Məhərrəm Qasımlının  Orxan Paşa ilə söhbəti

 

 

 

Müasir Azərbaycan filoloji fikrinin (folklorşünaslığının və aşıqşünaslığının) görkəmli nümayəndəsi, professor  Məhərrəm Qasımlının (Orxan Paşa) şeirlərini oxuyanda düşünürsən ki, şair doğulmasan, aşıq sənətinin dərin bilicisi olmaq çətindir - məndən ötrü bu, aksiomatik bir qənaətdir.

 

 

 

Orxan Paşa poeziyasının lüğət tərkibinə aşıq şeirinin təsiri təbiidir - ömrü boyu sazın-sözün içində olasan, onu ürəyindən və taleyindən keçirib araşdırasan, onun magik cazibəsindən kənarda qalmağın mümkünsüzdür. Amma bu şeirlər, qəribədir, sanki aşığın oxuması üçün deyil, şairin oxucusu üçün  nəzərdə tutulub. Saz rüzgarı sadəcə bu misraların məsamələrində dolaşır. Başqa bir səbəb də şairin fəlsəfi-poetik ümumiləşdirmələrə güclü meyl etməsidir. "Dünya", "A qoca dünya" rədifli şeirlərində ənənəvi aşıq "şikayətnamə"lərinin (zəmanədən və yaşdan şikayət) təcrübəsini görürük. Amma bu şeirlərdə yenə də şairin özünün fəlsəfi ümumiləşdirmə üslubu güc gəlir. Məsələn:

 

 

 

...Şeytanın papışı səndə -

 

Dünya -şeytanqulu dünya!

 

...Yanlış düşüb yolum sənə -

 

Dünya - şeytan yolu dünya!

 

 

 

Aşağıdakı misralar aşığın məclis təcrübəsində gəlirsə,

 

 

 

Gəlir nazlı-nazlı bir zərif qönçə,

 

Amandı, gəlməsin gözə bu gəlin!

 

Yerişi-duruşu incədən incə,

 

Gərəkdi ipəkdə gəzə bu gəlin

 

 

 

- amma rəhmətlik Tükəzban nənəsinin dilindən eşitdiyi "ölmüş nə gözəldir, ölməmiş nə yaraşıqlıdır" deyimlərini bir qoşmanın rədifində işlətməsi artıq şair fəhmindən və ustalığından gəlir.

 

 

 

Mən Orxan Paşayam, biləsən, dedim,

 

Odumu sönəndə böləsən, dedim.

 

Sən də mənim kimi öləsən, dedim.

 

Ölürəm mən ölmüş, gəl, ay ölməmiş!

 

 

 

Hər bir şair içində ilin bir mövsümü boy verir. Fikrimcə, Orxan Paşanın poetik mövsümü, şeirinin əsas fəsli payızdır. Payız onun təhtəlşüurunda metafizik mənaları oyadan və kövrək xatirələri dilləndirən bir sirli təbiət hadisəsidir.

 

 

 

Bu yarpaqların bir vaxtı varıydı,

 

quşlarla səs-səsə verib oxuyan vaxtı,

 

üzünü budağa söykəyib

 

körpə-körpə  uyuyan vaxtı.

 

 

 

Yaxud

 

 

 

Tanrım, həsrətimə təskinlik yetir

 

Payızın nisgilli yağışlarında.

 

 

 

Orxan Paşada vegetativ, yaxud floristik (gül-çiçək) obrazlar şeirlərində zərif, həssas ruhunun nişanələri kimi çıxış edir.

 

Gəncə yolundakı, a yaşıl çınar,

 

A qocaman çınar, a manşır çınar...

 

 

 

- beytində "yaşıl" və "mansır" epitetlərinin qafiyələnməsi mənim bir şair heyrətinə inanmağıma kifayət etdi. Vegetativ obrazlar  onun yaradıcılığında fərqli məcaz səviyyələrində (metafora, epitet, təşbeh...) çıxış edir.

 

 

 

Geyib Lalə köynəyini

 

Bayraqlaşan oğul oldun!

 

 

 

Bir insan ömrünün təzadını vegetativ obrazlar üzərində qurur. "Yaşıl" epitetinin zaman vahidi (dünən) kimi təqdim edilməsi nakam ömrün göstəricisi olur:

 

 

 

Göynədir könlümü yaşıl dünənim,

 

Nədən soldun, a gül, yazın yaz günü?

 

 

 

Orxan Paşanın şeirlərində bir ontoloji hadisə diqqətimi çəkdi - tənhalıq. Onun poeziyasının "baş qəhrəman"ı tənha varlıqlardır. Ağacdan, budaqdan tutmuş insana qədər hamı tənhadır, təkdir.

 

 

 

Çay qırağında

 

            bir tənha ağac

 

Payıza bürünüb

 

            boynu bükülü.

 

Elə bil tək görüb

 

            hamıdan qabaq

 

onu haqlayıbdı

 

            yarpaq tökümü.

 

 

 

Yaxud

 

 

 

Qaya üstündəki tənha ağacda

 

Kimiydi yellənən, a dəli könül?

 

 

 

Flora Kərimovanın səsi tənhalığın metafizik işarətləridir.

 

 

 

O səslər ki,

 

ürəyinə söykənib

 

tək-tənha qalıb

 

ömrünü ortasında...

 

 

 

Aşıq Hüseyn Saraclının ölümqabağı durumunu tənhalıq kimi mənalandırır.

 

 

 

Günlərin birində

 

bizlərin arasında

 

tənha bilib özünü -

 

minib əcəl köhləninə

 

getdin ki, bir də görərsən

 

qoyub gəldiyin

 

o doğmaların üzünü.

 

 

 

Orxan Paşa zaman çarxını geri fırlayıb yaddaşında tək-tənha qalmış qocaların - Həsən balanın, Tükəzban nənənin, uzun Səyalının, bir damın altında itkin oğlunu gözləyən  Gülbaharın taleyini danışır:

 

 

 

Gülbahar qarını tərk edib ömür,

 

De, hansı təsəlli tutsun yerini?

 

Dünyadan köçməyə ürəyi gəlmir,

 

Gözləyir oğlunun çiyinlərini.

 

 

 

Şair fonosemantizm üsulu ilə qocaların tənha yaşam obrazını işarələyir:

 

 

 

Ərik deyil əriyir nənəm,

 

Qurud deyib quruyur babam.

 

Orxan Paşanın şeirləri keçən günlərin nisgilindən doğulur. Şeir ondan ötrü yaddaşının künc-bucağında qalmış xatirə qırıntılarını işığa çıxartmaq imkanı və cəhdidir. Maraqlıdır ki, keçmişin nostaljisini dastan kimi deyil, lirik ovqatda danışır. Orta məktub xatirələrinin yer aldığı "Yasəmən ətri" şeirinin sujetinin epik söyləməyə çevrilməyə imkan verməyən bir hiss var - ömrün "o tayında" qoyduğu oğlanla (Məhərrəmlə) görüşün amansız mümkünsüzlüyü!

 

 

 

Xəyalım titrəyir hər yaz gələndə

 

bir oğlan obaşdan oyanır yenə.

 

Yasəmən ətirli onuncu sinfə

 

Utancaq sevgiylə boylanır yenə.

 

 

 

Yeri gəlmişkən, elə buradaca qeyd edim ki, Orxan Paşada "ətir" leksik  vahidinin fəallığı "ətir yaddaşı" ilə bağlıdır. Şair "kərpicli-kirəmidli" damları ilə, "sehrli minarəsiylə" bir şəhərin yağmur qoxusu, sevdiyi qızın sinfinə xəlvətcə daşıdığı yasəmən gülləri "ətir yaddaşı"nın obrazlarıdır.

 

 

 

Burnuma yasəmən qoxusu gəldi,

 

O sinfin yanından nə vaxt ötdümsə?

 

 

 

Bütün görüşlərdən, mübhəm təmaslardan ən çox yadında qalan da bənövşə ətridir.

 

 

 

Mən də içimə çəkib səsimi

 

uduram doymadan

 

bənövşə ətirli nəfəsini -

 

işıq kimi, hava kimi...

 

 

 

Gənclik illərinin poetik yadigarı "Körpə gözələ" şeirində dediyi kimi:

 

 

 

Bir azdan

 

aya baxacaqlar

 

qaşının dərdindən.

 

bənövşə yığacaqlar

 

saçının ətrindən.

 

 

 

Hərdən mənə elə gəlir ki, o, sözdən öncə sazın səsini, aşığın avazının-havacatının ətrini yadında saxlayır. Nəzakət Məmmədovanın səsini quzeydə bənövşənin duruşuna bənzədir:

 

 

 

Yazağzı quzeyi yada gətirən

 

Səsinin bənövşə duruşu vardı.

 

 

 

Bənövşə arxetipi ilə elmi-poetik təəssüratlar M.Qasımlının bir məqaləsində yer alması da təsadüf olmasın gərək. "Duruşu, rəng çalarları və qoxusuna görə sazı-sözü əbədi olaraq öz sehrində, cazibəsində saxlayan bənövşə obrazı ilə böyük söz ustadının (Qurbaninin - R.K.) dilə gətirdiyi misralar heç də təsadüfən yüzillərdir ana sazımızın sinəsində yuvalanmayıb... Özü qoxu-ətir etalonu olan obraz (bənövşə) üzbəüz qaldığı eyni estetik fəaliyyətə (qız ətrinə) meyl göstərir..."

 

Orxan Paşa poeziyasında sematik obrazlar (əl, ayaq, boy-buxun) maraqlı mənalar çevrəsinə malikdir. "Əllər" Orxan Paşada sadəcə sematik (bədən) frazeoloji vahid deyl, məcaz yaradan poetik obrazdır.

 

 

 

Özgə sığal gəzib, özgə əl gəzib,

 

Bir gün yaxasına açmasa qönçə,

 

Əlimin, könlümün isti kölgəsi

 

Qopub gözəllikdən gedər gizlicə.

 

"Əllərin sığalı" Göyüşoğlu Murğuzun portretini tamamlayan detaldır.

 

 

 

Tapşırıb dizini

 

yaşın hökmünə,

 

İşi-gücü

 

sığal verməkdi

 

əl ağacına,

 

eşmə bükümünə.

 

 

 

Başqa "əl"lə bağlı bir zərif deyim diqqətimi çəkir:

 

 

 

Hələ ki,

 

ilk sığal oduyla

 

mənim əllərim yanır,

 

sənin saçların...

 

 

 

Əllərin saçları sığallaması üçün darıxmasını şair insafən gözəl ifadə edib:

 

 

 

Gizlincə səs verir cibimdə əllər

 

Dəlisov saçların çağırısına.

 

 

 

Əllərin qovuşması görüşü, vüsalı simvolizə edir.

 

 

 

Sən bir əllərini uzat görüm,

 

Üfüqü görürmü əllərin?

 

 

 

Qeyd etdiyim kimi, Orxan Paşanın işlək obrazyaratma üsullarından biri də "boy" sözüdür.  Orxan Paşa dünyasında körpələr gündə bir buğda boy atır, fələyin ağır zülmünü görmüş Uzun Səyalının boyu balacalanır. Palıdlı meşəsində vələsin, göyrüsün, cökənin necə boy atmasını görə bilir.

 

 

 

Pöhrə var, zoğunda eşqi görünür,

 

Torpaq mehirlidi işığı, suyu.

 

Hələ dan çağıdı körpə ömrünün -

 

Gün deyib, göy deyib şığıyır boyu.

 

 

 

Orxan Paşa nəzmə, qafiyəyə-rədifə gətirə bilmədiyi həyat müşahidələrini, könül düşüncələrini "Taleyindən və ürəyindən keçənlər" adı altında qələmə alıb. Bu "mikroesse"lər əslində şeirlərin davamı kimi oxunur. Çünki şeirləri də əslində "ürəyindən və taleyindən keçən" yaşantıların yazıya alınmasıdır. Hətta şeirləri və mikroesseləri arasında maraqlı kəsişmələri görmək olar.

 

 

 

Ayaqlar

 

bir-birini izlədi,

 

ikinci gecikdi,

 

birinci gözlədi -

 

            addım oldular.

 

 

 

"Orxan Paşa" Məhərrəm Qasımlının "güzgü effekti" olub, "Başqasıdır".

 

 

 

Hərdən dəli gerçək oldun,

 

Hərdən nağıl, Orxan Paşa.

 

 

 

"Orxan Paşa" təxəllüsü Məhərrəm Qasımlının "alter-eqo"su - ikinci "mən"idir: alim Məhərrəm Qasımlı ən mübhəm düşüncələrini yalnız ona etibar edir, ən məhrəm sirlərini "Başqası" ilə - şair Orxan Paşa ilə paylaşır - bu mənada mən onun şeirlərinə inanıram...

 

Rüstəm KAMAL

 Ədəbiyyat qəzeti.- 2021.-  7 avqust.- S.25.