Davam edən missiya

 

Sevgi əməldir, söz deyil. Min kərə "Vətənimi sevirəm" deməkdənsə, onun üçün bir icraatda bulunmaqdır sevgi. Yüz kərə "səni sevirəm" deməkdənsə sevgini göstərməkdir həqiqi duyğular. Bunu illərdir deyirəm və indi oxuduqca ruhuma hüzur çiləyən kitab da elə bunu deyir: "əməlinlə sev".

 

Vətəndən uzaqlarda yaşasa da, İlqar Kamilin hər addımı, hər sözü bu torpağa bağlıdır: nə yazsa, nədən yazsa, Azərbaycandan deyir. Polad Həşimova ithafən yazdığı kitab yalnız şəhid generalımızın xatirəsini əziz tutmaq baxımından deyil, həm də onun haqqındakı gerçəkləri öyrənib-bilmək baxımından gərəkli bir işdir.

 

Kitaba verilmiş "Polad necə bərkidi" adı ədəbi priyomlardan xəbərsiz oxucuya bir az cığallıq kimi görünür. Adı ilə Nikolay Ostrovskinin allüziya edilmiş əsərindən fərqli olaraq, İlqar Kamilin "Polad necə bərkidi" kitabı roman deyil; amma bir roman siqlətində esselərlər toplusudur. N.Ostrovski kitabının çapından və məşhurlaşmasından xeyli sonralar tərcümeyi-halında qeyd edirdi ki, polad kimi bərkiməsində uşaq və yeniyetmə ikən yaşadıqlarının təsiri böyük olub. Xarakterinin keçmişindən tamamən müstəqil formalaşdığı yetkin insan təsəvvür edə bilərsinizmi? Yaxşı və ya pis, nə cür yetişirsə, yetişsin, bu, insanın doğuluşdan aldığı tərbiyə, yaşadığı həyat tərzi və ailədən, çevrəsindən gördüyü münasibətin ya əks-sədasıdır, ya da onun bütün yaşadılarına üsyanı, çıxardığı dərs. Yəni bütün hallarda birbaşa və ya dolayısı ilə bizi yaşadıqlarımız yetişdirir.

 

Kitabın təqdimat mərasimində Polad Həşimovun anası, bu gün artıq bütün Azərbaycanın özünə ana bildiyi Səmayə xanım oğlunun o ali məqama varmasını bircə cümlə ilə ifadə etdi: "Polad necə böyümüşdüsə, elə də bərkidi." Çıxışlarına baxarkən görürük, Səmayə ana övladının bütün Azərbaycan xalqının Poladı olmasını adi bir qanunauyğunluq kimi görür. Verdiyi tərbiyənin məhz belə bir vətən oğlu yetişdirəcəyinə nə zamansa zərrəcə şübhə etmədiyinə şahid oluruq. Bu baxımdan "Polad necə bərkidi" kitabı Polad Həşimovun şəhid olmazdan öncə də ürəklərə yol tapmış, səmimi qəlblə sevilən, sayğıdəyər bir komandir, qibtə olunacaq mükəmməlliyə malik insan olmasının səbəbini generalın özündə, xarakterində olmaqla yanaşı, həm də çox dərində arayıb tapır: "Məncə, övladını vətən uğrunda şəhid verən valideynin ali səbrini də, lap elə doğma vətənindən köçkün düşmüş qəribin dözümünü də ancaq Allahmərkəzli məntiqlə izah etmək mümkündür." Essedəki bu və bu xüsusdakı digər fikirlər vətən sevgisinin iman bəlirtisi olduğu düşüncəsini də oxucuya xatırladır. Həm də yalnız Poladın deyil, Mübarizin, Səmayə ananın, sətir aralıqlarında elə müəllifin öz simasında da.

 

"Polad necə bərkidi" faktlara əsaslanmış gözəl bir məramın təcəssümüdür. Qəhrəmanlarımız haqqında yazılan bioqrafik əsərlərdə bədiilik həmişə uduzur; demək olar ki, istisnası yoxdur. Bəlkə də, elə bu səbəbdən İlqar Kamil qarşısına bədii əsər yazmaq məqsədi qoymayıb. Belə qəhrəmanlar barədə nə yazasan ki, onlar ən dəyərli romanları qısaca ömürlərində ölçüyəgəlməz əməlləri və böyük sevgisiylə yazıb.

 

Kitab general Polad Həşimov, əslində isə bütövlükdə həyat, insan, əqidə, vətən, sevgi... haqqında fəlsəfi-psixoloji esselərdən ibarətdir. Və bu mətnlərdə əksini tapan cəhətləri özündə birləşdirmək elə Vətən yolunda şəhidlik zirvəsinə ucalmaq deməkdir: istər general olsun, istərsə sıravi vətəndaş...

 

İlk baxışda bu esselər tam müstəqil, hər hansı mövzuya birbaşa bağlanmayan mətnlər təsiri bağışlayır. Müəllifsə lap başlanğıcda bizə şəhid general Polad Həşimovdan danışmağa söz verib. Hövsələsiz oxucu "Bəs hanı burada Polad?" soruşar, diqqətli oxucu isə bu sətirlərdə Polad olmağın formulu ilə tanış olar. "Polad necə bərkidi" kitabını oxuduqca inanırsan ki, Polad olmaq - ürəyi sevgi ilə dolu olan və bu sevgi naminə qurbanlar verə bilən insan olmaq: bəzən nəfsini, bəzən rifahını, bəzən rahatlığını, əslində isə hamısını qurban verib özündən keçmək deməkdir. General Polad Həşimovun şəhadətindən sonra haqqında xatirələr, yazılar çox oxuduq. Elə təkcə barəsindəki xatirələr belə, onun mənəvi ucalığına qibtə etmək üçün yetərli ikən indi bu esselər Poladın mükəmməlliyini bizə "element-element" anladır.

 

Kitabda yeri gəldikcə, sətir aralıqlarında başqa bir Milli Qəhrəman - Mübariz İbrahimovun simasında şəhidliyə gedən yolun trayektoriyası cızılır, vətəndaş olmanın, insan olmanın formulu açıqlanır. Bu esselər ümumən insanlıq dərsini, yaşamaq sənətini öyrədir. Bəs nümünə kimdir? - əlbəttə, Poladlar, Mübarizlər, Əlilər...

 

"Polad necə bərkidi" psixoloq-yazıçı İlqar Kamilin, bir növ, həyat dərsləridir (coaching). Əslində, həmişə bu fikirdə olmuşam ki, şeirlərində tamamən şair ola bilən İlqar nəsrdə nasirdən daha çox psixoloqdur, ilahiyyatçıdır, filosofdur. Elə bu üzdən onun nəsri mənə həmişə ədəbiyyatdan bir az daha uzaq, digər sahələrə daha yaxın görünüb. İlqar Kamil sadaladığm sahələri ədəbi-bədii təfəkkür işığında ən uğurlu şəkildə təqdim edə bilən yaxşı bir esseistdir. Ki, sözügedən kitab da dediklərimin bariz sübutudur.

 

İlqar Kamil əsl estetdir; kitabının dizaynından tutmuş esselərin düzülüşünə kimi - qurduğu hər cümləsi ilə içindən çıxmaq istəmədiyin gözəl bir dünya yaradır. O, işinin peşəkarıdır; nədən yazsa, onu mütləq sevərək təqdim etməyi, sevdirməyi bacarır. Müharibə bitəndən sonra qısa zamanda qəhrəman şəhidlərimizə həsr olunan onlarla kitab yazıldı. Bəzilərinə təqdimatlar da keçirildi, çoxunun keçirilməsinə pandemiya şəraiti mane oldu. Amma mənim nəzərdə tutduğum heç təqdimat mərasiminin keçirilməsi də deyil, ümumiyyətlə, təqdim etmək mədəniyyətinin özüdür.

 

Müəllifin bu kitabda da ən çox işlənən "əzizim" xitabı illərdir, demək olar, bütün esselərinin əsas adresatıdır. Bu mətnlər "o əziz sənsən, insan" deyə, ixtiyari oxucuya onun nə qədər dəyərli olduğunu aşılayır. İlqar Kamilin esseləri üçün xarakterik cəhət məsələyə çox vaxt əsas mətləbə aidiyyatı yoxmuş kimi görünən əhvalatlar, xatirələrlə giriş etməsidir. Həmçinin esselərində hansısa filmdən, kitabdan, ya bir şeirdən bəhs edərkən çox vaxt müəllifini qeyd etmir; bir nişan verir və oxucunu, əgər ona gerçəkdən maraqlıdırsa, axtarışa sövq edir. Yenə ümumən onun esseləri üçün xarakterik olan bir cəhət lakoniklikdir: elə giriş edir ki, mövzunun mütləq uzanacağını düşünürsən. Amma qısaca, mahiyyət və mündəricəni ifadə etməklə mətləbi yekunlaşdırır və əksər esselər barədə sanki fikir yarıda qalıbmış kimi təəssürat da yarana bilir. Bu, müəllifin düşündürmək, fikrin davamını oxucunun ixtiyarına buraxmaq üsuludur.

 

Kitabın ən təsirli esselərindən biri "Poladına şükür, ilahi"dir: "Hər şey ondan başladı, ya Rəbb, hər şey! Onun pak qanı, vəd verdiyin kimi, yerə deyil, xalqın damarlarına axdı və bu xalq gör necə öz Generalına bənzədi..." deyir müəllif. Sonuncu essedə o, ailəsi ilə birgə Şuşaya səfərini xəyal edir. Lakin nə böyük xoşbəxtlikdir ki, indi biz bu xəyala illərdir olduğundan fərqli, çox yaxınıq. Polad olmaq - xalqının oğullarına yaxşı nümunə olmaq deməkdir, Polad olmaq - başqalarının inanmadıqlarına inanaraq, bu uğurda savaşa bilmək, qalibiyyətə gedən yola öz qanınla körpü çəkməkdir. Kitabın lap başlanğıcında şəhid generalımızın örnəyindən nahaq yerə bəhs edilmir ki. "Hüsnü-xət kimi adamdan danışacağam sizə, uzaqdan-uzağa, ağzını belə açmadan sənə, mənə, bizə yol göstərən Şəhiddən - general Polad Həşimovdan!"

 

Şəhidlərimiz boylarına biçilmiş missiyanı göz qırpmadan yerinə yetirdilər, Vətən uğrunda can alıb, qan töküb, can verdilər. Şəhadət zirvəsinə gülə-oxuya, rəqs edə-edə getdilər. Əməlləri ilə böyük bir xalqa örnək oldular. Canını fəda etmiş böyükürəklilərin qəhrəmanlıqları qarşılığında etdiyimiz istisnasız hər şey boş və mənasızdır. Nə etsək də, onların onsuz da heç vaxt ödəyə bilməyəcəyimiz yaxşılıqları müqabilində zərrəcə borclarından çıxmaq çabamızdır. Onlara qarşı sonsuz minnətdarlıq və borc duyğusunu heç nə ilə ifadə etmək mümkün deyil. Amma hər kəs öz sahəsində, öz işi, əməli ilə Vətəni sevmək sənətini yaşadır, onların uğruna can verdiyi missiya davam edir.

 

Polad Həşimovun örnəyində şəhidləri vardığı ucalığa aparan səbəbləri aydınlaşdıran kitab elə güclü təəssüratlar yaradır ki, haqqında uzun-uzadı susmaq istəyirsən sadəcə. Lakin "Polad necə bərkidi" hər kəsin oxumasını arzu etdiyim kitabdır. Bununsa tək yolu barəsində daha çox adama söhbət açmaqdır.

 

Mətanət VAHİD

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 19.