Əhməd Əhmədov kimdir?

 

 

Dörd-beş il əvvəl atamın 1928-ci ildə 10 il iş alıb Colovkidə cəza çəkmiş dayısı haqqında bir kitabça yazmaq qərarına gəldim. Onun atasının o zamankı Bakı neftli ərazi bölgüsü ilə Ramanadakı 52-ci sahədə 5 neft quyusu vardı. Bunu on il qabaq rusca çap olunmuş kitabdan öyrəndim: Baku 1918. Poqromı, B., 2009. Bu kitab 1918-ci ilin yazında Demokratik Cümhuriyyət hələ Gəncədə olduğu zaman öz qərarı ilə yaratdığı Fövqəladə İstintaq Komissiyasının şahidlərin dindirilməsi yolu ilə topladığı çoxcildlik materiallar əsasında buraxılmışdı.

 

Atamın dayısının adı Abtalıb Atamoğlan oğlu idi. Evimizdə onun barədə bir dənə də material qalmamışdı. Eşitmişdim ki, atamın xalasının əri Mirzəbəy qayını Abtalıb dayının kitabxanasını arabaya yükləyib 1937-ci ilin baharında Buzovna bağına aparıb, orada təndirə töküb yandırmışdı. O zaman evdə ərəb əlifbası ilə yazı saxlamaq cinayət kimi idi. Amma kitabları yandırmaq Mirzəbəy kişini xılas etmədi, onun özünü də 10 illik Qazaxıstana sürgün etdilər. Həmin kitablardan nənəmin evində üç cild kitab qalmışdı: 1906-1907-ci illərdə "Quran"ın qazi Hacı Kərim Cəfərov tərəfindən yazılmış 3 cildlik təfsiri. (Hacı Zeynalabdin Tağıyev tərəfindən çap edilib).

 

 

***

 

Mən II Nikolayın 1917-ci il martın 2-də baş vermiş istefasından sonrakı dövrü əks edən kitabları vərəqləməyə başladım. Məni məyus edən ilk kitablardan biri Azərbaycan Kommunist Partiyasının 1933-cü ilə qədərki qərar və qətnamələri Toplusu idi (1958). Bütün qurultay və plenumların qətnamələri vardı, amma hamısı şərh kimi verilirdi. Bir dənə familiya yox idi. Yazırdı ki, MK Siyasi Bürosuna 11 adam seçildi, Təşkilat Bürosuna 7 adam. Həmin adamların ad və familiyaları rəsmi "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində çıxmışdı. Amma niyə belə edilmişdi? Kitabın redaktorları sayıqlıq göstərib saymışlar ki, azərbaycanlı oxucu rəhbər vəzifələrə seçilən rus və ermənilərin 90 faiz təşkil etdiyini görüb, birdən Moskvanın bu siyasətinə nifrət edərlər. Bu, redaktorluq yox, öz xalqına qarşı şüur senzorluğu idi.

 

Sonra müstəqillik dövründə çıxan kitablara baxdım. 1918-1920-ci illərə dair ən mötəbər mənbə ABŞ-da çıxan Svyataxovski və başqa müəlliflərin kitabları idi. Bu dövr haqda bugünkü qənaətim isə belədir: sözügedən illər haqda Bakıda rus və ana dilində buraxılan kitab və tarixi məlumatların azı 80 faizi yalandır. Bu rəqəm heyrət yaradır. Amma onun həqiqət olduğunu aydınlatmaq üçün iki misal çəkəcəm. AMEA-nın Tarix İnstitutu iki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" buraxıb büdcə puluna. Orda göstərilir ki, Cümhuriyyət "devrildi". Yumşaq desək, bu, doğru deyil. Sadə həqiqət isə odur ki, Cümhuriyyət Milli Məclisi son iclasında yeddi-səkkiz bəndlik rəsmi Qərarla hakimiyyəti Azərbaycan bolşeviklərinə təhvil verib, əsas bir şərtlə ki, Azərbaycanın istiqlalı qalacaq. Onlar da XI Qızıl Ordunu dərhal Bakıya çağırıblar. Bu qərar hansı şəraitdə qəbul olunub, siyasi partiyalar və liderlər hansı mövqeləri tutublar? Bunlar yoxdur.

 

Hələ 1920-ci ilin 11 yanvarında RSDFP-nin Qafqaz bürosu ilə İttihad və Tərəqqi partiyasının rəhbərliyi arasında Azərbaycanda hakimiyyətin Moskva bolşeviklərinə verilməsi və Gənc Türklərin buna yardım edəcəyi barədə Məxfi Müqavilə imzalanıb. Bu Müqavilə ilə bağlı Ənvər paşa 1921-1922-ci illərdə bir müddət Moskvada yaşadı və Moskva bolşeviklərinin onun silahlı çevriliş yolu ilə Türkiyədə hakimiyyətə qaytaracağını düşündü. (Osmanlı general və zabitləri 27 Aprel hadisələrində buna görə Bolşevik tərəfkeşi oldular). Bu müqavilənin nüsxəsi Bakıda, Cümhuriyyət arxivində aşkar edilib tarixçi Cəmil Həsənli tərəfindən və Cümhuriyyətin Xarici Siyasəti haqda kitabında şərh edilib. Türkiyə tarixçilərinə də bu tarixi fakt gözəl məlumdur və onu araşdırıblar. Amma Ensiklopediyada bu yoxdur. Müstəqillik dövrünün "bəhrəsi" olan bu Ensiklopediyadan 100 il əvvəl 27 yaşlı Əhməd Əhmədov Cümhuriyyətin dağılma səbəbləri haqqında bunları yazmışdı rus dilində:

 

"1) Respublikanın ərazisində və sərhədlərində bitməyən milli toqquşmalar, bunlar hökumətin gücünü çox azaldır və onu məcbur edirdi ki, fikrini daim bu milli müharibələrın aradan qaldırılması üstündə cəmləsin. Ermənilərin Qarabağda ellikcə qiyamı, həmçinin Gəncədə və Qazax uyezdində (mart-aprel 1920), düzünü desək, Azərbaycan Müsavat hökumətinin məhvinə başlıca səbəb oldu, çünki kiçik istisna ilə səhra qoşunlarının tam heyətinin həmin yerlərdə toplanmağına səbəb oldu.

 

2) Müsavat, İttihad, Əhrar, sosialistlər, partiyasız qrup və s. siyasi partiyalar arasında amansız siyasi mübarizələr və parlament və nazirlər böhranı, çox səciyyəvidir ki, Qarabağ böyük torpaq sahiblərinin və İttihadın din rəhbərləri partiyası İttihad Müsavat Hökumətini yıxmaq üçün o vaxtkı hakimiyyətə daimi müxalifətə keçmişdilər. Və bu zaman, nə qədər qəribə olsa da, tamamilə sovet Rusiyasına və onun Qızıl Ordusuna orientasiya götürdülər, bolşeviklərlə ittifaq bağlamağı tələb etdilər, Qızıl Ordunu ərazimizdən Antanta ilə vuruşan Türkiyə ilə birləşmək üçün buraxmağı tələb edirdilər. Xəlil paşa, Tülət bəy, Yaqub bəy, doktor Fuad bəy və başqaları tərəfindən rəhbərlik edilən türkiyəli hərbi-siyasi təşkilatların başçıları da belə mövqe tutdular. Türklər Azərbaycanda populyar olmaqlarından istifadə edərək Sovet Rusiyası ilə İttifaq təbliğ edirdilər. İttihad və Türklər həm də kommunistlərin təqib olunmasına qarşı çıxırdılar, onlarla əlaqələrə tərəfdar idilər. Müsavatın özündə güclü sol cərəyan vardı və hökumətin xarici və daxili siyasətini kəskin tənqid edirdi. Parlamentdə partiyasızlar qrupunun lideri Behbud bəy Cavanşir və Müsavatı tərk etmiş Məmməd Həsən Hacınski də bolşeviklərlə dostluq müqaviləsinə tərəfdar idilər.

 

3) Azərbaycan xadimlərinin dövlət və siyasi təcrübəsinin olmaması. ...1919-cu il yayın əvvəllərində Sol Eser partiyasında olan və sonra Hümmətə keçən qrup birinci dəfə hümmət və Ədalətin, Əhrarın birləşməsini təklif etdilər ... ".

 

Bu sitat Əhməd Əhmədovun 25 yaşında yazdığı "Na puti k 1-mu Scezdu" (Kommunist Azerbaydjana, 1990, 4-5, s.74) məqaləsindən götürülüb.

 

Əhməd Əhmədovun "Naüionalğnoe dvijenie, partii i obhestvennıe deəteli Azerbaydjana v 1918-1925 qodax qlazami oçevidüa" (B., Nurlan, 2006) elə bil mənim gözümü açdı: çünki həmin dövr haqda onlarca mənbələrdən aldığımdan daha çox və qat-qat dəqiq məlumatlar verirdi.

 

 

 

Yüz il əvvəl verilən bu müxtəsər təhlil göstərir ki, sözügedən "səhvlər" Azərbaycan xalqının siyasi geriliyinin nəticəsi deyil. Aşkar müstəmləkəçilik siyasətinin və niyyətlərinin nəticəsidir. Bolşevik Stalin rus çarlarının siyasətini davam etdirərək müsəlmanların şüurunu və hətta dinini dəyişmək siyasəti aparırdı. 1954-56-cı illərdə İmam Mustafayev Azərbaycan Kommunist Partiyasının tarixini mümkün qədər tez yazdırıb buraxdırmaq istəyəndə Moskva hətta buna da qadağa qoymağa çalışırdı: "Azərbaycan xalqı burjua maarifi mərhələsini keçib, ya yox?" mövzusunda Bakıda diskussiya keçirildi. Bu diskussiyanın təşkilatçısı Moskva idi, çünki Azərbaycan Kommunist Partiyası ayrıca tarixi kitab kimi çıxanda xalqın suveren milli şüurunun formalaşmasına təsir göstərə bilərdi! Moskva ideoloqları ermənilərlə birgə Azərbaycan xalqının hələ feodalizm mərhələsində olduğunu sübut etmək istəyirdilər. Amma bu baş tutmadı, Moskvanın iştirakı ilə aparılan diskussiyada bu, rədd edildi. (Bax: C.Həsənlinin Azərbaycanda liberalizm kitabına).

 

Çünki Bakıda formalaşan burjua maarifi bütün Rusiyaya, xüsusilə türkdilli xalqlara da təsir etmişdi! Azərbaycan burjua maarifinin manifesti vardı ortada: Bu, Əhməd Əhmədovun Birinci Rus İnqilabının 20 illiyinə yazdığı "Azərbaycan türkləri Birinci Rus inqilabında" (Bakı, 2002) kitabı idi. Bu kitabda hələ 1925-ci ildə Əhmədov Azərbaycanı böyük xırda burjua ölkəsi adlandırır və qeyd edir ki, bizdə birinci Rus İnqilabına xırda burjuaziya və onunla bağlı olan ziyalılar rəhbərlik etmişlər. Kitabda həm də Azərbaycan burjuaziyasının sözügedən inqilab ərəfəsindəki halının gözəl təhlilini tapmaq olar. Hətta kitabın son fəsli belə qəribə adlanır: "Türk burjuaziyasının fəhlə hərəkatında rolu". 1905-ci ildə müsəlman fəhlələrin güclü tətilləri başlananda burjua ziyalıları bu hərəkata rəhbərlik etməyə çalışdılar. Axı azərbaycanlı burjuaziya da qalan müstəmləkə əhalisi (tuzemüı) kimi hüquqsuz idi, onları xristian kapitalistlərin qurum və yığıncaqlarına buraxmırdılar. Onlar tətillərin gücündən özləri üçün də istifadə etməyə çalışdılar: tələb olundu ki, Bakı Neft sənayeçiləri ittifaqında müsəlmanların yeri artırılsın.

 

***

 

Yeri gəlmişkən deyək ki, Azərbaycan türklərinin milli şüurunun formalaşması prosesi Azərbaycan ictimai fikrində ilk dəfə siyasi bir proses kimi Əhməd Əhmədov tərəfindən "Azərbaycan türkləri 1905-ci il inqilabında" əsərində araşdırılıb. Əhmədov ilk dəfə olaraq, Azərbaycan Cümhuriyyətinin fikir məfkurə köklərini XIX əsrin ikinci yarısından başlanan milli hərəkatla bağlayır. Bu prosesin birinci mərhələsini müəllif H.B.Zərdabinin buraxdığı "Əkinçi" qəzetinin Azərbaycan cəmiyyətində yaratdığı əks-səda ilə, maarif və tərəqqi ideyalarının qabaqcıl ziyalılar tərəfindən mənimsənilməsi ilə bağlayır. Bu mərhələdə hələ Azərbaycan burjuaziyası müstəqil qüvvə kimi meydanda yoxdur. Milli hərəkata qabaqcıl, təəssübkeş müstəmləkə məmurları rəhbərlik edir. Bu məsələlərə müəllif "Birinci türk qəzeti" adlı ayrıca fəsil həsr edir. H.B.Zərdabi haqqında, onun ilk Xeyriyyə cəmiyyəti qurmaq sahəsində fəaliyyəti haqqında böyük məhəbbətlə danışır. Göstərir ki, "Əkinçi" (1875-1877) bağlanandan sonra uzun müddət Azərbaycan dilində qəzet olmayıb. Maraqlıdır ki, "Əkinçi" müəllifə görə, azərbaycanlıların milli şüuruna müsbət təsirinə görə bağlanıb: yerli ziyalılar 1877-də başlanmış Rus-Türk müharibəsi haqda informasiyalar tələb edirdi qəzetdən. Senzura isə buna qəti icazə vermirdi və bu çəkişmələr fonunda qəzet dayandırıldı.

 

1877-ci ildən 1891-ci ilə qədər qısa müddət çıxan qəzetlərin yaranmasında Əhmədov siyasi nəticələr görmür. Amma 1891-1904-cü illər arasında çıxmış "Tərçüman" qəzetini bizim milli şüurumuzun ayrıca mərhələsi adlandırır. Göstərir ki, bu qəzetdə, ilk dəfə olaraq, türk xalqlarının milli maarifinin ana dilli və milli varlıqla bağlılığının zəruriliyi prinsipi ortaya çıxıb. Rusdilli Əhmədov təkid edir: ancaq ana dilində olan maarif həqiqi milli maarifdir və milli tərəqqiyə yol aça bilər. Bu mövqedə Əhmədov ardıcıldır: Axundovla başlanan Qərbçi ədəbiyyatın ancaq Azərbaycan türkcəsində yaranan qismini milli irsə aid edir. Burada biz Əhmədovun qeyri-adi siyasi müdrikliyini duyuruq: maarifçilərin və siyasətçilərin çoxundan fərqli olaraq o, milli şüurun və milli dövlətçilik düşüncəsinin ana dili ilə mütləq bağlılığını anlamışdı. Bu məsələdə o, Müsavat partiyasının ikinci və sonuncu qurultaylarının sənədlərində gördüyümüz mövqedən daha doğru platformadadır: Müsavat ideoloqları sona qədər ümumtürk dili dumanında qaldılar, Türk sovet respublikalarında formalaşan ədəbi dillərə ironiya ilə baxmaqda davam etdilər. Əhmədov isə milli dil probleminin fundamental əhəmiyyətini qısqanc bir təkidlə sona qədər müdafiə edir. Hətta sayırdı ki, türklərin xalqdan millət səviyyəsinə yüksəlməsi milli mədəniyyət formalaşmadan mümkün deyil. (s.114). Sivil millət olmaq yolu milli mədəniyyət yaratmaqdan keçir. Tarix də bunu təsdiqlədi: milli mədəniyyətdən qabaq yaranan milli dövlət qurumları yaşam qabiliyyətli olmadı.

 

Əhməd Əhmədov milli hərəkatın "Əkinçi"dən sonrakı mərhələsini liberal-burjua hərəkatı adlandırır. Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əhməd Bəy Ağayevin rəhbərlik etdyi bu hərəkatın "Kaspi", "Baku", "Həyat" kimi qəzetlərini milli ideologiya daşıyıcısı kimi konkret faktlara əsaslanan təhlilini verir. Göstərir ki, liberal burjua xadimləri Azərbaycan burjuaziyasının və xalqının tərəqqisi mənafelərini müdafiə edirdilər. Lakin onlar Çar monarxiyasına qaşı nəinki çıxış etmir, onun siyasətini təkmilləşdirmək, qabaqcıl rus ictimai hərəkatının və fikrinin tərkib hissəsi olmaq istəyirdilər. Yəni liberal-burjua milli hərəkatını Rus mütləqiyyətinə qarşı bir qüvvə kimi yox, ona təkliflər və petisiyalar verən, qabaqcıl rus partiyalarına müttəfiqlik edən bir qüvvə kimi formalaşdırırdılar. Əhmədov bu liberalizmə görə onları tənqid edir, amma həm də Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun milli hərəkata rəhbərlik etmələrini konkret faktlarla göstərir. Bu iki şəxsin çoxsaylı tədqiqatçıları, istərdik ki, Əhməd Əhmədovun kitabını oxusunlar və onların Azərbaycan milli hərəkatı tarixindəki yerini görsünlər. Əslində, milli hərəkatımızın proqramı (ana dilində məktəb, mətbuat, milli burjuaziya və torpaq sahiblərinə, fəhlə və kəndlilərə ruslarla eyni hüquqlar və s.) onlar tərəfindən formalaşdırılıb. Ancaq onlar bu proqramı petisiyalar hazırlamaqla icra etmək istəyirdilər. Əslində, "Molla Nəsrəddin" jurnalı da onların platformasında idi.

 

Müsavatçılar və Azərbaycan bolşevikləri milli hərəkatın sözügedən vəzifələrini tamam başqa vasitələrlə həll etməyi təklif etdilər. Birincilər əsasən Türkiyə ilə ittifaqa, ikincilər rus bolşevikləri ilə birliyə üstünlük verdilər. Əhmədov haqlı olaraq liberal-burjua hərəkatını (1891-1912), Müsavatçılığı (1912-1928), Azərbaycan bolşevizmini (1918-1938) xalqımızın müstəqillik uğrunda milli hərəkatının üç müxtəlif mərhələsi kimi təqdim edir.

 

Əhmədov 1905-ci ilin yazında müsəlman burjuaziya nümayəndələrinin H.Z.Tağıyevin evində keçirdikləri yığıncaqdan, burada müsəlman burjuaziyasının Çar hökumətindən tələb etdikləri reformalardan geniş bəhs edir və bu petisiyanı Azərbaycan burjuaziyasının tarixi proqram sənədi kimi öz kitabına ayrıca Sənəd kimi əlavə edir. Göstərir ki, burada əsasən Gürcüstana verilən siyasi hüquqların bizə də verilməsi və müsəlmanların rus təəbələri kimi siyasi bərabərliyi tələb edilir. Ana dilində təhsil və mətbuat yaradılması tələbi qoyulur. Məlumdur ki, o zaman müsəlmanlar xeyriyyə cəmiyyətləri, maarifi yayan qurumlar, yerli özünüidarə qurumları (zemstvo, bələdiyyə), siyasi partiyalar, həmkarlar ittifaqları, yerli dillərdə məktəblər yarada bilməzdilər. Əhmədov dəfələrlə qeyd edir: sözügedən məhdudiyyətlər Çar müstəmləkəçiliyinin şüurlu siyasəti, müsəlmanları mümkün qədər qafil və gözübağlı saxlamaq niyyətlərindən gəlirdi. O göstərir ki, Gürcüstan üçün 1879-cu ildə yaradılmış Maarifin yayılması cəmiyyəti Azərbaycanda böyük çətinliklə 1905-ci ilin oktyabrında alınan icazə ilə mümkün oldu. Çarizmin müsəlmanlara münasibəti belə qəddar idi.

 

İnqilab ərəfəsində Azərbaycan liberal burjuaziyasının tələbləri içərisində Azərbaycan bəy və kəndlilərinin torpaq mülkiyyətinin rəsmiləşdirilməsi tələbi də vardı. Əslində, müsəlmanların torpaq mülkiyyəti hüququ yox idi, torpaq sənədi ancaq ayrı-ayrı müstəmləkə məmurlarına xüsusi xidmətlərinə görə verilirdi. Müsəlman kəndliləri öz pulu ilə belə torpaq ala bilməzdilər. Bu vəziyyət 1990-cı ildə ermənilər və ruslar Bakıdan kütləvi gedənədək davam etdi. Məlum oldu ki, onların hamısının mülkiyyət sənədi var. Müsəlmanların isə bu günə qədər də (!) torpaq mülkiyyəti sənədləri yoxdur Azərbaycanda!

 

Əlamətdardı ki, Əhmədov sözügedən kollektiv petisiyanı Azərbaycan burjuaziyasına məxsus milli hərəkatın sənədi adlandırır. Onun milli hərəkat terminini işlətməsi xalqımızın milli mənlik şüurunu tarixi bir proses kimi öyrənmək cəhdi idi. Əhmədov 1905-ci il inqilabını Azərbaycan türklərinin vahid bir millətə çevrilməsi prosesinin möhkəm başlanğıcı kimi qiymətləndirir (s.251). Müsavat liderlərinin "Milli Azərbaycan hərəkatı" kitabında bu mərhələ göstərilmir, hətta liberal-burjuaziya və azərbaycanlı bolşeviklərin milli hərəkata aidiyyəti qəbul edilmir. Bu, əlbəttə, onların səhvi idi. Əhmədov isə bu məsələlərdə çox dəqiqdir: məsələn, azərbaycanlıların türk adlandırılmasının "Açıq söz" qəzetinə aid bir yenilik olduğunu, buna senzura ilə mübarizədə nail olunduğunu deməyi vacib bilir. Çünki 1925-26-cı illərdə o, artıq bolşevik yox, əqidəli bir Azərbaycan millətçisi, nərimanovçu idi, milli hərəkatın bütün iştirakçılarına və nümayəndələrinə eyni rəğbətlə yanaşmağa çalışırdı.

 

Əhmədov sovet dövrü tarixşünaslığında toxunulmayan daha bir məsələyə dəfələrlə qayıdır: bu, Azərbaycanın dil, maarif, məktəb, siyası düşüncə cəhətdən İran təsirindən ayrılması məsələsidir. Başa düşürük ki, bu, incə bir məsələdir, onun öyrənilməsi konfrontasiya yaratmamalıdır, iki qardaş müsəlman dövlətini yadlaşdırmamalıdır. Lakin Əhmədov haqlı olaraq buna böyük əhəmiyyət verir. Nəyə görə? Ona görə ki, başa düşür: azərbaycançılıq şüurunun hegemonluğu üçün biz bütün yad təsirlərdən aralanmalıyıq.

 

Əhmədov Azərbaycan şüuruna İran təsirini ardıcıl tənqid edir və bu, indi ifrat görünə bilər. Lakin İran təsirinə qarşı mübarizə Moskva üçün çox maraqlı idi, çünki ruslaşdırmaya və marksizmin yayılmasına mane olurdu. Amma Azərbaycan maarifindən İran təsirinin çıxarılması, dərsliklərdən Firdovsi və Sədi təsirinin kənar edilməsi ikili rol oynadı: İran təsirinin azalması Azərbaycan mədəni şüurunun genişlənməsinə, hegemonluğuna səbəb olurdu. Məhz bundan sonra əks proses başlandı, azərbaycançılıq şüuru və mədəniyyəti o taydakı soydaşlara güclü təsir göstərməyə başladı. Yəni azərbaycançılıq müstəqil bir dövlət ideologiyasına çevrildi.

 

Şübhəsiz ki, Əhmədov Xətaidən Nadir şaha qədər İran-Şirvan qarşıdurmasının detallarından xəbərdar idi. Şamaxı xanı Nadir şahın Muğanda baş vermiş tacqoymasında iştirak etməmişdi! Rəsulzadə 1918-ci ilin yanvarında "Açıq söz"də Rusiya tərkibində Azərbaycanın federasiya qazanmaq şansı haqda yazan kimi buna İrandan hücumlar edildi. Elə bu günədək xəyalpərəst İran yazarları Şirvanın İrana aidiyyəti haqda yazmağı sevirlər. Olub, amma keçmişdə. Necə ki, keşmişdə ABŞ İngiltərəyə məxsus olub. İndi isə az qala əksinədir. Sayırıq ki, İran təsirinin aradan qalxması prosesi bizim tarixçilər tərəfindən daha dərindən öyrənilməlidir, çünki bu da milli şüurumuzun tarixinin bir hissəsidir. Əhmədov bizim milli şüurun formalaşması prosesi haqda aşağıdakı mühüm sözləri yazır:

 

"Amma güman etmək ki, bütün xalq birdən milli özünüdərklə aşılandı, səhv olardı. Yox, özünüdərkin artması yavaş-yavaş, illərlə gedirdi, mədəniyyətin və maarifin inkişafı ilə şərtlənirdi. Bu inkişaf, bundan əlavə, xalqın daha mədəni təbəqələrindən geri qalmış aşağılarına doğru gedirdi. Əlbəttə, milli mənlik şüuruna birinci ziyalılar yiyələndi, dalınca burjuaziyanın mütərəqqi hissəsi və şəhərlərdəki xırda burjuaziya, yerli türk fəhlələri və nəhayət, kəndlilər. 1905-ci ildə başlanan bu oyanma, demək olar ki, bizim günlərimizdə başa çatır". Yəni 1925-28-ci illərdə.

 

Sayırıq ki, Əhmədov tam haqlıdır və biz milli şüurumuzun və hərəkatımızın tarixini yazanda Axundov və Zərdabidən sonrakı üçüncü mərhələ kimi məhz Birinci Rus İnqilabı dövründə, Əhmədovun ifadəsi ilə desək, Azərbaycan liberal burjuaziyasının 1905-1912-ci illər arasındakı fəaliyyətini üçüncü mərhələ kimi qəbul etməliyik. Onda 1911-ci ildə Müsavat partiyasının elan edilməsi və 1912-ci il İtaliya-Osmanlı müharibəsi burjuaziyanın milli hərəkatının dördüncü mərhələsi kimi qəbul edilə bilər. Bu mərhələ nəzəri cəhətdən H.Z.Tağıyev, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşovun, əməli cəhətdən məktəb hərəkatının və "Molla Nəsrəddin" məktəbinin fəaliyyəti ilə bağlıdır.

 

Əhməd Əhmədov sözügedən dövrdə Azərbaycan liberal burjuaziyasının milli məktəb və ana dili uğrunda mübarizələrinə doğru və uzaqgörən tarixi qiymət verir. Bu mübarizələr xalqın varlığını ortaya qoymaq yolunda idi, amma mili məktəbsiz bu heç zaman mümkün olmazdı. O zaman üçün bu, ən böyük siyasi məsələ və siyasi hədəf idi. Kitabda 1905-ci il martın son günlərində Bakının müsəlman müəllimlərinin qurultayından söhbət gedir. Bu yığıncaq da çarın fevral fərmanından sonra yaranmış islahatçı Nazirlər Komitəsinə 13 bəndlik petisiya yollamışdır. Bu petisiyada 1) pulsuz ümumi icbari təhsil; 2) beşillik ibtidai məktəblərin açılması; 3) ana dilində təhsilə icazə verilməsi; 4) yenidən qurulacaq ibtidai məktəblərin proqramlarına yeni predmetlərin daxil edilməsi; 5) ibtidai təhsili bitirənlərə orta və peşə məktəblərinə girmək hüququ; 6) müsəlmanlar üçün geniş peşə məktəbləri şəbəkəsi yaradılması; 7) məktəblərə müstəqillik və fəaliyyət azadlığı verilməsi; 8) rəsmi icazəsiz özəl məktəblər açmaq hüququ; 9) məktəblərin kollektivinə təhsilə dair yığıncaq və müşavirələr keçirmək hüququ; 10) müsəlman müəllimlərinə digər millətlərin müəllimləri ilə bərabər hüquqlar verilməsi; 11) müəllimlərin təyin və azad olunmasının kollektivlə razılaşdırılması; 12) müəllimlərin maaşının iş şəraiti və yerinə görə artırılması; 13) müəllim seminariyalarının (pedtexnikum) sayının və müəllimlərinin sayının artırılması və s. tələb edilirdi. Bu tələblər Azərbaycanda ana dilində burjua maarifi yaradılması proqramı idi əslində.

 

Əhmədov xalq üçün burjua maarifini keçməyin tarixi əhəmiyyətini dərindən başa düşürdü. Burada o, Nəriman Nərimanova yaxındır: sonuncu 16 avqust 1920-ci ildə Azərbaycan məktəblərində təhsilin xalqların öz dilində aparılması, 1921-ci il 29 martda isə Respublikada kargüzarlığın türk dilində aparılması üçün Komitə yaradan Azrevkom Dekretlərini imzalamışdı. Birinci Dekret müasir Azərbaycan məktəbinin əsasını qoydu, ikinci isə icra olunmadı. Milli dövlətin yaranmasında milli şüurun və milli mədəniyyətin üstün rolu haqda nəticələr, əlbəttə ki, 1920-ci illərdə Moskva ilə nərimanovçular arasında gedən mübarizənin dərslərindən gəlirdi. Nərimanovçular Azərbaycan Kommunist Partiyası içində rus-erməni ittifaqına uduzdular. Çünki onların arxasında hələ xalq yox idi: bu xalq mədəni inqilab və milli mədəniyyət yaradılması yolunu keçib monolit millətə çevrilməli idi.

 

Qeyd edək ki, Azərbaycan milli şüurunun tarixinə dair ikinci fundamental əsər "Milli Azərbaycan hərəkatı"dır. Bu kitab M.Ə.Rəsulzadə və M.B.Məmmədzadə tərəfindən İ.Stalinin 1932-ci ildə çıxmış "RK(b)P-nin tarixi" kitabına cavab olaraq Polşada yazılıb, 1936-cı ildə orada işıq üzü görüb. Bu kitabda azərbaycançılıq şüuru və Azərbaycan millətçiliyi ayrıca terminlər kimi Əhmədovdan sonra ikinci dəfə ortaya qoyulur və onun tarixi haqlı olaraq M.F.Axundovla bağlanır. Əhmədov isə kitabını Birinci Rus İnqilabının 20 illiyinə həsr etmişdi. Maraqlıdır ki, bolşeviklərin öz direktivləri ilə yazılan belə kitablar Tatarıstanda və digər yerlərdə də çıxmışdı.

 

Azərbaycan xalqı nəinki burjua maarifini keçib, üstəlik, bu maarifin "Əsrimizin Siyavuşu" adlı manifesti var! Bu kitab Azərbaycan xalqını və onun Cümhuriyyətini Firdovsinin Siyavuşuna bənzədir: Siyavuş - Turanla İranlılığı birləşdirmək layihəsidir, bu yolla bütün müsəlman aləmini yeni tərəqqi yoluna aparmaq və buna rəhbərlik etmək layihəsidir. Lakin Moskva bolşeviklərinin Azərbaycandakı düşünən başları kəsmək siyasəti 1938-ci ilə qədər davam etdi. Sonra da Böyük Vətən müharibəsi bu qırğının davamı kimi oldu. Azərbaycan xalqı və dövləti əsrimizin Siyavuşu olmaq şansını itirdi. Bəlkə də hələ itirməyib: əgər biz Orta Asiya və İranda ideoloji liderliyimizi bərpa və təmin edə bilsək, islamda və müsəlman həmrəyliyi sahəsində doğru mövqe tuta bilsək, dağılıb yenidən qurulan dünya nizamı yeni şanslar yaradır. Bu şanslar isə müharibələr erasında yeni bir mərhələnin açılması ilə bağlıdır. Müsəlmanlar bu gün müstəmləkə vəziyyətindədir: suverenlik üçün müsəlmanlara neftin pullarını və yeni hərbi texnologiyaları ağılla mənimsəmək lazımdır. Hərbi güc gələcəkdə də siyasi problemləri həll edən əsas vasitə olaraq qalacaqdır.

 

 

***

 

Əhmədov maarifçiliyin tarixini bacardıqca kapitalist sənayesinin inkişafı ilə bağlayır, Azərbaycan burjuaziyasının bu prosesdə payını çoxlu statistik rəqəmlərlə göstərməyə çalışır, bu payın azlığına acı təəssüflər edir. Cəsarətlə demək olar ki, bu günə qədər Azərbaycanda Əhməd Əhmədov qədər parlaq marksist nəzəriyyəçi və təhlilçı olmayıb və yəqin ki, olmayacaq. Onun qədər çarizmin Azərbaycandakı müstəmləkə siyasətini dərin marksist təhlil və milli təəssüb hissləri ilə ortaya qoyan olmayıb. O, bəlkə yeganə şəxsdir ki, Azərbaycan burjuaziyasını təmsil etməklə fəxr edir, bu sinfi müstəmləkə əhalisi arasında yeganə gələcəyə baxan qüvvə sayır.

 

Əhmədovun 1905-ci il inqilabı haqda kitabını oxumaq kifayətdir ki, Azərbaycan burjua maarifini dananların nə qədər həyasız yalan dediyini anlayasan. 1881-1919-cu illərdə çıxmış rusdilli "Kaspi" qəzetini Azərbaycanda orta və iri burjuaziyanın əsas orqanı kimi araşdıran Əhmədov bu sahədə ilk və ən yaxşı mütəxəssis sayıla bilər. O, haqlı olaraq qeyd edir ki, 1905-ci il ərəfəsində bütünlükdə dünya səhnəsində baş verənlərdən Azərbaycan cəmiyyəti xəbərsiz idi. Amma qeyd edir ki, dünyadan xəbərdar olan tək-tək şəxslər var idi. Əhmədov belə şəxslərin ən fəalları olmuş Həsən bəy Zərdabi, Əhməd bəy Ağayevin və Əlimərdan bəy Topçubaşovun maarifçı fəaliyyətinin ilk tədqiqatçısı kimi diqqəti cəlb edir. Böyük uzaqgörənliklə qeyd edir ki, 1904-cü ildə RSDFP-yə üzv olmuş bir neçə müsəlman bunu öz təşəbbüsü ilə yox, həmin təşkilatın qərarı ilə etmişlər, yəni hər imkan düşəndə Əhmədov Rusiya partiyalaşma təcrübəsinin Azərbaycana süni tətbiq edildiyini qeyd edir.

 

Gənc araşdırıcı olan Əhmədov yuxarıda xatırlanan burjua maarifçilərində çarizmin müstəmləkə siyasətini ifşa edən məqamları ön sıraya gətirir. Rus müstəmləkəçiliyi haqda danışmaq isə Sovet dönəmində də qadağan idi. Ona görə bu barədə yazan Heydər Hüseynov, Şıxəli Qurbanov, Ə.Sumbatzadə və b. onun adını çəkmirdilər. Əlbəttə, onun kitabından bunların hamısının bixəbər olduğunu düşünmək sadəlövhlük olardı.

 

Kolonist malakanların Azərbaycana köçürülməsi barədə qəddar müstəmləkə faktları kimi bəhs edən Əhmədov 1903-cü ildə indiki Pokrovka kəndindən alarların necə qovulmasından, baş vermiş silahlı toqquşmadan bəhs edir. Göstərir ki, alarları öz evlərindən məcburi səhraya qovur və malakanları onların evinə, bağ-bağatlı həyətlərinə köçürürdülər. Bizim tarixçilər sonralar bu barədə susublar və ya bu, qadağan edilmiş mövzu olub. Amma bu yaxınlarda Yorq Baberovskinin "Stalinizm Qafqazda" kitabında Azərbaycan kəndliləri ilə malakan kolonistlər arasında 1917-ci ildə qanlı toqquşmaların icmalını oxudum: Əhmədovun kitabındakı epizod yadıma düşdü. Malakanların bir hissəsi cəmi 15-16 il II Nikolayın istefasından əvvəl zorla müsəlmanların evlərinə köçürülmüşdülər. Çar yıxılan kimi müsəlmanlar rus malakanlarına verilmiş öz evlərindən kütləvi surətdə qovub çıxarmaq istədilər. Baberovski hətta 1000-dən çox malakanın 1917-də Kubana qayıtdığını yazır.

 

Malakan kolonistlərlə Azərbaycan kəndliləri arasında kütləvi qanlı toqquşmalar çox mühüm tarixi faktdır. Çünki məhz bu toqquşmalar Bakıda 1918-ci il 17-21 mart qırğınlarının əsas səbəbi olub, daha doğrusu, rus hərbçiləri tərəfindən intiqamı olub. 17-18 martda Bakının müsəlman məhəllələrinə od vurulmasının və havadan və gəmilərdən bombalanmasına rəhbərlik edən Cənub Qoşunlarının Hərbi İnqilab Şurası olub. İndiki terminlə desək çar qoşunlarının Azərbaycandakı rəsmi qərargahı dinc əhaliyə qarşı ümumqoşun əməliyyatı keçirib, Astoriya mehmanxanası ilə üzbəüz binada yerləşib. Müsavat və digər milli partiyalar sözügedən qərargahda iki bəndlik Təslim aktı imzalayıblar. 1. Azərbaycanda Sovet hakimiyyətinin qeyd-şərtsiz qəbulu; 2. Müsəlman hərbi dəstələrinin tərki-silah edilməsi və buraxılması müsavatçılara həvalə olunub. Şaumyanın Qırmızı Qvardiyası bu təslim aktı imzalandıqdan dərhal sonra məhəllə-məhəllə cəza tədbirlərinə başlayıb, yəni Şaumyanın həyata keçirdiyi artıq polis əməliyyatı idi. Mart faciəsinin əsas cəlladı - Cənub Qoşunlarının Hərbi İnqilab Şurası olub. Amma onu tarixdən çıxarıb ancaq Şaumyanın başkəsənlərini saxlayıblar. Sovet tarixçiliyi belə idi, müstəmləkəçiliyin imicmeykeri rolunda idi.

 

Müəllif əsərin VI fəslini "Yeni mədəniyyət uğrunda mübarizə. Türk gerçəkliyində liberalizm və konservatizm" adlandırıb. Bu fəsil əslində Birinci Rus İnqilabı ərəfəsində Azərbaycanda milli şüurun təhlilini davam etdirir və dərinləşdirir. Liberalizm deyəndə müəllif yenilik tərəfdarlarını, tərəddüdsüz Avropa maarifi yolunu seçən C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, C.Cabbarlı kimi ziyalıları nəzərdə tuturdu.

 

Əhmədov bütövlükdə liberal-burjua ziyalılarını rusofil adlandırır, amma bizcə, bu, adıçəkilənlərə aid deyil. Hətta deyə bilərik ki, Əhmədov maarif və mədəniyyətin milliliyi prinsipindən danışanda yuxarıda adını çəkdiyimiz və ana dilində yazan ziyalılarımızın ideoloji platformasını yaradırdı. Ana dilində maarif və mətbuatın milli ideologiya kimi əhəmiyyəti çox böyük idi. Təsadüfü deyil ki, Mirzə İbrahimov böyük uzaqgörənlik edərək 1936-1937-də yazdığı "Böyük demokrat" adlı dissertasiyasında "Molla Nəsrəddin"in platformasını inqilabi-demokrat adlandırdı. Bu, sovet şəraitində gedən mədəni və ədəbi quruculuqda nərimanovçuluqdan sonra da milli cərəyanın davamı demək idi. "Molla Nəsrəddin" platforması, C.Məmmədquluzadə və M.Ə.Sabir irsi bununla bizim kommunist və sovet ideologiyamızda rəsmi və leqal yer aldı. Bu yer Azərbaycan milli şüurunun sovet vaxtı qorunmasını təmin etdi və gələcəyimiz üçün misilsiz əhəmiyyət daşıdı. Ədəbiyyat quruculuğunda C.Cabbarlı, S.Vurğun, M.İbrahimov, M.Cəfər, B.Vahabzadə, X.Rza, S.Rüstəmxanlı və başqaları bu cərəyanı davam və inkişaf etdirdilər və qorudular. Əsrimizin Siyavuşu olmaq şansından bizin maarif və mədəniyyətimizdə bu qaldı! Lakin bu platforma Azərbaycan millətçiliyinin və şüurunun əsası və bünövrəsi oldu, bizim milli burjua mədəniyyətinin qırılmayan xətti oldu.

 

Əhmədov ancaq rusca yazan, rusofil liberal-burjua müstəmləkə məmurlarına düzgün xarakteristika verir. Onlar qabaqcıl rus mədəniyyətini tərifləyərək türk kütlələrini mədəniyyətə və tərəqqiyə çağırırdılar, çar hökumətinin palazı altında yaşamağın həmişə rahat olacağına inanırdılar. Həm də onlar Əhmədova görə, "müstəqil türk mədəniyyəti yaradılmasına çalışmır və rusluğa aid hər şeyi tam və kor-koranə təqlid edirdilər". ("Azərbaycan 1905-ci il inqilabında", s.112). (Yeri gəlmişkən, xatırladığımız sovet "milli" akademikləri və partiya nomenklaturası bunların ritorikasının və rəsmi milliliklərinin davamı idi).

 

Müstəmləkə məmurlarının ikinci qrupuna Əhmədov mühafizəkar din xadimlərini aid edir (biz bura xırda şiə məmurlarını, mollaxana müəllimlərini də əlavə edərdik - R.Ə.). Bunlar "bütün gücləri ilə mane olurdular ki, türklər Qərb mədəniyyətinə və maarifinə yiyələnməsin, kütlələrə fars təsiri yayırdılar". Burada fars təsiri bir az şişirtmədir, çünki İran idarəçiliyindən qalma rəsmi yazışma elementləri qalırdı Azərbaycanda Çar hökumətinin icazəsi ilə, hətta Qori Müəllimlər Seminariyasında fars dili buna görə Azərbaycan dilindən daha artıq öyrədilirdi.

 

Bu dəqiq təsnifdən sonra Əhmədov kəskin bir nəticə irəli sürürdü: "Deməli, türk ictimai qruplarından heç biri hələ milli türk (yəni azərbaycanlı - R.Ə.) sifətinə malik deyildi. Belə vəziyyətin əsasında yenə də həm Azərbaycan türklərinin yuxarı təbəqəsində, həm də aşağı təbəqəsində milli özünüdərkin yoxluğu dururdu: Azərbaycan türkləri hələ millət kimi formalaşmağa macal tapmamışdı, bu isə ancaq türk gerçəkliyində burjua-kapitalist formalarının möhkəm əsas tapması şəraitində ola bilmişdi. Türklərin sənaye kapitalizmi isə, əgər belə demək mümkünsə, hələ bələkdə idi". Əhmədov qeyd edir ki, Azərbaycan burjuaziyası qarşısında öz milli müqəddəratını təyin etmək sualı durmurdu. Bunun səbəbini də Əhmədov bir marksist kimi, Çar hökuməti şəraitində azərbaycanlıların varlanmaq hüquqlarının və imkanlarının varlığı ilə bağlayırdı. Nadir şah və ya Xanlıqlar dövründə bunlar, doğrudan da, yox idi.

 

Müəllif 1905-ci il inqilabına yüksək qiymət verir və yazır: "17 Oktyabr Manifestindən sonra Türk Milli hərəkatı yeni zolağa - getdikcə artan dirçəliş zolağına çıxdı. Türklərin ictimai özfəaliyyəti yolundakı son maneələri də inqilab dalğası kənar etdi, türk cəmiyyəti öz mədəni və siyasi inkişafının geniş yoluna çıxdı... Amma türklərin demokratik və mütərəqqi dairələrini təmin etmədi" (s.161). Bunlar, ilk növbədə, müsəlmanların öz şəhərləri Bakıda xristianlarla tam bərabər hüquqlar ala bilməməsi idi. Burjuaziyanın radikallaşmasını və sollaşmasını müəllif "Kaspi" və "Həyat" qəzetlərinin Çar hökumətinə qarşı müxalifətə keçməsində, Rusiya azadlıq hərəkatı ilə həmrəylik göstərməyə çalışmasında müşahidə edir. Əhmədov böyük həssaslıqla erməni millətçilərinin mərkəzi rus mətbuatında Azərbaycan burjua liderlərinə qarşı qərəzli kampaniyasını, onları panislamist və vəhşi kimi təqdim etmək cəhdlərini görür və bunlara qarşı müsəlman liderlərinin mübarizəsindən bəhs edir. Azərbaycan milli hərəkatını ermənilərə qarşı yönəltmək cəhdlərinə baxmayaraq, növbəti mərhələdə Müsavat partiyasının meydana çıxması müsəlmanlar qarşısında duran azadlıq və bərabərlik kimi tarixi vəzifələrlə bağlı idi.

 

Müəllif Bakıda və Azərbaycanın digər yerlərində 20-25 avqust erməni-müsəlman qırğınlarını birbaşa çarizmin inqilabi hərəkatı zəiflətmək təşəbbüsü kimi izah edir. Göstərir ki, Manifestdən sonrakı şərait türk burjuaziyasının taktikasının dəyişməsinə, onun sollaşmasına, xahişlərdən tələblərə keçməsinə, qətiyyətli bir dillə danışmasına səbəb oldu. Həmişə xahişçi rolunda gördüyümüz xadimlər daha icazə istəmirlər, qətiyyətli tələblər qoyur, köhnə hökumətin istefasını, Manifestin tam həcmdə icrasını tələb edirlər. Əlimərdan bəy Topçubaşovun "Kaspi"də çıxan məqalələrini təhlil edən müəllif onun Rusiya azadlıq hərəkatında müsəlmanların iştirakının tarixi zəruriliyi haqqında çağırışlarını diqqətə çəkir. Bu, ciddi bir konsepsiya idi və nəticədə Azərbaycan Kommunist Partiyasının da Rusiya bolşevik partiyasının bir hissəsi kimi 70 il fəaliyyəti ilə nəticələndi. Əslində bizim liberal-burjuaziyanın bir hissəsi (Əhmədov özü daxil) bolşevik partiyasına qoşuldu. Lakin II Respublikanın və Nərimanovun taleyi timsalında səhvini anladı və bunun acısını və faciəsini yaşadı.

 

Tarixi prosesləri həssaslıqla anlayan Əhmədov Oktyabr Manifestindən dekabrdakı Moskva silahlı üsyanına qədər olan iki ayı xüsusi dəqiqliklə təhlil edir. Bu iki ay II Nikolayın istefasından sonrakı dövrü xatırladır. Məhz bu zaman Gürcüstanda bu respublikaya muxtariyyət və parlament vermək tələbi meydana çıxmışdı. Bunun ardınca müsəlmanlar da sözügedən qəzetlərdə "Zaqafqaziyada 1) parlament- Seymi yaratmaq; 2) bu əraziyə özünüidarə hüququ vermək; 3) ümumi və bərabər səsvermə hüququ ilə seçkilər keçirmək təklif edildi. Əhmədov kitabda Topçubaşovun "Gürcüstan müxtariyyəti" konsepsiyasını necə tənqid etdiyini və müsəlmanların Rusiyaya daha "sadiq" olduğunu göstərən yazısını bizim liberal-burjuaziyanın mövqeyi kimi təhlil edir. Və çox müasir səslənən nəticələr söyləyir:

 

"Beləliklə, erməni millətçiləri - "Daşnaksütyun" partiyasının simasında, gürcülər - öz sosialist-federalistlərinin simasında, milli özünüidarə sahəsində Qafqaz üçün federativ əsaslarda ən geniş (ərazi) avtonomiyası tələb etdiyi halda, türk burjuaziyası başçıları, separatizm ittihamlarından qorxaraq, ancaq geniş özünüidarə tələbləri ilə kifayətlənirdi... (s.167).

 

Moskvada üsyan bütün 1905-ci il inqilabının istiqamətini dəyişdi. Amma Cənubi Qafqaz Seymi yaratmaq layihəsi 1917-18-ci illərdə baş tutdu və sonra müstəqil Cənubi Qafqaz respublikalarının yaranması ilə nəticələndi.

 

Əhməd Əhmədovun parlaq ideoloji təfəkkürünün mühüm tezislərindən biri Azərbaycanda panislamizm ideologiyası ilə bağlıdır. O, tam qətiyyətlə bildirir və əsaslandırır ki, Azərbaycanda tam mənada panislamizm olmayıb. Birinci Rus İnqilabına qədər çar təhlükəsizlik orqanlarının yazışmalarında istifadə olunan bu termin, Əhmədova görə, müsəlman azərbaycanlılarının özlərini dil və dincə yaxın olan İran və Türkiyə ilə yaxınlaşdırmaq meyillərini ifadə edirdi. Bu, müstəmləkə orqanlarında qorxu yaradırdı, o biri tərəfdən də təhlükəsizlik orqanı işçilərinin özlərini işləyən göstərmək üçün düzəltdikləri bir yalançı təhlükə idi. Əslində Azərbaycanda islamı dərindən bilən mütəxəssislər yox idi, çünki müvafiq təhsil ocaqları yox idi. Nəcəf kimi ərəb şəhərlərinə gedib, on beş, iyirmi il sonra ərəb dilini belə normal öyrənə bilməmiş mollalar isə çox az idi. Onların Azərbaycan dilində baza təhsilinin yoxluğu ərəb qrammatikasını və dilini mənimsəməyə imkan vermirdi.

 

Əhmədov haqlı olaraq yazır ki, Azərbaycanda panislamist görüşlər 1905-ci il inqilabından sonra formalaşdı. Nəyə görə? Ona görə ki, müsəlmanlara mətbuat azadlığı veriləndə savadlı jurnalistlər yox idi, qəzetlərə diribaş mollalar doldular və yas məclislərində islam dini şəninə dedikləri tərifləri qəzetlərdə də yazmağa başladılar. Amma bu, islam sivilizasiyasının və quruluşunun xristianlıqdan üstün olduğunu təsdiqləyən bir ideoloji sistem olmaqdan uzaq idi. Amma çar məmurları islamı özlərinə müxalif bir düşüncə kimi görməkdə haqlı idilər. Müsəlmanların xristian müstəmləkəsinə qarşı bütün qiyamları bu bayraq altında yaranıbdır. Panislamist yarlığı ilə güllələnənlər də minlərlə olub.

 

 

***

 

Burada bir neçə kəlmə də Əhmədovun öz müəllimi, atasının dostu N.Nərimanova münasibəti haqda demək lazımdır. Nərimanov onu "İdioloq" adlandırırdı, Bakıya hər gəlişində onunla görüşürdü. Əhmədov göstərir ki, 1923-24-cü illərdə Nərimanov leninizmin marksizmə zidd olduğunu anlamışdı, çünki Azərbaycanda və hər yerdə sovetləşmənin 99 faiz ordu gücünə getdiyi aşkar idi. Amma Nərimanov Mədəni İnqilabın Azərbaycan üçün faydalı olduğu üzərində sona qədər təkid etdi.

 

Əhmədovun siyasi irsinin bir əhəmiyyəti də ondadır ki, 20-ci illərdə Azərbaycanda gedən siyasi proseslərin əsl mahiyyətini yeni şəkildə görməyə yol açır. Bu yenilik nədədir? Ondadır ki, o zamankı bolşevik mətbuatında mənfi mənada işlənən nərimanovçuluq termininin böyük tarixi mənasını açır. Moskva və onun ardınca M.S.Ordubadi nərimanovçuluğu N.Nərimanovun cavan Azərbaycan bolşevikləri ilə konflikti kimi qələmə verirdi. Əslində bu, həqiqəti gizlətmək ücün rus-erməni ittifaqı tərəfindən düzəldilmiş təbliğat yalanı idi.

 

Nərimanovçuluq 1938-ci ilə qədər davam etmiş milli siyasi hərəkat idi. Bu hərəkatın çıxış nöqtəsi Azərbaycan parlamentinin 1920-ci il 27 aprel tarixli son Qərarı idi. Bu qərarla ölkədə hakimiyyət Azərbaycanın müstəqilliyini qorumaq şərti ilə Azərbaycan bolşeviklərinə verilirdi, onlar isə özlərini daha çox sosialist sayırdılar. Müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına başcılıq edən Nərimanov və onun yaxın ətrafındakı adamlar hakimiyyətin məhz onlara verildiyini, İkinci Respublikanın milli bir dövlət olduğunu güman edirdilər. Ə.Əhmədov 1920-1923-cü illərdə Azərbaycan bolşeviklərinin öz arasında da Azərbaycanın müstəqilliyi lazımdırmı və bu, əməldə mümkündürmü - sualı üzərində diskussiyaya xüsusi yer verir. Bu barədə yazır: "Axı bizim öz siyasi rəqiblərimizlə mübahisəmiz bu əsas prinsip ətrafında fırlanırdı. Axı hələ 1920-ci ildən N.Nərimanov ətrafında toplaşmış kommunistlərin əsas tələbi o idi ki, Azərbaycanın müstəqilliyini saxlamaq lazımdır". ("1918-1925..., s.74). Elə buradaca oxuyuruq ki, Nərimanovçular rəhbərlərinin yenidən Azərbaycanda vəzifəyə qayıdacağına ümid edir və bunu daim müzakirə edirdilər. Nəhayət, 1927-ci ildə son istintaq ifadəsinin birində Əhmədov dostu Əbdül Baqidən və onun Qədirli və digərləri ilə 1922-ci ilin payızında yaratdıqları gizli nərimanovçu Hümmət partiyası və onun MK-sından danışanda bir daha deyir: "(Əbdül Baqi) Müsavatçılara kömək edib, onlara ona görə əl tuturdu ki, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə edən Azərbaycanın bütün sol sosialist və demokratik partiyaları blokunun fəaliyyət birliyi nöqteyi-nəzərdə dururdu". (1918-1925..., s.85). Göründüyü kimi, illər keçdikcə nərimanovçular hərəkatın İkinci Respublika ilə birgə ləğv edilmiş müstəqilliklə bağlı olduğunu daha aydın dərk və ifadə edirdilər.

 

Əhmədov özü Nərimanov öləndən sonra bu qənaətə gəlmişdi ki, milli kommunistlər Müsavat partiyasına girib onun tərkibində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmalıdır, necə ki, Çin kommunistləri yadlara qarşı böyük milli cəbhə olan Komendan hərəkatına daxil olmuşdular. Əhmədov sayırdı ki, əsas müstəqilliyi qaytarmaqdır, bu, əldə ediləndən sonra Müsavatdan ayrılmaq və ya onun özünü sosialist, sosial-demokrat tipli partiyaya çevirmək olar. Əhmədovun son əqidəsi belə olubdur.

 

Əslində, nərimanovçu kommunistlər 1920-1922-ci illərdə olmuş müstəqilliyi şişirdirdilər. Onların əsas səhvi ADR-in yıxılmasında əsas rol oynamaları idi. İkinci Respublikanın Hərbi İnqilab Komitəsi də, Xalq Komissarlar Soveti də 27 apreldən beş-altı həftə əvvəl Moskvada yaradılmış və təsdiq edilmişdi! Nərimanovu isə bu işin mahiyyətinə ancaq mart ayının əvvəllərindən cəlb və tanış etdilər. Çünki Moskva və İ.Stalin müsəlman N.Nərimanova tam inanmırdı. Ona görə də Dövlət İnqilab Komitəsi sədri təyin olunan N.Nərimanova bir Üçlük əlavə edilmişdi: Mirzə Davud Hüseynov və Əliheydər Qarayev. Nərimanov onlarla razılaşdırmadan İnqilab Komitəsi adından sənəd yaya bilməzdi! O, formal İnqilab Komitəsinin sədri olsa da, Üçlüyün sədri idi ancaq, yəni həlledici səsi yox idi, öz siyasi iradəsini yeritmək imkanı onun əlindən alınmışdı.

 

Nərimanovun namizədliyini Leninin iştiraki ilə MK-nın Siyasi Bürosunda, Qafqazı azad etmək üzrə Büro tərkibinə kim irəli sürsə yaxşıdır? XI Qızıl Ordunun rəhbərliyi! Yəni Nərimanov Qafqaza ordu rəhbərliyi (oxu: Qafqazın Şaumyandan sonrakı canişini Orconikidze və Mikoyan) tərəfindən dəvət olunduğundan ona tabe olmalı idi. XI Ordu Nərimanovu İnqilab Komitəsinin sədri təyin etdiyindən Bakıda ikihakimiyyətlilik yarandı: 1920-1922-ci ilin bütün qalmaqalları faktiki hakimiyyət olan XI Ordu ilə şərti İnqilabi Komitə rəhbəri Nərimanov və onun həmfikirləri arasında baş verdi. Sonuncu sovet dönəmi Qafqaz canişini, Stalinin sağ əli Orconikidzenin boğazında sümük idi. Nərimanov Moskvadan gələn direktivləri müzakirə edirdi, özünü müstəqil ölkənin rəhbəri kimi, Azərbaycan xalqının təəssübkeşi kimi aparırdı. Hərbi intizam əsasında qurulmuş bolşevik rejimi ilə bu, bir araya sığmırdı. 1922-ci ilin mayında İkinci Azərbaycan Respublikasının tələsik ləğvi bu sümüyü ləğv etdi. 1922-ci ilin mayında Müstəqil Azərbaycan Sovet Sosialist Respublikası ləğv olunanda Nərimanovu bütün vəzifələrindən çıxarıb, əvvəlcə Tiflisə, sonra Moskvaya sürgün etdilər. (1923-də onun böyük Məktubu müzakirə ediləndən sonra Siyasi Büro ona Bakıya getməyi qadağan edən Qərar da çıxardı). Moskvadan gələn əmrləri müzakirə üçün formal əsas belə qalmadı, özü barədə qəbul edilən qərarlarda Azərbaycan xalqının iştirakı sıfıra endi, yəni çarın vaxtındakı ilə eyniləşdi. Əlavə edək ki, İkinci Respublikanın ləğvini cavan bolşeviklərin də az bir hissəsi himayə edirdi. Görünür, sonralar onlar dəfələrlə olduğu kimi, Moskvanın zorakılığı qarşısında susmağa üstünlük verdilər. Bu məsələ, partiyada 1921-1922-ci illərdə geniş müzakirə olunub və hələ kifayət qədər öyrənilməyib.

 

Leninin milli siyasəti özülündən belə ikiüzlü və namərd idi! Nərimanov bunları anlayan kimi mübarizəyə başladı Moskva ilə və bu, nərimanovçuluq adı aldı. Bu hərəkat, 27 Aprel ərəfəsində aldadılmış azərbaycanlı bolşeviklərin Moskvaya qarşı sakit qiyamı və ədaləti bərpa etmək təşəbbüsü idi. Partiya iclaslarında müsəlman fəhlələrə qarşı ədalətsizlikdən söz açan fəhlələri belə rus-erməni ittifaqı təşkilatdan qovurdu. Cavan Azərbaycan bolşevikləri isə bu aldadılanların digər bir dəstəsi idi və onlar da Nərimanov tərəfdarları kimi 1938-dək fiziki cəhətdən məhv edildilər. Onları da nərimanovçuluq hərəkatının qurbanları saymaq olar.

 

Nərimanovçuluğun ADR-in süqutunun nəticəsi olmasını liberal-burjua ideoloqlarının taleyində də görmək olar. 1916-cı ilə qədər Ə.M.Topçubaşov, Ə.B.Ağayev çar hökumətinə ən loyal ziyalılar idi. Əhməd bəy Nuru Paşanın mülki işlər üzrə müşaviri oldu, ingilislər tərəfindən həbs edildi və ömrünü Türkiyədə başa vurmalı oldu. Əlimərdan bəy 1918-ci ilin dekabrında Milli Məclisin sədri seçilsə də, Paris Sülh Konfransına getmək bəhanəsi ilə İstanbula, ordan Parisə getdi, iki oğlunu da Nümayəndəlikdə işə götürüb ailəsi ilə birgə bir daha Bakıya qayıtmadı, ailəsi və özü yoxsulluğun acılarını daddı. Niyə vətənə dönmədi onlar? Çünki zəmanənin an savadlı, ağıllı adamları kimi Rusiya dövlətinin qatil mahiyyətini gördülər onlar. Qayıtsaydılar onlar da Fətəli Xan Xoyski kimi rus siyası terrorunun qurbanları siyahısında olacaqdılar. Bizim tarixçilər ADR liderlərinin 1920-ci ildə erməni terrorçuları tərəfindən öldürüldüyünü yazırlar həmişə. Səhvdir bu! 1920-ci ildəki siyasi terrorun sifarişçisi, maliyyə mənbəyi Moskva idi, konkret rəhbəri Semyon Pankratov idi. Bu, Moskvadan təşkil olunan dövlət terroru idi. İcraçılar isə muzdlu qatillər idi. Bu qatillər başqa millətdən də ola bilərdilər. Amma ermənilər bu qara işi daha ücuz görürdülər, müflis rus zabitləri isə pul saya bilirdilər.

 

Bolşevik siyasətinin iki məxfi başı vardı: birincisi, hər şeydə hərbi gücə və terrora əsaslanmaq, ikincisi isə qanunsuz müsadirə edilmiş pullardan siyasi alət kimi istifadə. Bolşeviklər bu pullardan müsəlman "kommunistləri" inqilaba cəlb etmək üçün geniş istifadə edirdi. ADR-in ləğvində XI Ordunun rolu gözəl məlumdur. Amma Həştərxandan Bakıya daşınan bolşevik pullarını da xatırladır Əhmədov, başqa yerdə Komintern pullarını araşdırır. Bu məsələ məxfilik pərdəsi altındadır, amma Moskvadan Bakıya axan pullar ADR-in ləğvində böyük rol oynayıb və bu, işi asanlaşdırıb. Bakıya qayıdan ingilislər şəhərdə demokratiya düzəltməyə çalışdılar, ümid edirdilər ki, Denikin qalib çıxacaq və onlar həmişəlik Bakıda qalacaqlar. Amma bolşeviklər ingilislərin demokratiya oyunundan Bakıda pulun gücü ilə təzədən hakimiyyətə qayıtmaq planları üçün istifadə etdilər və buna nail oldular. Əhmədov bu barədə xəsis danışır. O, sıradan özünün və Nərimanovun qanlı Mart hadisələrində nə mövqedə olduqları və nə etdikləri barədə. Güman ki, Əhmədov bu zaman Nərimanova ən yaxın adamlardan biri olub. Amma bunları araşdırmaq lazımdır. Əhmədov özü 1920-1921-ci illərdə Qızıl orduda, Qarabağda olub. Deməli, müsavat ordusunun qalıqlarının məhv edilməsində, qəzaların hərbi yolla qanlı sovetləşdirmədə iştirak edib. Amma Nərimanovdan sonra o, Azərbaycan ziyalılarının planlı surətdə məhv edilməsi faciəsi haqqında yazırdı və bunu ilk deyənlərdən biri idi. Əhmədovun tərcümeyi-halının dəqiq öyrənilməsi hələ çox məsələlərə işiq sala bilər.

 

Biz yuxarıda iki liberal ideoloqun taleyini nümunə kimi gətirdik. Amma ADR-in ləğvinin bütün çoxsaylı liberal ziyalıların taleyində oynadığı faciəli rol hələ tarixçilər tərəfindən çox öyrəniləcəkdir. Mən Nərimanova düşmən kəsilmiş cavan Azərbaycan bolşeviklərinin taleyinə də acıyıram. Onlar da nərimanovçuluğun, milli taleyimizin bir qoludur. Bir çox ailələr (o cümlədən Nərimanovun ailəsi) Moskvada, Orta Asiyada, Cənubi Azərbaycanda, Türkiyədə qaldı. Bolşeviklər onlarla adi qohumluq rabitəsini belə dövlətə xəyanət kimi izləyirdi.

 

Nərimanovun təcrübəsindən danışarkən daha bir məsələnin üstündən sükutla keçmək olmaz. Bu onun Moskva ilə mübarizələrini məxfi rejimdə aparması idi, açıq mətbuatda bu və ermənilər haqda heç nə yazmaması idi. Bunun səbəbi nə idi və Nərimanov nədən qorxurdu? Bu suala cavab vermək üçün Nərimanovun həyatının və xalqımızın taleyinin iki qanlı epizodu barədə arxiv sənədləri açılmalıdır:

 

1. 1918-ci ilin yanvar-martında Moskvada Bolşevik Siyasi Bürosunun Cənubi Qafqazda və Bakıda ordudan istifadə yolu ilə sovet hakimiyyəti yaratmaq haqda Məxfi qərarları.

 

2. 1920-ci ilin yanvar-aprelində Moskva Siyasi Bürosunun XI Qızıl Ordu vasitəsilə Cənubi Qafqazın müstəqil respublikalarının ləğv edilməsi və buranın Moskva hakimiyyətinə qaytarılması haqda məxfi qərarlar.

 

Sayırıq ki, bu iki qrup məxfi sənədlərdə N.Nərimanovun bu qanlı hadisələrdə şüurlu iştirakı barədə məlumatlar var və məhz bunların yayılmasından qorxurdu. Biz N.Nərimanov haqqında məqaləmizdə ("Ədəbiyyat qəzeti", 18.07.2020) onun öz sözləri əsasında 1918-ci il 17-21 mart Əməliyyatını icra edən Məxfi Üçlüyün (Şaumyan və Caparidze ilə birgə) üzvü olduğu barədə mülahizəmizi yazmışıq. Sayırıq ki, Nərimanov 27 Aprel ərəfəsində Moskvada və Həştərxanda hazırlanan güllələnmə və digər qanunsuz bolşevik tədbirlərinin hazırlanmasında iştirak etmişdi, bunlardan əvvəlcədən xəbərdar idi və sonra da onları imzalamışdı. Lakin bu planların Rusiya üsulu ilə icrasının necə qanlı mənzərə yaradacağını təsəvvür edə bilməmişdi. Bunu da nəzərə almalıyıq.

 

Əhmədov göstərir ki, 1923-cü ildə Moskvadan Nərimanovun şikayətlərini araşdırmaq üçün Mərkəzi Komitənin üç nümayəndəsi: E.Yaroslavski, Petrovski, Sols başda olmaqla nüfuzlu komissiya gəlmişdi. Xatırladaq ki, bundan əvvəl də 1921-ci ilin yayında Nərimanovun şikayətləri ilə bağlı Molotov komissiyası gəldi. Hesab olunur ki, İkinci Respublikanın taleyi və Nərimanov haqqında sonrakı qərarlar hamısı bu şəxsin qənaətlərinə əsaslanıb. Əlbəttə, o, rus-erməni ittifaqına haqq qazandırıb. Güclənən Zaqfedarasiya layihəsi nərimanovçuluq probleminin biryolluq həlli üsulu idi. Eyni problemlə bağlı Tatarıstanın kommunist başçısı Sultanqaliyev məhkum edilmişdi... Ona görə Yaroslavskinin istintaq komissiyası Moskvada və Bakıda Nərimanovun böyük Məktubunu müzakirə etdi. Nərimanovun əleyhinə qurulmuş ssenari ilə fəhlədən tutmuş, veterana qədər danışdı. Yalnız iki nəfər son iclasda Nərimanovu müdafiə etdi: seminarist dostu Soltan Məcid Qənizadə və Qədirli İsrafilbəyov. Hər ikisi Nərimanova qarşı ifadələrin təşkil olduğunu son yığıncaqda dedilər.

 

Aydındır ki, İ.Stalinin göndərdiyi komissiya Nərimanova haqq qazandıra bilməzdi, respublikada vəziyyət barədə onun qiymətləri məhkum edildi. Əslində yalançı AKP Bakı Komitəsində Mirzoyan başda olmaqla mərkəzləşmiş rus-erməni ittifaqının Nərimanova düşmən və böhtan tezisləri qəbul edildi. Amma N.Nərimanovun Moskva ilə konfliktini əks edən az qisim məxfi məktubları məhz Yaroslavski Komissiyasının işini təmin etmək üçün mübahisə iştirakçılarına paylamışdı. Sonralar prof. Teymur Əhmədov və digər araşdırıcıların Bakıda aşkar etdiyi Məxfi məktub və sənədlər bu məsələ müzakirə olan zaman müvəqqəti leqallaşıb və məxfi arxivçilərin yaxşı mənada başsoyuqluğu nəticəsində Bakı arxivlərində qalıb.

 

Əhməd Əhmədov parlaq marksist idi. O, leninçi marksistlərin Rusiyanın xalqlar həbsxanası olması haqda tezislərinə inanmışdı. Bu tezis və müddəalar bəzən Leninin öz yazılarında da təkrarlanırdı. Amma gənc Əhmədov bilmirdi ki, bolşevik və marksist rus dövlətində milli hərəkatın tarixini yaza bilməz, milli sözünü sıx-sıx işlədə, onunla fəxr edə bilməz. Amma edirdi. Onun kitablarının bir leytmotivi də Azərbaycan milli ideoloqu və təhlilçisi olmağı ilə fəxr etməsidir. O bilmirdi ki, hələ 1919-cu ildə Paris Sülh Konfransında çoxüzlü Bolşevik hökuməti "Vahid və bölünməz Rusiya" platformasına keçmişdi, Rusiyanın 1914-cü il sərhədlərinin bərpasını öz xarici və daxili siyasətinin əsası elan etmişdi. N.Nərimanov və onun ətrafı 1922-ci ilin sonuna qədər buna əhəmiyyət vermirdilər, hakimiyyətdə olmaq üllüziyası onların gözünü bağlayırdı. Lakin 1925-ci ilin martında son dəfə Bakıya gəldiyi zaman Nərimanov deyir dostlarına: "Moskva (oxu: Stalin) "Vahid böyük Rusiya" kursunu götürüb, smenovexovçu ziyalıları özünə tərəf çəkir" ("1918-25-ci illərdə..." s.63). Bunun nəticəsi kimi milyonlarla çar zabiti kor rus köləliyi və qəddarlığı ilə Bolşevik rejiminin tərəfinə keçdi və onun dağılmasının qarşısını aldı. Bolşevik vətəndaş müharibəsində İvan Qroznı qəddarlığı kölgədə qaldı. Rəqiblərin fiziki məhvi əsas siyasi alət oldu, qan su yerinə axdı. Belə bir vaxtda 25-26 yaşlı bir müsəlmanın Bakıda Rus müstəmləkəçiliyini rəsmi rus sənədləri əsasında amansız bir obyektivliklə ifşa etməsinə yol verilə bilməzdi. Onun kitabının ayrıca bir fəslinin adı belə idi: "Rusiyanın müstəmləkəçilik siyasəti". Əhməd Əhmədovun 1928-ci ildə namərdcəsinə güllələnməsinin əsl səbəbi bu idi.

 

Sayırıq ki, onun adı tariximizdə və elmimizdə, Milli hərəkat tariximizdə, dərsliklərimizdə bərpa edilməlidir. Xalqımız bilməlidir ki, onun M.Ə.Rəsulzadədən başqa, daha bir böyük milli ideoloqu olubdur: Əhməd Əhmədov. Onun kitablarını bərpa etmiş, çap etmiş Tarix İnstitutu əməkdaşlarına, Nigar Maksvelə minnətdarlığımı bildirirəm düşünən azərbaycanlılar adından. Onun irsi, istintaqının materialları tam şəkildə çap edilməlidir, bioqrafiyası tədqiqata cəlb edilməlidir. Çünki obyektiv milli yaddaş - həqiqi dövlətin ayrılmaz hissəsidir.

 

Mən tarixçi deyiləm. Amma Əhməd Əhmədovun kitabları elə bil mənim gözümü açdı öz yaxın tariximizə: ona görə bu yazını yazdım. Əslində, 70 illik sovet dönəmi uzun bir nərimanovçuluq macərasıdır. Sovetləşməyə qədər biz nələrdən keçmişik. Amma rəsmi bolşevik senzorları zorla yalanları öyrədirdi adamlara tarix haqda. Hədis var: həqiqəti bilmək sizi azad edir. Əhməd Əhmədovun kitabları bu azadlığın səmtini göstərir: yaxın tariximizdə açılası şeylər hələ çoxdur. Onların hamısını biləndən sonra, gənc nəslə öyrədəndən sonra həqiqi fərdi və ümumi azadlıq tapacağıq.

 

 

 

Rəhim ƏLİYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 7 iyul.- S.28;31.