Şahnamədə türklər...

Və türklərdə Şahnamə

 

Firdovsi əlinə qələm alıb dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindən biri olan ahnamə"ni yazanda - birinci minilliyin sonu, ikinci minilliyin ilk illərində İranın qəhrəmanlıq tarixi populyarlığını get-gedə itirməkdə olan şifahi, eləcə də təsadüfdən təsadüfə rast gəlinən yazılı mənbələrə sığınmış əfsanələrdən ibarət idisə, əliqılınclı türklərin dünyanı lərzəyə salmaqda olan fütuhatı onların gerçək qəhrəmanlıq tarixini yaradırdı. Və həmin illərdə türk hökmdarının himayəsində olan İran şairi öz hamisini - Sultan Mahmud Qəznəvini

 

"O gündən ki yoxdan var olmuş cahan,

Hələ gəlməmişdir belə hökmran"

 

- deyə vəsf etməkdə idi.

Odur ki, türk hökmdarının guya İran şairinə (bu cür şairlər onun sarayında elə də az deyildi) haqsızlıq etdiyinə dair geniş yayılmış söz-söhbətlər üzərindən, əlbəttə, "əsassızdır" deyib keçmək də olardı. Çünki bu söz-söhbətlər nə göstərilmiş hökmdar-dövlət himayəsinin əhəmiyyətini azaldır, nə də öz ideya-estetik qayəsinə axıracan sadiq qalmış şairin nüfuzunu artırır. Ancaq bir halda ki, tüstü çıxır, deməli, od da var...

"Şahnamə"ni Azərbaycan dilinə çevirmiş görkəmli iranşünas, professor Mübariz Əlizadə yazır:

"Firdovsinin saraya (söhbət Sultan Mahmud Qəznəvinin sarayından gedir - N.C.) dəvət olunması və ya özünün gəlməsi, "Şahnamə"ni hansı şəraitdə, nə vaxt yazıb tamamlaması və şaha təqdim etməsi, Sultan Mahmudun əsərə və onun müəllifinə münasibəti haqqında yaranıb yayılmış, sonralar yazıya köçürülmüş əfsanələr o qədər müxtəlif və biri digərinə zidd görünür ki, onlardan hansının tarixi həqiqətə yaxın olduğunu söyləmək hələlik mümkün deyildir".

Bununla belə, görkəmli alim "hamı tərəfindən təsdiq olunmuş" belə bir məlumatı tamamilə ciddi qəbul edir ki, "Sultan Mahmud "Şahnamə" üçün vəd etdiyi ənamı ona vermədikdən sonra ölməz sənətkar doğma şəhərinə qayıdıb vəfat etmişdir".

Sual olunur: Sultan Mahmud qoca şairi nə üçün incitməli, verdiyi vədi yerinə yetirməməli idi?.. Birincisi o ola bilərdi ki, Firdovsinin saraydakı nüfuzu kimlərinsə işinə yaramadığına görə şairi hökmdarın gözündən salardılar, bu da onun sarayı tərk etməsinə gətirib çıxarardı... İkincisi o ola bilərdi ki, Sultan Mahmud əsərdən, xüsusilə İran-Turan münaqişəsi səhnələrindən narazı qalıb şairə qəzəblənər, vədindən imtina edərdi... Başqa səbəblər də (məsələn, Firdovsi epos eyforiyasından ayılıb anlayardı ki, türk-turanlıların aşağılandığı bir əsər üçün türk hökmdarından ənam gözləmək heç bir əxlaqa sığmır, ona görə də mərd-mərdanə sarayı tərk edib gedərdi) ola bilərdi ki, bunların heç biri dövrün böyük hökmdarını qınamağa əsas vermir. Ancaq fakt faktlığında qalır ki, həm "hamı tərəfindən təsdiq olunmuş", həm də heç bir əsası olmayan söz-söhbətlərin yaranmasında məqsəd türk hökmdarını aşağılamaq hesabına fars şairini yuxarılamaq olmuşdur. Və bu məqsədin öz ifadəsini çox bəsit formada tapdığına görə hansı ideoloji maraqlara xidmət etdiyini təsəvvürə gətirmək elə də çətin deyil.

"Xosrov və Şirin"in əvvəlində Nizami həmin məsələyə zərif bir eyham vurur:

 

Çəkdiyin əməyə verməsək dəyər,

Səni Firdovsitək incitsək əgər,

Qızıla buz möhrü vuraraq həmən

Bir pivəsatana onu verərsən.

 

Zəmanənin hökmdarı şairə - Nizamiyə demək istəyir ki, mən Mahmud Qəznəvi deyiləm ki, səni ənamsız qoyam, həmişə olduğu kimi, işinə həvəslə başla...

"Şahnamə"də Firdovsinin türklərə münasibəti ümumiyyətlə "türk düşmənliy"i sindromu deyil, İran-fars təəssübkeşliyinin nəticəsidir ki, həmin təəssübkeşlik qədim İran barədəki nostalgiyadan başlayıb fars şovinizminə qədər davam edir. Və artıq qeyd olunduğu kimi, Firdovsi "Şahnamə"ni qələmə alarkən yalnız öz yaradıcılıq qüdrətinə əsaslanmamış, yüzillər boyu mövcud olmuş çoxsaylı dastanlarda təzahür edən möhtəşəm epik potensiala dayanmışdır. Ona görə əsər öz müəllifinə məxsus olduğu qədər də ümumən Orta əsrlər fars-İran ədəbi-ictimai təfəkkürünə mənsub olmaqla bütöv bir etnosun ideya-estetik maraqlarını ifadə edir.

İran şahlarının Kəyumərs - Huşəng - Təhmurəs - Cəmşid - Zöhhak - Fəridun xətti ilə gələn tarixi bütün dramatizmi ilə təsvir olunduqdan sonra söhbət dünyanın bölüşdürülməsi üzərinə gəlib çıxır:

 

Fəridun bölüb aləmi üç yerə

Bu sirri əyan etdi möbidlərə.

Biri Rumu Xavər, biri Türkü Çin,

Üçüncü igid yurdu İranzəmin.

Salınca nəzər şah Səlm oğluna:

- Halaldır, - dedi, - Rumu Xavər ona.

...Baxıb Tura Turanı verdi ona

Ki, şahlıq edə Çinlə Türküstana.

...Çatıb bölgüdə İyrəcin növbəti:

- İrandır, - dedi şah, - onun qisməti.

 

Eposu epos edən strateji ziddiyyətlər buradan başlayır, belə ki, bölgü Səlmlə Turanı təmin etmədiyinə görə onlar birləşib qoca atalarına ismarış göndərirlər ki, İyrəci də onlar kimi yanından uzaqlaşdırsın:

 

Əsərsiz qalarsa bu sözlər əgər,

Həya-hörmətin ortalıqdan gedər.

Bütün Çin, Turan elləri atlanar,

Döyüş axtaran pəhləvan rumlular

Bizimlə bərabər hücuma keçər,

Həm İyrəc, həm İran olar dərbədər.

 

Göründüyü kimi, burada İranın həm Qərb, həm də Şərq "düşmənlər"i xatırlanır. Və bu "düşmənçiliy"i təmsil edən "nankor" oğulların İyrəci qətlə yetirməsi ilə hadisələr dramatik istiqamət alır... Fəridunun himayəsində böyüyən nəticəsi Mənuçehr babası İyrəcin intiqamını aldıqdın sonra İran tac-taxtına yiyələnir. Ən çox diqqəti çəkən məqam isə odur ki, İran pəhləvanları da Mənuçehrin hakimiyyətini qoruyacaqlarına söz verirlər. Və nəticə etibarilə İran hakimiyyətində pəhləvanların nüfuzu o səviyyəyə yüksəlir ki, onlar dövlətin mövcudluğu üçün hətta hökmdarlardan da artıq məsuliyyət daşımalı olurlar. İstər İran eposunun, istərsə də "Şahnamə"nin, əgər belə demək mümkünsə, hökmdarlardan daha çox pəhləvanlara ümid bağlaması Mənuçehrin öz varisi Nuzərə verdiyi öyüd-nəsihətin də əsasında dayanır:

 

Hücum eylər İrana türk ordusu,

Olar tacı-təxtin böyük qorxusu.

...Sənə qorxu Turan tərəfdən gələr,

Pəşəng oğlu axır səni öldürər.

Sam ilə Zalı tut əziz dünyada,

Çətin gündə onlar yetər imdada.

 

Göründüyü kimi, türk fütuhatının başlanacağı barədə öncədən xəbərdarlıq edilməklə yanaşı, pəhləvanlarla hakimiyyət arasındakı münasibətlərin qorunması tövsiyə olunur.

Mənuçehrin ölümündən xəbər tutan türklər düşmən üzərinə yerimək barədə düşünürlər:

Eşitcək bunu türk şahı Pəşəng

Dedi: - Vaxtdır etsəm İranda cəng.

Gətirdi babası Turu yadına,

Bir ah çəkdi ki, düşdü od canına.

...Cahan pəhləvan, oğlu Əfrasiyab

Xəbərdar olunca o verdi cavab,

Dedi: - Səlm ilə Turu bir yad edin,

Gərək qalmaya pərdə altında kin.

 

Türklər ilk hücumda iranlıları darmadağın edirlər ki, bu döyüşü "Şahnamə" müəllifi belə təsvir edir:

 

Sanardın qılınclar qürurla enir,

Ağır atlar altında sızlardı yer.

Salınca yerə nizələr kölgə düz

Şahın ordusuna xətər verdi üz.

Qarabaxt idi çünki iranlılar,

Döyüşdə zəfər çaldı turanlılar.

 

Mənuçehrin öncədən xəbərdarlıq etdiyi kimi, Əfrasiyab Nuzər şahı öldürüb İranı başsız qoyur:

 

Qovub atları tərləyə-tərləyə

Dehistandan o gəldi çatdı Reyə.

Kəyan tacını aldı qoydu başa,

İran taxdı çatdı o qəlbi daşa.

 

İranlılar yasa batırlar ki, Firdovsi bu məğlubiyyəti tam bir dastan məntiqi ilə taleyin hökmü olaraq izah edir.

"Avesta"dan (ümumiyyətlə, zərdüştlükdən) gələn Xeyirlə Şərin daimi mübarizəsi ideyası Firdovsiyə ideya-metodoloji imkanlar verir ki, vaxtaşırı olaraq iranlıların hərəkətlərini Xeyirin, türklərin təşəbbüslərini isə Şərin təzahürü kimi təqdim etsin. İran-Turan münaqişəsinə (prinsip etibarilə Tarixə!) bu cür spekulyativ münasibət İran mədəniyyətinin Orta əsrlərə son dərəcə özünəvurğunluq əhval-ruhiyyəsi ilə gəlib çıxdığını nümayiş etdirir.

Türklərin İrana hücumu barədə eşidən xalq Zala müraciət edəndə gücdən düşmüş pəhləvan nə qədər ehtiyatlansa da, oğlu Rüstəmi qabağa verir:

 

Necə göndərim mən səni meydana

O türklərlə ki, təşnədirlər qana?

 

Rüstəm türklərin hücumunun qarşısını alır. Və bu zaman Firdovsi öz sevimli qəhrəmanının şücaətlərini sonsuz məhəbbətlə, heyrətləndirici "bədii yalanlar"la təsvir edir.

Cəsarətlənmiş Rüstəm atası Zaldan Əfrasiyab haqqında soruşub onunla döyüşə girəcəyini bildirəndə təcrübəli Zal ona deyir:

 

- Oğlum, mənə as qulaq,

Özündən çıxıb coşma sən bu sayaq.

Döyüşdə o türk əjdahadır, oğul!

Hücum eyləsə bir bəladır, oğul!

Qara xoftanı var, qara bayrağı,

Dəmirdən dəbilqə, dəmir qolçağı...

Qorun ondan, oğlum, amandır, aman!

O həm bəxtiyardır, həmi qəhrəman.

 

Bu döyüş də, İran epos yaradıcılığının strateji məqsədlərinə uyğun olaraq Rüstəmin qələbəsi ilə nəticələnir. Və Əfrasiyab onun əlindən təsadüf nəticəsində qurtarır.

Turan şahı Peşəng İran şahı Keyqubada barışıq təklif etməyə məcbur olur. Və maraqlı olduğu qədər də təbiidir ki, bu zaman tarixi qohum-qardaşlıq münasibəti yada düşür:

 

Fəriduna rəhmət böyük Tanrıdan,

Onun nütfəsi bizlərə verdi can.

Əgər təxt ilə tac üçün İrəcə

Yamanlıq edib Tur, indi necə

Gərək biz haman barədə söz açaq?

Qohumluqda düşmənçilikdən qaçaq!

...Daha salmarıq Ceyhunu biz yada,

Çayı adlamaz heç bir iranlı da.

Gələn dostluq ilə, salamla gələr,

Olar xalq şad, yüksələr ölkələr...

 

"Şahnamə" (və milli epos ənənəsi) Keykavusun dövründə iranlıları məcbur edir ki, Mazandaranda divlərlə döyüşsünlər. Və gerçək münaqişələrin kifayət qədər çox olduğu bir dövrdə bu cür mistik qarşıdurmaya getmək fars-İran epos təfəkküründə hansısa çatışmazlığın ifadəsidir.

Ərəblərlə türklərin regionda hakimiyyət uğrunda mübarizəsi ikincilərin qələbəsi ilə başa çatdığından həm ərəblər, həm də iranlılar türklərə tabe olurlar.

Xalq yenə də Zal oğlu Rüstəmə üz tutur. Və Rüstəmi öz arxasında görən Kavus şah Əfrasiyabdan öz yerində oturmağı, Turanla kifayətlənib gözünü İrandan çəkməyi tələb edəndə Turan hökmdarı ona belə bir xəbər göndərir:

 

...Kim olmasa sərsəri,

Dilinə gətirməz bu söhbətləri.

Tutaq sən İran şahısan, çox gözəl,

De, Mazandarana neyçün atdın əl.

İnad etmə gəl, doğrusun söyləsəm,

İkibaşlı mən İrana varisəm.

Fəridunun oğlu babamdır mənim,

İran doğma yurdum, obamdır mənim.

Bu qalsın hələ, mən qılınc çalmışam,

Ərəblər əlindən onu almışam.

...Bu gün hazıram qaldırıb bayrağı,

Sənə öyrədim mən qulaq burmağı.

 

Lakin Əfrasiyabın qoşunu yenidən məğlub olub geri çəkilir.

"Şahnamə"nin iranlı pəhləvanları keflərinin kök vaxtı Rüstəmə təklif edirlər ki, Turan sərhədini keçib onun ərazisində ov eləsinlər:

 

Edək biz Turanda elə bir şikar

Ki, qalsın cahanda bu iş yadigar.

 

Firdovsi bu dəfə də tərəfkeşlik edərək vətəninə müdaxilə etmiş iranlıları cəzalandırmaq istəyən Əfrasiyabı (və turanlıları), əslində, heç bir əsas olmadan (yalnız turanlı olduqlarına görə) məğlubiyyətə məhkum edir.

"Şahnamə" boyu inkişaf etdirilən bir ideya - pəhləvanların hakimiyyətdəki nüfuzunun yüksəldilməsi o həddə çatır ki, Rüstəm Keykavus şah haqqında "Kavusu mən adam saymıram" deməkdən çəkinmir.

İran - Turan münaqişəsinin mənəvi mahiyyətini aydınlaşdırmağa kömək edən, daha doğrusu, bu münaqişənin insani baxımdan mənasızlığını, hətta mürtəceliyini göstərən ən təsirli hadisə, heç şübhəsiz, Rüstəm Zalla Söhrabın əhvalatıdır... İranlı qoca Rüstəm Zalla turanlı gənc Söhrabın mükalimələri ona görə kifayət qədər geniş tarixi-fəlsəfi şərhlərin mövzusu olmağa layiqdir ki, həmin mükalimələrdə İran-Turan münaqişəsinin (və bunun arxasınca gələn qanlı döyüşlərin) zəmanə hökmdarlarının şıltaqlıqlarından başqa heç nə ilə şərtlənmədiyini üzə çıxarır.

Atasının bilmədən hiyləgərliklə ölümcül yaraladığı Söhrab son nəfəsinə qədər Turan vətənpərvərliyini qoruyub saxlayır:

 

Dilə gəldi Söhrab dedi Rüstəmə:

- Mənim ki belə çatdı ömrüm başa,

Oxu türklərin də toxunda daşa!

Çalış onlara qarşı ol xeyirxah,

Qoşun çəkməsin Turana padişah!

Mənəm İrana sövq edən onları,

Rəva görmə axsın nahaq qanları!

Ata, onlara yaxşılıq arzula.

Çalış onları sal səlamət yola!

 

Rüstəm Zal oğlunun bu istəyinə biganə qalmayıb Keykavus şahdan xahiş edir ki, sərkərdələrini itirmiş turanlılara toxunmayıb onların sağ-salamat öz yurdlarına dönmələrinə imkan versin.

"Şahnamə"nin həm bir igid kimi təriflədiyi, həm də bir düşmən kimi aşağıladığı ən böyük türk-Turan qəhrəmanı, heç şübhəsiz, Pəşəng oğlu Əfrasiyabdır ki, türk mənbələrində Alp Ər Tonqa adlanır. İran eposu (və Firdovsi) Əfrasiyabı Nuzər, Zəv, Keyqubad, Keykavus və Keyxosrov olmaqla beş İran padşahının dövründə yaşamış bir türk hökmdarı olaraq təqdim edir ki, bu, özünəməxsus epik metaforadır və Əfrasiyaba verilən fövqəlxronoloji diqqət bir də yalnız Rüstəm Zala münasibətdə özünü göstərir. İran-Turan münaqişəsinin dramatizmi, əslində, pəhləvan Rüstəm Zalla hökmdar Əfrasiyabın üzərinə düşür. Birincinin nə qədər real tarixi şəxsiyyət olub-olmaması barədə konkret bir fikir söyləmək mümkün deyil, ancaq Əfrasiyabın - Alp Ər Tonqanın e.ə. VII əsrdə yaşamış Sak hökmdarı olduğu, bilavasitə vətəni Orta Asiya ilə yanaşı, Qafqazı, Anadolunu, Suriyanı, hətta Misiri belə öz hakimiyyətinə tabe etdiyi məlumdur. orası da məlumdur ki, İranla uzun sürən müharibələr aparmış, Keyxosrov tərəfindən bir ziyafətə dəvət olunaraq orada xaincəsinə qətlə yetirilmişdir.

Türklər arasında Alp Ər Tonqa əhvalatlarının geniş yayıldığını bir çox türk mənbələri də sübut edir. Məsələn, Mahmud Kaşğari öz "Divan"ına Alp Ər Tonqanın ölümünə deyilmiş ağıdan parçalar da əlavə eləmişdir.

Və görünür, Firdovsi "Şahnamə"ni qələmə alarkən İran mənbələri ilə yanaşı, türk mənbələrindən də faydalanmış, lakin tendensiyalılıq onu məcbur etmişdir ki, real tarixi şəxsiyyətin qarşısına əfsanəvi qəhrəmanını çıxarsın.

"Şahnamə"nin türklər arasında böyük maraq doğurması (eləcə də həmin marağın əsrlər boyu nəinki azalmaması, hətta artması) bir sıra səbəblərlə bağlıdır ki, bunlardan birincisi Firdovsinin son dərəcə böyük sənətkarlığı, xalqın epos yaradıcılığı imkanları səviyyəsində bir ustalıqla ortaya çıxardığı fundamental obrazlardır. Həmin obrazlar ehya edilməsəydi, yəqin ki, Nizami "Xəmsə"si bu bədii bütövlükdə (və möhtəşəmlikdə) olmazdı. İstər "Xosrov və Şirin", istər "Yeddi gözəl", istərsə də "İskəndərnamə" qüdrətli bir türk şairinin antitürk əhval- ruhiyyəli bir əsərdən necə uğurla faydalana bilməsinə parlaq nümunədir.

Nizami "Xosrov və Şirin"in əvvəlində yazır:

Məlum hekayədir "Xosrov və Şirin",

Dastan yoxdur əsla bu qədər şirin.

O ölkənin qədim tarixlərindən

Bu dastanı tamam öyrənmişəm mən.

O yerdə yaşayan qoca adamlar

Təşviq etdi, işə mən verdim qərar.

Ağıl bu dastanı bəyənsin gərək,

Sözləri şirindir, məzmunu gerçək.

 

Göründüyü kimi, əvvəl nə "Şahnamə"nin, nə də Firdovsinin adı çəkilir, söhbət Bərdədən, onun qədim tarixlərindən, qocaların mövzuya göstərdikləri maraqdan gedir. Sonra şair dastanda adıçəkilən şəxsiyyətlər barədəki təsəvvürlərin canlılığından, yer adlarının indiyə qədər qalmasından danışır. Yalnız ondan sonra "Şahnamə" müəllifini nəzərdə tutaraq deyir:

 

Söylərkən o həkim bu xoş dastanı

Çıxarıb içindən eşqi, fəğanı.

Altmış yaşındaydı yazanda bunu,

Saxlaya bilmirdi yayda oxunu!..

Altmışda sevginin, eşqin həyəcanı

Titrədə bilməzdi yorğun qocanı.

Bilici deyəni etmədim təkrar,

Məlumu deməkdən kimə fayda var?!

Onun yazdıqları - cəngavər eşqi,

Mənim yazdıqlarım - bir dilbər eşqi.

 

"Yeddi gözəl"də də, "İskəndərnamə"də də Nizami "Şahnamə"dən məhz yaradıcı şəkildə istifadə etmiş, ən başlıcası isə türk-Turan düşmənçiliyini fars-İran düşmənçiliyi ilə əvəzləməkdən tamamilə imtina eləmişdir. Çünki Nizami yaradıcılığında türk ruhu nə qədər güclü olsa da, dahi şair həmin ruhun müqəddəsliyini şovinizmlə hər hansı şəkildə zədələmək istəməmişdir.

"Şahnamə"nin türk ədəbi-mənəvi mühitinə təsiri yalnız farsdilli yazılı ədəbiyyatla məhdudlaşmır. Məsələn, "Koroğlu" dastanlarının nümunəsində son Orta əsrlər türk qəhrəmanlıq dastanlarındakı "Şahnamə" motivlərini etiraf etməmək mümkün deyil ki, bu, Azərbaycan "Koroğlu"sunda özünü "bir dəli nərə çəkmək"də, "ərəb atları"nda, silah növlərində, qəhrəmanların özlərini öyməsində, təkbətək döyüşlərdə, ata son dərəcə böyük sevgidə, ova çıxmaqda, məclis qurub şərab içməkdə və s. göstərir. Və bunlar nə qədər kiçik təsirlər olsa da, bir küll halında epik mətnin təbiətini müəyyən etmək gücündədir.

"Şahnamə"nin aşağıdakı misraları "Koroğlu"dakı müvafiq səhnəni xatırladır:

 

Qolundan açıb qolbağı pəhləvan,

O qolbağı ki, vəsf edərdi cahan

Dedi dilbərə: - Al bunu yadigar!

Əgər qız verərsə sənə ruzigar,

Onu zülfünə tik əlinlə özün

Ki, xoşbəxtliyin rəmzi olsun qızın.

Oğul qismət olsa bizə Tanrıdan,

Qoluna bunu bağla məndən nişan.

O, görkəmdə Sami-Nəriman olar,

İgidlikdə məşhuri-dövran olar.

 

Əslində, Koroğlunun Kürdoğlu ilə güləş səhnəsi də Rüstəm Zalla Söhrabın döyüş səhnəsinin bədii xələfidir. Lakin birincisi xoşbəxt sonluqla, ikincisi isə faciə ilə bitir.

Maraqlıdır ki, Firdovsi ilə bağlı yalnız İran deyil, türk təəssübkeşliyi mövqeyindən də dedi-qodu yaymaq təşəbbüsləri olmuşdur. Məsələn, belə bir əhvalat uydurulmuşdur ki, guya Xorasana gələn Əmir Teymur Tusda Firdovsinin məzarı başında dayanaraq uca səslə "ey qoca, ayağa qalx, kəlməbaşı təhqir etdiyin türklərin ehtişamını gör!" demişdir... Mənbələr Əmir Teymurun Xorasanda iki dəfə olduğunu, hər ikisində Tusa gedib şairin məzarını ziyarət etdiyini xəbər verir. İlk dəfə gələndə kiçik bir təpəciyi göstərib deyirlər ki, məzar bundan ibarətdir. Və əmir çox mütəəssir olub göstəriş verir ki, məzarı abadlaşdırsınlar, başdaşı qoyub üzərinə sahibinin kim olduğunu yazsınlar... İkinci ziyarətdə yazının ərəbcə olduğunu görüb göstəriş verir ki, eyni məlumatı farsca da əlavə etsinlər.

Türkcə ilə yanaşı, ərəbcə və farscanı da yaxşı bilən Əmir Teymur həmin göstərişi ilə əsərlərini ana dilində - farsca qələmə almış böyük şairə ehtiramını ifadə eləmişdir.

Türk xalqları arasında "Şahnamə" qəhrəmanlarının adlarının populyarlığına gəldikdə isə bu, türklərin İran-fars eposuna münasibətinin hər cür etnokulturoloji "senzura"dan kənar olan ifadəsidir ki, yalnız Firdovsi sənətinin qüdrətini deyil, həm də türklərin dünya mədəniyyəti şedevrlərini qiymətləndirmək qabiliyyətindəki səmimiyyətin miqyasını göstərir.

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.12-13.