Şəhid Məsimov Əkbərə

 

Son səsini dinlədim.

 

Demisən: "Mənə görə

 

Heç narahat olmayın.

 

Vətən dardadır, ana.

 

Dönməsəm, bağışlayın".

 

Bağışlamaq nə demək?

 

Medal verdilər sənə.

 

Dönüb vətən olmusan.

 

İtkin dedilər sənə.

 

Dönüb Murov olmuşdun,

 

Vətəndə itmək nədir?

 

Sən əbədi vətənsən.

 

Torpağa dönmək nədir?

 

Nədir vətənə dönmək?

 

Göstərdin hamımıza.

 

Həm döndün, həm dönmədin

 

Sən bizim yanımıza.

 

Bədənin vətən oldu,

 

Ruhun səmalardadır.

 

Son sözün tarix olub,

 

"Ana, vətən dardadır".

 

Vətənin dar günündə

 

Sənin kimi oğullar

 

Savaşlara getdilər,

 

Canlarını verdilər.

 

Amma azad etdilər

 

Otuz ildir gözləyən

 

Başı uca dağları,

 

Müqəddəs torpaqları.

 

Sağ ol, müqəddəs şəhid.

 

Sağ ol, igid, qəhrəman.

 

Sənin kimi igidi

 

Unutmarıq heç zaman.

 

Şəhid Şirinov Eldara

 

Biz bilirik döyüşdə

 

Necə igid olmusan.

 

Tabor komandirinlə

 

Birgə şəhid olmusan.

 

Neçə silahdaşının

 

Köməyinə yetmisən.

 

Neçə-neçə düşməni

 

Yerində məhv etmisən.

 

Etmisən Füzulini

 

İşğaldan azad, şəhid.

 

Vermisən otuz illik

 

Həsrət ilə gözləyən

 

Torpağa həyat, şəhid.

 

Sənin kimi oğullar

 

Düşmənlərin başına

 

Odlu mərmi ələdi.

 

Qələbə müjdəsiylə

 

Dünyanı silkələdi.

 

Bu millətin and yeri

 

Ocağısız, pirisiz.

 

Savaş qəhrəmanları,

 

Zəfər elçilərisiz.

 

Nə qədər ki, bu vətən,

 

Azərbaycan xalqı var.

 

Sizin kimi oğullar

 

Ürəklərdə yaşayar.

 

 

Şəhid Tağıyev Ramidə

 

Hamının taleyində

 

Uğurlu yol şansı var.

 

Sənin tale yolunda

 

O yolların hamısı var.

 

Hamı yaxşılıq edir,

 

Neçə yola can atır,

 

Hamımızın məqsədi

 

Cənnəti qazanmaqdır.

 

Bu yolların hamısın

 

Bir anlığa keçmisən.

 

Sən öz şəhidliyinlə

 

Öz yolunu seçmisən.

 

Sənin yolun vətənçün

 

Canı qurban etməkdə

 

Birnəfəslik yoludur.

 

Qəhrəmanlıq yoludur,

 

Müqəddəslik yoludur.

 

Yolun mübarək, şəhid.

 

Bu milləti şad etdin.

 

Hamımızın yerinə

 

Vətəni azad etdin.

 

İndi bizim borcumuz

 

Adınızı yaşatmaq.

 

Qəlbimizdə gəzdirmək,

 

Başımız üstə tutmaq.

 

Şəhid Həsrətov Elməddinə

 

Vətən vətəndə itməz.

 

Şəhidlər vətəndilər.

 

Vətənin can ağrısın

 

Canında çəkəndilər.

 

Hamımız can deyirik

 

Vətən azadlığına,

 

Şəhidlərsə qan tökür

 

Vətənin sağlığına.

 

Sən də şirin canını

 

Vətənə fəda etdin,

 

Bütün arzularına

 

Əbədi vida etdin.

 

Bəlkə ən böyük arzun

 

Şəhidlik olub sənin,

 

Dönməzlik, qəhrəmanlıq,

 

İgidlik olub sənin.

 

Necə olub, bilmirəm,

 

And içirəm torpağa.

 

Bircə onu bilirəm.

 

Sən müqəddəs bayrağı

 

Sancmısan Qarabağa.

 

Şəhid Zeynalov Fikrətə

 

Xüsusi təyinatlı,

 

Dəmir adam, daş adam.

 

Zəfər tariximizdə

 

Əbədi yaddaş adam.

 

İndi bizi görürsən,

 

Biz də səni duyuruq.

 

Vətən adı gələndə

 

Səni xatırlayırıq.

 

Xatırlayırıq indi

 

Necə igid olmusan.

 

Doxsan üç düşmən vurub,

 

Qisasını almısan.

 

Almısan torpağına

 

Göz dikənin canını.

 

Tarixi yurdumuzu,

 

Vətən gülüstanını.

 

Sən elə bir igidsən,

 

Mərdliklə yoğrulmusan.

 

Bir dəfə şəhid olub,

 

Min dəfə doğulmusan.

 

Günəş kimi nur saçıb,

 

Yayılırsan hər yana,

 

İgidliyin bəllidir

 

Bütün Azərbaycana.

 

Şəhid Yusifli Azərə

 

Adın Azər, özün Baycan.

 

Bir canda, bir bədəndəsən.

 

Can bədəndən ayrı olmur,

 

Bayraq da sən, vətən də sən.

 

Ruhun gəzir səmalarda,

 

Onsuz yerin baş üstündə.

 

O getdiyin döyüş yolun

 

Tarix yazıb daş üstündə.

 

"İstiqamət Zəngilandır"

 

Sən dediyin sonuncu söz.

 

Həm zəfərin son xəbəri.

 

Həm sonuncu alovlu köz.

 

Könüllərdə əbədisən,

 

Yaddaşlarda daş gizirim.

 

Xocalının qisasını

 

Alan şəhid baş gizirim.

 

 

Elşad Barat

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 27.