Mən bir qadınm, heç bir sərhədi özümdə sığdırmayan...

Səadəs-Sabah

 

Küveytli şairə Səad Məhəmməd Sabah (Səadəs-Sabah) yazıçı və tənqidçidir. Siyasət və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Ərəbdilli şairə fransız və ingilis dillərini mükəmməl bilir. 1985-ci ildə "Səad" Nəşriyyat Evini təsis edib. Səadəs-sabah dünya miqyaslı ədəbiyyat və poeziya üzrə bir çox mükafatlara layiq görülüb. Onun feminist düşüncəsinin və lirikasının gözəlliyindən dolayı, adı böyük ərəb şairəsi Qadəs-səmman ilə yanaşı çəkilir.

 

***

Bu qədər kitabları sevdiyini bilsəydim əgər

 

bütün geyimlərimi

 

kitabçıdan alardım.

 

Məni çox rahat oxu

 

Məni ərəbcə kimi

 

Sağdan sola oxuma.

 

Məni latın dili kimi

 

Soldan sağa oxuma.

 

Məni Çin dili kimi

 

Yuxarıdan aşağıya oxuma.

 

Məni çox rahat oxu,

 

Günəş yaşıllığı,

 

Sərçə çiçəyin kitabını oxuyan kimi...

 

Sən eşqi qohumluq məsələsi kimi bilməyən

 

birinci aydın düşüncəli...

 

yatağı danışıq üçün tribunaya çevirməyənin birisisən...

 

bilirəm,

 

mən sənin həyat üçün birinci qadının,

 

amma hər gün bizimlə birlikdə qəhvə içən İblis

 

məni həvəsləndirir,

 

səndən soruşam ki,

 

ikincisi kimidir?

 

 

Bir kişini tanıyıram

 

Dünyada olan kişilər sırasında

 

Keçmişimi iki yerə bölən bir kişini tanıyıram.

 

Məni öz quluna çevirən birisi,

 

Məni azad edən,

 

Toplayan,

 

Ayıran,

 

güclü əllərinin arasında gizlədən birisini tanıyıram.

 

Dünyada olan kişilər sırasında

 

Bir kişini tanıyıram,

 

Yunan Tanrılarına bənzər,

 

Gözlərindən şimşəklər işıldayan,

 

Ağzından yağışlar yağan...

 

Bir kişini tanıyıram,

 

Ormanlığın sonunda nəğmələr oxuyanda

 

Ağaclar arxasınca yeriyərlər...

 

 

Dostum ol

 

Vaxtaşırı ürəyim səninlə yaşıllıqların üzərində

 

yerimək istəyəndə,

 

səninlə şeir kitabı oxumaq istəyəndə,

 

səni dinləmək istəyəndə,

 

mən xoşbəxt bir qadına dönürəm,

 

Ey Şərq kişisi,

 

Nədən mənim üzümə valeh,

 

Nədən gözümün sürməsini görürsən,

 

Ağlımı görmürsən?..

 

Və mən bir yer misali

 

Suyun danışığına möhtac...

 

Nədən mənim qızıl qolbağımı görürsən?

 

Nədən səndə bir hökmran var?

 

Dostum ol mənim,

 

Dostum ol...

 

 

Eşq

 

Eşq bir çevrilişdir,

 

Can mayasında

 

Cəsarətli üsyandır

 

əşyanın düzümünə...

 

Və səndə olan vəcd

 

təhlükəli vərdişdir,

 

ondan can qurtarmağın yolunu bilmirəm ki...

 

Və sənin eşqin

 

böyük günahdır...

 

arzu edirəm,

 

arzu edirəm ki,

 

heç zaman bağışlanmasın!

 

Yuxu

 

Dünən gecə bir yuxu gördüm -

 

Sənin gözlərində üzən

 

bir balıq olduğumu gördüm...

 

qorxudan sənə yuxumu danışmadım

 

Qorxdum ki,

 

Yumarsan gözlərini mən boğularam...

 

Bilməzdim

 

Heç bilməzdim

 

Sevgi məktublarının bir gün

 

saatlı bombaya çevrilə biləcəyini

 

toxunduğunda partlayacağını...

 

Bilməzdim

 

sevgiyə bulaşan cümlələrin

 

gilyotinə dönə biləcəyini...

 

 

Bilməzdim

 

insanın sevgi məktubları ilə həyatda qala biləcəyini...

 

Və yenidən oxuduğunda

 

ölə biləcəyini...

 

Söylə

 

Söylə bilim,

 

məndən öncələr sevmisənmi başqa qadını?

 

Eşq içində özünü itirən bir qadını?

 

Söylə,

 

De ki,

 

Yasəmən ormanlığına vurulan qadının sonu necə olar?

 

Söylə,

 

Kölgə ilə gerçəkliyin arasındakı oxşarlığı bilim.

 

Göz ilə sürmə arasındakı bənzərliyi...

 

Qadının sevgidə nəyə çevrildiyini söylə,

 

Yarısının kopiyasımı?

 

Mənə bir söz söylə,

 

Elə söz ki,

 

məndən başqa heç bir qadın onu eşitməsin.

 

***

 

Divanəliyimin yoxdur sonu,

 

elə ağlımın da...

 

Dəcəlliyimin yoxdur sonu...

 

Ey azadlığımdan

 

rahatsız olan kişi,

 

ey çiçəklərin qorxmazlığından qorxan...

 

Bu mənəm -

 

Doğulduğumdan qadınlığım əzgin,

 

Duyğularım yandırıb-yaxan...

 

Acı küləklər

 

Sahillərimi qamçılayan...

 

Bu mənəm -

 

Aşiq olduğumdan

 

Yelkənlərim azad,

 

Saçlarım azad,

 

damarlarım açıq,

 

axan çaylarım bəndləri qıran...

 

Burulğanla qarşı-qarşıya olsam da,

 

mənə yoxdur tərəddüd, mənə yoxdur qorxu...

 

Mən bir qadınam,

 

heç bir sərhədi özündə sığdırmayan...

 

Səadəs Sabah

Tərcümə edən: Ümid Nəccari

Ədəbiyyat qəzeti.- 2021.- 28 avqust. S. 4.