Çağdaş dünya şeiri

 

Rocer Robinson (1967) - Britaniya şairi, yazıçısı, musiqiçi. Trinidad əsillidir. Dörd şeir kitabının üç musiqi albomunun müəllifidir. "Kəpənəklər oteli" (2013) Karib hövzəsinin Bocas Prize mükafatına layiq görülüb. "Cib cənnəti" (yaxud "Portativ cənnət") şeir kitabı 2019-cu ildə T.S.Eliot mükafatına layiq görülüb. Robinson, Derek Uolkottdan sonra bu mükafata layiq görülmüş ikinci trinidadlı şairdir.

 

Tənqidçilərin fikrincə, Robinsonun şeirləri birbaşa etiraf poeziyasıdır. Onun poetik nitqi bəzək-düzəkdən uzaqdır, gündəlik danışığa yaxındır geniş auditoriyaya ünvanlanıb. Robinsonun məqsədi öz tarixçəsini nəql etməklə cəmiyyətin tarixi təcrübəsinə toxunmaq, ona yaxınlaşmaqdır.

 

 

 

 

 

Qışın oğlan çağında

 

 

Saat 6-da,

 

qış səhərinin

 

qara məxmərində

 

boğazını yırtır qarğa:

 

mən artıq

 

səhərin soyuq yağışında

 

yuyunmuşam,

 

ətcəbalaları

 

soxulcan ilbiz qarışığı ilə

 

yedizdirmişəm.

 

Günəşi doğuşuna qədər qarşıla,

 

özünçün bir gözəl sabah düşün.

 

Taxta qaşığı götür

 

ailə sıyığını qarışdır

 

səhər yeməyində.

 

Özün üçün gözəl bir gün hazırla,

 

tənbəl rəzil bəni-adəm.

 

 

 

Poeziya

 

 

Həyat işartısı olmayan almazda

 

kristal qəfəsin çubuqları arasından

 

əbədi həyatın titrəyişlə bərq vuran qığılcımı kimi

 

poeziya da bətnində gəzdirir sevgini,

 

bütünlüklə yox, yalnız bir zərrəni

 

elə bununla da diri qalır.

 

Qəfil baş qaldıran ehtiras şairin səsini

 

kababxana çılğınlığı, süni qələbə ədası,

 

hədsiz-yersiz tar-kamanla

 

batırır, təhrif edir.

 

Sevginin şeirdəki aram nəfəsi

 

adsız bulağın rahat, şəffaf axışıyla

 

büruzə verir özünü, səslənir.

 

Laqeyd səmanın mavisi altda

 

suyun bu aydın olmayan pıçıltısı kimə görədir?

 

Heç kimə.

 

 

 

Fit

 

 

Ailəmizdə fit çalmağı

 

qadağan etmişdilər bizə.

 

Valideynlərimiz deyirdi ki,

 

ruhları narahat edə bilərik.

 

Təşvişlə bizi yarıda kəsirdilər.

 

Sanki vaxtsa fit çalmışdılar,

 

nəsə bir bədliyə səbəb olmuşdular

 

indi bunu bizə arzulamırdılar.

 

Arabir göyə baxıram,

 

qara gecələrə,

 

dodalarımı lülələyib

 

ruhlar haqqında düşünürəm,

 

Notr-Damın tullanmağa

 

hazırlaşan qulyabanıları kimi.

 

 

 

Cib cənnəti

 

 

Əgər cənnət barədə danışıramsa,

 

demək, nənəm barədə danışıram,

 

məhz o mənə hər şeyi sirr saxlamağı

 

tövsiyə etmişdi,

 

demişdi ki, heç kimə heç danışma,

 

məndən başqa.

 

- Belə olsa onu sənin əlindən

 

heç kim ala bilməyəcək... - belə deyirdi o.

 

Əgər vaxtsa çox çətin olsa sənə,

 

həyatın o qayışbaldır nəsnəsini cibində hiss elə,

 

onun şam ağacının ətrinə bənzər qoxusunu

 

ciyərlərinə çək cib dəsmalından,

 

onun himnini burnunun altında mızıldan.

 

Əgər əsəbiliklər hər gün bir az daha artsa,

 

boş bir otaqda qapat özünü,

 

otel, küləş daxma, ya yataqxana - fərq etməz.

 

Lampanı axtar tap,

 

çıxarıb cibindən

 

sər masanın üstünə cənnətini:

 

qumu, yaşıl təpələri, təzə balığı.

 

Ümidin təzə-tər sübh işığı kimi

 

lampanı tut üzərinə,

 

yatana qədər diqqətlə bax ona.

 

 

Rocer Robinsonun

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.4.