Mart ayının 21-də XX əsr özbək ədəbiyyatının görkəmli nümayəndəsi, Özbəkistanın Xalq şairi Özbəkistan himninin müəllifi, tanınmış ictimai xadim Abdulla Aripovun anadan olmasından 80 il ötdü. Böyük şairi ehtiramla anır, bir neçə şeirini oxucularımızın diqqətinə çatdırırıq.

 

Ana, geri qayıtmaq istəyirəm,

geri, sənin yanına.

 

Nəğmələr oxudu o yara sərxoş,

Şeirlər söylədi sevgiyə dair.

Hamını güldürdü, o qız da xoş-xoş

Təbəssüm eylədi: Eh, sən şair..!

 

Nəğmələr oxudu o yara sərxoş,

Ah dolu, vah dolu sevgiyə dair.

Ağlatdı hamını, o qız da xoş-xoş

Təbəssüm eylədi: Eh, sən şair..!

 

Nəğmələr oxudu o yara sərxoş,

güldü, ki, göz yaşı tökdü.

Oxudu qürurla, qız isə naxoş

Başın yerə dikib yanından ötdü.

 

***

 

Bir məktub yazmadım,

Xəbər vermədim,

Halın soruşmadım onun mən nadan.

Görən halı necə indi anamın,

Bəlkə gözü yolda, durub nigaran.

 

Düşündü elə hey: Oğlum necədir?

Unudub özünü məni gözlədi.

Öz isti yerimdə mən nadan isə

Gələcək nəsilə yazıram indi.

 

* * *

 

Yandım, alovlandım hər qəm gecəsi

Beləcə səssizcə yanıb qovruldum.

Çökəndə axşamın hüznü, qüssəsi

Munis baxışların həyanım oldu.

 

Hər dəfə baxışlar görüşdü səssiz,

Mənsə söz deməyə qorxdum, çəkindim.

Beləcə həyat da ötüşdü-vecsiz,

O qara gözlər xatirə indi.

 

Anama məktub

 

Ana, geri qayıtmaq istəyirəm,

geri, sənin yanına.

Ürəyimdə saysız dərdlər,

bir soyuq otağım, saatın çıq-çıqı.

 

Çöldə xəzəlli bağlar,

Yağış astadan öz nəğməsini oxuyur.

Bilmirəm, niyə hər şeyi birdənbirə,

eyni vaxtda xatırlayıram,

səni anıram,

geri ayıtmaq istəyirəm, ana,

yanına.

Ürəyimi açımmı, danışımmı-

az-çox elə öyrəndiyim budur.

Xoşbəxt günlərimdə səni heç xatırlamadım,

Yalnız indi, bu hüzünlü vaxtda

Səni görmək istədim.

Səninlə bölüşmək istədim

xəyallarımı, kədərlərimi,

ağayaraq-gülərək demək istədim,

demək istədim ki, adamların qiymətini

bərabər olanda bilə bilmirik.

 

Yalnız yıxılanda,

Yalnız bir qəlbi yaxanda

anlayırıq.

İnsanın zatı beləymiş.

Hərçənd sonadək anlamıram bu həqiqəti.

Sən isə anasan axı.

Məktubuma hirslənmə,

İndi yalnız doğrunu yazıram sənə,

bağışla, xoşbəxt vaxtlarımda

sən düşmədin yadıma.

 

Amma heç elə belə deyil,

Hər şeri zamanı gəlincə xatırlanır, heyhat!

Yəni heç vaxt anamız kimi

Başımızı sığallamaz həyat.

 

Abdulla ARİPOV

 

Tərcümə Rəhmət Babacanındır

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.32.