XX əsr ərəb şeiri

 

Nizar Qəbbani 1923-cü ildə Dəməşq şəhərində anadan olub. Uşaqlığı Suriyada fransız işğalına qarşı mübarizə ümumxalq müqavimət hərəkatının vüsət aldığı illərə təsadüf edir. Orta təhsilini 1930-1941-ci illərdə Dəməşqin "Milli-Elmi Kollec"ində alıb. Dövrün tanınmış elm xadimlərinin dərs dediyi bu məktəb onu söz sənətinə daha da yaxınlaşdıraraq fransız dilini öyrənməsində, Qərb alimlərinin, mütəfəkkirlərinin, xüsusilə şair yazıçılarının yaradıcılıq yoluna dərindən bələd olmasında mühüm rol oynayıb.

Daha sonra Nizar Qəbbani Suriya Universitetinin Hüquq fakültəsinə daxil olur, 1945-ci ildə təhsilini uğurla başa vurur Suriya Xarici İşlər Nazirliyinin diplomatik korpusunda çalışmağa başlayır.

Həmin dövrdə "Qarayanız qızın mənə dedikləri" adlı məhəbbət mövzusunda yazdığı şeirlərinin toplandığı ilk kitabını şəxsi vəsaiti hesabına çap etdirir.

Öz dövrünün ərəb poeziyasının yenilikçi şairləri arasında həm "sevgi-məhəbbət şairi", həm "ictimai-siyasi tənqid şairi" kimi tanınan Nizar Qəbbaninin yaradıcılığı olduqca məhsuldar keçib yarım əsrlik (1944-1998) zaman kəsiyində otuz beşə yaxın şeir kitabı işıq üzü görüb ki, onların sırasında "Köksün uşaqlığı", "Samba", "Sən mənimsən", "Qəsidələr", "Sevgilim", "Sözlərlə rəsm", "Etinasız qadının gündəliyi", "Çılğın poemalar", "Sevgi kitabı", "Qanundan kənar şeirlər", "Sevirəm, sevirəm səni ardı var", "Sevgimlə qadın Beyruta", "Sən hər il mənim sevgilimsən", "Belə yazıram qadınların tarixini", "Aşiqlərin lüğəti" xüsusi yer tutur. Şeirlərinə mahnılar bəstələnmiş, Ümmü Gülsüm, Feyruz, Kazım əs-Sahir, Abd əl-Həlim, Faizə Əhməd başqa məşhur ərəb ifaçıları tərəfindən oxunmuşdur ki, bu da şairin şöhrətini bütün ərəb dünyasına yayıb.

Nizar Qəbbani ilk dövrlər klassik formalara riayət etsə , sonralar qəliz söz ehtiyatından sünilikdən çəkinmiş, asan vəzn qafiyələrdən istifadə edərək yazmış, XX əsrin 40-cı illərinin sonundan etibarən ərəb ədəbiyyatında meydana çıxan "sərbəst şeir" hərəkatının öncüllərindən dünyaca məşhur simalarından birinə çevrilmişdir. 1966-cı ildə diplomatik fəaliyyətdən uzaqlaşan şair ömrünün sonrakı illərini büsbütün yaradıcılığa həsr edir. Çox sevdiyi şeirlərində dönə-dönə tərənnüm etdiyi Beyrut şəhərində "Nizar Qəbbani nəşrləri" adlı nəşriyyat evi təsis edib əsərlərinin nəşri ilə bilavasitə məşğul olur.

1982-ci ildə şairin ikinci həyat yoldaşı Bilqeys ər-Ravi Beyrutda İraq səfirliyində törədilən partlayışda həlak olur. Bu hadisədən sonra o, Beyrutu tərk edərək İngiltərəyə köçür ömrünün son on altı ilini Avropada keçirir. Həyatının bu mərhələsi şairin yaradıcılığına qəriblikdən şikayət, vətən həsrəti onu buna məcbur edənlərə qarşı sonsuz nifrət qəzəb mövzularını gətirir.

Nizar Qəbbani 1998-ci ildə Londonda vəfat edib, vəsiyyətinə əsasən Dəməşqdə dəfn edilib.

 

Bədənin - dövlətimdir

 

Sevgi ver mənə,

əvəzində sevgi istə.

Başqa heç .

Sən mənim şirin əsirliyimsən,

məhkumluğumun ağılsız dəliliyi.

Sinəmdəki xəncərin kölgəsisən.

Bir damcı qan laxtası,

yarasan - iniltili,

gəminin qəzasısan.

Ey, dəniz, batırmağa

sən məni heç tələsmə.

Ölüm - intizarımdır,

diriliyim qabaqda.

 

Qüssənin ən qədim paytaxtı

özüməm, bir ağrım.

Dövlətim bədənindir,

işim var dünyayla,

padşahlarla işim.

İstəmirəm özgə ölkələri,

ölkəmdi elə öz ağrım.

Fironların xəttiylə

həkk olub yaralarım.

Dərdin karvanında

Dəməşq xəlifələrinin arzusuyla

Çinə yollanıram.

Məni , ağrımı da,

yükümü udacaq

nağıldakı əjdaha.

 

***

 

Soruşursan ki,

səmayla fərqin

nədir?

Məsələ belədir:

sən gülümsəyəndə

səmanı unuduram.

 

***

 

Doğum günümü soruşursan.

Zəhmət olmasa, yaz bir

heç vaxt sual etmə:

elə ki məni sevməyə başladın,

doğuldum yaşadım.

 

***

 

Lüğətlərin məktubların dili,

sevgi romanlarının təhkiyəsi gücsüzdür.

Necə edim ki, məni eşidəsən?

Hansı yolla, hansı yalanla

səni sözsüz sevməyi öyrənim?

 

***

 

Yorubdu hamıtək təkcə səni sevmək,

Yorub məktub yazmaq sənə hamıtək.

Bəlkə, zəng qülləsi olsun dodaqlar,

Bəlkə, qafiyəylə çalınsın onlar.

 

***

 

Bu iki ildəki bütün sözləri xatırlasan,

bu iki ildəki bütün məktubları oxusan,

mütləq cavab tapacaqsan anlayacaqsan ki,

sən bir qumruydun, mən bir qumru;

uçub getdik, indi bacarırsan, geri qaytar.

Barmağındakı üzük isə əklildi

bizim şərəfimizə.

 

***

 

Şah olmaq istəmirəm,

çıxmaq istəmirəm taxta.

Şairin taxtı daha yüksəkdədir.

Səndən dilədiyim isə yalnız budur:

sev məni bir azca.

Elə sev ki, təmizlənim bir az.

 

***

 

Ovuclarıma, məscidin divarına,

qoltuğun arxalığına nəqş olunmusan.

Məni atıb getmə.

Günün günorta çağı

hər dəfə məni qoyub gedəndə

ovuclarımın güzgüsündə

təkcə səni görürəm.

 

Qəhvə falı

 

Masa arxasında qəhvə falına baxırdı,

taledən, gələcəkdən xəbər verməyə çalışırdı,

deyirdi:

- Oğlum, qüssələnmə,

demək istədiklərimi dinlə.

Ömrü boyu sevmək yazılıbdı bəxtinə.

Kim ki dəlicəsinə sevə bilir - şəhiddir.

Savaş yol - taleyin indidən bəllidir.

 

Oğlum, tez-tez sevəcəksən deyə,

tez-tez öləcəksən.

Bütün qadınlar ixtiyarındadır.

Yaşayacaqsan,

amma bədbəxt padşah kimi qayıdacaqsan.

Oğlum, həyatında bir qadın olacaq.

Aman Allah! Onun gözləri!..

Dodaqları bir cüt üzüm giləsidir.

Təbəssümü eşqin nəğməsidir.

Amma kəmdir sənin bəxtin,

bəllidir aqibətin.

 

Oğlum,

Sehrli qəsrdə yatıbdır sevgilin,

qəlbinin məlakəsi.

Ora düşmək çətinliklərin ən təhlükəlisi.

O kaşanə çox gözəldir, keçilməzdir,

qapısındakı gözətçilər cəsur dönməzdir,

zəncirdəki köpəkdilər sanki.

 

Oğlum,

bərk yatıbdır sevgilin

hələ çox yatacaq.

Ora girə bilməzsən,

çəpəri aşa bilməzsən,

hörüyünü aça bilməzsən,

cəhd edən özünə qəsd edər.

Kim ki tutmaq istər o əlləri -

demə, sayılıdır günləri.

 

Mən çoxdan oxuyuram taleləri, çoxdan!

Amma heç zaman

sənin fincanın kimi bir şey görməmişəm.

Mən çoxdan oxuyuram taleləri, çoxdan!

Amma heç zaman

sənin gözlərindəki qüssətək

bir şey görməmişəm.

 

Bəxtinə getmək yazılıbdır

eşq xəncərinin tiyəsi üzərində,

ilbiz tənhalığı,

salxım söyüd qüssəsi,

ehtiras dənizinə yelkənsiz,

yalnız açıqca - qəlbinlə çıxmaq yazılıbdır.

 

Bəxtinə yazılıbdır sevmək,

milyon dəfə həm boşuna sevmək,

bədbəxt padşah kimi geri dönmək.

 

Masa arxasında qəhvə falına baxırdı,

taledən, gələcəkdən xəbər verməyə çalışırdı,

deyirdi:

- Oğlum, qüssələnmə,

demək istədiklərimi dinlə.

Ömrü boyu sevmək yazılıbdı bəxtinə.

Kim ki dəlicəsinə sevə bilir - şəhiddir.

Savaş yol - taleyin indidən bəllidir.

 

Nizar Qəbbani

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.5.