, belə anlarda köməyimizə böyük ürəklərin xilasediciləri çatır. Bax, belə anlarda köməyimizə böyük Sovet şairi Rəsul Rza gəlir. Hadisələrdən usananda, gələcəyə ümidimiz sarsılanda, dərhal bu heyrətamiz və ilhamlı sözləri insan qəlbinin böyüklüyü haqqında sözləri oxuyun.

Ümidlərini itirmiş adamlara təklif edin, oxusunlar bu şeirləri.

 

Şimal qonşusu jurnalı

Kanada, 1971

 

Bizim şairəmiz Liy Seppel həqiqi mənada böyük şair olan Rəsul Rzanın ecazkar şeirlərini eston dilinə çox gözəl çevirmişdir. Estoniya SSR-in Dövlət mükafatına layiq görülmüş həmin tərcümələr bizim respublikanın oxucularına R.Rza yaradıcılığının dərinlikləri ilə tanış olmaq və bu vasitə ilə şairin vətənini, xalqını tanımaq imkanı vermişdir.

 

Aleksandr Suuman,

Eston şairi

 

Estonlar hələ özləri üçün qonşu latışların korifeyləri Raynisi açmamışdır. Amma biz, məsələn türk şairi Dağlarcanın mənimsəmişik. Yaxud həmçinin Kataloniyalı Espriunu. Yaxud həmçinin Rəsul Rzanın Rənglərini.

Türk xalqlarının dillərində Verlibrə sərbəst şeirə gəlincə, üç adı çəkməklə kifayətlənəcəm Nazim Hikmət, Dağlarca, Rəsul Rza bunların üçü də gözəl sərbəst şeir yaradıcılarıdır. Bundan sonra niyə görə hələ kimsə iddia edir ki, bu şeir sistemi türk dilləri üçün məqbul deyil.

 

Liy Seppel

Eston şairəsi

 

Rəsul Rzaya qarşı aparılan hücum kompaniyalar çox vaxt məhz Kommunist Partiyasının ideoloji aparatı tərəfindən təşkil olunurdu. 1959-cu ilin aprelində Bakıda partiya fəallarının toplantısında çıxış edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı ideoloji katibi məruzəsində deyirdi:

"Yaradıcı işçilərimizin heç də hamısı həyatla ayaqlaşmır. Bəzən ədəbiyyat və incəsənətimizdə ideya və bədii cəhətdən zəif əsərlər meydana çıxır. Rəsul Rzanın "İnsan" şeiri buna misal göstərilə bilər. . . Kommunizm qurucusu olan sovet adamı ədəbiyyat və incəsənət əsərlərinin əsas qəhrəmanı olmalıdır".

Elə həmin 59-cu ilin aprel ayında ideoloji katibin tənqidindən dəhral sonra "isti-isti" "Ədəbiyyat və incəsənət" qəzeti (11 aprel 1959-cu il) "İnsan" şeirinə şairin başqa əsərlərinı də qataraq hücuma keçir:

"Rəsul Rzanın "İnsan" adlı bədbinlik təlqin edən zərərli şeiri, eləcə də "Anket əhvalatı", "Sadə səbəb", "Təcrübəsizlik", "Ceyran dedi", "Sığorta" və başqa şeirləri müasir həyatımızdan, onların (Kimlərin? Həyatın?) dünyagörüşündən uzaq əsərlərdir. Belə əsərlərin dərc edilməsi təkcə öz yaradıcılığına qarşı az tələbkar olan müəllifin qüsuru deyil, həm də onların çapına icazə verən redaksiya heyətinin də nöqsanıdır".

Ədəbi qəzetdə bir rəy kimi söylənmiş bu fikir Kommunist Partiyasının rəsmi mətbu orqanı olan "Kommunist" qəzetində artıq bir rəy kimi yox, bir hökm kimi səslənirdi. 1959-cu il aprelin 18də "Kommunist" qəzeti iki padval yazı Rəsul Rzanın SON şeirlərinin kəskin tənqidinə həsr olunmuş "Günün tələbləri səviyyəsinə" adlı məqalə verdi. Məqalə imzasız idi və sovet ideoloji sisteminin qaydalarına bələd olanlar bilirlər ki, bu daha da təhlükəli idi. Çünki imzayla hətta rəsmi mətbuatda dərc olunmuş yazı müəyyən bir adamın şəxsi fikri qəbul edilə bilərdi, rəsmi partiya orqanında imzasız verilən yazı isə ümumən Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin, yəni, ən ali hakimiyyətinin rəyi, daha doğrusu, hökmü və qərarı kimi anlaşılırdı.

Bu yazıya reaksiya çox uzaqlardan gəldi.

Azərbaycanın müasir Sovet yazarları arasında müqayisə edilməyəcək şairlik qüdrəti və həssas daxili aləmiylə çoxdan bəri oxucularının diqqətini çəkməkdə olan Rəsul Rzanın son aylarda nəşr olunan şeirlərinin bu cəhətdən önəmlə üzərində durmağa dəyər. 1959-cu il fevral ayında çap olunan bu şeirlər Azərbaycanda böyük bir hadisəyə çevrildi. Haqqında danışdığımız şeirlər qızıl tənqidçilərdən başqa bir çox Partiya çevrələrini də çox narahat etmişdir ki, bu hadisənin əks-sədası hələ də davam etməkdədir. Təqribən 40 illik həyatdan bəri sözdə "ən bəxtiyar insanların yaşadıqları bir cəmiyyətdə Azərbaycan Sovet Kommunist cəmiyyətində daxildə və xaricdə yapılan propoqandadan sonra, eyni cəmiyyətə mənsub bir yazarın günlərin birində ortaya çıxaraq "burada insanların ölümü cana minnət bildiklərini" göstərmək surətiylə bu cəmiyyətin həqiqi mənzərəsini təsvirə təşəbbüs etmiş olması qızıl idarəçiləri özlərindən çıxarmağa kafi gəlmişdir. Dərhal qələmə sarılan münəqqidlər "İnsan" şeirini yaylım atəşinə tutdular. Həssas bir şairin "çürük bir fəlsəfə ifadəçisi" və ya "insanlara qarşı iftiraçılıq" kimi töhmətlər altında qalması hər şeydən öncə Sovet kommunist cəmiyyətinin üzərində qurulduğu şikəst bir zehniyyətin məhsuludur. "Kommunist" qəzetinin şair Rəsul Rzanın son şeirlərini şiddətli tənqid edən məqaləsində şairin "Sığorta" başlıqlı şeiri üzərində də xüsusi durulmaqdadır".

Süleyman Təkinər Rəsul Rzanın tənqidə məruz qalmış "Qədim əlyazması", "Yazıq" kimi şeirlərini də geniş təhlil edib, haqsız tənqidlərə əsaslı cavab verəndən sonra "Sığorta" şeiri üzərində dayanır:

"Və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Kommunist" qəzeti şair Rəsul Rzanın son şeirlərini şiddətli tənqid edən məqaləsində "Sığorta" başlıqlı şeir üzərində də önəmlə durmaqdadır...

Özünə həyatının sığorta edilməsini təklif edən sığortaçıya şairin verdiyi cavab budur:

 

De görüm, böhtandan, qaradan,

yalandan, riyadan,

nahaq sözün acısından,

adamın nacinsindən

Sığorta edə bilərsənmi?

Şairin "Sığorta" şeiriylə ilgili olaraq "Kommunist" qəzeti bunları yazır: "Əvvəla sığorta yapılmasına etiraz etmək qabaqcıl bir görüş məhsulu deyildir. Bununla bərabər, şayət şair bu nəticəyə varmışsa, o halda bu mövzuda yeni bir düşüncəyə malik olmalıdır.

Qəzetə görə, şair ona xitab edən sığortaçıya bunları söyləməliydi:

 

Nə deyirəm,

Lazımdırsa, edin.

Təki razı gedin!

Qəlbim də, canım da

xalqıma bağlıdır.

Xalqa isə ölüm yoxdur.

Demək, yoxdur mənə də.

Mənim şüarım budur.

Bax, deyirəm yenə də,

Lazımdırsa, edin,

Təki razı gedin!"

 

Süleyman Təkiner

 

"Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində araşdırmalar". (Azərbaycanlı mühacir Süleyman Təkinerin bu məqaləsi 1959-cu ildə Münxendə türkcə nəşr olunan "Dərgi" adlı jurnalda çıxmışdır)

Yazıq Süleyman əfəndi belə "tənqid üsuluna" təəccüb qalmasın, neyləsin? Ədəbiyyat tarixində bu yəqin ilk və yeganə faktdır ki, tənqidçi şairə NECƏ şeir yazmağın nümunəsini ÖZÜ yazdığı "şeir"lə göstərir.

Müxtəlif parçalar içərisində işlənmiş "soyuq tənhalıq", "cansız barmaqlar", "boş ürəklər", "kədər çökmüş üzlər", "dəryalarla göz yaşı", "milyonlarla qəbir daşı", "yanmış ürək", "şaxta qorxusu", "hicran qorxusu" "yanıqlı göz yaşı", "gecənin tabutuna sahnmış örtük", "buz nəfəsli qaraltı", "ömürlük dustaq", "həsrətli gözlər", "pərişan saçlar", "titrək dodaqlar", "nəğməsiz dağlar", "kor bulaqlar", "ovsuz ovlaqlar", "odsuz ocaqlar" və bir sıra başqa ifadələr şeirlərə bir ümidsizlik əhval-ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir.

 

Şeir yoxsa tapmaca,

Ədəbiyyat qəzeti

 

"Şeir yoxsa tapmaca" məqaləsi belə tamamlanır:

"Qoca Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi əsrlərin arxasından baxa bilsəydi yəqin ki, müasir şeirimizin bəzi nümayəndələrinə üzünü tutaraq deyərdi: "Axı mən də, bir zaman təbiətin hər an dəyişən gözəlliklərinin təravət və rayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olan əsl insana da ürəyimdə yer vermişəm. Mən də rənglərdən yazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, . . . Amma insansız bu gözəlliklər nəyə gərəkdir?"

"Nizami" də daxil olmaqla əhli-qələmlərin "Rənglər"ə qarşı səlib yürüşünə, nəhayət, Partiya rəhbərliyi də münasibət bildirməli oldu. Əvvəlki tənqidlərdən sonra dəyişmiş növbəti ideoloji katib 1963-cü il martın 21-də Respublika yaradıcı ziyalılarının müşavirəsində etdiyi məruzədə Rəsul Rzanın xidmətlərindən, "Lenin" poemasının geniş oxucular arasında rəğbət qazanmasından bir-iki söz deyəndən sonra, keçir "Rənglər"ə.

"Rəsul Rzanın yaradıcılığında, daha doğrusu, onun axtarışlarında artıq ədəbi ictimaiyyəti narahat etməyə başlayan cəhətlər də müşahidə edilir. Şairin əsərləri içərisində bəzən faydalı və aydın fikir ifadə etməyən, konkret həyatı məzmundan məhrum olan şeirlərə də rast gəlirik... "Rənglər" silsiləsi buna canlı misal ola bilər. Bu silsiləyə daxil edilmiş şeirlərin çoxunun məzmunu mücərrəd, dumanlı fikirlərdir; bəzən hətta müəllifin nə demək istədiyi əsla məlum olmur... Bu nöqsan üzərində ciddi düşünməsi, bu nöqsanı aradan qaldırması Rəsul Rza yoldaşın özü üçün də, ümumiyyətlə, bugünkü Azərbaycan şeiri üçün də faydalı olardı" ("Ədəbiyyat və İncəsənət" qəzeti, 23 mart, 1963-cü il)

"Şübhəsiz, Rəsul Rza bir kommunist şair, bir vətəndaş kimi öz nöqsanlarını boynuna almaqdan çəkinməyəcəkdir. Lakin təkcə bu azdır. Oxucu ondan günün tələbləri ilə səsləşən yeni-yeni əsərlər gözləyir"

Anonim məqalə müəllifi də, adından danışdığı "oxucu" da çox gözləməli oldular. Rəsul Rza nə bu "nöqsanlarını", nə də bundan əvvəl və bundan sonra ona irad tutulan və tutulacaq başqa "nöqsanlarının" heç birini heç bir vaxt boynuna almadı.

R.Rza "Rənglər"i çap etdirməklə indi çıxılması çətin olan bir vəziyyətə düşmüşdür. Əlbəttə, müəllif deyə bilər ki, burada bir çətinlik yoxdur. Bu nədir ki, mən bundan çətin vəziyyətlərə düşüb çıxmışam. Hələ neçə il bundan qabaq formalizmə meyl etməyim üstündə məni möhkəm tənqid etdilər. Nə oldu? Nə itirdim?

. . . Novatorluğu "novatorluq" xatirinə deyil, əsərlərimizlə xalqımızın böyük işlərinə daha yaxından və daha layiqli kömək göstərmək xatirinə etməliyik. "Rənglər" müəllifi necə, beləmi etmişdir? Çox təəssüf ki, yox. Bəlkə müəllif yuxarıda göstərilən səhvlərini səmimiyyətlə etiraf edəcəkdir. Yaxud, bəlkə o, "imkan verin, düşünüm, o səhvlərin nədən ibarət olduğunu özüm üçün aydınlaşdırım. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədii keyfiyyətlərdən məhrum olan bu "rənglərin", "çalarların" bizim üçün heç bir ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə, formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif "çalarları" lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdən qovulmasa, oxucularımızda şeirə, sənətə ikrah hissi doğurar.

 

Ədəbiyyat qəzeti

 

Rəsul Rzanın şeirləri Londonda çağdaş"dünyanın bir "Sıra böyük şairləriylə yanaşı "Qızıl Şərq" almanaxında dərc edilmişdir. İngilis ədəbiyyatşünası Boni Korey "Veld litreçe tudey" jurnalında (1980) yazır:

"Rəsul Rzanın sənət dünyası təzadları, sevgini və nifrəti, yaxşılığı və pisliyi, həyatı və ölümü, xoşbəxtliyi və kədəri realistcəsinə təsvir və tərənnüm edir. Şairin yarı canı dəhşətdən gözləri qaralan vyetnamlı körpənin yanındadır. Şairin qəlbində gələcəyə inam şeirin uğurlu finalına çevrilir. Bütün dünyada sülh və əminamanlığı, bütün bəşər övladlarının birliyini görmək arzusu Rəsul Rza poeziyasının canına hopmuşdur".

Fransız şairi Jak Qoşeron 1966-cı ildə Rəsul Rzanın bir neçə şeirini çevirərək "Lete Fransez" və "Humanite" qəzetlərində çap etdirmişdir.

Şairin ayrıca kitabı Monqolustanda, şeirləri və şeir silsilələri Çində, Hindistanda Dehlidə və Kəlkütddədə (ingilis və benqal dillərində), Pakistanda ingilis dilində də nəşr olunmuşlar.

"Novator bir şair olan Rəsul Rza Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Onun şeirlərində nikbinlik, həqiqətin qələbəsinə inam var. Onun əsərləri öz işığı və təravəti ilə qəlblərə məhəbbət gətirir. Şairin bəşər övladına olan məhəbbətinin özü bu şeirləri yazdırmışdır". ("Ələxbar" qəzeti, Misir, 1963. )

"Rəsul Rzanın poeziyası qəlbimin dərinliyinə qədər məni sarsıtdı. Mən Azərbaycanın gözəlliklərini dərk etmək istəyirdim. Bu gözəlliyin bir hissəsini şairin qəlbində özünə məskən salmış baharda tapdım".

 

Adnan Səlim

İraq alimi və jurnalisti. 1967

 

Azərbaycanda ideoloji mühitin saflaşdırılması üçün Sov.IKP "Pravda" qəzetinin baş redaktoru P.Satyukov Bakıya ezanı edildi. 1959-cu ilin aprelində ideoloji müşavirədə çıxış edərkən Rəsul Rzanın hələ rus dilinə tərcümə olunmamış yeni şeirlərini kəskin tənqid etməyə başladı. Görünür, Satyukov üçün rus dilinə məxsusi, sətri tərcümə edilmişdi. Və bu tərcümənin əsasında da Pravdanın baş redaktoru öz hökmünü verirdi: "Biz şeirlərlə, əsərlərlə, insanların səviyyəsini yüksəltməliyik, amma biz başa düşmürük ki, Rəsul Rza nə demək istəyir, bu fəlsəfə ilə nə çatdırmaq istəyir. Bəs Siz nə üçün çap edirsiniz.

Mətbuat kommunizm uğrunda mübarizədə ən kəskin silah olmalıdır, hər cür cəfəngiyyatı çap etmək olmaz.

Biz gözləyirdik ki, şair Rəsul Rza çıxış eləsin və söz desin, ancaq o, axıra kimi sakitcə oturdu və ağzını açıb bir kəlmə də söz söyləmədi. Bu, saymamazlıqdır. Bir halda ki, Sizin ünvanınıza kommunistlər söz deyirlər, siz çıxış edib bu tənqidlərin əsl həqiqət olduğunu deməyə borclusunuz. Davranışınızdan belə çıxır ki, Siz nə istəyirsiniz danışın, mənim heç vecimə də deyil.

Satyukov bir məqamda haqlı idi.

Nə bu ittihamdan qabaq, nə də sonra şairi tənqid edənlərin heç biri onun dilindən peşmançılıq sözü eşitmədilər.

 

Nə yazsa düzdü,

öz inamına görə

tənqidlərə,

təriflərə Rəsul Rza dözdü.

Ən çox özünə,

bir də şeirinə

ərk eləyən Rəsul Rza.

Hamıdan çox döyülən,

hamıdan çox bərkiyən

Rəsul Rza.

Dedilər: vəzni pozdu.

O, bir şeir də yazdı.

Dedilər: şeirinin bəzəyi azdı,

O, bir şeir də yazdı.

Dedilər: dayazdı.

O, bir şeir də yazdı.

Dedilər: biz anlayırıq,

amma xalq üçün anlaşılmazdı,

O, bir şeir da yazdı.

Yazdı, yazdı, yazdı.

Amma öz aramızdı,

O vaxt sözümüzə baxsaydı,

İndi Rəsul Rzamız olmazdı.

 

Xruşovun çökdürülməsindən sonra, elə həmin gün Nikita Sergeyeviçin kürəkəni, "" qəzetinin baş redaktoru A.Acubey və onun dostu Satyukov tutduqları vəzifələrdən atıldılar. Artıq yeni redaktorun rəhbərliyi ilə çıxmağa başlayan "Pravda" qəzeti isə Rəsul Rzanın poeziyası, o cümlədən, köhnə redaktor tərəfindən tənqid olunmuş şeirləri haqqında tənqidçi Y.Lukinin "Bizim həyatımızın rəngləri" adlı tərifli məqaləsini yayımladı.

Məqalədə deyilirdi:

"Azərbaycan sənətkarının ən maraqlı əsərlərindən biri "Rənglər" silsiləsidir. Bu silsilədə şair-novatorun dərin fəlsəfi düşüncələri, şeir forması sahəsində axtarışları əks olunmuşdur. Rəsul Rza poeziyasının nəbzi müasirlik nəbzidir. Bu poeziyanın Rəngləri bizim həyatımızın Rəngləridir". ("Pravda" qəzeti, 26 dekabr, 1977-ci il)

"Respublikada gəncləri çox əzirdilər. R.Rza birdən çıxdı, 20-30 nəfəri himayə elədi. Camaat baxırdı ki, yuxarıda Rəsul da var. Rəsulun hesabına aşağıdan bəziləri cəsarətlənirdilər. Və onları Rəsul himayə edirdi. Məsələn, Fikrət Qoca idi, Vaqif Səmədoğlu idi və başqaları.

Sonra hamı düşdü onun üstünə, başladılar Rəsul Rzanın əleyhinə yazmağa, Anarın əleyhinə yazmağa. O dövrün ziyalıları haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların qiyməti də verilməlidir. Bu Sabir ruhunun qayıtması idi. Bu XX əsrin birinci yarısında qaynayan ziyalı təfəkkürünün təzədən qaytarıb gətirmək, təzədən ona qayıtmaq və onun üstündə yenidən qurub getmək idi. İndi necə ki, biz Azərbaycan Demokratik Cümhuriyyətini bərpa etməyə çalışırıq, o zaman da bunlar həmin o məfkurəni bərpa eləyənlər idi və elədilər də. Çox şeylər elədilər".

 

Əbülfəz Elçibəy

 

"Rəsul Rza məhz belə şairdir. Onun kitablarının hamısını bir dəfəlik oxuyub kənara qoya bilmirsən. Dəfələrlə onlara qayıtmalı olursan və hər dəfə oxuyanda sənə elə gəlir ki, əsər daha dərinləşmiş, mükəmməlləşmişdir, elə bil şair onu yenidən yazmışdır. Hətta bəzən şairin əzbər bildiyin şeirini də sənə məlum olmayan sirli bir hisslə yenidən oxuyursan.

Rəsul Rza yaradıcılığının biz gənc ədəbi nəslə təsiri böyükdür. Onun yaradıcılığı gözəl təcrübə məktəbidir. Söz üstündə əsmək, obrazlı fikirlər demək, vəzni fikrə tabe etdirmək, hissi ölçü çərçivəsində sıxılmağa qoymamaq kimi məsələləri biz məhz Rəsul Rzadan öyrənməliyik.

 

Əli Kərim

1960"

 

"Rəsul Rza yaradıcılığının hər yeni mərhələsində, özündə nəyisə qoruyub saxlayan, nəyisə rədd edən, dialektik sıçrayışlar yolu ilə irəliləyən sənətkar olmuşdur. Rəsul Rza yalnız başqaları ilə deyil, həm də özünü keçmək uğrunda çarpışmalarda kamilləşən sənətkardır. Bəzi şairlərin mahirliyini nümayiş etdirmək üçün bir bəndini, yaxud beytini misal gətirməklə ürəyini soyudursan. Rəsul Rza sənətkarlığından danışanda isə bir, iki beyti, bəndi yox, şeiri, hətta mümkün olsa poeziyanı bütünlüklə misal gətirmək istəyirsən.

 

Xəlil Rza Ulutürk

1981"

 

İlk baxışda Rəsul Rzanın yaradıcılığı bir qitəni başdan-başa öyrənməyə bənzəyir. Ancaq bu qitədə xeyli ayaq dəyməmiş cığırlar var, sehirli çeşmələr var, pusquda duran vulkanlar var. Dilimizin bütün incəliklərini qeyri-adi şəkildə duyan və anlayan, onun ecazkar şirinliyini, əlvanlığını və musiqili koloritini ustalıqla işlədən Rəsul Rza Azərbaycan poeziyasını yeni bədii yüksəkliyə qaldıra bildi. Şairi öz sənətinə dərin idraki münasibət fərqləndirir.

Onun bütün əsərlərinin ana xətti yüksək vətəndaşlıq, həqiqi patriotizmdir. Sənətin mürəkkəb və keşməkeşli yollarında Rəsul Rza mənimçün öz yüksək amalına xidmət etməyin on gözəl örnəyi olmuş, ən gözəl örnəyidir və ən gözəl örnəyi kimi qalacaq.

 

Məmməd Araz

1970

 

Rəsul Rzanı tanıyırsınızmı? XX yüz il Azərbaycan şeirinin ən böyük nümayəndələrindəndir. Bu şeirin müasirləşməsində önəmli təşəbbüsləri olan şəxsiyyətdir. Rəsul Rzanı nə zaman gördüm? 70-ci illərin əvvəllərində Moskvada olduğum vaxt? Yoxsa yenə də Moskvada daha sonrakı səfərlərimdən birində? Yaddaş bəzən adamı çaşdırır, illər bir-birinə qarışa bilir. Amma Moskvada bir xəstəxanada, oğlu, məşhur yazıçı və mənim sevimli dostum Anarla birlikdə Rəsul Rzanı ziyarət etməyimiz dəqiq yadımdadır. O görüşümüzdə böyük Azəri şairi ona daha öncə göndərdiyim şeir kitabımdan söz açmış, bir şeirimdəki xüsusiyyətlərlə bağlı ondan əvvəl heç kəsdən eşitmədiyim incəliklə və bilgiylə dolu sözlər söyləmişdi mənə.

 

Ataol Bəhramoğlu,

Cümhuriyyət qəzeti. İstanbul

 

"Rəsul Rza şəxsən mənim üçün bir insan, bir şair kimi kim idi?

Mən 17 yaşım olanda atamı itirdim. Azərbaycanın başqa böyük şairini, Səməd Vurğunu itirdik. Mən ədəbiyyata gələndə artıq atam yox idi. Onun müdrik, yolgöstərən məsləhətlərindən tale məni məhrum etmişdi. Ancaq mən xoşbəxt adamam ki, Rəsul Rza mənim əlimdən tutdu.

Rəsul Rzanın 90 yaşı tamam olur. Minillik Azərbaycan poeziyasının ən Anlanmamış Şairinin! Xalqına, torpağına uzatdığı əli hələ də havada qalmış, bu yurdun ən Mütəfəkkir Şairinin 90 yaşı. Bu əl gödək deyil, o uzalı ələ çatmayan bizim əllərimizdir. Ancaq mən o günü görürəm, bu əllər qovuşacaq günü. Rəsul Rza marafonu sona yetəndə. Orda bu böyük Şairi və əsrimizin ən maraqlı, parlaq insanlarından birini onun özü arzuladığı və aydın gördüyü bir Azərbaycan gözləyir. Azad düşüncəli, maariflənmiş, savadlı, güclü, dözümlü və həzin bir Vətən..."

 

Vaqif Səmədoğlu

 

Rəsul Rza 50-ci, xüsusən də 60-cı illər Azərbaycan poeziyasını keyfiyyətcə dəyişməsində müstəsna xidməti olmuş şairdir. O, təkcə ənənəvi şeir təsəvvürünü deyil, həm də ümumiyyətlə, şair haqqında təsəvvürü dəyişib.

Rəsul Rza Azərbaycan poeziyasının, xüsusən gənc poeziyanın ən böyük xeyirxahı idi. Mənə elə gəlir ki, Rəsul Rzanın bir şair kimi, xüsusən də son vaxtlarda diqqətdən kənarda qalmağının, ictimai proseslərlə də bağlılığı var. Amma məncə, Rəsul Rzaya xüsusi diqqət yenə olacaq. Söhbət oxucu diqqətindən gedir. Yubileylərdir, təntənələrdir, mən onları ikinci dərəcəli sayıram. Mənə elə gəlir ki, Rəsul Rzanın irəlidə bir şair kimi yenə də bayramları var. Rəsul Rzanın oxucuları bu gün də var, sabah daha çox olacaq. Mən əminəm ki, Rəsul Rza heç vaxt oxucusuz qalmayacaq.

Rənglər silsiləsində Rəsul Rza öz dövrünü, zamanını xeyli qabaqlamış bir şair idi. Rəsul Rzanın

 

Mübarizə bu gün də var yarın da

Mən də onun ən ön sıralarında

 

misraları isə bu gün mənim üçün çox tragik səslənir. Bu misralarda qəribə bir öncəgörmə var. Rəsul Rzanın ömrünün və gününün çoxu doğrudan da, mübarizəyə, ordan-burdan atılan daşlarla döyüşdə getdi. Və indi də ondan əl çəkmirlər.

 

Ramiz Rövşən

Bu mətnin hazırlanmasında Anarın Mübarizə bu gün də var kitabından istifadə olunub.

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.2-5.