Səməd Vurğun və Muxtar Auezov:

tarixi mövzulara fərdi yanaşma

 

Bədii fikir tarixində nə qədər novasiyalar baş versə də, ədəbiyyat tarixçiliyi özünün inkişaf istiqamətlərinə, həm də retrospeksiyanın köməyi ilə nəzər salmağı üstün tutmuşdur. Bununla belə, elə sənətkarlar vardır ki, onların yaradıcılığı milli ədəbiyyatın yükünü çiynində daşıyıb, daim bədii təfəkkürün yolunu işıqlandırmaqdadır. Əslində, belə planetar düşüncəli sənətkarlar hər xalqın ədəbiyyatında kompas rolunu oynamış və bu gün də oynamaqdadırlar.

Biz onlardan ikisinin - Azərbaycan ədəbiyyatında Səməd Vurğunun, qazax ədəbiyyatında Muxtar Auezovun - yaradıcılığının nüvəsini təşkil etmiş tarixi mövzuların hansı özünəməxsus bucaqlardan necə təsvir edilməsinə nəzər salmağı vacib hesab edirik. Onu da qeyd edək ki, XX əsrin 20-30-cu illərindən başlayaraq, keçmiş sovet ədəbiyyatında mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin ictimai-siyasi, mədəni-ədəbi şüurun inkişafında əvəzsiz xidmətləri olan fikir daşıyıcılarının həyat və fəaliyyətinə həsr olunan çoxsaylı nümunələr yaradılırdı. Onların sırasında A.Çapıginin "Razin Stepan", S.Zlobinin "Salavat Yulayev", O.Forşun "Radişşev", A.Tolstoyun "Birinci Pyotr", N.Yanın "Çingiz xan", Y.Tınyanovun "Kyüxlya" və "Puşkin", V.Şişkovun "Yemelyan Puqaçov", V.Kostılyovun "Kuzma Minin", İ.Selvinskinin "Cəngavər İoann" və "Babək", milli ədəbiyyatlarda Nizami, Nəsimi, Nəvai, Əl-Fərabi, Məhtimqulu, Kenesarı, Teymurləng, "Qaçaq Nəbi" və s. kimi çoxsaylı sənət xadimləri və qəhrəmanlarla bağlı əsərlər işıq üzü gördü. Siyahını daha da uzatmaq olar. Lakin fikrimiz bu siyahını uzatmaq yox, tarixi mövzunun S.Vurğun və M.Auezov tərəfindən necə işlənilməsinə daha çox diqqəti yönəltməkdir.

Həm S.Vurğunun, həm də M.Auezovun milli ədəbiyyata qədəm qoyması olduqca sürətli və çevik olmuşdur. M.Auezov (1897-1961) və S.Vurğun (1906-1956) eyni tarixi epoxanın yetişdirdiyi sənətkarlar olub, az yaşamalarına baxmayaraq, zəngin bədii irs qoyub getmiş, öz yaradıcılığında tarixi mövzunu daha çox ön plana çıxarmağa çalışmışlar. Belə yanaşma onların qələmə aldıqları əsərlərinin janrından asılı olmayaraq ortaya gəlirdi. M.Auezovun "Yenlik-Kebek", "Xan-Kene" (pyes), "Abay" (faciə) və "Abay yolu" (tetralogiya) əsərləri tarixi mövzuya həsr olduğu kimi, S.Vurğunun "Şairin ölümü", "Zamanın bayraqdarı", "Komsomol poeması", "Bakının dastanı", "Muğan" (poema), "Vaqif", "Fərhad və Şirin" və s. kimi dramları tarixin müxtəlif dönəmlərini əks etdirən nümunələri zaman keçdikcə nəinki öz aktuallığını qorumamış, həm də onlara yeni baxış sərgiləmək zərurətə çevrilməkdədir. Biz burada S.Vurğunla M.Auezovun tarixi mövzunu çevrələyən əsərlərinin hamısına yox, Azərbaycan şairinin "Vaqif" və qazax yazıçısının "Abay" faciəsini müqayisəli-tipoloji planda təhlil etməyə çalışacağıq.

Əgər S.Vurğun Vaqif obrazını "Şairin ölümü" poemasında (müəllifin özü bu əsəri poema adlandırırdı - N.T.) təsvir etsə də, əsər S.Vurğunu qane etməyib, Vaqifi dramatik kolliziyalar müstəvisində yenidən işləyib, "Vaqif" dramını ortaya qoymuşdusa, M.Auezov "Abay" faciəsini yazana qədər başı daşdan-daşa dəydiyindən (o, "Alaş" siyasi təşkilatının üzvü olduğuna, əsərlərində milli problemləri daha çox qaldırdığına görə dəfələrlə göz altına alınıb, fəaliyyəti məhdudlaşdırılıb, hətta bir il yarım qazamat həyatına düçar olunduğundan) qazax xalqının bütün müsbət tərəflərinə bağlı olan "Abay" faciəsini rus dramaturqu Leonid Sobolevlə birlikdə yazmağa məcbur edilmişdur. Əslində, L.Sobolevi özünə həmmüəllif kimi götürməsi M.Auezovu təhlükələrdən qorumaq məqsədini güdürdü. Buna görə də L.Sobolevin adı burada daha çox simvolik əhəmiyyət daşımaqdadır.

Eyni zamanda bunu da qeyd etmək zəruridir ki, əgər S.Vurğunun "Vaqif" dramı 1937-ci ildə repressiyaların tüğyan etdiyi bir ərəfədə işıq üzü görmüşdüsə, M.Auezovun (L.Sobolevlə birlikdə) yazdığı "Abay" faciəsi 1939-cu ildə qələmə alınmasına baxmayaraq, onun ilkin redaksiyası yalnız 1941-ci ildə oxuculara təqdim olunmuşdur. 1941-ci il nəşrindən sonra bu əsər üzərində çoxsaylı dəyişikliklər aparılmış və daha sonralar 1948, 1950 və bir də M.Auezovun ölümündən 8 il sonra (1969) sonuncu redaksiyada oxuculara və tamaşaçılara təqdim edilmişdir.

Məlumdur ki, dram əsərinin estetik predmeti insanın emosional-iradi reaksiyaları ilə bağlı olub, onun fiziki hərəkətində və nitqində özünü büruzə verir. Dram əsərindəki konfliktli situasiyalar personaji fiziki hərəkət və nitq prosesinə cəlb edir. Ən mühümü isə odur ki, həm S.Vurğunun "Vaqif"ində, həm də M.Auezovun "Abay"ında dövrün spesifik tərəfləri təsvir edilməklə qəhrəmanların yaşadıqları epoxa ilə amansız konfliktə girmələri daha çox ön plana çəkilirdi.

Rus tədqiqatçısı K.Burova hələ 50-ci illərdə haqlı olaraq yazırdı ki, S.Vurğunun dramları Azərbaycan milli dramaturgiyasının tarixi inkişafında olduqca mühüm halqadır. Cabbarlıdan sonra o, Azərbaycan teatr tarixində yeni bir səhifə açmışdır.

Hər iki sənətkar öz xalqının tarixi şəxsiyyətlərinə nəzər salarkən qarşıya yeni ideya-mənəvi problemlər qoymaqla, süjet situasiyalarının gərginləşməsini, dramatik obrazların kontrastlar prinsipini, psixoloji halların və vəziyyətlərin kəskinləşməsini diqqət mərkəzinə çəkməyi zəruri hesab edirdilər. Hər iki sənətkarın bədii düşüncəsində müəyyən tarixi dövrün möhürünü daşıyan, konkret mühitin sosial kontekstində dayanan bütöv və parlaq natura dayanırdı.

Hər iki dramaturq böyük düha sahibləri Vaqifin və Abayın xalqın xoşbəxt gələcəyi uğrunda xarakterini uğurlu açmağa çalışmaqla onlardan hər ikisi buna müxtəlif üsullarla nail olurdular. Bu əsərlərdə həm Vaqif, həm də Abay xalqın vicdanının təcəssümü kimi ortada dayanırdılar. Vaqif və Abayın düşüncələrində bəzi polyar baxışlar (Vaqifdə romantiklik, Abayda realistlik) özünü göstərsə də, hər ikisinin öz xalqının gələcəyi uğrunda mübarizəsi dramaturqların qarşıya qoyduqları məram və məqsədlə uğurla uzlaşırdı. Vaqifin tarixi şəxsiyyət olmasına baxmayaraq, S.Vurğun tərəfindən o, bir sıra romantik xüsusiyyətləri ilə tədqim olunurdu.

Həm S.Vurğunun "Vaqif" dramında, həm də M.Auezovun "Abay" faciəsində paralel olaraq bir necə süjet xətləri inkişaf etdirilir. Hər iki sənətkarla tanış olduqda müəlliflərin dünya klassik faciəsinin elementlərindən ardıcıl olaraq - eyni tipli struktur, faciə qəhrəman obrazının yaradılması prinsipləri, klassik faciə janrı üçün səciyyəvi olan final və ekspressiv üslubdan istifadəni göstərmək olar.

Hər iki əsərin yetərincə lakonik dramatik strukturu, tarixi və məişət detalları, qəhrəmanların özünəməxsus nitqi, onların dünyaqavrayışı vardır.

Vaqif də, Abay da xalqın düşünən beyni, vuran ürəyidi, qəlbidi. Onların hər ikisi bu əsərlərdə olduqca parlaq rənglərlə yaradılmışdır. Sürətlə və çevik dəyişən səhnə hərəkəti, böyük hiss və güclə dolu olan gərgin dramatik situasiyalar, yüksək ustalıqla təqdim edilmiş dialoq və monoloqlarla dolu olan hər iki əsər həm də bu müəlliflərin fərqli bədii ustalığı ilə ortaya qoyulmuşdur. S.Vurğunun "Vaqif"ində Vaqif, Qacar və Şeyx obrazları arasındakı ziddiyyətli və dəlici mükalimələr, M.Auezovun "Abay"ında Abay, Kərim, Magiş və digərləri arasında baş verən münasibətlər təxminən eyni vüsət və hiddətlə yaradılmışdır.

Hər iki dram əsərində hadisələrin təsvirində plastiklik, personajların dürüst, hədəfə tuşlanan tipzasiyası, obrazların monumentallığı (bu, Vaqif və Abay obrazı üçün daha səciyyəvidir), kütləvi səhnələrdəki dinamika, epoxanın parlaq koloriti xüsusi estetik-dramatik təsiri ilə seçilirdi.

Bunu da qeyd etmək lazımdır ki, hər iki pyesin baş qəhrəmanının xarakteristikası, həm də bu əsərlərin məzmununu dərindən dərk etməyə imkan verir. Hər iki müəllif (S.Vurğun və M.Auezov) öz sələflərinin yaradıcılığına, tarixdə onlarla bağlı olan məlumatlara, xalq arasında yer almış onlar haqqındakı xatirələrə, tarixi məlumatlara, folklor nümunələrinə söykənməklə Vaqifin və Abayın möhtəşəm vətənpərvərlik obrazını və aurasını yarada bilmişdir. Nəticədə S.Vurğunun "Vaqif"ində Vaqif, M.Auezov və L.Sobolevin "Abay"ında Abay yetərincə çoxtərəfli və əzəmətli alınmış, təsvir olunmuşlar.

Yeri gəlmişkən bildirək ki, məsələn, Vaqif rolunun möhtəşəm ifaçıları Ələsgər Ələkbərov (1910-1963), Kazım Ziya (1896-1956), Ağadadaş Qurbanov (1911- 1965) bu obraz üzərində işləyərkən onlardan hər biri ona öz orijinal traktovkalarını verməklə tamaşaçılara Vaqif obrazını sevdirməyi bacarmışdılarsa, Abay obrazını səhnədə yaratmış görkəmli qazax aktyorları Kalibəy Kuanışpayev (1893-1968) və Saken Aymanovun (1914-1970) da ifalarında Abay bir mədəniyyət xadimi kimi görümlü və diqqətçəkici alınmışdır.

Vaqif və Abay obrazları üzərində müşahidələrimizi davam etdirərkən həm də onu görə bilirik ki, dramaturqlardan hər biri əsərdə qələmə alınan tarixi mərhələnin özünəməxsus mənzərəsini ustalıqla yarada bilmişdir. Vaqif və Abay adlarını çəkdiyimiz əsərlərdə həm vətənpərvər-şair, həm dərin müşahidəli maarifçi, həm ictimai xadim, həm filosof, həm də əsl humanist kimi göstərilmişdir. Bununla belə, "Vaqif"ın müəllifi S.Vurğunla "Abay"ın müəllifləri M.Auezov və L.Sobolevin bədii materiala yanaşma metodunda biz həm də fərqli məqamlarla rastlaşa bilirik.

Həm S.Vurğunun, həm də M.Auezov və L.Sobolevin bu əsərlərdəki qəhrəmanları və personajları həm öz tarixi prototipinə oxşayır, həm də oxşamır. Bu onunla əlaqədardır ki, dramaturqlardan hər biri yaxşı başa düşürdülər ki, əsərdə tarixdə cəmiyyətin hərəkət istiqamətini, xalq mübarizəsinin perspektivini həm də bəzi hallarda real faktlardan kənarlaşmaqla göstərmək daha vacibdir. Onları bir qədər fərqli rakursdan tarixi epoxanın koloritinə uyğun yaratmağa istiqamətlənmə, bədii zərurətlərə keçid alma özünü doğruldan yanaşmadır. Böyük rus yazıçısı, monumental romanlar və çoxsaylı dram əsərləri müəllifi M.Qorkinin bununla bağlı lakonik bir fikrinə diqqət yetirmək yaxşı olardı: "Faktlara sadiqlik yox, faktların psixologiyasına sadiqlik vacibdir". Bununla belə, M.Auezov və L.Sobolevin "Abay" faciəsində faktlara sadiqlik həm də onunla nəticələndi ki, 1939-cu ildə qələmə alınmış bu dram əsəri müxtəlif redaksiyalarda nəşr olundu. Əsərlə bağlı Muxtar Auezovun başına min bir bəla açıldı. "Abay"ın birinci redaksiyasının ən böyük səhvi onun müəlliflərinin rus və qazax xalqlarının qırılmaz dostluğunun tərənnüm olunmaması ilə bağlı idi. Odur ki, 1948-ci ildəki ikinci nəşrdən başlayaraq həmin "bağışlanılmaz səhv" düzəldilməyə başladı. Əsərə Abayın yaxın dostu kimi tədqim edilən, sürgündə olan inqilabçı Fyodor Dolqov obrazı əlavə edildi. Bundan sonra Fyodor Dolqov nə qədər çox təqdir edilməsinə baxmayaraq, Abayın panislamist düşərgədəkilərlə münasibətləri daha çox tarıma çəkildi. Beləliklə, sonrakı redaksiyalarda da (3-cü və 4-cü) həm bir-birindən, həm də əvvəlkilərdən fərqli məqamlar ortaya qoyuldu. Əsərin həcmi xeyli dərəcədə ixtisarlara məruz qaldı. Lakin həmin çoxsaylı redaksiyaların ortaya çıxmasına baxmayaraq, M.Auezov bu faciədə dövrün sosial-siyasi və ideoloji konfliktlərini uğurla təqdim edə bildi.

 

Nizami TAĞISOY

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.29.