Sevincim halına bağlı.nəfəsim havana bağlı.sabahım çabama bağlı.Qarabağ

Ordum

 

Qartal üçün səma lazım,

 

sənin üçün əmr.

 

Sükutun məqam üçünmüş.

 

Dözümün bura qədər.

 

Döyüşün göz önündə.

 

Yolun Qarabağadı.

 

Sənə dikilən baxışlar

 

həsrətin ümid seli,

 

arzunun yanan çırağıdı.

 

Öpdüyün bayrağı

 

öpəcəyim vətən torpağında qaldır.

 

Ruhum onunla təzələnəcək,

 

sevincim zəfərinlə dalğalanacaq.

 

Ordum mənim!

 

Vətən sevdalım

 

Uğur udur bütün yarımçıqları,

 

Sevinc yox edir qaranlıqları.

 

Qələbənin ilk işartıları görünür,

 

Müjdənin ilk sədası eşidilir.

 

Yolun daim açıq olsun, vətən sevdalım!

 

Hamıdan çox sevdiyin vətən səni seçdi.

 

Seçilmiş oldun.

 

Bayrağı qaldıran qol,

 

Ruhu yaşadan qüvvət oldun.

 

Dağlar səsini eşidib sevinər,

 

Küsülü torpaq addımının istiliyinə barışar,

 

Çaylar sevinc göz yaşlarını yuyar.

 

Bu seçilmişlərinə Tanrı bəxşidi.

 

Qələbənlə qaytar bu millətin

 

Solğun üzünə təbəssümü,

 

Unudulan sevinci,

 

İtirdiklərini,

 

Vətən sevdalım!

 

Qarabağ

 

Ruhuma ruhun gətirən,

 

qanıma qanın ötürən,

 

məni bütöv mən yetirən,

 

Qarabağ.

 

Sevincim halına bağlı,

 

nəfəsim havana bağlı,

 

sabahın çabama bağlı,

 

Qarabağ.

 

 

Bir yolun min adı olan,

 

yoxluğun min çatı olan,

 

qovuşmağın dadı olan,

 

Qarabağ.

 

Ocağın işığım mənim,

 

bağın yaraşığım mənim,

 

tozun qarışığım mənim,

 

Qarabağ.

 

***

Yuvasız quşların səsi kəsilir

 

göy üzündə,

 

yer üzündə ölü sükut;

 

yolların

 

sonunda kim var, nə var?

 

Sonu varmı bu yolların?

 

Bilinmir.

 

Bu yol məni Romaya aparmaz.

 

Sonu

 

qaralan yollar,

 

qırılan yollar

 

məni sənə aparar, ancaq

 

yollar da ümid kimidi...

 

Baxışlar bir-birin

 

mütləq tapacaq

 

 

Uşaq yaddaşımda balaca bir ev,

 

eyvanında qız,

 

həyətində gül.

 

Taxta pilləkəndə qoşa izimiz.

 

Xəlvət,

 

biri-birinə baxan gözümüz.

 

Hər yerdə, hər yerdə təkcə özümüz.

 

...Getsək də,

 

köçsək də,

 

itməz o izlər.

 

Yaddaşdan pozulub

 

getməz o izlər.

 

Hardasa, ağacın boş kölgəsində,

 

hardasa, ikili kötüyün üstə,

 

baxışlar bir-birin mütləq tapacaq.

 

O qoşa kölgələr yenə olacaq.

 

Əllərə əl taxıb,

 

qola qol taxıb,

 

iki ağız tapıb,

 

dörd dodaq tapıb...

 

gəlib görüşəcək.

 

Köhnə xatirələr

 

hey öpüşəcək.

 

O vaxtlar kimi,

 

Zamana həsrətli

 

qonaqlar kimi.

 

 

Dənizdən gələn adam

Dostum Vaqif Osmanova

 

Səndən dəniz qoxusu da gəlir,

 

azadlıq havası da,

 

tənhalıq qovğası da.

 

Sükutun ləpənin sönməsinə bənzəyir,

 

danışığın dalğanın geri dönməsinə.

 

Düşüncələrin urfanlıq ifadəsində.

 

Özün dəniz saflığında.

 

Səndən neft qoxusu gəlməz.

 

Onun öz adamları var.

 

Bizdə neft adı bir az qarışıq,

 

bir az dolaşıq.

 

Onlar sənlik deyil.

 

Sən dəniz adamısan.

 

Sevdiyim dənizdən gələn adam,

 

buranın havasını da tənzimlə.

 

Burada havalar elə qarışıq ki.

 

Burada hər şey elə dolaşıq ki...

 

Adamın adama ehtiyacı var.

 

 

Darıxmaq...

 

Qovağın gümüşü yarpaqlarıdı

 

dəyişən günləri mənə göstərən.

 

Yarpaqlar səs qalır, xoş səsin kimi.

 

Gah şəklin görsənir, gah sədan gəlir,

 

Darıxan, o susan sükut içində.

 

Mənə darıxdığım nəfəsi göndər,

 

ruhu təzələyən o səsi göndər...

 

İstər quş gətirsin, ya meh gətirsin,

 

səhər gülə qonan o şeh gətirsin.

 

Gətirsin bilim ki,

 

sən varsan

 

bir ümid adında, yaşam adında...

 

Günlərim tökülür kal meyvə təki,

 

içinə xal düşüb tənhalığımdan.

 

Boşluqda xatirə ömrümü yeyir,

 

ötən günlərimin arxalığında.

 

Günlərim asılıb dar ağacından,

 

sənsizlik anını sayır gecələr.

 

Darıxmaq saatın əqrəbin döyür,

 

tənhalıq cəlladtək başının üstə.

 

***

Sakit gecələrin dürr sübh çağının

 

havası tərtəmiz, həyat dupduru.

 

Bir quşlar oyaqdı, bir də ağaclar.

 

Açılır gündüzün üzünün nuru.

 

Təbiət donunu geyib əyninə.

 

Ağaclar yamyaşıl, düzlər laləzar.

 

Meşə talasını alıb ovcuna.

 

Adamın gözünü oxşayır gülzar.

 

Bu gün səma gömgöy, günəş sapsarı,

 

dəniz ağ tülünü sərib sahilə.

 

Çəmən çiçəkləri tutub əlində.

 

Səni qarşılayan olubmu belə?

 

 

Gözəllik

 

Qovağın yarpağı uşaq əlləri,

 

mehin gəlişiylə hey çəpik çalır.

 

Kölgəsi qayanın qara kölgəsi,

 

istidə adamın halına qalır.

 

Həyətlər yamyaşıl, dağlar yamyaşıl,

 

yayın ortasında bahar havası.

 

Təbiət rənglərin sərib çöllərə...

 

oyanır könlündə sevgi qovğası.

 

Ruhlar təzələnir, göz təzələnir.

 

İstəklə, arzuyla qovuşmaq gözəl.

 

Qonub hisslərinin qanadlarına

 

olan gözəllikdən zövq almaq gözəl.

 

 

Gecə sakitliyi

 

Sükutun səsi var,

 

səssizliyin hənirtisi.

 

Yoxluğun sən adlı varı var.

 

Darıxmaqda tənhalıq yoxdu,

 

darıxmaq varlığın qarşılığıdı.

 

Qaranlıq gündüz görmədiklərini

 

görmək üçündü.

 

Yoxluqda varlığı görmək,

 

təsəvvürü canlıya çevirməkdi.

 

Bu görənlərin işidi.

 

Yoxluqda varlığı görənlərin...

 

***

Bir quş civiltisi, bir insan səsi,

 

yarpağı tərpədən bircə meh varsa,

 

sabahlar açılıb günəş doğursa,

 

sən də doğulmuşan,

 

bu xoş səhərə.

 

Sabahın mübarək, günün mübarək,

 

tənhalıq içindən doğulan insan.

 

***

Sakit gecələrin dürr sübh çağının

 

havası tərtəmiz, həyat dupduru.

 

Bir quşlar oyaqdı, bir də ağaclar.

 

Açılır gündüzün üzünün nuru.

 

Təbiət donunu geyib əyninə.

 

Ağaclar yamyaşıl, düzlər laləzar.

 

Meşə talasını alıb ovcuna.

 

Adamın gözünü oxşayır gülzar.

 

Bu gün səma gömgöy, günəş sapsarı,

 

dəniz ağ tülünü sərib sahilə.

 

Çəmən çiçəkləri tutub əlində.

 

Səni qarşılayan olubmu belə?

 

Şəhid Arəstə

Şahidlərə bir hayan,

 

ağrılara məlhəm qoyan,

 

sükutda, tənhalıqda

 

dərdini bölüşən,

 

başını sığallayıb

 

könlünü alan,

 

təsəlli verən,

 

soyuq, qarlı gecədə

 

üstünü örtən,

 

bir ana lazım.

 

Cavan oğlanlar özlərinə fikir vermirlər yatanda.

 

Can yandıran lazım onlara.

 

Şəfqətə daha çox ehtiyacı olanların

 

yaralarını sarıyan

 

şəfqət bacısı lazım.

 

Əlsizlərin, qolsuzların yerinə məktub yazan,

 

gözsüzlərin yerinə məktub oxuyan,

 

böyük, balaca bacı lazım qardaşlara,

 

qulluğunda quran qızı lazım atalara.

 

Duydunmu

 

ağrıları,

 

ehtiyacları,

 

yaraları?

 

Ona görəmi getdin?

 

Getdin

 

ürəklərdə bitdin.

 

Gör neçəsinə

 

ana oldun,

 

bacı oldun,

 

qız oldun.

 

Bu ayrı xoşbəxtlikdi.

 

Hər yerin öz xoşbəxtliyi var.

 

Gör nə qədər əzizləyənin,

 

sevənin var orda.

 

Hələ buradakıları demirəm.

 

Səninki ikiqat şəhidlikdi!

 

Şəhid anası,

 

şəhid bacısı,

 

şəhid qızı,

 

Arəstə!!!

 

 

Sükutun sorulanda

 

Göy göyündən utanır,

 

yer yerindən utanır,

 

bu gecəyə nə oldu?

 

Ay seyrindən utanır.

 

Ürəyim hey darıxır,

 

vurnuxur qəfəsində,

 

qulağım səs axtarır

 

hənirti nəfəsində.

 

Qaranlıq yorulanda,

 

gecələr durulanda,

 

üzümə gülüş qonar

 

sükutun sorulanda.

 

Rəfail Tağızadə

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 18.