Qısqanc oğullar

 

УFilmdən həyataФ

 

Uşaqlıq çağlarında oğullar analarını bütün kişilərə qısqanırlar. Həmçinin öz doğma atalarına. Zamanla, böyüdükcə atalarını qəbul edirlər, ananı bölüşürlər. Ancaq bütün başqa kişilər təhlükəli düşmən kimi qalır onlar üçün.

Balaca oğlu olan qadın tanışlarım tez-tez belə söhbətlər edirlər: "Qısa ətək geyinmişdim, oğlum dedi ki, dəyiş". Yaxud "yaxam açılmışdı, oğlum əl atıb bağladı". "Mağazada kassada məni kənara itələyib, özü qabağa durdu" s. Həm bu sözləri gülə-gülə, fərəhlə deyirlər. Ancaq bu cür qısqanc oğulların hər birinin içində balaca bir Hamlet gizlənir, bilmirlər.

Üç maraqlı obrazdan söhbət açacağıq. Həmin obrazların üçü gənc, yeniyetmə oğlanlardır. Onlar keşməkeşli həyat yolunda qəfil atasız qalırlar, sonra tək qalan analarının kölgəsinə çevrilərək, dərdə düşürlər.

Dünyanın ən məşhur qısqanc oğlu Hamletdir. 1948-ci ildə rejissor Lourens Olivyenin Uilyam Şekspirin eyniadlı əsəri əsasında çəkdiyi "Hamlet" filmində əsərin ruhu saxlanılır. Film əsərdə olduğu kimi kralın kölgəsinin saray keşikçilərinə görünməsi səhnəsi ilə başlayır.

Hamlet atasının ölümündən sonra anasıyla əmisinin izdivac qurmasını qaşqabaqla, dərdlə, qüssəylə qarşılayır. Onun bu izdivacdan narazı qaldığını atasının yerinə taxta çıxmış əmisi , anası da görür, ona təsəlli verməyə çalışırlar. Əmi kral deyir ki, hamının atası ölür. Sənin atanın da atası ölmüşdü. Atana bu cür yas saxlamağın yaxşıdır, ancaq əndazədən artıq üsyanın Tanrıya da xoş getməz.

Hamletin ürəyi isə qan ağlayır, ən çox da anasına qızğındır. Fikirləşir ki, iki ay olmaz atası rəhmətə gedib, anası tez əmisinin qoynuna atılıb. "Göz yaşı içində atamın tabutu dalınca getdiyi zaman geydiyi başmaqlar köhnəlməyib, o, mənim əmimə ərə gedibdir. yaman tələskənlik! azğın atılış bu haram döşəyinə!" - deyə ürəyində üsyan edir. Atasını sevgiylə xatırlayır: "O, mənim anamı elə sevirdi, qoymazdı üzünə meh toxunsun".

Hamletin fikrincə, hətta vəhşilər belə anasından artıq yas saxlayardı. "Qabaqlarda qalmış ehsan yeməyi birbaşa toy süfrəsinə verildi" - deyə Hamlet ürək ağrısıyla dostu Horatsioyla dərdini bölüşür. Onun ürəyini qısqanclıq odu didib gəmirir. Atasıyla əmisini müqayisə edərək, atasını nəcib kral, gözəl insan adlandırır, əmisini isə içki Tanrısı yaramaz satir. O, heç cür əmisinin atasının yerini almasıyla barışa bilmir. Amma bununla belə özü-özünü sakitləşdirməyə çalışır: "Amma boğ özünü, ürəyim. Dilimi tutmalıyam".

2000-ci ildə çəkilmiş "Hamlet" (rej. Michael Almereyda) filmindəki hadisələr müasir dövr Manhetten şəhərində cərəyan edir. Pyesin dialoqları olduğu kimi saxlanılsa da, süjetə əl gəzdirilib. Hamlet Denmark film Korporasiyasının sahibinin oğludur, əmisi korporasiyanı əlinə keçirmək üçün atasını öldürərək yerinə keçmiş anası ilə evlənmişdir.

Bu yazıda Hamlet bizimçün əmisinin atasının qatili olduğunu bildiyi ana qədər maraqlıdır. Əmisinin qatil olduğunu, atasının qətl olduğunu öyrənməmişdən qabaq Hamlet dərin hüznə, yasa batır. O, həm atasının ölümünə, həm anasının vəfasızlığına qan ağlayır. Dərdi o dərəcədə böyükdür ki, "Ey qadir Yaradan, intiharı kaş yasaq etməyəydin biz insanlara" - deyir əsərin əvvəlindəki monoloqunda.

Hamletin acılarına yaxın acını çəkən başqa bir obrazı biz Nuri Bilgə Ceylanın "Üç meymun" (2008) filmində görürük. "Üç meymun" beynəlxalq platformada böyük uğurlara imza atmış əsərlərdən biridir, Nuri Bilgə Ceylanın soyuqqanlılıqla anlatdığı dramatik bir filmdir.

Filmdə millət vəkilliyinə namizəd olmuş Sərvət adlı bir adamın cinayətini pul qarşılığında boynuna götürən bir ata - sürücü Əyyub (Yavuz Bingöl), universitetə girə bilməyən, demək olar ortalıqda qalmış bir oğul - İsmayıl, əri tutulub həbsə düşəndən sonra neyləyəcəyini bilməyib boşluğa yuvarlanan, Sərvətin məşuqəsinə çevrilən qadın- Həcərin faciəsilə qarşılaşırıq. Ailənin keçmişində faciəli bir hadisə var, ata-ana oğullarından birini kiçik yaşlarında itiriblər. Əslində, bu faciədən sonra ailə özünə gələ bilməyib, bir tərəfdən ailə başçısının sürücüsü olduğu adamın günahını boynuna götürməsi, pul qarşılığında həbsə girməsi, ailənin tamamən darmadağın olmasına gətirib çıxarır. Ailə üzvlərinin zəif nöqtələri var. Əyyub varlı müdirinə etiraz edə bilmir, cinayəti üstünə götürür. İsmayıl anasını Sərvətlə yataqda tutur, ancaq özünü görməməzliyə vurub, "üç meymun"u oynayır. Həcərin niyə görə Sərvəti yatağına almasına isə heç bir anlam vermək olmur.

İsmayıl atasını türmədə ziyarət etməyə getmək üçün çıxdığı yoldan təsadüfən geri qayıdır. Qatarın səsindən İsmayıl əvvəlcə evdə yad adam olduğunu başa düşmür. Ancaq anasının yataq otağından yad kişinin öskürəyini eşidəndən sonra əyilib açar deşiyindən baxır bütün dünyası yıxılır.

Həmin an çevrilib bir anlıq mətbəxdəki bıçağa baxır. Ancaq özünü saxlayıb, gəldiyi kimi evdən çıxır, həyətdə gözləyir. Atasının yerini almaq istəyən, namusunu ləkələyən o adamın Sərvət olduğunu görəndən sonra evə qalxır. Anası əvvəlcə inkar etməyə çalışsa da, İsmayıl anasına sillə çəkir hər şeyi gözlərilə gördüyünü söyləyib ağlayır. Tam bu səhnənin çəkildiyi anlarda fonda azan səsini eşidirik. Azan səsilə Nuri Bilgə Ceylan tamaşaçıya hansısa mesajı ötürmək istəmişdimi, əcəba?

Susan, "üç meymun"u oynayıb bir müddər kar, kor, lal olmağa məcbur qalan İsmayılın səbir kasası daşır filmin sonunda o, qatilə çevrilir.

Həbsdən çıxan, arvadının xəyanətini, oğlunun qatil olduğunu öyrənən Əyyub isə çayxanalardan birində gecələyən, evsiz-eşiksiz, kimsəsiz cavanı oğlunun əvəzinə həbsə girməsi üçün razı salır. Sərvətin ona elədiyi haqsızlığı özü bir başqasına edir.

Sevə-sevə izlədiyimiz "Tütək səsi" (1975) filminin qəhrəmanları Cümrüylə Tapdığın atasını yerini almaq istəyən başqa biri öldürüb, həbsə yollayıb. Sayalı ilə Cəbrayıl hələ ilk gənclik illərindən bir-birlərini sevirlərmiş. Ancaq Cəbrayıl dostuna görə susur, Sayalının Muxtara ərə getməsinə göz yumur. Zaman gəlir, müharibə başlayır, Sayalının əri müharibəyə aparılır. Muxtarın qara kağızı gələndən sonra Cəbrayıl onunla evlənmək istəyir. Sayalı əvvəlcə etiraz edir. Onların arasında hər iki obrazın xarakterini açan dialoq başlayır:

Fikri-xəyalı Cəbrayılı keçmişə aparır, Sayalıyla Muxtarın toy səsi qulağına gəlir, öz dediyi cümləni yadına salır: -"Muxtar dostum olmasaydı, vallah götürüb qaçardım səni".

Düz iyirmi il dinmədim - Cəbrayıl təəssüflə deyir.

- Onun ölümünü gözləyirdin?

Biz onunla dost idik, bir-birimizə arxa durmasaydıq, belə gözəl kolxoz qura bilməzdik. Gözəl arzularımız vardı. Olmadı. Yarımçıq qaldı. Getdi, belə xəbəri gəldi. Başa düşmürəm, mənim günahım nədir?

- Bu qədər cavan qız var kəndimizdə. Evlən biriylə - Sayalı etiraz edir.

- Mən səni alacam.

- Camaat lənət deyər sənə. Daş-qalaq eləyərlər.

- Heç kəs bilmir mən çəkirəm. Kənddə hayana baxıram, elə Muxtarı görürəm. Ancaq sənsiz dözə bilmirəm.

- Mənim yekə oğullarım var.

- Öz balam kimi istəyəcəyəm.

- Tanımırsan sən onları. İndidən dözə bilmirlər.

 

***

 

Sayalının oğlanları, doğrudan da, dözə bilmirlər, heç cür Cəbrayılı analarının əri kimi qəbul edə, atalarının yerinə qoya bilmirlər. Cəbrayılın üstünə hücum, silah çəkirlər, söyüşürlər, dalaşırlar, analarından üz çevirirlər, dindirmirlər. Cümrü lap havalı kimi olur, meylini əl boyda tütəyə salır. "Elə şeylər var ki, heç anaya da bağışlamazlar" - deyən Tapdıq uçuq bir xarabada gecələyir, çörək yeməkdən imtina edir, anasının yalvar-yaxarlarına baxmayaraq, gətirdiyi çörəyə əlini də vurmur. Fikirdən-zikirdən gündən-günə əriyir, xəstələnib yatağa düşür, qan qusur.

"Hər gecə yuxuda görürəm, saçını sığallayıram, qurbanın olum, ay ana, - deyirəm, ancaq gündüz üzünə baxa bilmirəm. Yuxuda anamdır, gündüz yaddır. Yuxuda şirindir, gündüz acı" - Tapdıq anasıyla münasibətini bu cümlələrdə həssasca ifadə edir.

Filmin sonunda Sayalının özünün də Cəbrayıldan üzü dönür, oğlanlarının düşdüyü vəziyyətə görə onu günahlandırır. Ancaq Cəbrayıl nə Hamletin əmisi, nə də "Üç meymun"dakı Sərvət kimi günahkar deyil. Cəbrayılın tək günahı vardı: Cəbrayıl sevirdi.

 

Sevinc ELSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.13.