"Çiçəklər gəldi- gedərdi"

 

Antuan de Sent-Ekzüperi "Balaca şahzadə"

"Balaca şahzadə"

 

Barmağımdakı üzüyü

 

Saatın əqrəblərinə taxıb

 

Uçacam yanına

 

Küsmə, nə olar, gələcəm!

 

Gözlə görmək azdır. Ürəyimizin səsini eşitməyi öyrənməliyik. Dünyanın gəldi-gedər, ömrün vəfasız olduğunu kəpənəkdən yaxşı bilən yoxdur. Qısa ömrə rəğmən durmadan qanad çalan o rəngbərəng kəpənəklər...

 

Hər dəfə heyrətlə oxuduğum bu kitab dünyanın üzərinə bombaların düşdüyü bir vaxtda - II Cahan müharibəsi zamanı qələmə alınıb. Əsərin bu cür istedadla yazılmasının səbəbi yazıçının həyat yoldaşı, muzasına olan eşqdir. Sanki savaşın içində yaşanan məhəbbət Ekzüperiyə yaradıcı güc, qüvvə bəxş etmişdi. Sanki o, balaca oğlanın dili ilə böyüklərə bir-birinizi çəkinmədən sevin deyirdi.

 

İnsansızlığın xiffətini yaşayırdı balaca şahzadə. Elə mənim kimi. Hərdən milyard ildir ki, bu dünyanı, bütün insanları tanıdığımı düşünürəm. Ömrüm bozumtul adamların içində qızılı çiçəyi axtarmaqla keçdi.

 

Axı hansı güllərin rəngi qızılıdır? Yəqin, bunu görən gözlərimizdən soruşmalıyıq.

 

Çiçəklərin gözəl, təravətli olmasının səbəbi onlara yaxşı qulluqdadır. Ürəkdən su içən güllərin, çiçəklərin ətri isə bənzərsiz olur. Tək çiçəklər deyil, vaxt ayırdığımız hər bir canlı, cansız nə varsa diqqət etdikcə gözümüzdə dəyər qazanır.

 

Mənim də axtardığım sarı şahzadəm var. Nə vaxt gələcəyini deməyib. Gedəcəyini demədiyi kimi...

 

Yadıma uşaqikən anamın mənə almadığı gəlinciklər üçün ağlamağım düşür. Qovuşa bilməməyi bu cür öyrəndik. Gözümüz elə hey axtardı.

 

Gəlmədilər...

 

Hər kəs xoşbəxtliyi gəzir...

 

Bəlkə elə hardansa uçub gələn təyyarə qanadındadır xoşbəxtlik. Bəzən ömrümüzə gələnlər qəzaya düşür, qanadları sınır. Yarı yolda qalır. Beləcə, görüşə bilmirik. Ya da tez ayrılmalı oluruq.

 

İnsan ağlayaraq doğulur, ağladaraq ölür.

 

Kiçik novella təəssüratı bağışlayan bu əsərin əvvəlindən sonuna qədər balaca şahzadə insan axtarışındadır. Əsl insanı tapmaq arzusunda olan bu tənha balaca oğlanı özü kimi təklər anlaya bilərdi. Təyyarəsi qəzaya uğramış pilot da məhz həmin çarəsizlərdən idi.

 

Oxuya-oxuya iki əsr yol gəldim. Yorğunam...

 

Bu gün özümü balaca şahzadə kimi hiss edirəm. Əynimdə yaşıl köynəyim, boğazımda sarı şərf.

 

Çiçəkləri, bitkiləri çox sevirəm. Bir də ki, yaşılı çox, lap çox xoşlayıram...

 

Günəşə bənzəyir boynuma doladığım sarı şərfim...

 

Yuxulayıram. Hələ də cavabsız suallarım var. Balaca şahzadə, görəsən, niyə insanlar günəşin qürubunu izləməyi sevirlər? Halbuki, sübh çağı şəfəqləri o qədər ecazkar görünür ki... Yəqin, içində işığı olan insan olmaq bambaşqa bir şeydir. O zaman bütün sualların cavabı özündə olur. Daha axtarmağa bir şey qalmır.

 

Balaca şahzadə, planetimiz çoxmu cansıxıcıdır? Axı niyə insanlar bir-birlərinə əyinlərindəki brend paltarlara görə qiymət verirlər? Ən "yaxşı" dost dəbdəbəli həyatı olandırmı?

 

P.S. Suallar verməkdən yorulduğum bir vaxtda hardansa mənə sarı gələn uzun, qırmızı burunlu bir tülkü qulağıma insanların ürəklə görməyi unutduğundan milyard illər keçdiyini pıçıldadı. Bəs ürək nədir? Neçə gözü var? Necədir ürəklə görmək?

 

Dilə gətirmədiyimiz o qədər ağrılar var ki... Sən qaçdıqca dalınca düşür.

 

Əslində, elə biz hamımız bir az da qanadı qırıq quş kimiyik...

 

Seyid AYNUR

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 23.