Qulu Ağsəsin yurd hekayəti

 

Çağdaş poeziyamızda modern şeirin təmsilçilərindən biri kimi tanınan Qulu Ağsəs ədəbiyyata, yaradıcılığa özündən keçib gələn şairlərdəndir. Açdığı cığır, addımladığı yol, həyat verdiyi əsərlər bunu sübut edir. Necə deyərlər, öz düşüncələrinin ağası, sabitqədəm söz adamlarındandır Qulu Ağsəs. Yazdıqları da özünə bənzəyir: ciddiyyətin, sadəliyin, səmimiyyətin özüdür. Mükəmməlliyi, təmiz üslubu, fikrin aydın, sərrast çatdırılmasını sevir Qulu Ağsəs. Klassik şeir ənənələri ilə yanaşı, dünyəvi şeirin səciyyəvi cəhətlərini gözəl bilən şair könlü diktə etdiyi kimi, özünəməxsus tərzdə yazır şeirlərini. "Hecasını" da, "sərbəstini" . Bu günün ədəbi mənzərəsində yaradıcılığı aydın görünən şairin şeirlərini digər qələm əhlinin bədii nümunələrindən asanlıqla fərqləndirmək olur. Çünki öz sözü, yazı manerası, dəst-xətti var.

Gerçəyi yazan şair gördüyü, müşahidə etdiyi olaylara, onu ilgiləndirən mövzulara həssas şair ürəyi, münasibəti ilə yanaşır. Odur ki, ərsəyə gətirdikləri qəlbə yol tapan, müasir oxucunu düşündürən bədii nümunələrdir. Əslən qarabağlı olan, üzləşdiyimiz qanlı-qadalı hadisələrin, torpaq itkimizlə bağlı iztirabımızın ağrı-acısını içinə salan şairin Vətən mövzusunda şeirləri həmişə diqqətimi çəkib. Onun yaradıcılığının erkən dövrü qarışıq zəmanəyə düşmüşdü. Dövr dəyişmişdi, məqsədlər, məramlar toqquşurdu. Qarşıdurmaların baş alıb getdiyi dünya ilə, münaqişələri dəstəkləyən, qızışdıran güclərlə üz-üzə qalmışdıq.

Başımız üstündə qara buludlar sıxlaşır, hər yandan, sərhəd kəndlərimizdən qan qoxusu gəlirdi. Doğma yurdun dərd-sərinə sarılan söz adamı ictimai-siyasi məsələlərdən, narahat dünyanın təlatümlərindən yazırdı. Qələmə aldığı poetik parçalarda ifadə etdiyi fikrə, mövzuya şairin öz baxışını, fərqli yanaşmasını görürük. Qarabağımızın ürəyi olan şəhərə həsr etdiyi "Şuşa" şeirində oxuyuruq:

 

Özün dağ başına qoyan şəhərin

ayağın Xan kəndi yuyurdu,

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

 

İlk misralarında Şuşamızın - gözəlliklər məskəni, əzəmətli dağların başında qərar tutan yurd yerimizin vəsf olunduğu bu şeirdə müəllif vaxtilə el-obanın oylağı, daim arzulanan istirahət guşəmiz Cıdır düzünün əsrarəngiz təbiətini, can dərmanı saf havasını da öyür, diqqətə çatdırır. Başı üzərindəki sıx dumana "gün işığı girməyən" bu füsunkar şəhərin şəninə söyləsən azdır:

 

...adamları tay-tuş idi

küçələri taykeş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

 

Bənzərsiz istedadların yetişdiyi qədim mədəniyyət beşiyimiz olan bu şəhərin sözlü-nəğməli, ünsiyyətcil, qonaqpərvər adamlarının bir-birinə mehr-ülfətinə hamı heyran qalırdı. Sirli, möcüzəli təbiəti vardı Şuşanın. "Kim idi qalxan o boyda dağı, yağışdan sallanıb enirdi qonağı" söyləyən müəllif, şeirin son misralarında ruhumuzu sarsıdan, dünyamızı qaraldan, alt-üst edən bir gerçəkliyi dilə gətirməklə həyəcan təbili çalır:

...Dağın dizləri əsdi bir may səhəri,

gözünün yaşı ayağının suyuna qarışdı şəhərin...

 

Elə çox şey, dərd-ələm, qüssə-kədər yerimiz olan Qarabağla bağlı üzüntülərimiz həmin məşəqqətli vaxtlardan başladı. Göz yaşlarımızı selə döndərən, axıdılan qanların az qala ümman yaratdığı, aləmin ayrılmaz parçası olan insanların yaşamaq haqqına son qoyan qaçılmaz müharibə artıq bitün şiddəti,əjdaha nəfəsi ilə püskürürdü. Azğın erməni cəlladların fitnə-fəsadıyla zəbt edilmiş, büsatı tar-mar olan Şuşamızın başına gətirilən müsibətləri, doğma yurd yerimizin qürbət ömrünü göz önündə canlandıran, "içimdə dərd at oynadır" deyən şairin bu misraları onun qəlbinin səsi, ürək çırpıntılarının sözlə ifadəsi idi. Az sonra, ovqatının hansı çağında yazmışdı görən bu misraları:

 

Gör nəyə and içirəm -

balamın canına,

atamın goruna,

işğal gününə...

 

Müharibə çox dəhşətli şeydir. Müharibə siyasətin zor gücüylə davamıdır. Müharibə qan-qadadır, ölüm-itimdir, uşaqların yetim, gəlinlərin dul qalması, amansız savaşlarda ağır yaralanan neçə-neçə şikəst insanın əlil arabasına məhkum olmasıdır. Müəllifin "Müharibə əlili" şeirində təsvir edildiyi kimi:

 

Üzdü ayaqlarımı Vətən yolu,

qayıtdım üzüqoylu,

qayıtdım

qurşağımın yuxarı qatıyla,

qayıtdım

əlil arabasının atıyla...

 

Qulu Ağsəs daşı-daş üstündə qalmayan, büsbütün dağıdılmış, yerlə-yeksan olmuş şəhərini " gördün Qarabağda?" şeirində belə təsvir edir:

 

Məscid - minbərdən,

kəhriz - çinardan,

qəbir - başdaşından,

mina - kadrdan

hündürdü!

, bir

mat qaldım bir şeyə:

oranın quşları

adam kimi danışır,

adamları

quş kimi oxuyur deyə...

 

Birinci Qarabağ savaşından ötən uzun illər ərzində doğma şəhəri Ağdam üçün qəribsəyən, nisgilini, xiffətini yazan şairin " alınlı qızılı atların vətəni" şeirini həyəcansız oxumaq olmur. Qarabağda, damlar şəhəri Ağdamda işğaldan əvvəl yaşayan soydaşlarımızın həyat tərzi, adət-ənənəsi, mentaliteti, məişət qayğıları, məşğulluğu, inancları əks olunmuş bu poetik parça müəllifin Vətən mövzusunda yazdığı, daşıdığı məna yükü ilə seçilən bədii nümunələrdəndir:

 

"Sən öl"ü, " sağ ol"u bəlli

yaranandan üzü bəri.

yasında yasin oxunan,

 

toyunda tüfəng atılan -

şəhərim!

Dünyanı bazara çıxaran

dünya bazarında satılan -

şəhərim!

"Yuxarı başa keçən kafirə" öz həddini, yerini göstərən, heç nədən çəkinməyən, "bircə əsarətdən qorxan", "seyid cəddinə içilən andların vətəni", yel qanadlı Qarabağ atlarının - " alınlı qızılı atların vətəni" olan Ağdamı unutmaq olarmı? Şair dünyaya göz açdığı bu şəhərin qanlı hərb illərində ölkəmiz üçün böyük strateji əhəmiyyətə malik olduğunu, döyüşən şəhərin saysız-hesabsız şəhid verdiyini, ardı-arası kəsilməyən faciələr, qətliamlarla üz-üzə qalan yurddaşlarımıza qucaq açdığını dilə gətirir:

 

Sən dar gündə

Şuşaya arxa,

Xocalıya ümid oldun.

Son nəfəsəcən döyüşdün,

son nəfərəcən şəhid oldun...

Ağdam şəhərim!

 

Barıt qoxulu bu poeziya nümunəsi Qulu Ağsəsin ötən ilin noyabrında qələmə aldığı qalibiyyət şeirlərindəndir. Üst-üstə yığılan, uzun illər dərmanı olmayan dərdlərimizə indi çarə tapılır. Bu bir həqiqətdir ki, haqqı tapdalamaq olmaz. Axı, keçilməz mənəvi "sərhədlər" var. Haqsızın pozduğu bu "sərhədlər"i bir gün süngüylə yerinə qoyub bərqərar edərlər. 44 günlük Zəfər savaşımızda olduğu kimi. Qələbə ilə bitən Vətən müharibəmizdən sonra şəhər kəndlərimizin işğaldan azad edilməsi qəlbimizdə sevinc, fərəh hissi yaratmış, haqq-ədalət toranlıqdan aydınlığa çıxmışdır. Bu, mənəviyyatca güclü olanların dövrün ağır sınaqlarına qalib gəlməsidir. Xalqımıza bu xoşbəxt günləri yaşadan müdrik Sərkərdəmizə, Qələbə bayrağını uca zirvələrdə dalğalandıran qəhrəman əsgər zabitlərimizə minnətdarlıq duyğumuz sonsuzdur. Əsarətdən, düşmən tapdağından qurtulmuş bütün yurd yerlərimizin, o cümlədən doğma Ağdamın xoş gününə, böyük qayıdışına sevinən şair, haqqında bəhs edilən şeirini bu misralarla bitirir:

Ağdam şəhərim!

Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb,

yüz min dəliynən gəlirik.

Bir "Uzundərə" havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!..

Əsl ədəbiyyat adamı, söz adamı olan Qulu Ağsəs düşüncələrinə, fikir yelkəninə, xəyallarına tapınıb yazır. İndi Zəfər şeirlərinə həyat verən şair deyir ki, "söz güclü silahları belə susdurmağa qadirdir, ədəbiyyat, söz sənəti harmoniya, ahəngdarlıq yaradır".

"Ulduz" jurnalının, sevimli ədəbiyyat dərgimizin baş redaktoru, ədəbiyyatsevərlərin dostu olan Qulu Ağsəs bəyənmədiyi yazını ömründə tərifləməz, əksinə, istedadlıya, potensialı olana yol açandır. Qoy qələm dostumuzun coşğun təbi, susmayan ilhamı daim çağlasın. Necə deyərlər, şairliyi tutanda, özü demiş, "sözü misraya vura-vura", içdən gələn həmişəki təbiiliklə yazıb-yaratsın!

 

Zemfira MƏHƏRRƏMLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.22.