Mənim cənnətimdə od olacaq!

Amma cəhənnəm olmayacaq!

Çünki qisas qiymətə qalmayacaq!

Qalmayacaq

 

Bilmirəm harda? Göyün hansı qatında?

Bilirəm hər kəsin bir sirri var,

Allahın əlinin altında...

Düşünür bəlkə görüb-götürdükləri

Qəlbinin gözünü açdı..

Haqsızlıqdan dönüb qaçdı.

Yaratdığın canlılardan

İnsan ən gec yetişənidir;

Ən gec başa düşənidir.

Olarki zaman gələr dözülməz...

Haqq incələr amma üzülməz...

İsgəndər kimi Xəqanlar gələr,

Ya da torpaqdan Spartak kimi

qullar doğular.

Ya da İlham kimi ata vəsiyyətinə

Sadiq oğullar doğular.

Mənim cənnətimdə od olacaq!

Amma cəhənnəm olmayacaq!

Çünki qisas qiyamətə qalmayacaq!

 

23.03.2021

 

Şuşa mənim ruhumdadı

 

Bu yaşımda...

Dünyanın o başında

Könlümdə, gözümdə

Xatirə yandı.

Ruhum Qarabağa da

Burdan boylandı...

Bir qərib axşamda

Göyün üzündə

Bir səs havalandı,

Cıdır düzündə,

Yanıqlı bir səs.

Bir Qədir səsi

Səsin lap zilindən,

Son zənguləsi,

Özünü qayadan

Uçuruma atdı.

Mürgülü dağları,

Lal qayaları,

Yuxudan oyatdı,

Aləmi qatdı,

Geri qayıtdı.

Dəli ürəyimi,

Çaldı, oynatdı.

Daşaltı çayının

Səsi oyandı,

Sanki asimanda.

Dünyada hər şey,

O səsin hökmüylə

İndi yarandı.

Hər yan öz rənginə,

İndi boyandı.

Dedim, şükür sənə,

Dünya oyandı.

Ya Rəbb, məni geri

Qaytarma, atma.

Allah, bu xəyaldan

Məni oyatma!

 

ABŞ, İndianapolis şəhəri

 

02.08.2018

 

Qaçqın gəlinə

 

Yayda yaylağa gedərlər,

Səni sürdülər arana.

Yayın cırcırama çağı

Mən duz basdım yarana.

Xəyalın dağlar qoynunda,

Yarpızlı dovğa bulayır.

Dağda sənsiz qalan yurdun

Axşam qurd olub ulayır.

Evi viran qalan bacım,

Gözü-könlü talan bacım.

Ala gözə bulud qonur,

Göz yaşın qəlbinə axır.

Sinəni yandırır, yaxır,

Yuxarıdan Tanrı baxır,

"Yaxan düymələ, düymələ".

 

Yollar uzun, dağlar uzaq,

Bu dərd varaqlara sığmaz,

Bu dərdi yollara yazaq.

Eyvanda qalan kitabı

İndi külək varaqlayır.

Siz dərəyə qaçan yerdə,

Hələ bulaq ağlayır.

Məhlədə qalan yürüyü

Hansı xəyal yırğalayır?

Ağzı açıq qalan evlər

Axşam qurd olub ulayır.

Xəyal zəncir qırar qaçar,

O səsdən ürək çapalar,

Ürəyin sinəndən uçar,

"Yaxan düymələ, düymələ".

 

Bir gün köçün dönər geri,

Gözündə inam işığı,

Ürəyində yanıq yeri...

Yurd üçün susuz dodağın,

"Oxqay" - deyib öpər yeri.

Darvazasız məhlələrin,

Divarı, daşı kövrələr.

Ürəyimdə daşa dönmüş,

Gözümün yaşı kövrələr,

Susub qəlbimdə inlərəm:

"Bəndləri uçuq ellərim,

Yaxası açıq evlərim,

Yaxan düymələ, düymələ".

 

02.06.1999

 

Babalarım

 

Babalarım kasıb olub, mərd olub!

Qoçaq olub, mərd olub,

Bəy olub, mərd olub

Qaçaq olub, mərd olub

Bəs bu namərdlər hardandı?

Bax bu mənə dərd olub.

 

Şeirlər 2000-ci ildə

çap olunmuş "Adi Həqiqətlər"

kitabından götürülüb.

 

Hara baxırsan insandı

 

Yerdə insan, göydə insan,

Yolda insan, öydə insan,

Hara baxırsan insan,

İnsan, İnsan!!!

Aman Allah,

Bu qədər insan arasında,

Bir adam tapmadım,

Söhbət yoldaşı olasan!

19.03.2021

 

Damlalardan...

 

Bu dünyaya gələnin

Qəlbində bir müdrik var,

Qarnında bir cahil var,

Ağzında bircə dil var.

Müdrik sözünü desə,

Özü müdrik olar.

Cahil deyəni desə,

Özü bir yük olar.

Müdrikləri dinləsə

Özündən böyük olar!

 

20.03.2021

 

Hamının bir adı var: "İnsan!"

 

Əvvəl döyüşlər

Meydanlarda düşərdi;

Xoruzlar, qoçlar döyüşərdi...

İndi ölkələr döyüşür,

Hər birinin arxasında

Bir sürü kölgələr döyüşür.

Şükür Allaha insan inkişaf edib.

Uzaq səyyarələrə elçiləri gedib.

Kainatdan hansı səyyarəni istəsək

Dərə bilərik!

İstəsək yer kürəsini bir anda

Nəhəng külqabıya döndərə bilərik.

İnsan tələsmə, dayan!

Bəlkə yuxudasan, oyan!

Yer kürəsi özü canlıdı, yaşıyır.

O da fəzada səyyarələrdən biri kimi,

Öz canlılarını gələcəyə daşıyır.

Dayan insan, oturaq yanaşı.

İki düşmən kimi yox!

İki düşünən insan kimi

Oturaq yanaşı...

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2021.- 3 aprel.- S.15.