УTorpaq rəngindəФ

 

Ağaçlar qurumağa budağın ucundan başlar

 

Başını quma gömən köklər yuxuya qalsın.

 

Çəkilərkən gövdədən öz mayesiylə yaşlar

 

Ölümün ayaq səsi yaxınlaşdıqca yavaşlar

 

Yavaşlar, yavaşlar

 

Torpaq can rəngində.

 

 

 

Məhəbbəti ipisti sarar siyah qaranlıq

 

Kirpiklərin yuxuya səd çəkməsinə inad

 

Sevdanın ətəyinə dolanarsa şeytanlıq

 

Güvənsizlərə ömür, sonrası pərişanlıq

 

Pərişanlıq, pərişanlıq

 

Torpaq hicran rəngində.

 

 

 

Qoyun-qoyuna yatmış göyə qonşu dağların

 

Başında kəlağayı, ətəklərində bahar.

 

Gözyaşı qədər bərraq, bulağın soyuq suyu

 

Ay bir addım uzaqda, üç addımda ulduzlar

 

Ulduzlar, ulduzlar

 

Torpaq asiman rəngində.

 

 

 

Bu gün dünəndən hüzünlü, yarınlarsa bu gündən

 

Hər bəbəyin gənzinə dolar barıt qoxusu.

 

Boşa keçmiş həyatlar gün dönər sürgündən

 

Canlı cənazə ruhlar, bixəbər öldüyündən

 

Bixəbər öldüyündən, bixəbər öldüyündən

 

Torpaq qan rəngində.

 

 

 

Sevda könül borcudur büllur fənərdə gizli

 

Məsumiyyət özünü təslim etmiş əkinə.

 

Hörümçəyin toruna düşürmüş sərsəm ağlı

 

Fikri durmuş adamlar, şeytani çıngıraklı

 

Şeytani çıngıraklı, şeytanı çıngıraklı

 

Torpaq hüsran rəngində...

 

Mustafa BƏRÇİN

Ədəbiyyat qəzeti.- 2021.- 14 avqust. S. 9.