İşıldaquş

 

Unutmağa çalışsa da bacarmırdı. Fikri-zikri ancaq Gülay idi. Tez-tez qızın zəng etməsi, şirin-şirin danışığı Cəlilin getdikcə qıza daha çox bağlanmasına səbəb olurdu. Həsrət Cəlilin içini göynətsə də yenə unutmaq haqda düşünürdü. Çünki qız zəngləri və telefon danışıqları ilə ümidverici işartılar yaratsa da "səni sevirəm" sözünü dilinə gətirmirdi. Gülayın bu cür hərəkətləri Cəlili bir fikrə gətirirdi: "Bu qız boş vaxtını keçirməyə adam axtarır". Elə ki, Cəlilin hissləri korşalmağa başlayanda Gülayın çalınan telefon zəngi sanki yenidən öləzimiş közərtinin alovlanmasına səbəb olurdu.

 

Gecə yarıdan keçibdir. Cəlil yenicə yatağına uzanmışdı. Yanındakı dolabın üstünə qoyduğu telefon səsləndi. "Allah eləyə Gülay ola" fikri ilə sevincək telefonu götürüb düyməni basdı. Ekranda Gülayın telefon nömrəsini görən kimi telefonu öpüb qulağına tutdu və zərif, incə, sehirli bir səs özü ilə birgə sanki dünyalarca sevinc bəxş etdi.

 

- Axşamınız xeyir. Cəlil, yatmışdınız?

 

- Yox, elə yenicə uzanmışdım.

 

- Bəs, nə yaxşı yatmamısınız?

 

- Sizin haqqınızda fikirləşirdim, Gülay.

 

- Gecə yarıdan keçibdi. Bu vaxtı mənim haqqımda nə fikirləşirdiniz? - deyən Gülayın gülüş səsi eşidildi.

 

- Heç bir şey. Onu fikirləşirdim ki, tale sizi hardan mənim yolumun üstünə çıxartdı. Yaxşı, mən sizin barənizdə fikirləşirdim, ona görə yatmamışam. Bəs siz nə üçün yatmamısınız? Yoxsa, siz də mənim barəmdə düşünürdünüz?

 

- Yox, yox! Nə danışırsınız? Sadəcə, yuxum gəlmirdi. Dedim zəng edim görüm necəsiniz?

 

- Gülay, başa düşə bilmirəm, nə üçün mənə qarşı olan hisslərinizi etiraf etməyi bacarmırsınız?

 

- Cəlil, sizdən xahiş edirəm bir də mənə, "etiraf etməyi bacarmırsan", deməyin. "Etiraf etməyi bacarmırsan" sözü mənim əsəblərimə toxunur. Çünki məni tanıyan hər bir adam məhz ilk öncə mənim bu xasiyyətimi bəyənir və qiymətləndirir. Doğrudan da məni tanımamısınız. Bir də ki, mən nə lazımdırsa hər şeyi etiraf etmişəm. Yenə deyirəm, sizin xətrinizi çox istəyirəm və sizə böyük hörmətim var.

 

- Sağ ol, Gülay, hörmətiniz artıq olsun. Xətrimi istədiyiniz üçün tez-tez zəng edib əhvalımı soruşursunuz. Qayğınıza görə sizə dərin təşəkkür edirəm, - deyən Cəlil səsindəki kinayəni gizlədə bilmədi.

 

- Nədi, xətrinizə dəyirsə bir daha zəng etmərəm. (Gülayın içindən bir qorxu keçdi: "İlahi, birdən deyər ki, bir daha mənə zəng etmə". Onda neynəyim?)

 

- Yox, tez-tez zəng edin. Üzünüzü görməsəm də, heç olmasa səsinizi eşidim.

 

- Yəni, elə gözələm ki, üzümü görmək üçün həsrət çəkirsiniz? - deyən Gülayın şirin gülüşü Cəlilin içində ağlagəlməz dəli bir həvəs, "Gülayı görmək, onun üzünə tökülmüş saçlarının ətrini iyləmək" - oyatdı.

 

- Gülay, gözəl olduğunuzu bilmək üçün, həmişə özünüzə Cəlilin gözü ilə baxın.

 

- Oldu, baş üstə!

 

- İndi bütün gecəni sizinlə "keçirəcəyəm". Bəs siz necə? - Cəlil soruşdu.

 

- Mən... (bir anlığa Gülay susdu. Sanki cavab verməyə çətinlik çəkirdi. Handan-hana dilləndi.) Heç bir şey, durub yatıram. Bağışla narahat etdim. Gecəniz xeyrə qalsın!

 

***

Yatağında aranı dağa, dağı arana daşıyan Cəlil nə vaxt yuxuya getdiyini bilmədi. Gördü ki, gözəl bir çəmənlikdə tənha bir ağacın altında dayanan Gülayın baxışları uzaqlara zillənibdi. Cəlil tez bir dəstə çiçək toplayıb Gülaya tərəf getməyə başladı. Gülayın yanına çatan Cəlil "Salam, necəsiniz? Burda niyə durmusunuz?" - dedi.

 

- Sağ olun, yaxşıyam. Sizi gözləyirəm, - deyən Gülay incik-incik cavab verdi.

 

- Bəs necə məni gözləyirsiniz ki, mənim xəbərim yoxdur?

 

- Cəlil, siz mənim hisslərimi başa düşmürsünüz. Bilmirsiniz ki, mən sizinlə nəfəs alıram? - Gülay üzünü yana çevirdi.

 

Cəlil yaxınlaşıb Gülayın boynunu qucaqlayıb başını sinəsinə sıxdı və xurmayı saçlarının ətrini sinəsinə çəkdi. Gülayın yanaqları ilə axan göz yaşlarını görən Cəlil tez cib dəsmalını çıxarıb onu sildi və qızın qara gözlərinə baxdı. Həmin qara gözlərin çiçəkləyən baxışlarında öz əksini görən Cəlil Gülayın dəli bir həsrətdən alışıb yanan nazik dodaqlarının alovunu öz dodaqları ilə söndürməyə başladı. Bir azdan Gülayın titrəyən nazik bədəni Cəlilən qolları arasında sevincdən aşıb-daşırdı.

 

- Gülay, dilin ilə "sevirəm" demirsən, amma gəlib burada məni gözləyirsən? Bunu necə başa düşək? - deyən Cəlil Gülayın köksünə sığınmış nazik çənəsini qaldıraraq nəmli qara gözlərindən öpdü.

 

Köksünü ötürən Gülay "Sən bilmirsən, qızlar öz sevgilərini dilə gətirmirlər. "Səni sevirəm" demək qadının alçalması deməkdir. Biz qızlar "səni sevirəm" sözünü hərəkətlərimizlə, baxışlarımızla deyirik. Mən dəfələrlə sənə "Sənsiz yaşaya bilmirəm" sözünü demişəm" - dedi və isti nəfəsi ilə Cəlilin boyun-boğazında gəzindi.

 

- Demək, sən həmişə mənim yolumu gözləyirsən, eləmi? - deyən Cəlil qızı daha da köksünə sıxdı.

 

- Bil və agah ol, mənim gözlərim həmişə sənin yollarına tikilidi. Sənsiz keçən hər dəqiqəm bir ilə bənzəyir, - deyən Gülayı Cəlil sevincək sinəsinə sıxdı. Qara gözlərindən öpmək istəyəndə baxdı ki, qolları arasında yorğandı. Bir xeyli gördüyü yuxunun təsiri altında qalan Cəlil özünə gəldi və divardan asılmış saata baxdı. Saat altıya işləyirdi. Bir azdan hava tam işıqlanacaqdır.

 

"Yox, düz deyir. Gülay mənim yolumu gözləyir. Yazıq qız, görür ki, başa düşmürəm, axırı yuxuma gəlib məni başa salır. Elə mən də tutmuşam ki, nə var, nə var, gərək dilinlə deyəsən ki, səni sevirəm. Telefon zəngləri ilə, söhbətləri ilə deyir də. Yox, gedirəm Gülayı çağırıb görüşəcəm. Günortaya yanındayam, Gülay!" - deyən Cəlil qalxıb paltarını geyindi.

***

"Mersedes" rahat yolla irəliləyir. Maşının radiosundan salona yayılan Məhəbbət Kazımovun məlahətli səsi Cəlili ətraf aləmdən təcrid eləyibdi. Yolun kənarında bir-birini əvəz edən küknar, şam, çinar ağacları, elektrik dirəkləri də səhərin təmiz havasında sanki sevincdən rəqs edir və Cəlilın sevincinə qoşulurlar. Yolun kənarında yol boyu göz işlətdikcə uzanıb gedən səhraya bənzər şoran torpaqlar elə bil ki, Cəlilin gözündə başdan-ayağa gül-çiçəyə bürünmüşdü. Birdən Cəlilin gözü yol kənarında yüksək gərginlikli elektrik dirəyinin başında qurulmuş yuvada dayanmış iki leyləyə sataşdı. Leyləyin biri uzun dimdiyi ilə o birisinin boyun-boğazını sığallayır, aradan bir az keçmiş sığallanan leylək sanki bu nəvazişdən xoşallandığını bildirmək məqsədi ilə dimdiyi ilə öz həmcinsini "sığallamağa" başlayır. Bu mənzərəni seyr edən Cəlilin gözünün önünə Gülay gəldi.

 

"Uzaqda görünən Gülay incə, zərif qollarını açaraq gülə-gülə "Gəl, Cəlil, tez gəl. Yaman sənsizləmişəm. Həsrətinə dözə bilmirəm. Tez gəl, səni qucaqlayıb köksümə sıxım. Heç bilirsən qollarım, köksüm, dodaqlarım sənin həsrətindən ilan kimi qıvrılır. Həsrətini çəkdiyin xurmayı saçlarım əllərinin sığalından süzülən məhəbbətin təması üçün göyüm-göyüm göynəyir. Sənsiz öldüm axı, ay insafsız, tez gəl..."

 

Maşın irəlilədikcə Gülay daha da uzaqlaşır. Maşın artıq dənizin kənarı ilə irəliləyir. Mavi suların üzəri ilə addımlayan, əl eyləyən Gülay: "Bax, Cəlil, mən Su pərisiyəm. Sən də gəl yanıma!

 

- Sən nə vaxtdan Su pərisi oldun? Bəs mən sənə necə qovuşacağam? - Cəlil məyus-məyus dilləndi.

 

- Qorxma, bizim məhəbbətimiz ilahi məhəbbət olduğu üçün Tanrı məni Su pərisinə - yarı balıq, yarı insan cildinə saldı. Səni də bu formaya salacaq. Ondan sonra biz qovuşacağıq. Bizim eşqimiz də özümüz kimi təmiz olduğuna görə, Yaradan insanlar arasında yaşamağı məsləhət bilmədi.

 

Bütün çirkabları təmizləyən bu mavi dənizin qoynunu bizə doğma məkan seçdi. Ona görə Tanrıya çox şükürlər olsun. Gəl, gəl bu mavi suların qoynunda məhəbbətimizin mavi dünyasında qovuşaq, əzizim".

 

Maşının qəflətən dənizin kənarından şəhərə tərəf yola burulması Cəlili özünə qaytardı.

 

Bir azdan maşından düşən Cəlil saata baxdı. Günortaya az qalırdı. Ürəyi köksünə sığmırdı.

 

"Gülayla bir şəhərdəyəm. Necə də Gülayın nəfəsini hiss edirəm. Burnuma Gülayın saçlarının qoxusu gəlir. Bir azdan ətri burnuma gələn saçların özünü sığallayıb öpəcəm".

 

Xoşbəxt anları xəyalında canlandıran Cəlil telefonu çıxardıb Gülayın nömrəsini yığdı.

 

- Alo, Gülay, salam, necəsən?

 

- Çox sağ ol, Cəlil. Yaxşıyam.

 

- Gülay şəhərdəyəm. Gəldiyim bir az olar. Vaxtınız varsa, beş-on dəqiqəlik görüşək? - deyən Cəlil, sanki telefondan gələn cavabdan asılı idi.

 

- Cəlil, gələ bilməyəcəyəm. Həm qonağım var, həm də rəfiqəmgilə gedəcəyəm.

 

Bir anlığa nə deyəcəyini bilməyən Cəlilə elə gəldi ki, binalar uçub üstünə töküldü, parkdakı ağaclar böyrü üstə yıxıldı. Birtəhər özünü ələ alan Cəlil dedi:

 

- Gülay, bəs yaxşı, bu qədər yolu sizinlə görüşmək üçün gəlmişəm. Yəni olmaz beş-on dəqiqəliyə gələsiniz, sizi görəm, sonra qayıdam? Səsindəki əsəb qarışıq kövrəkliyi gizlədə bilməyən Cəlil, ümidini itirməyərək yenidən telefona diqqət kəsildi.

 

- Cəlil, mən sizə deməmişdim ki, gəlin. Gələ bilməyəcəyəm, qonağım var, həm də rəfiqəmlə görüşməliyəm. İncimə, - deyən Gülay telefonu söndürdü.

 

Cəlilin gözündə sanki Günəş söndü, ətrafa zülmət bir qaranlıq çökdü. Bu zülmət qaranlıqda çox uzaqdan güclə seziləcək bir işartı göründü. Getdikcə o işartı da söndü. Son ümidin işartısı olan həmin işıq da sönəndən sonra Cəlil zülmət qaranlıqdan çıxış yolu axtarmağa başladı. Özünə gələndə dənizin kənarında məhəccərə söykənmiş vəziyyətdə baxışları dənizin üfüqlə birləşən xəttinə dikilmişdi.

 

Birdən mavi sulardan Gülay Su pərisi şəklində göründü və Cəlilə əl etməyə başladı. Su pərisinin çağırışı zamanı hardansa uzaqdan Cəlilin qulağına bir səs gəldi: "Gəl, Cəlil, gəl! Gözləyirəm səni. Tez gəl. Dənizin qoynu təmizdi. Bizim məhəbbətimiz kimi. Biz ancaq burada xoşbəxt ola bilərik. Gözləyirəm. Söz verirsənmi?" - deyən Su pərisi uzaqdan gələn mavi dalğaların qoynunda yoxa çıxdı.

 

Bu zaman uzaqdan gələn dalğalar bir-birini qova-qova sahilə doğru yan aldıqları bir vaxtda məhəccərdən tutub dənizə tullanmaq istəyən Cəlilin üzünə çırpılan damlalar özü ilə birlikdə yeni bir həyat gətirdi. Özünə gələn Cəlil məhəccərdən aralanıb yaxında qoyulmuş oturacaqda əyləşdi və baxışları dənizə baş vuran qağayılara ilişdi. "Sən ağlama dəniz, mən ağlayaram. Bu dərd öz dərdimdi, özüm də çəkməliyəm. Sağ ol dəniz, məni ikinci dəfə dünyaya sən gətirdin. Bundan sonrakı həyatımı sənə borcluyam. Gülay məni ölümə, dəniz, sən isə həyata səsləyirsən" - fikirlərini qəlbindən keçirən Cəlil ayağa qalxdı və sahil boyu uzanıb gedən gözəlliyi bir anlığa nəzərdən keçirtdi və yavaş-yavaş yola düzəldi. Düşdüyü vəziyyəti saf-çürük etməyə başladı. Hardansa uşaq vaxtları yay fəslinin zülmət gecələrində işıldaquş adlandırdıqları böcəkləri tutmaq üçün dəridən-qabıqdan çıxdığı yadına düşdü.

 

Uşaqların işıldaquş adlandırdıqları həşəratların bir növü olan həmin böcəklər zülmət qaranlıqda uçmağa başlayanda işıldayırdılar. Həmin böcəklərin işıltıları qaranlıq gecədə maraqlı bir görüntü yaradırdı. Uşaqlar böcəklər uçarkən yaranan işıltıya doğru yüyürürdülər ki, işıldaquşu tutsunlar. Böcəklər isə qaranlıqda uçuşunu dayandırıb otluğun arasında gizlənən kimi işıq da "sönür"dü.

 

Beləcə o tərəf-bu tərəfə yüyürüb əldən-dildən düşən uşaqlar axırda bezib işıldaquş tutmaq fikrindən əl çəkirdilər.

***

"Mersedes" yolu əlinə aldı. Baxışları yolun kənarında olan ağaclara dikilən Cəlilə elə gəldi ki, ağaclar özünü günahkar hesab etdikləri üçün başlarını aşağı əymişdilər.

 

Telefonun səsi Cəlili özünə qaytardı və düyməni basdı. İsmarıc gəlmişdi. Cəlil ismarıcı ekrana gətirdi.

 

Gülay yazırdı:

 

"Çox zaman səssizliyə çəkilib zövqlə izlədiyim mənzərə dəmiryol vağzalındakı relslərdir. Gözümü çəkmədən qoşa uzanan relslərə baxdıqca içimdən qəribə hisslər keçir. Yəqin ki, dəmir relslərin beləcə haradasa kəsişib qovuşduğu yerlər vardır... İnsan sevgisindən fərqli olaraq".

 

İsmarıcı təkrar oxuyan Cəlil dodaqlarında istehzalı bir təbəssümlə "Yox, mənim işıldaquşum, daha sənin cəzbedici soyuq işığına doğru uçduğum yetər!" - deyərək telefonu söndürüb cibinə qoydu.

 

 19.06.2016

 

Fazil Sənan

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 31.