Bizə bir çiçək çatar, üstündəki arı,

Toyumuzu çalsın təki...

"Bizi barışdırmağa bir vergül bəsdi,

Bizi öldürməyə bir nöqtə yetər.

 

Müharibə

 

Bir tüfəngin lüləsində qaçırsan,

Ayağına dolaşıbdı nəfəsin.

Ya qaçırsan, sən lülədən çıxmağa,

Ya qaçırsan, lülə olsun qəfəsin.

 

Həyat səndən iti qaçır qabaqda,

Düşəcəksən göz yaşının əlindən.

Bir qırmızı güllə düşüb dalınca,

Qışqıracaq "ana" sözü dilində.

 

Yuvasının ağzında bir qarşıqa,

"Anan ölsün" deyir sənə astaca.

Yubatmaqçün indi səni qovanı,

Az qalır ki, qara daşlar gül aça.

 

Qovan kimdi, qovulan kim, bilinmir,

Düzün bilsən, hər ikiniz əsirsiz.

Qara nəfəs elə çıxır ağzından,

Otlar deyir külək niyə tələsir?

 

Gözün susub, qəlpələrə toxunub,

Durub-durub ayaqların ağlayır.

Kim gətirib müharibəni uzaqdan,

Kəndir kimi ayağını bağlayır.

 

Bu dünyada müharibə ikidi,

Ağıl gərək bu düyünü açmağa.

Biri gəlib ayağını bağlasın,

Biri gəlib ayağını açmağa.

 

Minarədir indi tüfəng lüləsi,

Lüləsindən qopub gələn əzandı.

Məsnəvidir qaçışının ahəngi,

Boz səhralar nəfəsintək uzandı.

 

Allah - deyib qəfil çevril arxaya,

Silahlını silahından azad et.

Allah səni bu cür yazıb dünyaya,

Günahlını günahından azad et.

 

Səni qovan sənə əsir düşəndi,

Necə qorxur əlindəki güllədən.

Allah çəkər tətiyini tüfəngin,

Çıxarsınız birdəfəlik lülədən.

***

 

İstəyirəm stolun üstünə bir kağız qoyum,

Yuxudan oyanmasam, oxusunlar.

Havanı yara-yara qaçım dan üzünə tərəf,

Fikirdən ayılmasan, çağırsınlar.

 

Bilirsən, qədər kədərlidi,

Axşam yazdığın məktubu

Səhər durub özün oxuyasan,

Küsub gedəndə -

Bir adam səni çağırmaya.

 

Bir Yanvarın şeiri

 

Döyüşdən ayaqsız qayıdanlara,

Od tutan yağışa, qurd düşən qara.

Yaralı əsgərin son qüvvəsinə,

Bir anda çəkməsi soyuyanlara,

Ağlayır xanımım, çay əvəzinə,

Gətirib qarşıma duz qoyur indi.

 

Laçın dəhlizində təngnəfəsdi,

Ürəyi döyünür evin içində.

Bir baxmır, beş baxmır Laçın tərəfdən,

Gələn buludların yağış köçünə.

Əlləri titrəyir, ayağı donur

Necəsən? - mənə göz qoyur indi.

 

Göydən ulduzlartək səpələnir qar,

Nağıldı, bir ulduz oxuya bilsən.

Ölmərəm, könlümün uçan yerinə,

Bu qışın qarını toxuya bilsəm.

Xanımım çağırır məni küçədən,

Yarımçıq şeirini yaz deyir indi.

 

Xudayar oxuyur, biz ağlayırıq,

Səsi ürəyimizi dörd yerə bölüb.

Qapımız açılır, qonşumuz deyir: -

Sizin müharibədə kiminiz ölüb?

deyim, deyim belə qonşuya? -

Qonşunun ovcuna söz qoyur indi.

 

Dan üzünün şeiri

 

Səni çıxartdım şeirlərimdən,

Adını bir başqa dəftərə yazdım.

Ən gözəl şeirimi qızlara deyil,

Ən gözəl şeirimi itlərə yazdım.

 

Gah bağ saldım, gah da bağ şəkli çəkdim,

Hər ağac yerinə ah şəkli çəkdim.

Ömrümdə bir dəfə dağ şəkli çəkdim,

Nədənsə, altına cüt dərə yazdım.

 

İçində özgəyə oynayırdı yar,

Lalıydı, gözündən qaynayırdı yar.

Mənimlə krossvord oynayırdı yar,

Xananın birinə "get ərə" yazdım.

 

Sevdam öldü, axşam-axşam ağladım,

Ağrı başa qara şamlar bağladım,

Bir gecədə qırx gün yasın saxladım,

Bu şeiri dan üzü səhərə yazdım.

 

Qəşəm hey

 

Anam bu şeiri bir yaşım

olanda üstümdə oxuyub

 

Qəşəmin azarı sularla getsin,

Ay sular ey, ay sular ey...

Dilində sözləri çiçəklə bitsin,

Ay çiçək ey, ay çiçək ey...

 

Çölnən gedən, ay göy atlı,

- Balam öskürür, dərmanı nədi?

- Qara qarğanın qanı.

- Qarğanın da balası var,

Ölürəm, ay qara qarğa, sənin üçün.

Ay dittili, get burdan, küş, küş...

Balam yatır, ay yemək, tez biş, biş,

Səni görüm daşa dön,

Ay qazan, qayna,

Ay it, get o yanda hür,

Ay pişik, gəl bu yanda oyna...

Balamın qulağı ağrıyır...

Ay dəvə, ey, ay dəvə, ey,

Balam ağlayır,

Yaxına gəl, Qəşəm sənə baxıb gülsün.

Ay atlılar,

Boz atlılar,

Qıratlılar,

Duratlılar,

Atlarınızı biz tərəfdən sürün,

Atlarınızın alnı Qəşəmə gülümsəsin...

 

Daş

 

Əlimi cibimə qoyub gedirəm,

Cibinin dibini oyub gedirəm.

Bir fikrim var, yeyib, doyub gedirəm,

Küçədə,

Bir balaca daşı diyirləyə-diyirləyə...

 

Gözümlə bir vergül atıram,

göydə oynayan quşa,

O vergüldən sonra gəlir başqa bir quş da...

 

Daş sevinir,

Elə bilir bu saat onu göyə qaldıracam...

Göydən ötrü ölür daş...

 

Bir təpik atıram

Ayağıma dolaşan küləyə,

Küləyin ağzından

Saralmış bir yarpağı düşürməyə...

 

Gedirəm ayağımla

Yarpağı oynada-oynada...

Yarpaq da oynayır mənimlə

Qız nəvəm kimi hərdən qalxır başıma...

 

Aha, bu top kimindi?

Qapı bilib girib bir çuxurun içinə,

Təpik vururam

Topun yuxusuna,

Səksənir hardasa bir uşağın mürgülü ayaqları.

 

Gedirəm işə,

Yenə daşı diyirləyə-diyirləyə,

Axşam işdən çıxanda,

Qayıdıram o daşla.

 

O da qayıdır

Fikrində göyə uçmaq

Qədim bir istəyi ilə...

 

Doyunca

 

Bizə bir çiçək çatar,

Üstündəki arı,

Toyumuzu çalsın təki...

Bizi barışdırmağa bir vergül bəsdi,

Bizi öldürməyə bir nöqtə yetər.

 

Bir ağac tirini ev bil,

Altına ikimiz sığarıq.

İkimizə bir qələm bəsdi,

İkimiz yazarıq.

 

Əllərin gecə-gündüz

Xəyalıma ilişər.

Göz yaşlarının ucu

Gəlib sirrimə düşər.

Ayrı göy istəmirəm,

Gözlərin mənə göy olsun.

Fikirlərin gözündə

Gəmi kimi oynasın.

 

Allah, yer, göy,

Bircə səni sevsəm, bəsdi.

Səninlə doyunca yaşasam,

Səninlə doyunca

ölsəm bəsdi.

 

Hardasan, bir əzan eylə,

Gəlib başıma dəysin.

Səni yerdən götürməyə,

Başımı aşağı əysin.

 

Uşaq köynəyi

 

Mən şeirlərimi müharibə uçqunlarının

üstünə sərilərək,

Dodaqlarımı beton plitələrin arasında

tapılmış uşaq köynəyinə söykəyərək

Yazıram.

 

Şeirlərimin hecaları uşaq əynindən

yıxılmış damalı köynəklərdi

Münsiflər heç vaxt damalı

köynəkləri görə bilmir, Turalım.

 

Göynəyin xatirəsinə bax,

Kürəyimdə bir əlçim Günəş şəfəqi vardı

Əvvəl işıqlandırdı uçqunun dərinliklərini

Sonra söndü.

 

Quyu

 

Xoşbəxtlik sözündə bir heca çatmır,

Evimiz sözündə bir addım kəmdi.

Hamı yanındadır, amma nədənsə,

Durub axtarıram, bir adam kəmdi.

 

Göydən güllə yağır, elə bil dolu,

Gecənin üst-başı tamam supsulu.

Yağışın, dumanın gözü qupquru,

Gündüzlər Günəşin gözləri nəmdi.

 

Xəbər gələ düşmən bizlə barışıb,

Peşman olub havadarı qarışıq.

Bu dünyanın get-gəlləri qarışıb,

Ayrılıq vüsaldı, vüsalsa qəmdi.

 

Yüz Qəşəmdim, oldum indi bir Qəşəm,

Uşaq Qəşəm, qoca Qəşəm, pir Qəşəm.

Öz ahımın quyusuna düşmüşəm,

Dərinliyi burdan Allahacandı.

 

Qəşəm NƏCƏFZADƏ

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.27.