İçin-çölün qürbəti

 

Məmməd İsmayıla açıq məktub

 

Təklər, sözü böyüklər harda olsalar, qərib, qürbət ömrü yaşayırlar: "Vətənin içində də, çölündə də... Tarixən belə olub, zatən indi də belədir. Qərib o deyil ki, ağacla qovub çıxardasan elin, camaatın arasından. Qərib odur ki, anlaşılmaya, duyulmaya... Qeyri-adi ilham və idrakla yazdığı ilahi pıçıltılara məhəl qoyulmaya. Yol göstərdikləri yolunu ala, qol göstərdikləri qolunu. Yurddaşları özünü aldada, nə deyəni öz sözünə inana, nə qulaq asan". O da baba dərvişin sorağıyla el-el düşə, yurd-yurd dolana bulmaq istədiyi həqiqətini axtara; ya tapa, ya tapmaya. Zatən, ilham və idrak sahibi şair Məmməd İsmayıl dünya genişliyinə ayaq basmamışdan qabaq da özünü tapmışdı... Öz mövzularıyla öz oxucularını ovsunlamışdı...

 

Bir yetim haray var, gəzər dünyanı:

"Görən harda qaldı anası ölmüş"...

 

Bu haray, sən demə, hələ çox uzaqlara gedəcəkmiş, Məmməd İsmayıl. Dünyanı dörd dolanıb gələcəkmiş... Küləyin əksinə uçan, çayın axarına qarşı üzməyə özündə güc tapan şair də bunu həyat norması kimi qəbul eləyəcək...

 

Arxan ilə nələr çəkdim, bilirdin,

Sən tək idin, mən də təkdim, bilirdin...

 

Dünya genişliyi elə təklərin cəngi-cidal yeridir, həqiqət axtarışına meydan açdığı məkandır Məmməd İsmayıl. O yolun yorulmaz yolçuları sırasına öz adını qürurla yazdın. 6 mart 2021-ci il "Ədəbiyyat qəzeti"ndə çap olunan şeirlərin avazımayan ilhamın, dərinliklərə işləyən idrakın calaq meyvələridir! Heç şübhəsiz, bu misralardan qürbətləri içindən, ruhundan suvaran Məmməd İsmayılın fili diz çökdürən xarakteri boylanır. Uca həqiqətləri dərk eləyən ürəyi, yoğurub ortaya çıxaran qələmi də ayrıca qeyd olunmalıdı...

 

Hər dənizin sahilində qürbət var,

Ayrılıq var sahilində hər çayın...

 

Məncə, bu uğuru ədəbiyyatımıza da aid etmək olar. Bu şeirlər, Məmməd İsmayıl yaradıcılığında yeni mərhələdir. Quşu-qurdu bəsincə ulayan qoca dünyanın haqq damarını imtahana çəkir - "ağıllı şair" dəli bir ilhamla... Haqq tərəzisinin əyilməsinə cihaddı bu şeirlər. Bu Teymura qarşı fəzl qiyamı deyil. Qiyamdan yuxarı - ilhamın qüdrəti. Müdrik bir loğmanın, haqqın tərəzisini gözüylə çəkən karvanbaşının iç səsidir. Nahaqqa yox, haqq divanına tuşlanan ittihamın arxasında - işıq sütunu kimi bir idrak sahibi boy göstərir. Şərq düşüncəsində haqqa sığınmaq var, onun ucalığını tərənnüm var, ondan kömək diləmək var. Day o yoxdur ki, haqqı qabağına qoyub - iki baş-başa gələn qoç kimi kəllələşəsən. Cəmiyyətdə pozulan, didik-didik edilən haqq divanının qırıntılarını bayraq kimi başının üstünə qaldırıb hayqırasan. Çidarını sındıran köhlən kimi şaha qalxasan. Qıpqırmızı üzünə durasan ki:

 

Çəmbərə saldığın yerüstü nədi, -

Şeytanlar varına varisdi nədi,

Bu gözəgörünməz virusdu, nədi?!

Nə sabahı bəlli, nə dünənləri,

Görünməz etdiniz görünənləri

Varlıqdan yoxluğa bürünənləri,

Beləmi sınağa çəkirsən, ey haqq?

 

Bu bədii mətndə minillik dərdlərə dərman aramaqdan başqa onun niyə bu günə düşdüyü, yaxud salındığını araşdırmağa dəli bir ehtiras var. Bu yaradıcı axtarışa bədii dil bələdçilik eyləyir, idrak işığı boy göstərir səslərin, sözlərin arasından... Və ən əsası ulu haqqın haqsızlığına, mizanı pozulan çəkisinə boyun əyməyən, itaət eləməyən, gün kimi şölə saçan bir şair şəxsiyyəti çırpınır. Odu bunları yazdıran. Onun yerə-göyə sığmamasıdır. Müəllifin xarakteri hecadan, söz düzümündən, səslərdən, işlənən sözün çəkisindən görünür... Və şeirdə üz tutduğu ünvanların sınmaz, fəqət əzilən sütunlarından görünür.

 

Məkkədən, qiblədən sənə sığındıq,

Ruh-ruh, bədən-bədən sənə sığındıq.

Lap elə heç nədən sənə sığındıq.

 

Ölümün hüdudsuz sərhədlərini adlamış adam bu ünvanlara cəsarət eləyib üz tuta bilər.

"Ölümə qapı açmayan adam" "Məkkə, qiblə" deyəndə qorxusundan sümüyü səksənər. İnsan, eləcə də şair, bir çörək aclığından qorxar, bir də bilmədiklərindən, onun üçün qaranlıq olanlardan... Çox vaxt qızılı parıltıdan, qara daşı - ləldən ayıra bilmirik... Daha demirik ki, sözün, əməlin heyrət gücü var. O heyrət "bildim"ə yox, bilməcəyə güvənir. O heyrət qranit qayanı deşib çıxan su kimidir. Və bu "çıxmazları çıxardan Məmməd İsmayıl qələminin gücüdür".

 

Bildim dediyindən bilməcə çıxar,

Hər günün sonundan bir gecə çıxar: -

Qranit qayadan su necə çıxar;

İşıq necə çıxar sözün içindən.

 

Dərk edə bilmirik ki, "görünən gercəklər - görünməz haqdan...". Qəbul eləmək istəmirik ki, şeir, əsər qələmlə yazılanda bəzən pozulub gedir. İdrakla "qranit qayalara" döyüləndə zaman küləkləri onu qaralaya bilmir.

 

Toxum necə çıxır qara torpaqdan,

Məna necə çıxır sözün içindən?

 

Gedən iç çırpıntılarına, təlatümə baxırsınızmı? Bu cür yanaşma mahiyyətə, yaranışın kamilliyinə idrakla baxıb, onu ovsunlayıb əl içinə gətirməkdi. Haysız-haraysız, bir az da yerin, göyün, ərşin-fərşin arğacına bələd olan şair fəhmiylə... Yoxdu, çox azdı bu cür dərinliyə sapand atanlarımız. Hamı üzə qaçır, hamı görünən armud ağacını silkələyir. Onun da meyvəsi bir az kal olur, bir az da turşməzə...

...Doğudan Batıya yol alıb köç karvanlarımız. Qətlə-qatırlı, köçlü-köməcli, xəz-xəzinə dolu zınqırovlu dəvələrin üstündə getmişik. Ley kimi uçan bədöy atların yalmanına yatıb dünyanı dörd dolanmışıq. Məmməd İsmayılın özündən qabaq didərgün ruhu teylənib gedib doğma yurdlara. Sonra isə özü yol salıb yaddaşının arxasıyca... Səfərlər, görüşlər duyğulu insanın batin gözlərini açır. İllah da "adı gələndə dodağından on yerdən çatlayan yurdlar ola... Yeri gəlmişkən, iki min on ikinci ilin payızında doğma Türkiyəyə İzmirə səfərim oldu. Qızımın onurğasında əməliyyatla bağlı. Hər şey uğurla başa çatdı. Uzman, Avropa Neyrocərrahlar Cəmiyyətinin sədri Mehmət Ziləli məsləhət gördü ki, bir həftə, on gün qoy qalsın, sonra uçaqla gedə bilərsən. Yəni iki-üç gün vaxtım oldu arada. Yollandım havasına uçduğum şair Məmməd İsmayılla - Çanaqqalada görüşməyə. Bilirdim Çanaqqala Universitetində dərs deyir. Avtobusla üç-dörd saatlıq yoldur İzmirdən Çanaqqalaya. Yol boyu yaşıllığa bələnmiş zeytun bağları diqqətimi daha çox çəkdi.

Ancaq görə bilmədim Məmməd İsmayılı. Söylədilər ki, tətildədir, Azərbaycana təşrif buyurub. Hər cür qayğı ilə qarşıladılar. Dəhlizi gəzdim, otaqlara baxdım. "Universitetin fəxri" insanları sırasında şəklini görüb xeyli qürurlandım. Soruşdular ki, kimsiniz, nəçisiniz? Dedim ki, deyərsiz azərbaycanlı müsafir idi. Nə adımı dedim, nə də kimliyimi söylədim. Fikirləşdim ki, o hara, mən hara. Heç gəldiyimi də bilmirdi, niyə eşidib narahat olsun. Universitetdən çıxıb, Çanaqqalanın sokaklarını gəzdim. Hər yerə onun gözüylə baxdım. Bir az da qibtə elədim Məmməd İsmayılın şair taleyinə. Bu dünyanın görəcəkləri, yurdun bu başından o başına yol eləməsi, şeir, söz körpüsü salması maraqlı ekran əsəri kimi gözüm önündə böyüdü. Bu hər şairə müyəssər olmayan xarakterdir. Önündə yaranan qadağaları söz əsgəri, vətəndaş cəsarətiylə keçib-ayaqlamaq bacarığıdır. Yetər ki, bu barışmazlığı görüb, duyub qiymətləndirə biləsən. Heç olmasa dillənməsən də, böyüklüyünü etiraf etməsən də ruhu qarşısında biyyət eləməyi bacarmalısan. Özü demişkən:

 

Poz oynanan oyunları,

Örüşünə yaxın qoyma ikiayaq qoyunları...

Bu dünyanın bir ucundan bir ucuna

Cığırını çəkib-çəkib yol eylədim

Getdim düzlük orucuna,

Haqq sözünü bostan əkib, bol eylədim...

...Nə qədər ki, haqq yanında sözün keçir,

Özün keçir, məmləkətim,

ad günümü özün keçir...

 

Bu bir şair umacağıdır. Gördüklərinə, elədiklərinə qarşılıqlıq istəmir. Sadəcə, bu qədər də olmaz - deyir... Əslində, şair möcüzəli qələmiylə haqqın yanında görünməz mətləbləri izah eləyir, şərh eləyir, ilhamın, zəkanın ruhu oynadan məqamlarıyla bir-bir "kəsib-doğrayır", hazır mənəvi qida kimi özünüdərkin ixtiyarına buraxır. Anladın, dərk elədin sənindi, yox eləmədin, onda gəl indi koru bu körpüdən keçir... Bu dərk olunmaz məqamlara hali olanda "açılan çiçək barında ölər, hörümçək hördüyü torunda ölər, Alışan kösövlər qorunda ölər, Ölsə bal arısı balında ölər, Pərvanə işığın yolunda ölər - oğul şəhid olar Vətən yolunda...". Bütün bunları dərk eləyəndə bu olacaqlar olur, yoxsa mümkün deyil - lap dünyanın bütün huri-pəriləri də yığılıb gəlsə mümkün deyil. Şairin qüdrəti isə odur ki, bu olmaqları "ol" eləsin, ordan qəlbə yol eləsin. Onda olur şair Məmməd İsmayıl. Hər cür boyadan, təbliğatdan, ucuz yollar savaşından kənar halal-hümmət bir şair. Bax onda şair hər çağırışa "gələ bilmir". Yəni hər fısqırığa oynamır. İçinə, sözünə çəkilir. Özünü, təbiəti dərkə yönəlir. Bilir ki, hər ötəri sevgi, ürəyə məhəbbət odu salmır. Hər hava ürəyə düşmür. Hər qələm o havanı götürmür. Və deyir ki:

 

Əgər açıldısa sevgidə sirr yox,

Bir dəfə açılar, ikidə bir yox (söz oyununa bax)

Hayandan gəlim ki, gəlməyə yer yox,

Mən sənin xoşuna gələ bilmirəm.

 

Əgər gələn yollar bağlıdısa, xoşa gəlmək çoxmu vacibdir? Xoşuna gəldiyin kimdir? İçinin otu-ələfi nədir? Sən getdiyin kimi öz yolunu get, şair, xoşuna gələn özü gələcək sənin yoluna...

Yoluna, ərkanına dərin sayqılarla...

 

Avdı QOŞQAR

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.28.