Yadigar köynək

 

"Keçən cavan çağım ola" silsiləsindən yeni hekayə

Yaxşı kişilər yaxşı atları minib getdilər. Cəfər də neçə illər idi ki, ona ad edilən atın yəhərinə qalxmaq istəyindəydi. Kişi elə bil atın belinə qalxmağa bənd imiş; Günlərin bir günü axır ki, uzaq yolu yaxın edib kəndlərinə qayıtdı.

Yaxşı kişi yaxşı atı minib də getdi...

 

***

Cəfərin hələ üzünü görməmişdən əvvəl onunla uzaqdan-uzağa tanışdıq. Cəfər ilə belə "tanışlığımın" səbəbi Həmid əminin bizim iki dağ arasındakı bir ağır eldən kənara çıxıb sorağı çox-çox uzaqlara yayılan, adı dildə-ağızda dolaşan məşhur Səmənd madyanının balasını, dərisinin üstü ləpir-ləpir boz, yorğa qulanını o kişiyə bağışlaması xəbəri idi. Bu Həmid əmi ki vardı - böyük bir elin-obanın ağır taxtalı, necə deyərlər, bəyəndiyi yerə özü gedən, getmədiyi yerə isə başmağını yollayan, ağır-batman ən mötəbər kişilərindən idi. Atları qədər elə sənəti də ad ilə deyilirdi.

 

Səxa əhli olan Həmid əminin əliaçıqlığı, səxavəti biz tərəflərdə adla deyilirdi. Ancaq burası da var idi ki, Həmid əmi heç "uf" da demədən tövləsinin yanı balalı mal-qarasını, qoyun-keçisini ağlına nə giribsə, dost-tanışa, lap belə qapısının yanından ötən tanımadığı, yol keçən bir adama belə bağışlamağa hazır kişi olsa da, hər yəhər üstdə oturana nəinki at bağışlayan, soraqları dildə-ağızda gəzən şöhrətli atlarından heç ən axsağını belə hər adama yedəyinə alıb suvarmağa aparmağa da etibar etməzdi, atlarına qıymazdı.

 

Öz adı ilə yanaşı, atlarına da ölçüyə-çəkiyə gəlməz dərəcədə hörmət-izzətlə yanaşan Həmid əmi qıyıb Cəfər dediyimiz o adama Səmənd madyanının qulanını bağışlamışdısa, deməli, ortada nəsə vardı. Bu o deməkdi ki, Cəfər elə-belə, cand-cund adam deyildi. Çox da ortada qohumluq vardı. Cəfər Həmid əminin sevimli zövcəsi Arəstə xanımın əziz-xələf yeganə qardaşı idi, yəni ki, Həmid əminin dost-doğmaca qaynı idi.

 

Bəli, Həmid əminin Cəfərə at bağışlaması xəbərini eşidib-biləndən sonra hələ yeniyetmə olsam da, o Cəfər deyilən bəxtəvər adam nəzərimdə çox yüksək məqam sahibinə çevrilmişdi, az iş deyildi. Cəfər Həmid əminin belə bir diqqətinə-hörmətinə layiq görülmüşdüsə, deməli, canında nəsə vardı. Burasını da gizlətmirəm ki, o vaxt hələ üzünü görmədiyim, ancaq uzaqdan-uzağa tanıdığım o şəxsə, hətta Həmid əmini balaca qısqanmışdım da, daha doğrusu, ondan heç xoşum gəlməmişdi. Arada söz düşəndə Həmid əmi həm də aman-zaman qaynı Cəfər haqqında tərif deyib xoş söz deyəndə isə özümə yer tapmırdım.

 

Halına-xasiyyətinə bələd olduğum Həmid əmini yaxşı tanıyırdım. Və burasını da yaxşı bilirdim ki, əldən nə qədər əliaçıq, səxavətli olsa da, Həmid əmi tərif demək sarıdan çox xəsisdi. Adamı tərifləməklə hələm-hələm arası yox idi. Bəlkə də Həmid əmi xoş sözünün, tərifinin çəkisini ağır tutduğundan belə sözlərə xəsislik eləyirdi.

 

Bir halda ki, yeri gələndə Cəfəri tərif edirdisə, bu da elə-belə məsələ deyildi. Di gəl, belədə o Cəfər deyilənə qibtə nədir, paxıllıq etməyəsən, neyləyəsən?

 

Həmid əmi Cəfərə ad etdiyi qulanın başına noxta salmağa belə kimsəyə icazə vermirdi. (Guya ki, kişinin o biri atları noxta-yüyən görmüşdü...).

 

Həmid əmi deyirdi ki, Cəfər gəlib öz qulanını aparacaq. Cəfər isə gəlib çıxmırdı ki çıxmırdı...

 

Açığı, o zaman Cəfərin gəlib çıxmamasına, yubanmasına ürəyimdə sevinirdim də...

 

Böyüklərdən eşidib öyrənmişdim ki, Cəfər Biləsuvarda, daha doğrusu, Biləsuvarın ucqar kəndlərinin birində yaşayır. Biləsuvarla dağların arasındakı bizim kəndəcən nə yol vardı ki?!. Cəfər isə gəlib çıxmırdı ki çıxmırdı...

 

Özlüyümdə Həmid əmini qınayır, Cəfərin qarasınca danışıb ölçüb biçirdim ki, çox da əziz qohumudur. Həmid əmi də at bağışlamağa adam tapıb. Hətta hərdən qəsdlənirdim ki, kişinin ovqatının xoş çağında ürəyimdən keçənləri dilimə gətirib Həmid əminin qılığına girim, kişini fikrindən döndərim ki, o boz qulan da əsl minicisinə qismət olsun.

 

Ancaq özüm də bilirdim ki, belə xəyallara qapılmağım əbəsdir. Həmid əmi elə kişilərdən idi ki, nə dediyini dinşəyər, nə də "verdim" dediyinə ikinci söz qatardı. Dilindən çıxan çıxmışdı. Qulanı bağışlamışdı və o qulanın adı üstündə olan Cəfər adlı bir sahibi var idi. Vəssalam!..

 

 

***

 

O ki qaldı qulana - qulan da illər keçdikcə ətə-qana dolub şümal, əsl at, boz madyan olmuşdu. Cəfər adlı bir sahibinin axır ki, bir gün gəlib onu aparacağını gözləyə-gözləyə başı noxta-yüyən, yalı sığal, beli yəhər görmədən, üzü rahata düşəndə yalın, nalsız ayaqla eləcə yorğa yeriyib süzə-süzə, ardınca yığcam bir ilxı buraxıb qocalmışdı... Ancaq...

 

 

***

 

Özgəsinin batman gələn ruzisi, bəlkə də, Cəfər kişi üçün misqalnan daşdan çıxırdı. Cəfər kişi yay-qış dəmir-dümürün arasında idi. Payızda-qışda traktorla yer şumlayıb əkin əkərdi, yayda traktoru kombayn əvəzləyərdi. Cəfər o kombaynla arpa-buğda biçər və yayın o cırhacırında kombaynın od tutub yanan kabinəsində istidən tər-suyun içində üzərdi.

 

Soyuqda-şaxtada traktorun gurultulu yeknəsəq səsi Cəfərin qulağını batırsa da, o bu aran kəndindən uzaqlarda, iki dağın arasına sığınan bir obada quyruğunu belinə atıb fınxıran bir qulanın kişnərtisini lap aydınca eşidərdi və canına isti bir hərarət yayılardı.

 

Cəfər qəsdlənirdi ki, günü sabah şumdan evə dönüb, yuyunub, yaxalanıb, əyin-başını dəyişib, bəy durandan bəri bircə dəfə əyninə aldığı, o vaxtdan bəri də sandıqda qalan qırmızı köynəyini geyinib kəndə yollansın, bacısının əri Həmid kişinin ona bağışladığı qulanı da maşın tapıb yaşadığı yerə gətirsin. Ancaq iş qurtarmaq bilmirdi. Traktorundan düşsəydi, işsiz-gücsüz qalardı...

 

Ailədə babatca pul qazanan o idi...

 

Cəfər yayı gözləyərdi. Yayın cırhacırında kombaynın istidən od tutub yanan kabinəsində onu sərinlədən kəhərin qulaqlarında səslənən kişnərtisi olardı...

 

Ancaq taxıl biçinindən sonra əlbəəl payız şumu gələrdi.

 

Aylar ötür, illər keçirdi...

 

***

 

Kəndə yolum düşmüşdü. Təbii ki, ilk əvvəl baş çəkib görüşdüyüm kişilərdən biri də Həmid əmi oldu. Oturub xeyli ötənlərdən-keçənlərdən danışdıq.

 

Elə bil birdən-birə yadına düşmüş kimi Həmid əmi:

 

- Hə, Cəfəri tanıyırsan da, - dedi, - xəbər yollayıb, bu günlərdə kəndə gələsidir...

 

- Hələ ki üzünü görməsəm də tanıyıram, - dedim, - boz qulanını o kişiyə bağışladığın da yadımdadır...

 

Həmid əmi bığlarına sığal çəkib nəşəli bir səslə: - Hə, hə, - dedi, - olub, olub. Elə bir iş olub. Sonra da özünəməxsus bir bəlağətlə: - Bu Cəfər də axır ki, traktordan düşüb ata minməyə gec də olsa, macal tapdı, - deyə bir əlavə də etdi. Onda bilmişdim ki, Cəfər kişi traktorçu imiş.

 

 

***

 

Cəfərin bacısının gözü qardaşının əynindəki köynəkdə qalmışdı. Təptəzə köynək Cəfərin əynindən tökülürdü. Elə bil bu köynək indiyənəcən heç geyilməmişdi. Yox, özü idi ki, var. Bu, qardaşının bəy duranda geyindiyi qırmızı bəylik köynəyi idi. O zaman sinəsi gen, çiyinləri enli qardaşının əyninə dar gələn bu köynək indi ona böyük idi... Təzə qalmasından belə məlum olurdu ki, o köynək o vaxtdan bəri nə tərlənib, nə də su görüb... "Bacın ölsün, ay qardaş, bacın ölsün! Belə görürəm ki, əyninə bircə dəfə geyindiyin olub bu köynək. Köynəyinin rəngi qırmızı olsa da, günlərin, demə... Mən də burda giley-güzar edirdim ki, harda qalmısan, qaragün bacını itirib axtarmırsan?..".

 

 

***

 

Cəfər kişi yatıb durub yolun yorğunluğunu canından çıxarandan sonra artırmadan aşağı endi. Bacısı oğlanları dayılarının qulluğunda müntəzir durmuşdular.

 

Cəfər kişi bacısı oğlundan boz madyanı tövlədən çölə çıxarmağı xahiş etdi.

 

Tövlədən çölə çıxarılan madyan Cəfər kişini görüb ona tərəf dartındı. Elə bil gec də olsa, gələn sahibini tanımışdı...

 

Dayının xahişi ilə bacı oğlanları yəhər gətirib atın üstünə qoydular. Cəfər kişi ayağını üzəngiyə keçirsə də, atın belinə qalxa bilmədi. Kişini atın belinə qaldırdılar. Yüyəni çoxdan əldən vermişdi...

 

Cəfər kişinin özü ilə olsaydı, mindiyi atdan düşməzdi.

 

Birdən-birə kişinin gözləri axdı və yan-yörədəkilər hövlnak yaxına cumdular. Elə bil Cəfər kişi neçə illərdən bəri minmək həsrətində olduğu atın yəhərinə qalxıb son mənzilə onun üstündə çatmaq üçün yol gəlib qayıtmışdı...

 

 

***

 

Ölümün atı çaparaq olar, deyiblər.

 

...İndi Cəfəri yada salmağım elə-belə, təsadüfi əhvalat deyil.

 

Günlərin bir günü eşitdim ki, Həmid əminin Cəfərin bacısı olan həyat yoldaşı rəhmətə gedib. Uzaqlıq olduğundan xəbəri gec eşitmişdim. Vaxtında xəbər verən olmamışdı. Elə bu səbəbdən də özümü dəfnə çatdıra bilmədim. Ancaq vaxt tapıb o qeyrətli, el ağırlığında kişinin sadə, saf, sədaqətli və zəhmətkeş xanımının yas məclisinə getdim. Elə bu nəql edəcəyim əhvalatı da elə oradaca eşitdim, orada bildim, orada şahidi oldum...

 

...Bütün bacılar kimi Həmid əminin övladlarının anası da öz əziz-xələf qardaşını çox sevirdi. "Cəfər canı" kəlməsi sözünün həm əvvəli idi, həm də axırı. Bacı üçün bu ən müqəddəs and idi. Bütün qeyrətli qardaşlar kimi Cəfər də bu anda layiq olduğunu bacılarına isbatlamışdı.

 

Bax, o vaxtsız qardaş itkisi Həmid əminin xanımını da göyüm-göyüm göynətmişdi.

 

Qardaşının əynindən çıxan köynəyi günlərlə nəfəsinə sıxıb qoxlamış, ətrini ciyərlərinə çəkmiş, bağrına basıb oxşamış, göz yaşları leysan olanacan ağlamışdı.

 

Bir az toxdayıb sakitləşəndə də: - "Mən öləndə qardaşımın köynəyini məzarıma qoyarsınız" - deyə vəsiyyət eləmişdi.

 

...Ölüm adlı əjdaha bir gün, bax beləcə, bu nəcib qadını da kamına çəkib haqq dünyasına aparmışdı.

 

Yaxınları mərhumənin vəsiyyətinə əməl eləmək istəyibmişlər, ancaq belə vəsiyyətlərə əməl etmək, məgər elə asandır?..

 

Xanımı dəfn edərkən yerli ruhani şəri qaydada belə halların yasaq olduğunu bildirmiş, qardaşının yadigar köynəyini xanımın məzarına qoymağa icazə verməmişdi.

 

Oturduğumuz yığcam məclisdən ibarət mağara birdən-birə girib-çıxanlar çoxaldı. İçəri girənlərdən əyilib oturanlardan bəzilərinin qulağına nəsə pıçıldayanlar da oldu.

 

Nə isə baş verdiyini, ancaq bunu (yəqin ki, narahat olmayım deyə, qonağam axı) məndən saxlamaq istədiklərini duydum.

 

Bir-iki nəfər də belə pıçapıçın arasında:

 

- Yəni ola bilər, qoyarlar? - deyə bu kimi suallarla oturduqları yerdən başlarını qaldırıb həmkarlarının üzünə aşağıdan yuxarı baxaraq müəmmalı şəkildə soruşurdular.

 

Dözmədim:

 

- Nə olub, nə pıçapıçdı, deyin, biz də bilək də, - deyə yerimdən oturanlardan, girib- çıxanlardan ümumi şəkildə soruşdum. Məclis əhli fəndlə bir-birinin üzünə baxırdı. Axır ki, yaşlılardan biri dillənib:

 

- Əşi, burda nə var ki? Kişini də şübhəyə salırıq. Sonra da üzünü mənə tərəf tutub:

 

- Ay müəllim, elə bir gizli şey yoxdu. Bu mərhumə xanımın bacısı qonşuluqda yaşayırdı. İndilərdə keçinib, onun xəbərini gətiriblər. Üzür-manzıra salmaq istəmirlər ki, siz narahat olar, məclis pozular, durub gedərsiniz.

 

Mən:

 

- Ay filankəs kişi, Allah rəhmət eləsin o xanıma da. Burda narahat olmağa nə var ki, hüzür düşüb, elə burdakıların da borcudur ki, əza yerinə getsinlər, mərhumənin yaxınlarına başsağlığı versinlər, dəfninə köməklik etsinlər, - dedim. Elə mən də bir xeyli vaxtdı burda oturmuşam. Həm də o rəhmətə gedən də bu evin yaxın adamıdı, əmi oğlanlarının xalalarıdı, indi necə ola bilər ki, təzə rəhmətə gedənin cənazəsi orda ortalıqda qalsın, onlar burda mənə bənd olub durub gözləsinlər?! Üstəgəl, hələ bir hampaçılıq borcu da var axı! Üzümü məclis sahiblərinə tutub:

 

- Haydı, qalxın gedək dəfn yerinə, mən də durdum, - deyib pencəyimin ətəklərini yığışdırdım. Elə oturduğum yerdən ayağa qalxa-qalxa:

 

- Deyəsən, məndən bir başqa nəyisə də gizlətdiniz. O nə məsələdir, onu da bir açıb deyərdiz də, - deyə təkid etdim.

 

Elə o bayaqkı kişi indi edəcəyim bu söhbəti elə o məclisdə açıb mənə danışdı.

 

***

İndi məclisdə bu pıçhapıç da elə bu məsələnin üstündəydi. Olumla ölümləri arasında cəmi on gün fərq olan bacılardan son rəhmətə gedəninin məzarına Cəfərin yadigar köynəyini qoymağın mümkün olub-olacağını danışırdılar.

 

Elə ordan çıxıb dəstə ilə qonşu həyətdə rəhmətə gedən qadının dəfninə yollandıq. Bu məclisin mollası Göyəmlili Ağamirzə idi. Bir iki yaşlı adam molla Ağamirzəni yannayıb xısın-xısın nəsə danışırdılar. Bəlkə elə...

 

Köynəyi ikinci bacının məzarına qoya bildilər, ya yox, bunu hələ öyrənməmişəm...

 

Novruz Nəcəfoğlu

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 14.