Üç gün cənnətdə

 

Turqay məktəb direktorunun qapısını açdı. Direktor başını qarşısındakı kağızlardan ayırmadan;

 

- Hə, yenə nə sözün var? - soruşdu.

 

- Gəldim məlumat verəm ki, mən müharibəyə gedirəm.

 

Turqay əlindəki çağırış vərəqini və direktorun adına yazdığı ərizəni onun qarşısına qoydu.

 

- Könüllü gedisən?

 

- Bəli. Bu, hər bir azərbaycanlı kişisinin borcudu.

 

- Nə deyirəm, get, sağ-salamat qayıt uşaqlarının yanına.

 

Lakin direktorun gözlərində sevinc qığılcımları göründü. Müdir kinli adam idi. Və Turqayla bağlı olayları unuda bilmirdi.

 

- Sağ olun.

 

Turqay onun əlindən çağırış vərəqini aldı və qapıdan çıxdı.

 

Keçən il pandemiyadan qabaq keçirilmiş pedaqoji şuranı yadına saldı. Cismi bir anlıq uçundu. Düşündü ki, həmin günü yaddaşından silmək istəyərdi. Ancaq silə bilmədi.

 

Turqay məktəbin rus bölməsində tarix müəllimi idi. Mövzu Orta əsr tarixini əhatə edirdi. O dövr Rusiyaya yurüşlər edən polovetslər, peçeneqlər, xəzərlər haqqında xoşagəlməz sözlər yazılmışdı dərslikdə. Şagirdlər mahiyyətinə varmayaraq dərsi əzbərləyib söyləyirdilər. Hələ üstəlik, divar qəzetində peçeneqlərin, polovetslərin, xəzərlərin karikaturalarını çəkmişdilər. Onda Turqay bu qəzeti cırmış, dərs zamanı uşaqlara anlatmışdır ki, adları çəkilən bu "mənfi" xalqlar bizim əcdadlarımızdı. Dərslik büsbütün yanlışlığa yol verir. Bu dərs vəsaitində adları "düşmən" kimi təqdim olunan xalqlar qədim türklərdi. Yeni divar qəzeti hazırlayın... Hələ paytaxtımız Bakının tarixi də, adi da təhrif olunur. Bakının tarixi bizim eradan qabaqdır, şəhərin qədim adı da Nefatadı.

 

Sonra sinif rəhbəri, dərs hissə müdiri və direktor işə qarışdı. Təcili pedaqoji şura çağırıldı. İclas müəllimlər otağında deyil, zalda keçirildi.

 

Bu iclasda məktəbin 200-ə yaxın müəllimi iştirak edirdi. Gündəlikdə bir məsələ dururdu; Turqay müəllimin bu məktəbdə qalıb dərs deməsi, ya da işdən çıxarılması. Məsələ şəhər təhsil idarəsi ilə razılaşdırılmışdı.

 

- Turqay müəllim bizim təhsil sistemimizə, hörmətli nazirimizə qarşı çıxış edir. Bu, yolverilməzdi! Uşaqlara öyrədir ki, paytaxtımızın qədim adı Nefata olub. Soruşan gərək, ay Turqay müəllim, sən bizim eradan qabaq yaşamışdın? Sən Bakının Nefata olduğu dövrü görmüşdün? - Direktor alnının tərini sildi.

 

Bakını Orta əsrlərə aid edən "alimlərimiz" Orta əsrlərdə yaşamışdılar? - Turqay replika atdı. O fikirləşdi ki, özlərini tarixçi adlandıran kəslər heç olmasa qədim mənbələri oxuya bilməsələr də heç olmasa XIX əsrdə yaşamış Karamzini, XX əsrdə yaşamış və yaşayan Lev Qumilyovu, Sara Aşurbəylini, Ziya Bünyadovu, Firdovsiyyə Əhmədovanı, Nəsiman Yaqublunu oxuyardılar kaş.

 

- Nə deyirsiniz, biz bu vəziyyətlə barışmalıyıq? Direktorun səsi Turqayı fikrindən ayırdı.

 

Müəllimlər susurdu. Hər kəs gələcək dərs yükünü, dolanışığını düşünürdü.

 

- Mən hesab edirəm ki, Turqay müəllim şəhərimizin çox savadlı müəllimlərindən biridi. O nə deyir, doğru deyir. Əslində, təhsildə və dərsliklərdə islahat aparılmalıdı - bu səs Gülarə Paşazadənin səsi idi. Turqayın sanki qanı dondu damarlarında. Gülarə müəllimə məktəbin cavan ədəbiyyat müəllimi idi. Həftədə cəmi iki dəfə dərsi olurdu. Həmin günləri Turqay bir möcüzə kimi gözləyirdi. Məhz Gülarəyə görə o, hətta dissertasiya müdafiə edəndən sonra da dəvət olunduğu universitetə işə getmədi. Hərçənd evdə arvadı israr edirdi ki, nadan direktoru olan məktəbdən çıxsın, alimlər içində elmi fəaliyyətini davam etdirsin. Turqayın car skifləri haqqında yazdığı işi elmi dairələrdə geniş müzakirə olunurdu...

 

Müəllimlərin səsi, qışqırığı zalı başına götürmüşdü. Arabir şagirdlər qapını açıb burada baş verənlərdən hali olmaq istəyirdilər.

 

Tək-tək müəllimlər Turqayı müdafiə etməyə cəhd etdi, Gülarənin sözlərinə haqq qazandırdılar. Turqay heç kəsi eşitmirdi. O, sadəcə buradan çıxıb getmək istədi. Turqay heç kəsə baxmadan qapını açıb zaldan çıxdı. Arxasınca deyilən - belə saymamazlıq olar? sözlərini eşitdi. Turqay öz köhnə "mersedes"ini məktəbdən xeyli uzaq olan kababxanaya sürdü. Burada o, Gülarənin müstəntiq ərini məşhur aktrisa ilə kupedən çıxan gördü. Deyirdilər bu aktrisa müstəntiqin cavanlıq sevgisi olub, indi də ayrılmazdılar. Ya Gəncədə, ya Bakıda görüşürdülər. Turqay eşitmişdi ki, müstəndiq  iki kasıb uşağı öz hesabına ali məktəbdə oxudur, onların təhsil haqqını ödəyir ki, yarı yolda qalmasınlar. Müstəntiq Turqaya salam verib aktrisanı qabağa ötürdü.

 

"Görəsən, ərinin bu eşq macərasını Gülarə bilir?" - ani keçirdi beynindən Turqay. Müstəntiq maşının qapısını açıb, aktrisanı yanında əyləşdirdi.

 

Sonra Turqay uzaqlaşan maşının səsini eşitdi.

 

Turqay bir az yemək, bir də araq sifariş elədi, evə getmək istəmirdi. Arvadı Gülsüm hələ işdə - xəstəxanada idi. Bu gün o, növbətçi həkim idi və evə gec gələcəkdi. Uşaqları dərsdən sonra nənələrigildə olacaqdılar. Həmişə Gülsüm növbətçi olanda, oğlu da, qızı da məktəbin yaxınlığında yaşayan nənələrigilə gedirdilər. Turqayın qayınanası da, qayınatası da Gəncənin tanınmış həkimlərindən idilər.

 

Kababxanadan sonra Xan bağına yollandı.

 

Turqay evə dönəndə artıq şər qarışmışdı. Ev sükuta qərq olmuşdu. Turqay yorğun adamlar kimi divana çökdü. Özü də hiss etmədən yuxuya getdi. Yuxusunda o çoxdan dünyalarını dəyişmiş ata-anasını gördü;

 

- Can bala, yenəmi sənə məhkəmə qurdular?

 

- Eybi yoxdu, keçib-gedər. Əsl kişinin başı qalda gərək, - bunu atası dedi.

 

Açılan qapının səsi Turqayı yuxudan oyatdı. Gülsum uşaqlarla evə dönmüşdü.

 

- Bə sən mənə Adidas krossovkası almadın? - oğlu soruşdu.

 

- Bu gün vaxtım olmadı. Yaxın vaxtarda mütləq alacam.

 

Qızı onu qucaqladı, öpdü - məndə krossovka istəyirəm!

 

- İkinizə də alacam.

 

- Kefin niyə yoxdu? - soruşdu Gülsüm.

 

Gülsüm uşaqlardan fərqli olaraq heç vaxt heç nə istəmirdi. Elə bir qıymırdı Turqaya.

 

Gülsüm otağında paltarını dəyişdi, mətbəxə keçib çay qoydu, yeməyi isitdi. Növbətçi olanda həmişə naharı axşamdan hazır edirdi.

 

O, Turqayın içkili olduğunu dərhal duydu. Ancaq ondan heç nə soruşmadı. Turqay gözünə çox bikef dəydi. Düşündü ki, həmişə ağıllı, dünyanı dərk edən insanlar üçün yaşamaq çətin olur.

 

Hamıya "bəli", "baş üstə" deyən adamlara yaşamaq asandır. Nə yaxşı ki, Turqay bu cür yaşamaqdan imtina etməyi bacardı.

 

- Turqay, uşaqlar, əllərinizi yuyun nahar hazırdır.

 

- Mən ac deyiləm. Siz nahar edin, mən maşına benzin doldurub qayıdıram. Bu məqam Turqay Gülsümün sual dolu baxışlarıyla qarşılaşdı. Ancaq dərhal üzünü çevirib qapıdan çıxdı. Maşını elə balaca həyətlərinin darvazasının yanında saxlamışdı. Benzin doldurmaq fikrindən vaz keçdi. Sabah işə gedəndə dolduraram, düşündü. Turqay yol alıb üzü aşağı küçəylə getməyə başladı. O qədər getdi ki, axırda məktəbin yaxınlığında yaşayan Gülarəgilin evinin yanına gəldi. İstədi təsadüfən onu görsün, ya da heç olmasa uzaqdan onun səsini eşitsin. Ancaq Turqay nə onu gördü, nə də səsini eşitdi.

 

Gecə gördüyü yuxunu yadına saldı. Yuxuda Turqay üstünə qar yağmış al-qırmızı güllər gördü. O bu gülləri qarın üstündə ayaqyalın dayanmış Gülarəyə verir. Qara bürünmüş gülləri Gülarə açıq sinəsinə sıxır. O, gülləri qoxulayır. Turqay Gülarənin saçlarının ətrini ciyərlərinə çəkir. Ayaqlarının altındakı qar pəmbə buludlara dönür. "Biz nə gec rastlaşdıq"... Güllər onların ayaqlarına düşdü.

 

Turqay Gülarəni özünə sıxdı. "Biz nə gec rast gəldik bir-birimizə". Onu bu ilahi yuxudan uşaqların səsi oyatdı. Onlar məktəbə hazırlaşırdılar.

 

"Əgər gerçəkdə heç olmasa bir gün belə olsaydı, mən ömrümün qalan hissəsindən imtina edərdim".

 

Telefon zəng çaldı. Dostu Valeh müəllim idi.

 

- Bilirsən, sənə heç töhmət də verilmədi. Şifahi xəbərdarlıqla kifayətlənməli oldular. Direktor da, təhsil idarəsinin nümayəndəsi də suyu süzülmüş çıxdılar iclasdan.

 

- Sağ ol, qardaş.

 

 

 

***

 

Turqay evə döndü. Gülsüm heç nə soruşmadan ona təzə qəhvə dəmlədi. Yeni bişirdiyi qozlu piroqu dilimləyib masanın üstünə qoydu. O biri otaqda uşaqlar dərslərini hazırlayırdı. Turqay pəncərə şüşəsinə yapışan sarı tut yarpağına baxdı. Tut ağacı düz onların pəncərəsinin qabağında bitirdi. Yayda onun ətrafı çox səsli-küylü olurdu. İndi sakitlikdi. Tənha sarı yarpaq aynaya yapışıb qalıb. Yəqin, külək onu da aparar. Zaman küləyi bizi də aparacaq. Qışda pandemiya başladı. Uşaqlar onlayn dərslər keçirdilər. Hərdən müəllimlər yeni təlimat almaq üçün məktəbə çağırılırdı. Onda hər kəs maska taxıb, əllərini spirtləyib işə gəlirdi. Sonra yenə onlayn dərslərinə başlanılırdı. Turqay məktəbdə Gülarəni gördü. "Allahım, mənə güc ver onu unudum". Hər dəfə Turqay Gülarəni görəndə mənən çarmıxa çəkilirdi elə bil. "Məni bu əzabdan xilas elə, Allahım". Hərdən yuxusu ərşə çəkiləndə, bütün cisminin ağrımasını istəyirdi ki, ruhu, qəlbi ağrımasın. Həm də istəmirdi ki, Gülsüm onun içindəki vəlvələni duysun. Onu əsla incitmək istəməzdi Turqay. Son vaxtlar Gülsümün pandemiyaya görə işi artmışdı. O, evə çox yorğun gəlirdi. Xəstəxanada ölüm hadisəsi olanda, evdə heç yemək də yemirdi. Çox vaxt onlar üçün naharı artıq təqaüddə olan qayınanası hazırlayırdı.

 

Hərdən ağır xəstə olanda Gülsümü gecə, ya səhərə yaxın çağırırdılar xəstəxanaya. Həmişə Turqay aparırdı onu ora.

 

- Mən sənə yaman zəhmət verirəm - deyirdi Gülsüm.

 

- Heç bir zəhməti yoxdu. Borcumdu.

 

Bir dəfə də əriylə birgə avtomobil qəzasına düşmüş cavan qadın gətirmişdilər xəstəxanaya. O, çox qan itirmişdi. Qan qrupu mənfi iki idi, eynən Gülsümünki kimi. O, təcili tibb bacısını çağırdı - mənimlə eyni qrupdandı. Qan bankında bu qrup qan tükənmişdi. Gülsüm çarpayıya uzandı. Tibb bacısı onun qanını xəstə qadına köçürtdü. Qadın zorla dili topuq çala-çala ərinin vəziyyətini soruşdu: - O reanimasiyadadır. Yaxşı olar, inşaallah. Hadisə ilə bağlı polis işçiləri artıq baş həkimin yanındaydılar. Onların arasında müstəntiq Paşazadə də varıydı. Turqay onu görməmək üçün üzünü yana çevirdi. Cərrah xəstənin yanına gələndə Gülsüm palatadan çıxdı. Maşına əyləşəndə onun başı gicəlləndi.

 

 

 

***

 

Turqay evə gələndə Gülsüm artıq yemək hazırlayırdı. Onun rəngi avazımışdı. Gecə, demək olar ki, heç yatmamışdı. Yatağına sanki qor dolmuşdu. Hiss edirdi ki, Turqay da yatmır. Güsüm bilirdi ki, Turqay müharibə başlayandan özündə deyil. Artıq on gün idi ki, evlərində gərginlik yaşanırdı. Gülsümün əlacı olsaydı, Turqaya gələn ağrı-acıları öz ürəyinə götürərdi. Lakin hər kəsin ancaq ona məxsus olan dərd-səri var. Dərd ürəkdən ürəyə köçmür.

 

İclasdan sonra Gülarə oğlu Nihadı məktəbdən götürüb atasıgilə getdi. Qabaqcadan ərinə zəng etdi, ancaq o telefonu açmadı. Gülarə ona sms göndərdi - atamgilə getdik. Ata evində özünü rahat hiss edirdi, sanki yenidən gəncləşirdi. Qardaşı Murad da ayrı evi olmasına baxmayaraq, atasıgilnən olurdu. Muradın 2 oğlu var idi. Biz həmişə valideynlərimizin yanında yaşayacağıq, - deyirdi Murad. Bu ev həmişə qonaqlı-qaralı idi.

 

Atası işdə idi. Anası xəngəl bişirirdi. Qardaşı Murad Gəncə şərab zavodunda təchizat şöbəsinin müdiri idi. Həmişə Gülarəyə qarşı diqqətli, həssas idi.

 

- Son vaxtlar gözümə birtəhər dəyirsən. Problem-zad yoxdur ki? Xətrinə dəyən yoxdur ki? Qardaşı sual yağışına tutdu Gülarəni.

 

- Yox, heç kim xətrimə dəyməyib, - Gülarə onu qucaqladı.

 

- Sənin xətrinə dəyəni mən məhv edərəm.

 

Murad nahar edib, işə getməyə hazırlaşdı.

 

- Bax, mənsiz getmə, yaxşımı? Özüm gəlib aparacam.

 

- Evim yaxınlıqdadır axı, qadan alım.

 

- Dedim gözlə, - Murad qapıdan çıxdı.

 

Gülarə nahardan sonra uşaqlarla viktorina oynadı. Anasına Muradın yoldaşı birgə yer-yığış etməyə kömək elədi. Axşam atası işdən gələndə, onunla söhbət elədi gəlmişdən-getmişdən. Gülarə özünü bu doğma ocaqda çox rahat hiss edirdi. Atası özəl şirkətlərin birində mühəndis işləyirdi, ancaq ədəbiyyata, sənətə böyük maraq göstərirdi. Gülarədən oxumaq üçün bir dəyərli kitab istədi. Axşam işdən qayıdan Murad onu evə apardı. Gülarə evlərinə çatanda Turqayın onların küçələrindən keçdiyini gördü.

 

- Görən o buralarda nə edir? Ürəyi əsdi.

 

Gülarə qapını açanda ərindən sms gəldi.-Mən bu gün növbətçiyəm, qapını bağla, arxayin yatın.

 

Ancaq gecəyarı Gülarə oyandı, biixtiyar yanına baxdı. Ərinin çarpayısı yenə boş idi. Son vaxtlar o, nədənsə, tez-tez növbətçi olurdu, evə gəlmirdi. Gülarə ərinin eşq macərasını bilirdi, lakin heç vaxt bunu üzünə vurmurdu. Gülarə yatağından qalxdı, qazı yandırıb gəhvə bişirdi. Nihad öz çarpayısında rahatça yatırdı. Hərdən gülümsəyirdi. Yəqin, yaxşı yuxu görürdü.

 

- Allahım, özün balamı saxla! Özün qardaşımı, onun balalarını, valideynlərimi saxla! Özün balamı atasız qoyma. Allahım, özün məni qəlbimdəki bu məşəqqətən qurtar. Razı olma ki, mən yolumu azım, bir adım iki olsun!.

 

Ona elə gəldi ki, Böyük Yaradan onun yalvarışlarını eşidəcək! Mütləq eşidəcək! Gülarə qəhvə içəndən sonra yuxu dərmanı atıb, oğlunun yanındakı divana uzanıb yuxuya getdi. Yuxuda o, yenə Turqayı gördü. Ucu-bucağı görünməyən səhrada yanaşı bir-birinə toxunmadan gedirdilər. Ətrafda bir inni-cinni yox idi. Hardansa əsən külək onların üstünə çiçək yağışı tökdü. Sonra tufan qopdu. Səhranın qumunu onların üzərinə yağdırdı. Bu qiyamətdə Gülarə qardaşını gördü. O, Gülarəyə tərəf qaçırdı. Turqay görünməz oldu. Hardansa əri peyda oldu. Əri qucağında Nihad Gülarəyə tərəf gəlirdi.

 

- Ana, ana! - Nihadın səsini eşitdi Gülarə.

 

- Noldu, qurban olum.

 

- Mən qorxulu yuxu gördüm. Gülarə onu qucaqlayıb öpdu.

 

- Yadından çıxart yuxunu, artıq durmaq vaxtıdı. Məktəbə hazırlaş.

 

Bu gün Gülarənin dərsi yox idi.

 

O, yadına saldı ki, keçən il dekretə çıxan bir müəllimənin yerinə bu məktəbə işə düzələndən sonra tədris ocağında Novruz şənliyi keçirildi. Zalda bütün masalara şirniyyat düzülmüşdü; paxlava, şəkərbura, nazik və s. Musiqiçilər dəvət olunmuşdu. Çıxışlar bir-birini əvəz edirdi. Birdən "Misri" havası çalındı və nağılvari gözəl kişi rəqs etməyə başladı. O çox gözəl oynayırdı. Gülarənin yanındakı müəllimə - Turqay müəllimdir, - dedi.

 

Turqay Gülarənin qabağında rəqs etdi. Gülarənin ayağından, sanki buxov asılmışdı. O, ayağa durmadı. "İxtiyarım yox yad kişiylə rəqs etməyə. Mən ərli qadınam" düşündü o. Gülarə başını aşağı saldı. Turqay uzaqlaşdı.

 

 

 

***

 

Turqay gecə çarpayısından qalxdı, həyətə düşdü. Telefonla kimləsə danışdı sonra otağa döndü. Sabah səhər dostu Valeh müəllim gələcəkdi onu hərbi komissarlığa səfərbərlik məntəqəsinə aparmağa - oradan avtobuslarla - savaş meydanına.

 

Hələ işıqlaşmamışdı. Gülsüm qalxıb çay qoydu, masanın üstünə təmiz süfrə saldı. Evdə olan bütün nemətlərdən masaya düzdü. Sanki bayram süfrəsi açdı. Uşaqları oyatdı. Onlar da yuyunub masa arxasına keçdilər. Qızı ağlayırdı.

 

- Ağlama balaca, kişilər muharibəyə getməlidilər. Sənin də, qardaşının da savaş meydanı təhsildi. Əgər siz yaxşı oxusanız atana da, anana da böyük sevinc bağışlamış olarsız. Ata sizə nə öyrətmişdi.

 

- Qarabağ Azərbaycandır; bir səslə dedilər uşaqlar.

 

Bir azdan Valeh müəllimin maşınınıın siqnalı eşidildi. Turqay Gülsümü də, uşaqları da qucaqlayıb evdən çıxdı. Turqay arxaya çevrilsəydi, Gülsümün ağladığını görərdi.

 

- Valeh, maşını məktəbimizin yanına sür, orda bir balaca işim var.

 

- Oldu.

 

Maşın məktəbə çatmamış Turqay maşını saxlatdı. O istəmirdi Valeh Gülarəni görsün. Turqay cəld maşından düşdü. Yeyin addımlarla məktəbə sarı getdi. Gülarə onu gözləyirdi. Qəlbində yenə çaxnaşma oldu. Əlləri buza döndü.

 

- Salam. Mən indi müharibəyə gedirəm. Gəldim sənə deyim ki, şəhid olmağa gedirəm. Ona görə ürəyimdəkiləri demək istəyirəm...

 

Mən səni burdan göyə qədər çox istəyirəm. Biz bir-birimizə gec rast gəldik. Ancaq xoşbəxtəm ki, ruhumda, ömrümdə sən varsan.

 

- Bu hisslər qarşılıqlıdır. Mən xoşbəxt, əri tərəfindən sevilən qadın deyiləm - Gülarənin dodaqları səyridi. Fəqət mən min mənəvi işgəncəyə qatılıb balamı böyüdürəm. Mən səni görməmək üçün müəllimlər otağına da getmirəm. Səni görmək mənim üçün məşəqqətdir. Görməmək də zülmdür. Bizə Allahın yazığı gəlmədi. Biz taleyimizlə barışmaliyıq. Sən məni başa düş, qurbanın olum. Maşın siqnal verdi. Tək-tük üzləri maskalı müəllimlər məktəbə gəlirdi.

 

- Sağ ol, Gülarə.

 

"Sənə dəyəcək güllə mənə dəysin" Ürəyindən keçirtdi Gülarə.

 

"Əlacım olsaydı səni dünyanın ən xoşbəxt qadını edərdim" düşündü Turqay. Lakin o hələ bilmirdi ki, cəmi on gündən sonra yəni oktyabrın 17-də ermənilər Gəncəyə ballistik raket atacaq, bir çox evlər, o cümlədən Gülarənin yaşadığı ev də dağılacaq. Ertəsi gün dağıntılar altından Gülarənin meyiti çıxarılacaq. Onun tək balası Nihad dağıntılar altından çıxarılacaq, lakin uşaq salamat qalacaq. Onun aldığı xəsarət ağır olmayacaq. O gecə müstəntiq Paşazadə evdə gecələməmişdi.

 

Bu xəbəri Füzuli savaşında eşidən Turqay üzünü göyə tutub ağlamaq istədi. Ancaq ağlaya bilmirdi. Onun sinəsindən qırıq-qırıq hıçqırıqlar çıxırdı.

 

- İrəli, hücum!

 

Turqay özünü irəli atdı. Atəş səsləri dağlarda əks-səda verirdi. Turqay sanki qan gölündə irəliləyirdi. Ətrafı seyrəlirdi.Yer qana boyanırdı. Meyitlər elə bil torpağa sarınırdılar ki, düşmənə isbat etsinlər, bu torpaq bizimdi. Füzuli uğrunda gedən döyüşdə Turqay ayağından yaralandı. Köynəyinin ətəyini cibindəki bıçaqla kəsib, yaranı bağladı.

 

- İrəli, hücum!! Turqay təkrar etdi: - İrəli, hücum!!! Səsi nərəyə döndü. Onun gözlərini elə bir qan örtmüşdü. Düşmənlə aralarında az məsafə var idi. Avtomatının boşalmış darağını dəyişdi. Xeyli atışmadan sonra səssizlik çökdü. Turqay sinəsinə bağladığı üçrəngli bayrağımızı yüksəkliyə sancdı.

 

Artıq dan yeri sökülürdü. Növbəti döyüş Zəngilan, Qubadlı və Şuşada olacaq. Komandir iki əsgəri aralıqda dayanan yük maşınına sarı yolladı. Əsgərlər qutularda xeyli quru ərzaq, siqaret gətirdilər.

 

- Gəncədən müstəntiq Paşazadənin sovqatıdır. Gəncə bombardman olmamışdan göndərib. Bizə indi çatdırdılar - döyüşlər aman vermirdi, söylədi komandir.

 

Turqayın çəkmələrinə qan dolmuşdu. Yaralı ayağı şişdiyindən şalvarı dar gəlirdi. O, bıçağı ilə şalvarını kəsdi. Döyüçülərdən biri flyaşkada saxladığı spirti onun yarasının üstünə tökdü. Turqayın dili də elə bil tutulmuşdu. İndi sakitlik çökəndən  ətrafında dünən danışan, bu gün artıq gəncliklərini, ömürlərini itirmiş savaş dostlarını gördü. Bombalanan evin dağıntıları altında həlak olan Gülarəni gözlərinin qabağına gətirdi. Turqay şəhid olmuş döyüşçü yoldaşları kimi üzü üstə qan hopmuş torpağa yıxıldı və indi hönkür-hönkür ağlamağa başladı.

 

- Qabaqda bizim hələ çox döyüşlərimiz var, hələ çox torpaqları azad etməliyik. Şuşa savaşı bizi gözləyir - komandirin səsini eşitdi Turqay.

 

Sanitar maşınları meyitləri yığmağa başladı. Yaralılar üçün başqa maşın ayrılmışdı. Turqay imtina etdi getməkdən. Tibb işçiləri onun yarasını təmizləyib məlhəm qoydular, döyüş meydanından yaralıları və ölənləri götürüb getdilər. Hər iki tərəfdən xeyli yaralanan, ölən vardı.

 

Bir qədər fasilədən sonra yenidən əmr gəldi - irəli, hücum! Ölənlərin, yaralıların yerinə ehtiyatdan yeni döyüşçülər, türk əsgərləri gəlirdi. Onlar bu savaşda misilsiz şücaət göstərirdilər. Beləliklə daha bir neçə bölgədə üçrəngli bayrağımız dalğalandı. İndi hədəf Şuşa idi.

 

Artıq 7 noyabr idi. Turqaygilin dəstəsi əmr almışdır ki, düşmən üzərinə hücuma Qırmızı Bazardan keçiləcək. Ancaq hücum vaxtına az qalmış əmr dəyişdi - hücuma meşədən keçəcəklər. Keçdilər də. Dağlarda əlbəyaxa savaş başlandı. Turqay öz bıçağı ilə neçə düşməni məhv etdi. Sonra bıçaqla onu da vurdular. Onun gözlərinə qaranlıq çökdü, yıxıldı. Bütün cismini bürüyən ağrı onu tərk etdi. Zülmət qaranlıqda Turqay birdən özünü buludların içində hiss etdi. Buludlar arasında o, atasını, anasını, şəhid dostlarını gördü. Hamısı ona qüssə dolu nəzərlə baxırdı. Sonra bəyaz bulutların rəngi dəyişdi - buludlar pəmbə rəngə çevrildilər. Turqay sərrast addımlarla buludların arasından keçməyə başladı. Getdikcə o, özünü ilahi gözəllik əhatəsində görürdü. Hər yan yaşıl ormanlar, qeyri-adi güllər, çiçəklər, şəlalələr, cürbəcür meyvə ağaclarına bürünmüşdü. Turqay gəzdikcə heyrətini gizlədə bilmirdi. Ancaq dumduru suyu olan çayı görəndə anladı ki, cənnətə düşüb. Çayın qırağında Turqay ayaq saxladı, kaşı kasanı götürüb çaydan su içdi. Yoluna davam etdi. Yenə də çay gördü. Ancaq burada su əvəzinə süd axırdı. Çayın yanında xeyli kaşı kasalar, kuzələr vardı. Süd çayının kənarında alçaq masaların üstündə löyünbəlöyün yeməklər vardı. İri ağac tabaqlarda isti təndir çörəkləri qoyulmuşdu. Turqay fikirləşdi ki, qədim filosoflardan biri düz deyirmiş "Hətta dünyada iki nəfər qalsa belə, onlardan biri mütləq ağa olacaq, digəri nökər".

 

Bu yeməkləri bişirən, çörəkləri təndirə yapan insanlar var axı. Onlar zəhmət çəkirlər.

 

Turqay təndir çörəyindən qopardıb, arasına pendir qoydu. Ləzzətlə yedi. Sonra xeyli gəzdi, ağaclarda bitən meyvələrdən dərdi. Tanımadığı adamlar ona salam verib gedirdilər. Onlar da ağaclardan meyvə üzür, çaydan kasalara süd doldurub içirdilər.

 

Cənnətdə millət, Vətən, məqsəd, amal mübarizə etmək məfhumları yox idi. Hər kəs ancaq yeyirdi, gəzirdi, yorulanda yatırdı, ətrafdakı marallar, ceyranlar kimi. Turqay xeyli gəzdi. Nəhayət o, bal axan çayı gördü. Çay kəhrəba rəngdə idi. Bu çayın ətrafında olanların çoxu uşaqlar idilər. Burada körpələr ceyranlarla, marallarla oynayırdılar. Burada heyvanlar insanlardan qorxmurdu.

 

Turqay fikirləşdi ki, artıq neçə müddətdir buradadır, az qala 24 saat, ancaq nədənsə, qaranlıq düşmür, o, göydə ulduzları görmür, şər qarışmır. Cənnətin çoxdankı sakinindən soruşdu ki, gecə nə vaxt olacaq? Cənnət sakini cavab verdi ki, burada heç vaxt qaranlıq olmur, fəsillər dəyişmir. Həmişə ilıq yaydır. Həmişə ağaclar bar gətirir.

 

Turqayın hesablamasına görə, artıq üç gün idi ki, bu möcüzəli dünyaya düşmüşdür. Burda olanlar məqsədsiz, amalsız, mübarizəsiz mövcudluqlarına davam edirdilər. Ancaq yeyirdilər, süd içirdilər, ağaclardan meyvə üzürdülər. Bu adamlara onun yazığı gəldi.

 

Birdən ürəyindən bir gizilti keçdi - uzaqdan Gülarəni gördü. O, Turqayı görcək sanki ayaqları tutuldu. Addım ata bilmədi. Turqay onun qarşısına getdi.

 

- Salam.

 

- Salam, - Gülarə kədərlə baxdı Turqaya; - indi mən demək istəyirəm ki, səni burdan yerə gədər çox istəyirəm.

 

- Mən xoşbəxtəm ki, səni görürəm, səsini eşidirəm. Həmişə səsin qulaqlarımda səslənirdi.

 

- Sən indi qayıdacaqsan. Səni ömür-gün yoldaşın, uşaqların gözləyir.

 

- Yox, bu ola bilməz.

 

- Biz buranın daimi sakinləri hər şeyi hiss edirik, bilirik. Sən burda qonaqsan. Gülsüm çox yaxşı qadındır. Onu da, uşaqlarını da qoru. Gülarə kədərlə gülümsədi.

 

Turqay onun əlindən tutmaq istədi, ancaq birdən qaranlıq düşdü. Bu zülmət içində Turqay arvadının səsini eşitdi - Ayıldı! Komadan ayıldı, - onun göz yaşları Turqayın balıncını isladırdı. Turqay uşaqların da səsini eşitdi. -Ata biz daha adidas krossovkası istəmirik.

 

Turqay gözlərini açanda xəstəxananın divarını, Gülsümün yorğun sifətində təbəssüm gördü.

 

Həyat öz keşməkeşliyi, mübarizəsi ilə gözəldir.

 

Gəncə

 

Nüşabə Əsəd Məmmədli

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 26-27.